adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Mart 2018 21:22
9779
ƏDƏBİYYAT
A- A+

İşığa doğru...

Dünya yaranandan bu günə kimi biz dahilərin fikir və düşüncələrini, zamanı qabaqlayan aforistik, nəzəri fikirlərini bir örnək kimi unutmuruq, unutmağa haqqımız da yoxdur.
Müasir Azərbaycanımızın qurucusu, Ulu öndər Heydər Əliyevin: "Təhsil Millətin gələcəyidir!" hikmətli sözləri nə qədər mənalıdır. Deməli, sabahımız, varlığımız təhsillə bağlıdır. Elm və bilikli insanın, onun qurduğu dövlətin, cəmiyyətin gələcəyi bilavasitə düzgün və səmərəli təhsilin inkişafından asılıdır.
Başqa bir nüans. Bütün müsəlman dünyasının qəbul etdiyi və sevdiyi insan, Allahın böyük elçisi Məhəmməd Peyğəmbər (s) demişdir: "Beşikdən qəbr evinə kimi elm öyrənin!". Əgər lazım gəlsə, elm ardınca Çin səddinə getməyi də unutmayın. Elm ən böyük kapitaldır! Onun vasitəsi ilə bəşəriyyət işıqlı, nurlu sabaha qovuşar! Elmi olmayan bəşər övladı nəfsi ilə də cihad edə bilməz! Savadsız, biliksiz insan heç Allahını da tanımaz!
Həzrəti Əlinin (S) bu hikmətli sözlərini də heç zaman unutmamalıyıq: "Hər kim mənə bir hərf öyrətsə, ömrüm boyu onun qulu olaram!"
Hə, əzizlərim, gəlin bu fani dünyada ömrümüzü-günümüzü boş və mənasız keçirməyək, gələcəyimizi xoşbəxt və firavan görmək istəyiriksə, təhsillə, elmə üstünlük verək. Bütün dünya, xüsusən Avropa ölkələri məhz elmin, təhsilin yüksəkliyi sayəsində inkişaf etmişdir.
İndi isə keçid alıram əsas mövzuma. Azərbaycan Dövlət Pedoqoji Universitetinin fizika fakültəsində iki gənc - Cəmillə Lətifə təhsil alırdı. Cəmil hətta öz qruplarının rəhbəri idi. Qrupda tələbə yoldaşları görür, hiss edirdilər ki, onlar - Cəmillə Lətifə bir-birilərini odlu-alovlu məhəbbətlə sevir, hətta bəzən dənizkənarı bulvarda görüşürlər...
Onlar ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Biləsuvarın nisbətən uzaq Ağayrı kənd orta məktəbində işləməyə gəldilər. Kollektiv onları yaxşı qarşıladı. Öz ixtisaslarını sevdiklərindən dərsləri maraqlı keçirdi. 8 il burada işlədilər və 1985-ci ildə şəhər 4 saylı orta məktəbə təyinat aldılar. Cəmil müəllim kollektiv tərəfindən irəli çəkilərək ilk dəfə seçki yolu ilə 1988-ci ildən 4 saylı orta məktəbə direktor təyin olunur və 2002-ci ilədək rayonun ən böyük təhsil ocaqlarından olan bu məktəbə rəhbərlik edib.
Xüsusi qeyd etməliyik ki, Cəmil Əbil oğlu Nəhmədov həmin dövrlərdə bir çox işlər görməyə müəssər oldu. Sözünün kəsəri vardı, hökmü qətiydi. Dərsə gəlməyən müəllimləri intizama dəvət elədi, bəziləri haqqında lazımi tədbir gördü. Əlavə məşqələ saatları keçirildi kollektivdə, onlarca məzun yüksək nəticəylə ali məktəblərə qəbul oldu, ustad dərsləri təşkil edildi, valideynlərlə əlaqə möhkəmləndirildi, bir sözlə, işinin kamil bilicisi, təşkilatçısı idi.
...Ömrün-günün ixtiyar çağında Cəmil müəllim hərdən nostalji hisslər yaşayır. Uşaqlığına, gənclik dövrünə qayıdır. Atasını vaxtsız itirmişdi. Bütün çətinliklərə rəğmən anası onu böyütmüş, oxutmuşdu. Heç yadından çıxmır. Lətifə müəllimə ilə ailə quracağı ərəfələrdi... Bir müddət sonra müstəqil ailə həyatına qədəm qoyacaqlar iki gənc. Bir gün ikisi də gəldi ananın yanına. Xoş-beş, salam-kalam.
Soruşdu ana:
-Ay Cəmil bu kimdi?
-Sənin gəlinin.
-Hardandı? Ağayrıdan?
-Yox, yox, kənddən döyül, buralı deyil sənin gəlinin. Uzaqlardandı.
-Cəlilabaddan?
-Dəvəçidəndi ana (indiki Şabran rayonu).
-Hə, hə, eşitmişəm qonşulardan. Deyirlər orda Qalaaltı suyu var, böyrəyin dərmanıdı. Məni bir yol ora apar də. Hərdən böyrəyim incidir məni.
-Darıxma, ay ana. Lətifə müəllimə səni neçə dəfə istəsən aparar ora.
Birdən yadına nə düşdüsə, ayağa durdu arvad:
-Qoy sizə süfrə açım. Təndirdən təzə çörək çıxarmışam. Günorta vaxtıdı, çörək kəsin.
Lətifə müəllimə əli ilə işarə elədi:
-Sən zəhmət çəkmə, xala, mən süfrə açaram. Bozbaş, xingəl, yarpaq dolması, ürəyin nə istəsə bişirərəm... Darıxma, aparacam səni Dəvəçiyə. Qalarsan orda neçə gün istəsən. Qoy yay tətilinə çıxaq...
Öyüd-nəsihətindən qalmadı ana.
-Naşükür olmayın ha. Bəsirət gözünüzlə Allahı görün. Oruc tutun, namaz qılın. Qadın övlad tərbiyəsində, əqidəli, namuslu, qeyrətli oğul-qız böyütməkdə gərək heç nəyi əsirgəməyə. Məsəl var deyərlər: "Ayağını isti saxla, başını sərin. Yeməyinə fikir ver, düşünmə dərin!", "Səbirli insan Allahın dostudu".
İndi Biləsuvar Təhsil şöbəsində ixtisası üzrə metodist işləyən Cəmil müəllimlə Lətifə müəllimənin 4 övladı var. Oğlanları - Cəlalla Camal rayonun xidmət sahələrindən birində mütəxəssis kimi çalışırlar. Cəlalə və Cəmalə isə şəhər 4 saylı tam orta məktəbdə müəllimədirlər. Anaları sevilən pedaqoq Lətifə Ağayeva ilə birlikdə gənc nəslin təlim-tərbiyəsində bilik və bacarıqlarını əsirgəmirlər.
Cəmil müəllimin 9 nəvəsi var. Nəvədən də şirin nə ola bilər?..
...Dahilərdən birinin sözüdü: "Müəllimlik Peyğəmbərliyə layiq peşədir". "Müəllim qaranlıqdan işığa doğru yol göstərir". Və yaxud, Şairin təbirincə desəm:

Nəzər salaq gələcəyə, keçmişə,
Bəxş edibdir hər yetənə bir peşə.
Böyük aqillər də deyib həmişə,
Ən yüksək, şərəfli addır müəllim!

Gələn il düz 45 il tamam olacaq ki, Cəmil Nəhmədov həyat yoldaşı Lətifə xanımla əl-ələ, çiyin-çiynə verərək gələcək nəslin elmli, bilikli olması üçün ömrünü-gününü şam kimi əridir.
İşığa, nura doğru böyük yolda sənə uğurlar arzulayırıq, Cəmil müəllim!

Əlibala Rəhimov,
publisist