adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Mart 2018 22:28
29257
ƏDƏBİYYAT
A- A+

Analı günlərimi qaytar, a dünya

Əvəz Mahmud Lələdağ

Anamdır

Qəlbimin çırağı, gözümün nuru,
Dilimin söhbəti, sözü anamdır.
Nağılım, dastanım, laylam, bayatım,
İlham bulağımın gözü anamdır.

Təbibim, loğmanım, dinim, imanım,
Allahım, dərgahım, dərdə dərmanım.
Sevincim, fərəhim, şadım, şadyanım,
Könlümün min telli sazı anamdır.

Laylası məlhəmim, şəfam, şəfqətim,
Varlığı taqətim, gücüm, qüdrətim.
Xəyalım, düşüncəm, arzum, niyyətim,
Dünyamın baharı, yazı anamdır.

Necə mehribandır isti qucağı,
Xeyir, bərəkətdir səsi, sorağı.
Əzəldən evimin odu, ocağı,
Sönməyən alovu, közü anamdır.

Kəsər yastığımın yanını, Allah,
Məndən əsirgəməz canını, Allah,
Babamın istəkli gəlini, Allah,
Elimin ismətli qızı anamdır.

Eşitsə yel keçib qəfil yanımdan,
Axar məhəbbəti qaynar qanımdan.
Yolumda "uf" deməz, keçər canından,
Əvəz, həyatımın duzu anamdır.

Anamın

Biləyində elimizin gücü var,
Əməyinə qurban olum anamın.
Sədasında ağ günlərin ünü var,
Diləyinə qurban olum anamın.
Dilbilməzə ilişməsin yaxası,
Könlü sınar gəlin olsa ağası.
Nə gözəldir dastanası, yuxası,
Çörəyinə qurban olum anamın.

Adı xoşdur Vətənimin adı tək,
Harda od var sinəsinin odu tək.
Dad görmədim çörəyinin dadı tək,
Ələyinə qurban olum anamın.

Dili üstə şirin-şəkər noğul var,
Laylasıyla pərvazlanan oğul var.
Ürəyində bayatı var, nağıl var,
Ürəyinə qurban olum anamın.
Ana

Donub gözlərində həsrət damcısı,
Baxışın yollardan yığılmır, ana.
Bu qanlı illərin kədər libası,
Neçə illərdi ki, dağılmır, ana.

İynəsi sap tutdu müddahanın da,
Təlatüm başladı böyük cahanda.
Mənə elə gəlir bu gün, bu an da,
Qəlbinin yarası sağalmır, ana.
Canında vahimə, yolçu yol gedir,
Gəlib naşı gedir, əhli-hal gedir.
Yerdə də, göydə də qalmaqal gedir,
Hər sinə dağından dağ olmur, ana.
Anam yaman qocalıb.

Bəyaz qar kimidir şəvə saçları,
Damarlar görünür əlinin üstə.
Düşüb yaxasından sandıq açarı,
Acılıq yaranıb dilinin üstə.
Anam yaman qocalıb.

Bir zaman qulağı darı dələrdi,
İndi yaxını da eşitmir, Allah.
Bizi yoluxmağa özü gələrdi,
Heç kimin evinə ta getmir, Allah.
Anam yaman qocalıb.

Gözü nurdan düşüb, sözü kəsərdən,
Ayağı sözünə baxmayır daha.
Bağrıma basıram mən onu hərdən,
Qavıza dönübdü o mina gərdən,
Həyətə, bacaya çıxmayır daha.
Anam yaman qocalıb.

Bir vaxt Fərhad kimi daş oyan anam,
Bu gün əsasına ümid bağlayır.
Bir ana ömrünü yaşayan anam,
Qəlbində el dərdi daşıyan anam,
Dərdini, sərini xəlvət saxlayır.
Anam yaman qocalıb.

Könlündən keçəni deyə bilməyir,
Günahı günahsız gəlində görür.
Könlü istəyəni yeyə bilməyir,
Təqsiri taqətsiz əlində görür.
Anam yaman qocalıb.

Yapağı darıyan, güzəm darıyan,
Əriyib-əriyib yumağa dönüb.
Oğuldan yarıyan, qızdan yarıyan,
Təzə iməkləyən uşağa dönüb.
Anam yaman qocalıb.

Gecələr daşıyır aranı dağa,
Gündüzlər boylanır Vətənə sarı.
Əyilir müqəddəs ulu torpağa,
Ömürdən bac almış bu qoca qarı.
Anam yaman qocalıb.

Bəzən on taxtadan tuman tikərdi,
Kişmirdən dizdiyə köbə qoyardı.
Sabun tapmayanda soğan suyuyla,
Bir də qarağanla paltar yuyardı.
Anam yaman qocalıb.

Hərdən yeddi tuman, hərdən on tuman,
Geyinib süzərdi toyda, düyündə.
Qalxardı yataqadan söküləndə dan,
Beş kişi işini görərdi gündə.
Anam yaman qocalıb.

İndi dizdiyini güclə saxlayır,
Gümüş kəməri də belində durmur.
O şümşad barmaqlar heydən düşübdü,
Əlinə aldığı əlində durmur.
Anam yaman qocalıb.

Bəzən də otlarla ip boyayardı,
İtburnu gazalı kara gələrdi.
Narın qabığını ayrı qoyardı,
Hazır kələfləri yarı bölərdi,
Anam yaman qocalıb.

Nehrə çalxayanda, motal basanda,
Məni çağırardı işinin üstə.
Eymənin mürtünü təmizləyərdi,
Ehmalca yıxardı daşının üstə.
Anam yaman qocalıb.

Yolu gedəndə də yeyin gedərdi,
İndi on addım da uzaqdır ona.
Hər dərddən betərdi qocalıq dərdi,
Yayın qızmarı da sazaqdır ona.
Anam yaman qocalıb.

Artıq təntiyibdi ömrün qatarı,
O mənzil başına çataçatdadı.
Bax, budur dünyanın son etibarı,
Kimsə deməsin ki, məndən adladı.
Anam yaman qocalıb.
Bu nə dərddir anam çəkir, ilahi!

Bir otaqdı, bir yataqdı, bir də o,
Necə dözür, dözülməyən dərdə o?
Vətən deyib, nalə çəkir burda o,
Bu nə dərddir anam çəkir, ilahi!

Mənə bu aləmdə yoxdur yer, anam,
İnsan öz elində toxdayır, anam.
Xanım-xatın anam, ixtiyar anam,
Bu nə dərddir anam çəkir, ilahi!

Dağlar onu gəzir, o da dağları,
Axtarır gördüyü buz bulaqları.
Odunu söndürər bir az dağ qarı,
Bu nə dərddir anam çəkir, ilahi!

Bükülüb yumaq tək o şux qaməti,
İçini göynədir vətən həsrəti,
Elin ağbirçəyi, elin sərvəti,
Bu nə dərddir anam çəkir, ilahi!

Dinməyəni dindirərdi bir zaman,
Gülməyəni güldürərdi bir zaman,
Ərgənləri öldürərdi bir zaman,
Bu nə dərddir anam çəkir, ilahi!

Bağrı çatlayardı deyib-gülməsə,
Narahat olardı bizə gəlməsə,
İndi güzar edir gedər-gəlməzə,
Bu nə dərddir anam çəkir, ilahi!

Yanır çırtım-çırtım odsuz, ocaqsız,
Yeməklər olubdu ağızında dadsız,
Nə pul kara gəlir, nə oğul, nə qız,
Bu nə dərddir anam çəkir, ilahi!

Onun saf qəlbində insaf olardı,
Bulanıq su görsə, su durulardı,
Bir vaxt yeriyəndə yer yarılardı,
Bu nə dərddir anam çəkir, ilahi!

Biganə sanmaram özümü ona,
Xəlvətcə deyərdim sözümü ona,
Qurban eyləyərəm gözümü ona,
Bu nə dərddir anam çəkir, ilahi!
Baha aldığımı ucuz satıram,
Dərdimin qoynunda dərdlə yatıram,
Onu qəmli görüb qəmə batıram,
Bu nə dərddir anam çəkir, ilahi!

Mənəm bu dünyadan küskün, bəxti kəm,
Sinəmdə yurd salıb, köç eyləmir qəm,
Hey baxır üzümə gözündə, şəbnəm,
Bu nə dərddir anam çəkir, ilahi!

Dad sənin əlindən, a çərxi fələk,
Bu qədər sitəmə dözərmi ürək?
Alma yanaqaları saralıb gül tək,
Bu nə dərddir anam çəkir, ilahi!

Ey fələk, gəlmişəm cana əlindən,
Ciyərim dönübdü qana əlindən,
Nəvaziş istərəm ana əlindən,
Bu nə dərddir anam çəkir, ilahi!

Bu gecə yuxuma girmişdin, ana

Bu gecə yuxuma girmişdin, ana,
Elə bil yenidən cahana gəldim.
Mənim səcdəgahım, Kəbəm, Kərbəlam
İnan, dinə gəldim, imana gəldim.
Gedişin salmışdı xal ürəyimə,
Gəlişin süzdürdü bal ürəyimə,
Sevinc tapammırdı yol ürəyimə
Can əldən gedirdi, mən cana gəldim.

Uşaqlaşdım, təmizləşdim, duruldum,
Qənşərinə dizin-dizin süründüm.
Gözlərimə daha gözəl göründün,
Mənə hünər verdin ət-qana gəldim.

Dedidən-qodudan gen idin axı,
Arzu-diləyimlə tən idin axı,
Təbibim, loğmanım sən idin axı,
Ümidlə yanına dərmana gəldim.

Əridi, yox oldu bir dünya dərdim,
Kədərin atını yordum, nə yordum.
Anam, hüzurunda müntəzir durdum,
Tutub ətəyindən peymana gəldim.

Qurban olum yaxşı girdin yuxuma,
Ay illacım, burax məni yaxına,
Bir gül olum qoy taxılım yaxana,
Allahım, nə gözəl dövrana gəldim.

Fit verib yol gedən qatardı dünya,
Nə qədər dahilər apardı dünya.
Analı dünyamı qaytar, a dünya,
Mən ki ondan ötrü bu yana gəldim

Ay ana

Bu gün məzarını ziyarət etdim,
Yanında nə qədər cavan var, ana.
Göz yaşım daşını yudu, pak etdi,
Günahlı, günahsız insan var, ana.

Qapısız, bacasız dar otaqdasan,
Yadlar evimizi yıxdı, ay ana.
Nə yaxşı əzizim bu torpaqdasan,
Yurddakı məzarlar yoxdu, ay ana.

Düşmənlər cumdular o ana yurda,
Məscidlər, gümbəzlər öləni tutmur.
Öldürən də burda, ölən də burda,
Torpaq da heç kimi aralı tutmur.

Aqil də, cahil də yatır yan-yana,
Bəlkə söhbətləri tutur onların.
Bir də qayıtmazlar nurlu cahana,
Burda əzdadları yatır onların.

Necə insaflıdır bu ana torpaq,
Varlı da, kasıb da qoşa yatıbdı.
Biri öz yerində səssiz, səmirsiz,
Biri də söykənib daşa yatıbdı.

Qapısız, bacasız dar otaqdasan,
Yadlar evimizi yıxdı, ay ana.
Nə yaxşı əzizim, bu torpaqdasan,
Yurddakı məzarlar yoxdu, ay ana!