Neft Məktəbi Beynəlxalq Foruma ev sahibliyi edəcək
Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın "Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə 3-cü SOCAR Beynəlxalq "DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu keçiriləcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan SOCAR-ın Beynəlxalq Forumu 23-26 aprel 2018-ci il tarixlərində təşkil ediləcək.
BANM-dan Adalet.az-a verilən məlumata görə, regionun neft təqvimində ən mühüm hadisələrdən olan SOCAR Beynəlxalq Forumunun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.
Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir.
Xatırladaq ki, Forumda iştirak üçün qeydiyyathttp://socarforum.comsaytında həyata keçirilir.