ANA SƏHİFƏ / Layihə

İlk dəfə dəniz görən şagird, ən böyük imtahan... - DƏRS OTAĞI

17401    |   2018-07-16 10:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı İsmayıllı rayon İstisu kənd tam orta məktəbinin müəllimi Şahid Muradlıdır.


Qısa tanışlıq

1990-cı il 14 yanvar tarixində Bakı şəhərində doğulmuşam. 6 gün sonra Azərbaycan tarixində qəhrəmanlıq səhifəsi olan 20 yanvar hadisələri baş verir. Əmim bu şərəfli tarixə şahidlik etdiyim üçün adımın Şahid olmasına qərar verir. 2015-ci il Qafqaz Universitetindən məzun olduqdan sonra müəllimlərin işə qəbulu imtahanından keçərək Bakıdan İsmayıllı rayon İstisu kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmək üçün bu kəndə gəldim.



Unutmadığım sözlər...

Böyük əmilərim müəllimdir. Müəlim olmağımı isə valideynlərimin istənilən qərarımda yanımda olmalarına və məni dəstəkləmələrinə borcluyam. Atam hər zaman ixtisasdan aslı olmayaraq seçdiyim peşəyə mükəmməl yiyələnməyimi məsləhət görüb. Bu sözləri heç vaxt unutmamağa çalışırdım. Valideynlərimdən sonra üzərimdə ən böyük əməyi olanlar isə təhsil aldığım Qafqaz Universitetinin müəllimləridir. Əjdər Ağayev, Bayram Gündoğdu, Cəmil Məmmədov, İsa Qasımov, Arzu Yusifqızı, Şaiqə İsgəndərova, Tovuz Abbasova, Ülviyyə Ağayeva bizə ixtisasımızı sevdirdilər. Hər gün sinif jurnalı ilə dərs otağına daxil olarkən müəllimlərimin, valideynlərimin məsləhətlərini xatırlayır, onların başını uca edəcək işlər görməyə, Azərbaycanın gələcəyini daha da güclü edəcək gənclər yetişdirməyə çalışıram.


"Tikilən hər məktəb, bir həbsxananın bağlanması” deməkdir...

Artıq 3 ildir məzun olmuşam və ilk təcrübəm də elə buradan, İsmayıllıdan başlanır. Məzmun standartları, təhsildə qarşıya qoyulan məqsəd, proqramlar, dərs vəsaitləri ölkə ərazisində istisnasız olaraq hər yerdə eyni qaydadadır. Sadəcə ucqar kəndlərlə şəhər məktəblərində avadanlıqlar arasında fərq var. Odun sobaları ilə qızdırılan siniflərin romantikası təbii olaraq başqadır. Bəzi ucqarlarda isə təmir və məktəbin şəraiti baxımından şəhər məktəbləri ilə müqayisə olunmayacaq dərəcədə kəskin fərq olur. Zamanla həmin məktəblərin təmiri və yenidən qurulması üçün addımlar atılır. İnanıram ki, yaxın gələcəkdə bu sahədə problem qalmayacaq. Axı "Tikilən hər məktəb, bir həbsxananın bağlanması” deməkdir. Mənim fəaliyyət göstərdiyim məktəbin isə ucqarda yerləşməsinə baxmayaraq avadanlıqlarla təminatı heç də zəif deyil. Məktəb şagirdlər üçün kompüterlərlə, internetlə və müasir metodların tətbiqinə imkan verən promethan lövhə ilə təmin olunub. Amma çox yaxşı olardı ki, keçirilən tədbirlərin daha rahat təşkili üçün isə akt zalı olsun. Çünki məktəb tədbirləri şagirdləri sosial aktivliyində mühüm rol oynayır.


Evdə yer tapmıram

Övladlarım olsalar, ancaq bu qədər çox istərdim onları. Birlikdə keçirdiyim hər an özəldir mənim üçün. Dərs prosesində rəğbətləndirmə olduğu kimi, cəzalandırma da olur. Bunu isə şagirdlər özü edir. Sinifdə yaradılan guşədə şagirdlər özünü qiymətləndirmə zamanı zəif olduqları məqamlarda qazandıqları ulduzları çıxarırlar. Bu onların əziyyətlə qazandıqlarını öz hərəkətlərinə görə itirməsi deməkdir. Və bu yolla ən böyük nəticələri özləri çıxarır. Məktublardan isə evdə yer tapmıram. (gülür) Hər bir şagirdimin öz əlləri ilə yazdıqları, karandaşları ilə boyadıqları məktubların hər səhifəsi, hər sətri mənim üçün əzizdir.


Duyğu dolu şagirdlər

İlk iş günümdə 2-ci sinif şagirdim Ayişəm mənə yaxınlaşıb, dedi: "Müəllim, qolumun düyməsini bağlaya bilərsiz?” O an anladım ki, ibtidai sinif müəllimi olmaq tam fərqli təcrübə olacaq. Başqa bir gün Aqşinim mənə nənəsinin bişirdiyi təndir çörəyini gətirmişdi. Bilmədim çörəyi dişləyim, ya ondan daha şirin olan uşağı. (gülür)

Digər bir gün tətilə çıxmazdan əvvəl sağollaşdıq, ayrıldıq. Uşaqlar evə yollandı. Məktəbdən çıxarkən şagirdlərin məktəb qapısında gözlədiklərini gördüm. Səbəbini soruşdum. Yenidən görüşmək istədikərini deyib boynuma sarıldılar. Bakıya gələnə qədər bütün yol boyu həmin anları düşünürdüm. İnşallah bu körpələrin sevgisinə layiq olmağı bacararam.


Cəmiyyət cahilliyə məhkumdur

Bu prosesə siyasi quruluşun dəyişməsi, sosializmdən kapitalizmə keçid öz təsirini kəskin formada göstərdi. İstənilən halda öz vəzifəsinin aliliyini anlayan müəllim bu nüfuzun aşağı düşməsinə şərait yaratmaz. Təhsilə, elmə maraq göstərən cəmiyyətlərdə müəllimə hörmət də üst səviyyədədir. Harada bunun əksi baş verirsə həmin cəmiyyət cahilliyə məhkumdur. Nəzərə alsaq ki, cəmiyyətin üzvləri elə biz müəllimlərin şagirdləri və tələbələridir, bu nüfuzu yüksəltmək də öz əlimizdədir.


Layiqli peşə

Ayrı-ayrı fərdlərin bunun əksini deməsi həqiqəti dəyişə bilməz. Həqiqətən də müəllimlik müqəddəs peşədir. Sadəcə bu peşəyə layiq olmaq gərəkdir. Fransızlar XVIII əsrdə kral Lüdoviqi edam etməzdən öncə problem yaranmışdı. Kralın ali mərtəbədə dayandığını və edamın mümkün olmadığı bildirilirdi. Ardınca isə bu fikrə etiraz olaraq cavab verilir. "Ali olan kralın dayandığı məqamdır. Kral sadəcə bu vəzifədə olan birisidir.” Günümüzdə müəllimlik qədər şərəfli peşənin məsuliyyətini çiyinlərində daşıyan biz müəllimlər müqəddəs olan bu məqama layiq olmalı və cəmiyyətə öz işimizlə örnək olmalıyıq.


Məlumdur ki, zehni işlə məşğul olmaq insanı istənilən fiziki işdən daha çox yora bilir. Sadəcə gördüyümüz işin aliliyi və şagirdlərin timsalında alınan nəticələr bizə bu yorğunluğu unutdurur. Niyyəti uşaqları bütün problemlərdən uzaq tutmaq, rəngarəng dünyalarına kölgə salmamaq olan bir müəllim üçün problem ola bilməz, olmamalıdır. İnandığım tək şey var. "Ancaq zəiflər şikayət edər”

Uşaqlara şeir oxuyuram. Bunu mənim vəzifəm və şagirdlərin bədii təfəkküründə inkişafa nail olmaq məqsədim tələb edir. Hər həftə təşkil olunan sinif saatlarında isə şagirdlər kitabxanadan götürdükləri kitablarıın məzmunu, əsər qəhrəmanlarına münasibətlərini barəsində sinif qarşısında çıxışlar edirlər. Təbii olaraq daha çox onların mütaliəsinə diqqət edirəm. İki şagirdim, Səbuhim və Ayişəm bu il şeir müsabiqəsində mükafatçı olmağı bacardılar.


Ən böyük imtahan

Bir valideyndən öz övladlarından ən çox hansını sevdiyi soruşulduğunda sağalana qədər xəstə olanı, böyüyənə qədər ən kiçik olanı sevirəm deyər. Şagirdlərimdən dərslərində geri olanı məni onunla daha çox çalışmağa sövq edir. Valideynini itirmiş şagirdlərim var. Hansı ki, ailəsi övladına çox böyük həssaslıqla yanaşır və onun tərbiyəsində əlindən gələni edir. Şagirdlərimə bunu hiss etdirməsəm də o uşaqların ürəyimdə xüsusi yeri var. Və yaxın günlərdə öz məktəbli qardaşını itirən şagirdim var. Təsəvvür edin hər gün böyük qardaşının əlindən tutaraq məktəbə gələn bu qız indi hansı hislər keçirir. Ona bu çətin günlərini unutdurmaq asan olmasa da möcüzəvi şəkildə dərsə adaptasiyasını, üzündəki təbəssümü, sinifdə aktivliyini bərpa edə bildik. Bu günləri 3 illik təcrübəmdə ən böyük imtahanım hesab edirəm. 


Ekskursiya

Kəndə ilk gəldiyim il dərs zamanı şagirdlərimdən heç birinin Şəhidlər Xiyabanında olmadığını öyrəndim. Elə həmin an onların Bakıya ekskursiyasını təşkil etməyi qərara aldım. Amma necə? Bu qədər məsafəni azyaşlı uşaqlarla yola çıxmaq o qədər də asan olmayacaqdı. Bu haqda fikirlərimi məktəb rəhbərliyinə, şagirdlərimin valideynlərinə bildirdim. Dəstəklərini aldıqdan sonra, ekskursiyadan əvvəl 1ay ərzində hər həftəsonu Bakıya gəldim. 


Ekskursiya zamanı gəzəcəyimiz yerləri dəqiqləşdirdim. Hətta hansı saatda harada olsaq tıxacdan uzaq olarıq, diqqət etdim. Amma ən əsası şagirdlərimi məzunu olduğum Qafqaz Universitetinə gətirdiyim zaman burada olan müəllimlərimlə görüşün uyğun olmasını dəqiqləşdirməliydim. Müəllimlərim yenə də bütün yükü çiyinlərinə götürmüşdülər. Universitet ziyarəti şagirdlərimin xüsusi yaddaşında qaldı. İlk səfərimiz isə and yerimiz olan Şəhidlər Xiyabanına oldu. Bir müəllim kimi hər bir azərbaycanlının öz övladını buraya gətirməyə borclu olduğunu düşünürəm. İnanıram ki, ucqar kənddən gələn bu azyaşlıların ziyarəti şəhidlərimizin ruhunu şad etməyi bacardı. Ardınca Dənizkənarı Milli Parkda olduq. Bəzi şagirdlərim ilk dəfə dənizi görürdülər. Bu hissi yaşamağın, yaşatmağın nə demək olduğunu isə sözlə təsəvvür etmək mümkün deyil...


"Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla” 

Dərs zamanı müəllim kimi əsas vəzifələrimdən biri şagirdlərimin əlvərişli dərs mühitini təşkil etməkdir. İlk iş günümdən etibarən şagirdlərin dərsə motivasiyasını artırmağa, sinifdə rəqabət mühitini formalaşdırmağa çalışıram. Şagirdlərimlə bərabər "Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla” adlı layihə başlatdıq. Yeniliklərə hər zaman açıq olan məktəb rəhbərliyinin tam dəstəyi isə mənə əlavə stimul verdi. Bu layihə çərçivəsində sinif divarını, döşəməsini, parta və oturacaqları boyadıq. Sinif otağını şagirdlərimlə bərabər boyamağı daha məqbul hesab etdim. Çünki beləcə şagirdlər məktəbin bizim ikinci evimiz olduğunu həqiqətdə hiss edəcəkdilər. 


Otaqlarını öz dünyalarındakı rəngarəngliyə uyğun boyayaraq, həm əylənəcək, həm də öz işlərinin bəhrəsini özləri qoruyacaqdılar. Bundan əlavə isə sinif divarında uşaqların özlərini qiymətləndirəcəyi guşələr hazırladım. Ağac budaqlarında yerləşdirdiyim şagirdlərin fotolarına onlar özləri dərsdə fəallıqlarına və nizam-intizam qaydalarına əməl etmələrinə görə ulduzlar, bayraqlar və gerblər yerləşdirirlər. Bu, onların özlərini əyləncəli formada qiymətləndirməsinə şərait yaratdığı kimi mənə də onların dərslərinə olan həvəslərini artırmaqda kömək edir. Sonda isə qarşılaşdığı hər çətinlikdən şikayətlənən, ətrafında olan problemləri qabardan insanlara mesaj vermək istədim. "Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla”.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK