adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Mart 2018 17:56
65691
MÜSAHİBƏ
A- A+

“Azərbaycanlı futbolçular boş vaxtlarını axmaq-axmaq oyunlara sərf edirlər”

Roman Qriqorçuk. Ukraynanın Azərbaycandakı ilk və hələlik sonuncu uğurlu futbol elçisi. Uğursuz çıxışları da az olmayıb. Amma bu, tarixdəki nəticəni dəyişmir: "Qəbələ"ni dalbadal iki dəfə Avropa Liqasının qrup mərhələsinə çıxaran məhz 52 yaşlı bu futbol adamı olub.

Özünü təsdiq etmiş məşqçi olmaqla yanaşı, həm də maraqlı, pozitiv və yüksək yumor hissi olan şəxsdi. Eyni zamanda kübar və alicənab biridi. Əyalət komandasını çalışdırsa da, uzun müddətdi Bakının mərkəzində, elit "Port Baku Residence" adlı 5 ulduzlu yaşayış kompleksində yaşayır. Onun təklifi ilə söhbətimiz də elə "Port Baku”da baş tutdu...

***


"Şəhidlər Xiyabanında olmamışam, amma olacam"



- Bakının mərkəzində yaşadığınız üçün ilk sualım şablon olacaq: necə şəhərdi?

- Ailəlikcə bəyənirik. Şəhər həm gözəl, həm də həyat üçün komfortludu. Getməli-gəzməli yerləri az deyil.

- Bəs, Bakıda nəyi bəyənmirsiniz?

- Mənə görə paytaxtınız üçün bir mənfi şey var: o da buranın güclü küləyidi. Müsbət şeylər isə daha çoxdu.

- Amma deyəsən, ailəniz Qəbələdə darıxdığından indi hamınız paytaxtda yaşayırsınız.

- Bilmirəm, darıxmaq sözü nə dərəcədə yerinə düşür. Ailə ilə birgə olanda darıxmırsan. Sadəcə, bizim 10 yaşlı kiçik bir oğlumuz da var və onun inkişafı üçün Bakı kimi meqapolisdə yaşaması vacibdi. Şərait özü uşağı daha çevik düşünməyə, sürətlə inkişaf etməyə məcbur edir.

- Bakıda harda təhsil alır?

- O, təhsilini məsafə ilə - yəni internetlə alır. Amma oğlum burada mütamadi olaraq idmanla da məşğul ola bilir. Üzgüçülüyə, trenajor zalına gedir.

- Şəhərin mərkəzini, sizə yaxınlıqda yerləşən Dənizkənarı parkı gəzmək imkanınız olur?

- Mərkəzdə çox az halda gəzirik. Ayda 1-2 dəfə. Bu da yalnız o halda olur ki, Ukraynadan bizim doğma, əziz insanlardan kimsə bura qonaq gəlir. Onlara şəhərin mərkəzini, İçərişəhəri göstəririk. Amma mən ən çox dəniz kənarını sevirəm. Buranı elə gözəl düzəldiblər ki... Hamıya bu bulvar haqda danışıram. Başqa heç yerdə belə park görməmişəm. Dənizkənarı parkınız sanki böyük bir sənət əsəridi.




- Bakıda gəzərkən sizi tanıyanlar çox olur?

- Odessada yaşayərkən mən başa düşürdüm ki, bu böyük şəhərdə az qala hər kəslə tanışam. Hara gəzməyə çıxırdınsa, orada sənə sadə insanlar, fanatlar yaxınlaşıb söhbət edirdilər. Bu, mənə təəccüblü gəlmirdi. Çünki orda futbol ab-havası çox idi. Bakıda da - mən hələ Qəbələni demirəm – hara gedirəmsə, insanlar tanıyır, hal-əhval tutur. Bu isə məni yaxşı mənada təəccübləndirir.

- Sizə münasibətdən razısınız?

- Münasibət çox əladı! Söz xatirinə demirəm, faktdı. Azərbaycan və Ukrayna insanının başqalarına isti münasibətində yaxınlıq çoxdu. Mənim Odessada bir qonşum azərbaycanlı idi. Hətta orada da azərbaycanlılar mənə yaxınlaşıb söhbətləşirdilər və deyirdilər ki, Ukraynada onların doğmaları çoxdu. Yəni bizi bir çox mənəvi tellər birləşdirir.

- Siz azərbaycanlılar və Bakı haqda xoş sözlər söylədiniz. Xəbərinizin olub-olmadığını bilmirəm, istənilən azərbaycanlı üçün Bakıda müqəddəs sayılan bir yer var. Ora Şəhidlər Xiyabanı adlanır. Nə vaxtsa o xiyabanı ziyarət etmisiniz?

- Ora hardadı ki?

- Bakının ən hündür yerində, məşhur "Alov qüllələri” Şəhidlər Xiyabanına yaxın yerləşir. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və Qarabağ uğrunda döyüşlərdə həlak olan insanlar dəfn olunub.

- Yox, olmamışam... Etiraf edirəm ki, olmamışam.

- Olmaq istəyərdiniz?

- Şəhidlər Xiyabanı haqda ilk dəfə indi eşidirəm. Mütləq ora ailəmlə baş çəkəcəyəm.

- Mən Şəhidlər Xiyabanı barədə sualı niyə verdim? Sizin komandanız "Qəbələ”nin əsas rəqibi "Qarabağ”ın təmsil etdiyi Qarabağ bölgəsi və eyni zamanda Ağdam şəhəri Ermənistan ordusunun işğalı altındadı. Yəqin ki, bundan məlumatlısınız.

- Əlbəttə, çox eşitmişəm və burda o haqda çox danışılır.

- Sizin Qarabağ müharibəsi barədə məlumatınız nə qədərdi?

- İndi siz bu haqda bir az danışdınız və çox adamdan da eşitmişəm. Məlumatım yalnız bundan ibarətdi. Mən bu münaqişəyə necə yanaşıram? Ümumiyyətlə, bütün müharibələrə, insan itkilərinə qarşıyam. Eyni zamanda mən onu da bilirəm ki, bir şəxs – həm də əgər o, başqa bir ölkədə yaşayırsa – həmin ölkənin düçar olduğu münaqişə barədə danışmazdan əvvəl bu müharibənin incəliklərini dəqiqliklə bilməlidi. Çünki siyasi və hərbi məsələlər çox ciddidi. Bu haqda danışarkən, təkrar edirəm, gərək yaxşı məlumatın olsun. Təəssüf ki, bu dəqiqə mənim belə ciddi məsələ ilə bağlı danışmağım üçün yetərincə informasiyam yoxdu.


"Saakaşvili ilə yolum kəsişməyib"


- Yaxşı, keçək sizin ölkəyə - Ukraynaya. Ordakı siyasi prosesləri izləyirsiniz?

- Mənim bu suala da cavabım təxminən əvvəlki suala cavabım kimi olacaq. Bu haqda da danışmaq üçün gərək həmin sahənin peşəkarı olasan. Əlbəttə, öz vətənini sevən biri kimi mən çox istəyirəm ki, bizim ölkə hamıdan yaxşı olsun və bunun üçün əlimdən gələni etməyə hazıram. Amma siyasi məsələlərə gəldikdə, bu haqda peşəkarların danışması daha doğru olar, nəinki mənim.

- O zaman bir sualla siyasətlə bağlı mövzunu qapayaq. Bu sual hardasa sizə doğma şəhər kimi olan Odessaya aiddi. Bu şəhərin eks qubernatoru, son vaxtlar Ukraynanın gündəmindəki əsas şəxslərdən olan Mixail Saakaşviliyə münasibətiniz necədi?

- (gülür) Heç nə deyə bilmərəm. Çünki adını çəkdiyiniz insanla yolum heç zaman kəsişməyib. Bir insan barədə danışarkən gərək onunla söhbət edəsən, onun barədə çox biləsən.




- Biz Ukraynadan Azərbaycana, daha doğrusu, klubunuz "Qəbələ”yə qayıdaq. Əsas komandada sizin rəhbərliyiniz altında 20-dən çox futbolçu oynayır, legionerləriniz 6 fərqli xalqı təmsil edir. Üstəgəl azərbaycanlılar. Xaraktercə, mentalitetcə tamamilə fərqli olan adamları necə idarə edirsiniz?

- Çağdaş dövrdə beynəlxalq kollektiv formalaşdırmaqda qeyri-adi nəsə yoxdu. İdarə etdiyin kollektivdə insanin əsas üstünlüyü əlbəttə ki, futbol özüdü. Hansı milləti təmsil etməyindən asılı olmayaraq, ən vacib məsələ onların futbol mədəniyyətini, futbol qaydalarını bilməsidir.

- Futbol öz yerində, komandanı idarə etməkdə, heç şübhəsiz, bir məşqçinin futbolçular arasında nüfuzu birbaşa rol oynayır ki, bunu da siz məndən daha yaxşı bilirsiniz.

- Bu məsələdə fikrim belədi ki, öz tərəfimdən mən onlara hörmət etməli, inkişafları üçün əlimdən gələni əsirgəməməliyəm. Onlar da əvəzində mənə hörmət etməlidirlər.

- Amma komanda daxilində işlər yolunda getməyəndə, bir az kobud desək, yumruğunuzu masaya vurursunuz?

- Sərt tədbirlərə, əlbəttə ki, əl atıram. Bilirsiniz, nəticə qazanmaq üçün futbolçunu motivasiya etməyin yolunu tapmaq lazımdı. Belə bir misal var, deyirlər, tənbəli qovmaqla deyil, o, elə tənbəl olaraq da qalacaq. Əgər bir insan məşqə motivasiya olmayacaqsa, o heç vaxt yaxşı məşq etməyəcək. Amma bir məşqçi futbolçunun inkişafına nail olmaq istəyirsə, ona bir məsələni yaxşı izah etməli, inanmağa məcbur etməli, onda motivasiya yaratmalıdı. Bu, ən yaxşı yanaşmadı. Zorla, güclə nəyisə etmək futbolçuya inkişaf etməyə kömək göstərməyəcək.


"Oyundan sonra yaxşı, keyfiyyətli pivə içmək olar"


- Mən bir dəfə sizin futbolçularınızın qida rejiminə necə xüsusi diqqət yetirdiyinizə canlı şahid olmuşam. Avroliqada "Panatinaikos”la təkrar pley-off oyununa getməzdən əvvəl, aeroportda futbolçularınızdan gərək ki, Dodonu "Coca-cola” içdiyinə görə sərt şəkildə danladınız.

- (gülür). Bu məqam yadımdadı, amma kimin üstünə qışqırdığımı xatırlamıram. Çünki belə hallar bizdə bir neçə dəfə baş verib. Hər nə qədər biz bunu desək də, futbolçunu məcbur etsək də ki, həmin içkini içmə, əgər o, "Coca-cola”nı sevirsə, bizim gözümüz qarşısında yox, başqa yerdə onu içəcək.

- Siz ümumiyyətlə, "Coca-cola”ya qarşısınız? Yoxsa oyun öncəsi onun içilməsini uyğun bilmirsiniz?

- Mən demirəm ki, onu heç vaxt içmək olmaz. Əgər bir insanın isti havada ürəyi çəkirsə, o, bu içkini içəcək. Amma "Coca-cola”nın futbolçuya bir xeyri yoxdur. Ümumiyyətlə, idmançı normal qidalar qəbul etməlidi.

- Bir halda ki, söhbət içkilərdən düşdü, sizə görə, futbolçu oyundan sonra stress atmaq üçün spirtli içki içməlidimi?

- Mən deməzdim ki, içməlidi, amma bunu istisna da etmirəm. Bu, fərdi yanaşmadı. Elə ciddi futbolçular var ki, onların oyunlardan sonra keyfiyyətli pivə içdiklərini bilirəm.



- "Qəbələ”də elələri var?

- Bizdə futbolçuların çoxu azərbaycanlıdı, onlar da müsəlman olduqları üçün içmirlər. Demək olar ki, hamısı dindardı. Onların içmək hüququ yoxdu və içməməlidi. Bu haqda məlumatım var, soruşmuşam. Ola bilər ki, kimsə siqaret çəkir, eşitmişəm. Amma çox deyillər.

- Oyundan sonra spirtli içki içmək, yaxud siqaret, qəlyan çəkmək futbolçunun fiziki durumuna çoxmu təsir edir?

- Əgər o pivə içirsə, deməzdim ki, bu, onun fiziki vəziyyətinə çox təsir göstərir. Yaxşı, keyfiyyətli pivə futbolçuya mane olmur. Amma o, buna adət etməməlidi. Siqaretə gəlincə, düşdüyü vəziyyətə görə bəzən 1-2 dəfə çəkməyi düşünmürəm ki, ziyan etsin. Davamlı çəkmək isə əlbəttə, həm insan sağlamlığına, həm də oyununa ciddi təsir göstərir. Həmin insanlari siqareti tərgitməyə məcbur edə bilmərik. Çünki tərgitmək çətindir.


"Azərbaycanlı gənc futbolçular Bethovenin, Paqanininin kim olduğunu bilmirlər"


- Zərərli "qida”lardan keçək mənəvi qidalara. Kitablara. Mən indiyədək səfərə yollananda hansısa azərbaycanlı futbolçunun kitab oxuduğuna şahid olmamışam, amma legionerlər arasında mütaliəyə maraq göstərənlərə çox rast gəlmişəm. O cümlədən də "Qəbələ”li futbolçular arasında.

- Mən sizinlə razılaşıram. Legionerlərlə azərbaycanlı oyunçuların aldıqları təhsilin səviyyəsi arasında böyük fərq var. Ən çox da gənc oyunçuların bu məsələdə problemi çoxdu. Onlar Bethovenin, Paqanininin kim olduğunu bilmirlər. Siz təsəvvür edin, çağdaş dünyada belə insanlar var. Düzdü, zarafata salıb onlara bu dahi bəstəkarlar haqda sual verirəm, amma heç nə bilmirlər və bu, məni çox təəccübləndirir. Ümumiyyətlə, belə futbolçulara hər yerdə rast gəlinir. Eyni zamanda oxuyan, təhsili yüksək olan, peşəkar futbolçular da həm ukraynalı, həm də digər millətlərin nümayəndələri arasında var. Amma yenə də deyirəm, mən təəccüblənirəm. Həm də ona təəccüblənirəm ki, gənc futbolçular asudə vaxtlarını internetdə faydalı məlumatlar tapıb oxumaq əvəzinə, axmaq-axmaq oyunlar oynamağa sərf edirlər.

- İntellektual səviyyəsinə görə sizin rəhbərliyiniz altında oynamış hansı futbolçunun adını çəkə bilərsiniz?

- Futbol karyeramda istedadlı, yüksək intellekt sahib olan insanlarla işləmişəm. Konkret danışsaq, mən bir müddət "Qəbələ”də də çıxış etmiş Aleksey Qayı qeyd edə bilərəm. Onunla söhbət etmək rahatdı, sıxılmırsan. Təhsili və mədəni səviyyəsi yüksək, xarizması olan biridi. Həm ailəsinə, həm futbola münasibətdə nümunəvi insanlardandı.

- Yəqin ki, bir məşqçi üçün təkcə yaxşı yox, həm də mədəni, intellekt səviyyəsi yüksək olan insanlarla işləmək daha xoş olur.

- Mütləq. Əgər məşqçi də eyni səviyyədə biridisə, bu artıq nəinki xoş, həm də hər iki tərəf üçün faydalıdı.

- Siz özünüz kitab oxuyursunuz?

- Əlbəttə. Çox. Lisenziyalaşma prosesində çoxlu kitab olur, onlardan da faydalanıram. Düzdü, çox şeyi onsuz da bilirəm.

- Öz işinizə deyil, bədii ədəbiyyata aid nələrsə oxuyursunuz?

- Yox. Desəm ki, böyuk yazıçıları çox oxumuşam, yalan olar. Amma avtobioqrafik əsərlər mənim üçün maraqlıdı. Bir nəfər var, bu haqda internetdə mənə yazılar toplayıb verir. Əsasən, məşqçilər, futbolçuların həyatları haqda yazıları maraqla oxuyuram.



- Təkcə futbol sahəsinə aid şəxslərlə bağlı əsərləri oxuyursunuz?

- Müxtəlif sahənin insanları haqda. Çünki onlardan nəyisə öyrənmək olur. Memuar ədəbiyyatı oxuyanda kədərləndiyim anlar olur, bəzən gözümdən yaş da gəlir. Ən son Aleks Fergüsson haqda kitabı oxumuşam. Və oxuduqca da başa düşürsən ki, onun 20 il əvvəl etdikləri, iş üslubu, futbolçuya yanaşması indinin özündə də aktualdı.


"Nəyə lazımdı axmaq-axmaq kompüter oyunları?"



- Heç olubmu ki, "Qəbələ”də futbolçulara deyəsiniz ki, filan futbol adamının həyatı ilə bağlı memuarı oxuyun? Mən hələ bədii ədəbiyyat barədə danışmıram.

- Əlbəttə, o qədər deyirəm ki. Mən çalışıram onları öyrədim, həyatda istiqamət verim. İstəyirəm ki, onlar asudə vaxtlarından düzgün istifadə etsinlər. Nəyə lazımdı axmaq-axmaq kompüter oyunları? Sən həmin oyunlara sərf etdiyin ümumi vaxta xarici dil, yaxud maraqlı insanların həyatı haqda nələrisə öyrənə bilərsən.

- Bizim yerli futbolçularla rus dilində, yoxsa tərcüməçi vasitəsi ilə danışırsınız?

- Rus dilini bilən yerli futbolçularımız var. Yüksək səviyyədə olmasa belə, Cavid, Asif məni başa düşür. Amma əgər onlarla ətraflı söhbət etmək istəyirəmsə, bu zaman Sənan (Qriqorçukun köməkçisi Sənan Qurbanov – A.B.) tərcümədə kömək edir. Gənc futbolçulardan isə heç biri rus dilini bilmir.

- Bəs, futbolçular arasında ingilis dilini bilən var?

- Eləsi çox azdı.

- Deyək ki, sabah bizim bir futbolçumuz Ukraynaya və ya Rusiyaya oynamağa getdi. Onun rus, yaxud başqa xarici dili bilməməsi karyerasına hansısa mənsi təsir göstərə bilərmi?

- Bəli, özü də çox ciddi şəkildə. Təsir etmək də deyil, həmin ölkədə karyerasının üstündən xətt də çəkə bilər. Məsələn, mən özümdən götürüm. Futbolçu karyeramda xaricdə Avstriya və Polşada oynamışam. Alman dilini pis bilirdim. Uşaqlar deyirdilər ki, gündə neçə saat bu dili öyrənirsən. Cavab verirdim ki, bir saat. Deyirdilər, bir çox azdı, üç saat oxu. Çünki sən kollektivlə rahat danışmağı öyrənməlisən. Ünsiyyət lazımdı. Amma Polşa dili bizim dilə yaxın idi deyə, elə bir problemim olmurdu. Bəzən hətta lətifə də danışırdım.

- Gəlin, aydınlaşdıraq. Futbolçunun əcnəbi dil bilməməsi ona ən çox məşqçinin verdiyi tapşırığı lazımınca yerinə yetirməmək mənasında problem yaradır?

- Yox. Bu, ikinci məsələdi. Onsuz da məşqçi futbolçuya öz dediyini başa salmağın yolunu tapacaq. Amma bir futbolçu kollektivdə ünsiyyət qurmağı bacarmırsa, yaxud da bacarmaq üçün xarici dili bilmirsə, orada çox qala bilməyəcək.


Qriqorçuk Kamran Ağayev haqda


- Maraqlı bir məqama gəlib çıxdıq. Bu gün azərbaycanlı futbolçuların xarici klublarda möhkəmlənə bilməməsi çox müzakirə olunur. Bir vaxtlar "Qəbələ”də də çıxış edən Kamran Ağayev Portuqaliya və Çexiyanın yüksək liqa klubları ilə müqavilə bağlasa da, bir neçə ay sonra orada karyerasını başa vuraraq Azərbaycana qayıtdı. O, buna səbəb kimi xaricdə darıxdığını göstərir. Bir mütəxəssis kimi bu məsələyə sizin baxışınız necədi?

- Bu duruma konkret mövqeyim var. "Darıxırıq” kimi sözlər mənim üçün əsas deyil və özünüsığorta ola bilməz. Əgər bir futbolçu xaricə oynamağa gedirsə, hər şeyi gözə almalıdı. Mən məsələn, Avstriyaya oynamağa yollananda belə edirdim. Axı, hara getdiyimi bilirdim. Xaricə gedəndə hər şeyə hazır olmalısan. Mən darıxmaq məsələsini tamamilə istisna edirəm. Dil məsələsinə gəlincə, artıq bu haqda fikrimi söylədim. Digər bir məqam var: yerli mühitə, məişət səviyyəsinə öyrəşmək. Əcnəbi bir futbolçu bütün bunlara alışmalı, dili də mütləq bilməlidi.

- Bəs insanın xarakteri?

- Bu da rol oynayır. Mən o insanlara hörmət etmirəm ki, elə nə deyirsənsə, nəyisə aydınlaşdırmaq istəmir, sual vermir, danışmır, başını tərpətməklə hər şeylə razılaşır. Belə adamlarla işləmək maraqlı deyil. Bəzən futbolçularla söhbət zamanı özüm onlara hiss etdirmədən elə şərait yaradıram ki, mənə sual versinlər, nəyisə analiz etsinlər.

- Var belə futbolçular "Qəbələ”də?

- Təbii ki. Düzdü, təkbətək söhbətlərin tərəfdarı deyiləm, amma şərait tələb edəndə kiminləsə fərdi müzakirə aparıram.

- Rəşad Sadıqov "Qarabağ”da Qurban Qurbanovun əsas oyunçusu olmaqla yanaşı, həm də baş məşqçinin məsləhət və müzakirə etdiyi futbolçudu. "Qəbələ”də sizin üçün elə bir futbolçu varmı?

- Bizdə futbolu taktiki və nəzəri cəhətdən bildiyinə əmin olduğum bir yox, bir neçə futbolçu var.

- Məsələn...

- Asif, Cavid...Bax indi narahatam ki, kiminsə adını unuda bilərəm (gülür). Gənclərdən Elvin Camalovu, Qismət Alıyevi qeyd edə bilərəm. Mən onlardan nə soruşuramsa, o dəqiqə cavab verirlər. Bizim keçmiş oyunçumuz, indi "Neftçi”də çıxış edən Rəşad Sadiqovun futbol biliyi yaxşıdı.

- Bizim futbolçularla işləmək çətindi, yoxsa?..

- Bəziləri ilə çətin, bəziləri ilə asan. İstəmirəm ad çəkim. Futbolçu öyrənməlidi. Əgər öyrənəcəksə, sürətlə də inkişaf edəcək. Futbolçunun başı işləməlidi. Əks halda yerində sayacaq.

- Bayaq Qurban Qurbanov və Rəşad Sadıqovun bir-birinə meydandakı köməyi haqda sualım oldu. Siz bir rəqib kimi onların arasındakı bu birliyi meydanda görə bilirsiniz?

- Mən buna xüsusi fikir verməmişəm. Onu deyə bilərəm ki, məşqçinin ideyaları, fikirləri açıq-aşkar görünür. Amma eyni zamanda meydanda Rəşad Sadıqovun güclü, özü də çox güclü nüfuzu da görünür. Onun barəsində hamıdan ancaq yaxşı şeylər eşidirəm. Əminəm ki, o, bütün bunlara layiqdi.

- Azərbaycanda baş verən sonuncu devalivasiyadan sonra "Qəbələ”nin büdcəsi, eyni zamanda, bildiyimə görə sizin maaşınız da iki dəfə azaldıldı. Yəqin siz özünüz rəqəmi açıqlamayacaqsınız. Amma bildiyimə görə söhbət illik 300-400 min dollardan gedir. Pulunuz iki dəfə azaldıldığı halda, sizi "Qəbələ”də qalmağa nə vadar etdi?

(Ardı sabah)

Söhbətləşdi: Aydın BAĞIROV. Qol.az