adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Mart 2018 21:56
33517
LAYİHƏ
A- A+

ŞİMALİ AZƏRBAYCANDA SİYASİ HADİSƏLƏR - 1917-Cİ İL

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)
1917-ci ilin mart ayında yaradılmış Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin heyətinə ziyalılardan və neft sənayeçilərindən Ə.M. Topçubaşov, F.X. Xoyski, M.Ə. Rəsulzadə, M. Hacınski, A.Q. Tağıyev, Ə.Ə. Əmircanov, Y.A. Əliyev, M. Əsədullayev, M. Heydərov və s. daxil edilmişdir. Sədr Məmmədhəsən Hacınski, sədr müavini isə "Müsavat" partiyasının lideri Rəsulzadə secilmişdir.
Bakıda fəaliyyət göstərən Müsəlman Milli Şurası Zaqafqaziya Milli Şuraları içərisində ən nüfuzlusu idi. Müsəlman Komitəsi özünün aprel ayında buraxdığı birinci müraciətnaməsində bütün müsəlmanları Milli Şura ətrafında birləşməyə çağırır və müsəlmanlar üçün dövlət idarəetməsinin forması demokratik Respublika quruluşu qəbul olunurdu.
Müsəlman Milli Şurası və Komitələri, tezliklə Azərbaycanın bütün qəza mərkəzlərində təşkil edildi. Gəncədə, Şuşada, Şamaxıda, Nuxada, Lənkəranda, Qubada, Naxçıvanda və başqa yerlərdə də Müsəlman Milli Şuraları meydana gəldi. Belə bir vaxtda Ümumqafqaz müsəlmanları qurultayının çağırılması üçün ciddi hazırlıq işləri görülməyə başlanmışdır. Qurultayda çox mühüm məsələlər müsakirə olunmalı idi. Xüsusən, ölkənin milli-dövlət quruculuğu məsələsi qurultayda əsas müzakirə obyekti olmalı idi. Həmin dövrün mətbuatında Zaqafqaziya azərbaycanlılarının, Dağıstanın, Türkmənistanın, Qırğızıstanın və Başqırdstanın milli-ərazi muxtariyyətinə nail olması məsələsi xüsusi olaraq vurğulanırdı.
Muxtariyyətlə bağlı Y.V. Çəmənzəminli yazırdı: "Biz, Azərbaycan türkləri, bir millətdən ibarət olub, geniş bir torpağa malik olduğumuz üçün muxtariyyət binası qurmaq istəyirik. Ölkəmizin sərhədi Dərbənd şəhərindən tutumuş Osmanlı məmləkətinə qədər və Batumdam tutmuş Xəzər (Kaspi) dənizinin qiblə tərəfinədəkdir. Paytaxtımız Bakı şəhəri olacaq. Çünki bu şəhər bizə həmişə yol göstərib və bizə kömək əli uzadıb".
1917-ci il aprelin 15-də Bakıda keçirilmiş Ümumqafqaz müsəlmanlarının qurultayı Qafqaz müsəlmanları üçün, xüsusən, Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki Bakıda yaradılan idarəetmə orqanların, təşkilatların, cəmiyyətlərin, demək olar ki, böyük əksəriyyətinə ya rus, ya da erməni nümayəndələri rəhbərlik edirdi. Azərbaycanlıların mənafeyini müdafiə eləyən təşkilatlar isə "Müsavat" partiyası və Müsəlman Milli Şurası idi. Belə bir vaxtda Müsəlman Mərkəzi Bürosunun Bakıda təşkil edilməsi təşəbbüsü müsbət qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, Qafqaz müsəlmanlarının qurultayı Azərbaycanda milli-azadlıq hərəkatının inkişafında əhəmiyyətli rol oynamışdır. Qurultayda nəzərdə tutulan, ictimai-siyasi və mədəni məsələləri həyata keçirmək məqsədilə Milli fond yaradılmışdı. Milli fonda birinci üzvlük haqqını H.Z.Tağıyev vermişdi (50 min rubl).
1917-ci il mayın əvvəllərində Moskvada keçirilmiş müsəlmanların Ümumrusiya qurul-tayında isə Petroqradda yaradılmış Müvəqqəti hökuməti müdafiə etdiyini bildirmiş, eyni zamanda böyük səs çoxluğu ilə Rusiyada dövlət quruluşunun federativ demokratik respublika formasında olmasının vacibliyi haqqında qətnamə qəbul etmişdir. Qurultayda müsəlman əhalisinin yaşadığı vilayətlərə milli-ərazi muxtariyyəti verilməsi zərurəti haqqında (717 səsdən 446 səslə) qətnamə də qəbul edilmişdi.
T. Svyatoxovski "Müsavat" partiyasının irəli sürdüyü Federalizm prinsiplərinin "azərbaycanlıların tarixi təkamülündə yeni bir mərhələnin" olduğunu vurğulayır. Onun fikrincə "Müsavat" partiyasının irəli sürdüyü federalizm proqramı azərbaycanlıların tarixi təkamülündə yeni bir mərhələnin - milli dövlətə tədricən keçidinin başlanğıcının qoyulması demək idi (Svyatoxovski T. Rusiya və Azərbaycan: Sərhədyanı bölgə keçid dövründə. Azərbaycan dilinə tərcümə edən: Lalə Mircəfərova və Bəylər Hacıyev. Baki: Xəzər Universiteti nəşriyyatı, 2000, 366 s. S. 86).
Beləliklə, 1917-ci il aprel ayının 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayı və 1917-ci il may ayının 1-dən 11-dək Moskvada keçirilən Ümumrusiya müsəlmanlarının qurultayı Qafqazda, eləcə də, Rusiya imperiyasının başqa ərazilərində yaşayan türk-müsəlman xalqlarının siyasi baxımdan təşkilatlanmasında və onların mənəvi cəhətdən bir-birlərinə yaxınlaşmalarında mühüm rol oynamışdır.
1917-ci ilin fevral inqilabının yaratmış olduğu imkanlardan istifadə edərək, açıq siyasi fəaliyyətə başlayan "Müsavat" partiyası xalqın və torpağın müdafiəsini öz üzərinə götürmüş yeganə siyasi təşkilat idi. "Müsavat" partiyası hər hansı bir sinifin adından deyil, bütün millətin adından çıxış edirdi. Bu da partiyanın proqramda öz əksini tapmışdır. Orada deyilirdi ki, milli dövlət ancaq o vaxt həqiqi hesab edilir ki, o seçilmiş bir sinifin deyil, bütün xalqın maraqlarını müdafiə edir və qoruyur.
"Müsavat" partiyasının siyasi həyatın başlıca qüvvəsinə çevrildiyini Bakı Sovetinə və Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərin nəticəsi də təsdiqləmişdir. 1917-ci ilin oktyabr ayının 22-də Bakı Sovetinə keçirilən seçkilərdə "Müsavat" partiyası səslərin 40 faizini toplayaraq birincilik qazanmışdır. Səslər aşağıdakı şəkildə bölüşdürülmüşdü: Müsavat-8147, Bolşeviklər-3883, Eserlər-6305, Menşeviklər-687, Daşnaksütyun-5289 (Qaz. Kaspiy, Baku: 1917, 25 oktyabr). Eyni zamanda Cənubi Qafqaz Komissarlığının fəaliyyət göstərdiyi ikinci həftəsində, yəni noyabrın 26-28-də Cənubi Qafqaz Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat partiyası bolşevik və Daşnaksütyun partiyalarına nisbətən daha çox səs topladığını görümək mümkündür.
Beləki, 2.455.274 seçici səsi regionun iri partiyaları arasında aşağıdakı şəkildə bölünmüşdü: Menşeviklər - 661,934, Müsavat - 615,816, Daşnaksütyun - 558,400, Müsəlman Sosialist bloku - 159,770, Eserlər - 117,522, Bolşeviklər - 95,581, Hümmət - 84,748, İttihad - 66,504 (Svyatoxovski T. Rusiya Azərbaycanı 1905-1920-ci illər. //Azərbaycan, 1989,№ 11, s. 117-134). Yuxarıda göstərilən səsvermənin nəticələri bolşeviklərin Cənubi Qafqaz əhalisi arasında nüfuzunun aşağı olduğunu göstərmişdi. Seçkilərin yekunlarının əsas nəticəsi bu idi ki, Azərbaycanın seçici kontingenti Müsavatın proqramındakı ərazi muxtariyyətinə, bütövlükdə olmasa da, böyük əksəriyətlə səs vermişdi. Bu, həm də ondan irəli gəlirdi ki, Rusiya ilə bağlılıqdan xilas olmaq perspektivi gürcülər və ermənilərə nisbətən, azərbaycanlılarda daha güclü idi.

(ardı gələn sayımızda)

Babək Əbülfətoğlu
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ