adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Mart 2018 13:19
10034
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SƏSSİZ ÖLÜM…

Dünyada insanlar müxtəlif xəstəliklərdən vəfat edirlər. Və bu xəstəliklər də çoxlu saydadır. Bizim də fikrimiz o deyil ki, hansısa xəstəliyi sayaq və bununla da məsələni bitmiş hesab edək. Bizim düşüncəmizlə əsas məsələ ondan ibarətdir ki, müxtəlif cür adlanan qəfil ölümlərin qarşısını necə almaq olar? Bir çoxları deyirlər ki, «ağ ölüm» çox qoruxuludur. Bəli, «ağ ölüm» həqiqətən də qorxuludur. Amma ondan da qorxulu və dəhşətli ölümlər var. Bu ölümlərdən birinə biz «səssiz ölüm» adını vermək istəyirik…

Çünki bu ölüm hər il uzaqda yox, təkcə Azərbaycanda yüzlərlə adamı öz ağuşuna alır. Bu ölümün pəncəsindən çox nadir halda bəzi insanlar xilas ola biliblər. Dəm qazından boğulmalar sanki hər gün, hər dəqiqə bizi qarabaqara izləyir. Və payız mövsümü başlayandan qışın son ayına qədər Bakıda onlarla insan bu ölümdən dünyasını dəyişiblər. Təbii ki, bu cür ölümlər çox dəhşətli və gözlənilməz ölüm sayıla bilər. Belə ki, hər hansı bir insan oynaya-oynaya, gülə-gülə hamam otağına girir, yaxud da yatağa uzanıb yatır və xəbəri olmadan dünyasını dəyişir. Qəribədir ki, dəm qazının nə qoxusu var, nə də rəngi hiss olunur. Əgər kimsə bu dəhşətli hadisə ilə üzləşirsə, deməli, o, Əzrayılla qarşı-qarşıya gəlmiş olur və Əzrayılın da əlindən qurtarmaq mümkün deyil.

Dəm qazından boğulmalar isə davam etməkdədir. Bir neçə gün bundan əvvəl Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Adam bu hadisələrə görə, həddindən artıq narahat olur və baş verən ölüm hallarına heç vaxt laqeyd qala bilmir. Belə çıxır ki, bu gün bizim heç birimiz dəm qazından boğulmadan sığortalanmamışıq. Qulaqlara kiş-kiş olsun, bu cür hadisə hər birimizin başına gələ bilər.

Hər il payız mövsümü başlamamışdan öncə dəm qazı ilə bağlı əhali adiyyəti qurumlar tərəfindən maarifləndirilir, onlar arasında izahat işləri aparılır. Çünki heç kəsə sirr deyil ki, bu cür təbliğat işlərinin aparılması heç olmasa əhali arasında az da olsa insanların maariflənməsinə xidmət eləyir. Bu qədər təbliğat işləri, maarifləndirmə aparılsa da, yenə hər il olduğu kimi, bu il də dəm qazından çoxlu sayda insanlar dünyasını dəyişiblər.

Bu məsələyə heç də barmaqarası yanaşmaq olmaz. Heç kəs bizi qınamasın, Sovet dövründə dəm qazından bu qədər boğulma halları yox idi. Çünki o vaxt indiki kimi qeyri-standart sobalardan, qızdırıcılardan belə geniş istifadə olunmurdu. Üstəlik də əhaliyə verilən təbii qazın tərkibi diqqətlə yoxlanılır, emal prosesində zəhərli maddələr xaric olunurdu. İndiyə qədər yaxşı yadımdadır. Biz tələbə olanda da və sonra ailə qurub kirayəşin qalanda da heç bir sobadan istifadə eləmirdik. Qışın ən soyuq anlarında yalnız dördgöz qazdan istifadə etməklə mövsümü başa vururduq. Heç o vaxtlar nəinki biz, bir adam belə həmin qazdan zəhərlənmədi.

Səhər-səhər evimizdə indi dördgözlü qaz cihazını yandırandan mütləq pəncərəni açıq qoyuruq. Çünki həmin qaz cihazını yandıran kimi içəri qəribə bir qoxu dolur. Hər halda, bütün bunlar reallıqdı və bu gün də insanları çox narahat edir. Adiyyəti qurumlar da təbii ki, bu məsələlərdə xüsusilə diqqətli olmalı, dəm qazından boğulmaların aradan qaldırılması üçün daha səmərəli metodlar tapmalıdır.

Bir ara da dedilər ki, Bakıda yeni bir cihaz ixtira edilib. Guya həmin cihaz vasitəsilə hamama və mənzilə dolan dəm qazını müəyyənləşdirmək olur. Həmin cihazın deyilənlərə görə, qırmızı işığının yanması evin sakininə xəbərdarlıq edir. Tay bilmirik bu nə dərəcədə doğrudur, doğru deyil. Amma bir onu bilirik ki, mütləq mənada dəm qazından boğulmaların qarşısını almaq üçün tezliklə dövlət səviyyəsində ciddi addımlar atılmalıdır.

Üstəlik də hər bir mənzil sahibi özünün təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bir vaxtlar bütün hamamlarda nəfəsliklər var idi. Ancaq evlərini təmir edən insanlar görünüş xatirinə həmin nəfəslikləri ləğv etdilər və nəticədə isə belə ağır faciələr baş verməkdədir.

Hər bir insan öz ailəsi və övladları haqqında ciddi düşünməlidir. Dəfələrlə adiyyəti qurumlar əhaliyə xəbərdarlıq edib ki, mütləq hər il ən azından bir dəfə payız, qış mövsümündə evlərin tüstü-bacası təmizlənməlidir. Mənzillərdə qeyri-standart cihazlardan yox, sertifikatı olan qurğulardan istifadə olunmalıdır. Bununla yanaşı, hamamların qapıları ən azı dörd-beş yerdən iri həcmdə deşilməlidir. Bu deşik elə olmalıdır ki, hamamda hər hansı insan çimən zaman dəm qazı olsa belə, həmin deşiklərdən çölə çıxsın.

Bu cür qabaqlayıcı tədbirlərin görülməsi az-çox da olsa «səssiz ölüm»ün qarşısını ala bilər. Amma çox nahaq yerə biz mənzillərimizdəki hamamların nəfəsliklərini ləğv etdik. Əgər həmin nəfəsliklər bərpa olunsa, sizi inandırım ki, hər hansı adam hamamda çimərkən o nəfəsliyi açıq qoysa, heç vaxt dəm qazından boğulmaz. Təəssüflər olsun ki, biz xarici görünüşün gözəlliyi naminə öz həyatımızı təhlükə qarşısında qoyur və həmin nəfəslikləri hördürürük. Hələ bu azmış kimi, bəzilərimiz hamamın qapısında deşik də açdırmaq istəmirik ki, görünüşə mənfi təsir edər. Düzdür, bu deşiklər görünüşə pis təsir edə bilər, ancaq dəm qazı hamama dolarkən insanı ölümdən də xilas edər. Əfsuslar olsun ki, biz bu barədə düşümək belə istəmirik.

Hər halda, yazımızın əvvəlində biz ölümlərin müxtəlif cür olmasını bir daha oxucuların yadına saldıq. Yadına saldıq ki, bu ölümlərin arasında «səssiz ölüm» də var. Və bu «səssiz ölüm»dən qurtarmağın yeganə yolu mənzillərə verilən təbii qazın təmiz olması, istifadə edilən cihazların standarta uyğunlaşması və bir də əlaqədar qurumların əhaliyə verdikləri tövsiyələrə əməl edilməsidir. Əgər dediyimiz bu məsələlərə diqqət yetirilsə, bizim fikrimizcə, «səssiz ölüm»dən də xilas ola bilərik. Allah hamımızı belə hadisələrdən qorusun!