adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Mart 2018 21:33
18473
ƏDƏBİYYAT
A- A+

75 yaşın astanasında

Hüseyn
Əsgərov
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Dünyaya göz açan hər bir insanın öz tale yolları var. Yalnız həyatın tələblərini dərk edib, qarşıya qoyduğu məqsədlərə çatmaq uğrunda bütün əqli və fiziki qabiliyyətini sərf etməyi bacaranlar Ulu Tanrının müəyyənləşdirdiyi bu daşlı-kəsəkli tale yollarında öz istəklərinin yüksək zirvəsinə ucalırlar. Müasir Azərbaycan ədəbi mühitində yaradıcılığı ilə mənsur şeir ənənəsini davam etdirən, bu il 75 yaşın zirvəsinə ucalacaq yazıçı-publisist, dramaturq, tərcüməçi və ən əsası, gözəl insan Bayram İsgəndərli məhz belə insanlardan biridir.
Yazıçı Bayram İsgəndərli ilə ötən əsrin 70-ci illərinə dayanan dostluğumuz var. O zaman mən ADU-nun jurnalistika fakültəsini tele-radio ixtisası üzrə bitirsəm də təyinatla "Şərq qapısı" qəzetinə göndərilmişdim. "Çtes" kimi orada bir il duruş gətirə bildim. (Söz vermişdilər ki, səbir eləsəm və özümü yaxşı aparsam, üstəlik alman dilini də öyrənsəm, on ildən sonra korrektor ştatına keçirəcəklər.) Naxçıvan teleradiosu məni özünə çəkirdi. Bu dövrdə Naxçıvan ədəbi mühiti əsasən teleradioda fəaliyyət göstərən yazıçı və şairlərdən formalaşmışdı və A.Rıbakovun "Arbatın övladları" romanına uyğun olaraq ədəbi aləmdə özlərini fəxrlə "Tele-radio övladları" adlandırırdılar.

Yada salaq onları:

Əlyar Yusifli, Həsən Fətullayev, Güllü Məmmədova, Əhməd Mahmud, Adil Qasımov, Nurəddin Babayev, sonrakı illərdə bu cərgəyə qoşulmuş Muxtar Qasımzadə, Asim Yadigar, Məmməd Tahir, Səfər Alışarlı, Sərvər Məsum, Hüsyn Bağıroğlu və başqaları. Onlarla bir yerdə işləmək hər bir qələm sahibinin arzusu idi. O ki qala on ildən sonra korrektor olacaq mənim kimi bir gənc. Həmin illərdə teleradionun təbliğat şöbəsində işləyən, hamının "Xalaoğlu", - deyə xitab etdiyi Bayram müəllim eşidəndə ki, mənim gələcəkdə korrektor olmağım alman dilini bilməyimdən asılıdır, xeyli gülüb, - "bax, elə bundan başla, əla felyeton mövzusudur", - dedi. Beləcə ilk gündən səmimi münasibətlərimiz başladı. Sonrakı illər ərzində də gördüyüm, eşitdiyim əhvalatlardan danışdıqca, - "Bax, bunu da yaz, tənbəllik eləmə", - deyə məni yazıçılığa həvəsləndirirdi. Beləcə uzun illər həmişə bir-birimizin yanında olmuşuq, dərd-sərimizi birgə yaşamış, baş verən hər hansı bir problemin öhdəsindən birgə gəlmişik.

Qoy bir xatirəmi də
yada salıb mətləbə keçim

90-cı illərin əvvəllərində televiziyada artıq adam kimi bütün işlərdən neytrallaşmışdım. İşdən də çıxarmırdılar, görməyə iş də vermirdilər. Ünsiyyətdə olduğum adamları da hədələmişdilər ki, məndən uzaq gəzsinlər. Artıq könüllü işdən çıxmaq barədə ərizə yazmağımdan xəbər tutan Bayram müəllim xəbərdarlığa baxmayaraq yanıma gəldi, məzəmmət edərək ərizəmi cırıb atdı, sonra balkonu əhatələmiş üzüm tənəyini arıtlamağa başladı. "Bax, bunlar bic zoğlardır, gərək vaxtında kəsib atasan, yoxsa bar verən pöhrəni də inkişafdan dayandıracaq, cəmiyyətdə olduğu kimi", - deyə yüz ilin bağbanı kimi tövsiyə verdi. Sonra Məmməd Tahir "Astra"nı tüstülədə-tüstülədə gəldi. Sonra Asim Yadigar, Telman Quliyev, Sərvər MəsumgBeləcə doğma kollektiv mənə arxa durdu.
Məlumat üçün deyim ki, Bayram İsgəndərli 1943-cü ildə iyun ayının 17-də Naxçıvan şəhərində doğulub. Uzun illər jurnalist peşəsi ilə məşğul olub. Ədəbi yaradıcılığa 60-cı illərdən başlayıb. İlk mətbu miniatürü - "Taxta və güzgü" "Şərq qapısı" qəzetində dərc edilib. 2004-cü ilədək "Bir payız günü", "Günəş həmişə olacaq", "Balaca nağılçı", "Yeddi ilin ayrılığı", "Vaxtla üz-üzə", "Sevgi məktubları" kitabları işıq üzü görüb. Sonrakı illərdə artıq onların sayını itirmişəm. Yaşının bu ahıl çağında hekayələri, mənsur şeirləri müntəzəm olaraq ədəbi almanaxlarda, dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Göyərçin" jurnallarında, "Ədəbiyyat qəzeti", "Kaspi", "525-ci qəzet" və digər qəzetlərdə çap olunur, efirdə səslənir, sosial şəbəkələrdə paylaşılır.
Bayram İsgəndərli ilk növbədə uşaqlar üçün yazan yazıçılarımızdandır. Onun uşaq hekayələri sovet dönəmindən başlayaraq "Azərbaycan pioneri" və "Tumurcuq" qəzetlərində, "Pioner", "Göyərçin", "Bala dili", "Günəş" jurnallarında və digər mətbu orqanlarda çap olunub. Bundan əlavə onun Naxçıvan Dövlət Kukla Teatrında "Cırtdanın yeni sərgüzəşti", "Xeyirxah kirpi", Naxçıvan Dövlət Uşaq Teatrında "Meşə əhvalatı", "Siçanların hiyləsi" pyesləri tamaşaya qoyulub. Naxçıvan Dövlət Kukla Teatrı yenidən Bayram İsgəndərlinin yaradıcılığına müraciət edib; 2018-ci ildə onun "Özgəyə quyu qazanın özü quyuya düşər" pyesini repertuarına daxil edib.
Bayram İsgəndərli ictimai-siyasi mövzuda qələmə aldığı mənsur şeirlərində vətən və ana məhəbbəti, toprağa bağlılıq, humanist dəyərlər barədə fikirlərini oxucuya çatdırır. Onun "Sormayın..." "Qərar tutub ürəyimdə..." "Ürəyim, ay ürəyim" və digər mənsur şeirləri mayasını həqiqətdən almış həyat mənzərələrinin həssas ruhla yoğrulmuş poetik ifadəsidir. Müəllifin ən böyük uğuru yaşadığı mühitdə baş verən hissi-psixoloji hadisələri - ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın sehrində və ovqatında səmimi bir şəkildə poeziyaya çevirmək bacarığıdır. Mənsur şeirlər insanı düşündürən, heyrətləndirən, qeyri-adi hisslər axarına salan, həyata marağı və diqqəti artıran zəngin məzmuna və dinamik bir enerjiyə malikdir. Bunlar sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən, ancaq bəsirət gözü ilə proyeksiyalanan İlahi gözəlliklərinə vurğunluq, qüssə, tənhalıq, ülviyyət və şəfqət dolu poetik lövhələrdir.

"Səadət notları"

mənsur şeirində təhkiyə genişliyi ilə deyil, insan qəlbinin lirik-romantik tərənnüm hissi ilə övlada olan məhəbbət və onun dünyaya gəlişinin sevincinin əksi, gerçəkliyin düşündürücü mətləbləri öz əksini tapa bilmişdir:
"Həyata gəlişinlə dünya başqalaşıb gözlərimdə. Günəş daha nurlu olub. Çiçəklər ətirli, quşlar nəğməli, bulaqlar zümzüməli!"
Məhəbbətimin üstünə bir məhəbbət də canlanıb. Sənin məhəbbətin".
Həcmi etibarı ilə də çox yığcam və lakonik olan "Səadət notları" mənsum şeirində bir cümlə ilə atasız qalmış uşaqların keçirdiyi iztirab və duyğular canlandırılmışdır: "...Atana ana deyəndə kövrəlirəm, quzum. Kövrəlirəm. İstəmirəm onu "ana" deyib çağırasan. İstəmirəm. Yox, yox, ona ata de, ata. Sən ki, atalısan. Sən ki, yollara baxıb ata intizarı çəkməmisən". Qələmə alınmış bu mənsur şeirdə ilk növbədə, nitqin emosionallığı oxucunu özünə cəlb edir.
B.İsgəndərovun mənsur şeirlərini oxuyanda müəllifə doğma olan, özünəməxsusluğu ilə seçilən, ziyanlı təsirlənmələrdən uzaq bir poetik dünyanın ab-havasını duyuram. Oradakı canlı insan xarakterləri, bu xarakterlərin yaşadıqları psixoloji hallar, heç kimdə olmayan kolorit və bu yaradıcılığın müasir Azərbaycan ədəbiyyatına yeni rənglər gətirməsi şəxsən oxucu kimi mənim könlümü rahatladır.
Mənsur şeirlərdəki təbiilik, sadəlik, dərin lirik ovqat estetik kateqoriya səviyyəsinə yüksəlib. Bu sadəlik, təbiilik insan mənəviyyatındakı mürəkkəb situasiyaları, psixoloji məqamları aydın şəkildə açıb göstərə bilir. B.İsgəndərli həyatda üzləşdiyi gerçəkliklərdən gələn impulsların bədii ifadəsini, emosiyaların təsirini, yaxşılıq, xeyirxahlıq axtarışlarını həzin bir dillə şeirə çevirir. Aşağıdakı misralar bu baxımdan onun estetik kredosu kimi səslənir:
"Topa-topa qara buludlar atamın gedişinə bənd imiş kimi çaxnaşdı, ildırımlar göyləri zolaq-zolaq doğradı. Qəzəbli bir uğultu eşidildi. Sandım ki, bu göylərin gurultusu deyil. Bu, mənim, nənəmin, anamın, Nərgizin, Bənövşənin, Yasəmənin, Vaqifin düşməni qarğıyan, atama ürək-dirək verən səsidir ki, göylərin sinəsindən qopur..."
Bayramın şeirlərində bir cəhəti xüsusi qeyd etmək istəyirəm: o, oxucu ilə sanki söhbət edir və bu zaman demədikləri, sadəcə bədii sözlə nişan verdikləri dediklərindən artıq olur. Oxucu kimi sən o deyilməyənləri təhtəlşüurla hiss edirsən, şeirdəki hissin, duyğunun alt qatları səni özünə çəkir, lirik-psixoloji, assosiativ axın yaranır və bu axın səni öz ağuşuna alıb, sanki sonsuzluğa aparır...
"Sən dözümlüsən, ana təbiət!" mənsur şeirində təbiət peyzajı göz önündə canlandırılır: "Çöllər bəmbəyaz. Təpələr, dağlar bəmbəyaz. Bu bəmbəyaz çöllərdə, təpələrdə, dağlarda qış at səyirdir, şaxta qılıncı ilə təbiəti hədələyir."

Bayramın məsur şeirləri

mövzuca rəngarəngdir. Həm şəxsi, həm ictimai mövzular, həm daxili dünyanı, həm də ətraf aləmi, təbiəti əks etdirən motivlər onun şeirlərinin mövzu palitrasını təşkil edir. Fərdi, şəxsi hisslər sonda ümumbəşəri məna tülündə cilvələnir. Mənsur şeirlərinin hissi-informasiya axarı gurdur, coşğundur. Onun şeirlərində mövzuya və məzmuna kreativ yanaşma, fəal potik münasibət var. "Ürəyim, ay ürəyim" mənsur şeirində bütün dünyaya sevgi çağırışını səsləndirməklə yanaşı, torpağını satmış insanlara nifrət etməyə çağırışı oxucunu düşündürür: "Nifrət etməyi də bacar, ürəyim. Sevgi qədər nifrətin də güclü olsun. Ağa qara deyənlərə, haqqını yeyənlərə, azadlığını buxovlayanlar, torpağını paylayanlara yönəlsin bu nifrətin."
B. İsgəndərlinin "Mən insanam" mənsur şeirində isə haqq tərəfdarı olmağa səsləyiş özünü büruzə verir: "Mən görə-görə kor olmaq istəmirəm. Mən eşidə-eşidə kar olmaq istəmirəm. Mən danışa-danışa lal olmaq istəmirəm. Mən anlaya-anlaya anlamaz olmaq istəmirəm." Müəllif "Vətən dərdidir, dərdlərin ən böyüyü" mənsur şeirində ictimai-sosial problemlərə toxunsa da, bu problemlərin, ev dərdinin, uşaq dərdinin, ailə dərdinin Vətən, azadlıq kimi dərdlərin yanında kiçik olması amilini qabartmağa cəhd etmişdir. Müəllif əyni nazik uşaqların titrəyə-titrəyə məktəbə getmələrini, gedən qız-gəlinləri marıtlayan "kişi"lərin "qeyrətini", Vətəni, azadlığı hərraca qoyulmasını oxucusuna çatdırır.
(ardı gələn sayımızda)