adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Mart 2018 00:23
9147
GÜNDƏM
A- A+

Sahibsiz küçə heyvanları problemi, onun həlli perspektivləri

Son illər ərzində Bakı küçələri və ətraf rayonlarda sahibsiz heyvanların sayının günbəgün çoxaldığının şahidi oluruq. Sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusi ilə küçə it və pişiklərinin vaxtında sterilizasiya edilməməsi, habelə peyvəndlənməməsi ölkədə bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnir. Eyni zamanda, küçədə yaşayan it və pişiklərin populyasiyasının nəzarətsiz artımı onların özünün rifahına mənfi təsir göstərir, o cümlədən yem və sığınacaq tapması və sağlamlığını əngəlləyir. Problemin həll edilməsi üçün onun simptomlarının öhdəsindən gəlmək (sterilizasiya, peyvəndləmə, baytar qayğısı, sahibləndirmə, sığınacaq və s.) ilə yanaşı, məsələnin kökündə duran insan amilinin aradan qaldırılmasını (məsuliyyətli sahiblilik və humanist rəftarın təşviqi) tələb edir. Beləliklə, xüsusi sığınacaq və baytarlıq klinikalarının fəaliyyət göstərməsi ilə parallel olaraq, uzunmüddətli perspektivdə insanlar arasında geniş maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu işə kompleks şəkildə yanaşan mərkəzlərə dünyanın inkişaf etmiş ölkələrində tez-tez rast gəlmək mümkündür.
Əksər ölkələrdə belə mərkəzlər küçə heyvanları və sahibləri tərəfindən atılmış heyvanlara sığınacaq verir, qayğı göstərir, onları sahibləndirir, eləcə də populyasiyasını kütləvi axtalama və qısırlaşdırma (sterilizasiya) yolu ilə tənzimlənməsinə çalışır. Məlumdur ki, ötən əsrin 70-ci illərindən etibarən dünyada heyvanların hüquqlarının qorunması məsələsinə getdikcə daha geniş diqqət yetirilir. Bir çox Avropa ölkələrində heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Məsələn, Almaniya konstitusiyasına görə, əgər heyvanlara çəkilişlər əziyyət verərsə, onların kinoya çəkilməsi qəti qadağandır. Avstriyada itlərin quyruğunu yaxud da qulağını kəsmək, zəncirləmək qanun pozuntusu hesab edilir. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir. Ölkəmizdə sahibsiz heyvanlarla bağlı məsələ ən aktual problemlərdən hesab edilir. Son illər bu istiqamətdə mühüm addımlar atılmış, o cümlədən Azərbaycan "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasına qoşulmuş, müxtəlif mərkəz və sığınacaqlar yaradılmış, heyvanlara rəhmsiz rəftara görə məsuliyyət sərtləşdirilmişdir. Lakin, problemin miqyası bu istiqamətdə daha geniş və intensiv səylərin göstərilməsini tələb edir.

Heyvanların mühafizəsi
sahəsində uğurlu layihə

2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli qoyulmuşdur. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılmış, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur. 2017-ci ilin 1 mart tarixindən etibarən Mərkəz rəsmi fəaliyyətə başlamışdır. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, oyun meydançası, yataqxana, konfrans zalı və s. mövcuddur.
Mərkəzin missiyası heyvanların rifah və sağlamlığının yaxşılaşdırılması, Bakı və onun ətraflarında sahibsiz heyvanların sayının tənzimlənməsi (sterilizasiyası), zoonoz və parazitik infeksiyaların yayılmasının qarşısının alınması (peyvəndlənmə), himayəyə götürülən heyvanların sayının artırılması, eləcə də heyvanlara humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsindən ibarətdir. Həmçinin burada heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə gətirilir. Burada sterilizasiya edilən və himayəyə verilən heyvanların bir çoxuna adlar da verilir. Himayəyə verilən heyvanların profilləri Mərkəzin internet səhifəsi və sosial şəbəkələrdəki hesablarında yerləşdirilir. Fəaliyyət göstərdiyi 1 il ərzində IDEA Heyvanlara Qayğı Mərkəzi tərəfindən 2500-dən artıq it və pişiklər sterilizasiya (axtalama və ya qısırlaşdırma) edilmiş, saysız-hesabsız yaralı və xəstə heyvanlara baytar qayğısı göstərilmişdir. Eyni zamanda, gənclər və uşaqlar üçün çoxsaylı kütləvi tur və maarifləndirmə tədbirləri keçirilmişdir. Qeyd edək ki, Mərkəzdə sahibsiz heyvanlarla bağlı bütün xidmətlər pulsuz həyata keçirilir.

Xəstə və quduz heyvanların
artımının qarşısı alınır

Mərkəzin baytarlıq klinası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərir. Burada küçə heyvanları üçün bütün xidmətlər tamamilə pulsuzdur. Mərkəzdə sterilizasiya edilmiş və peyvəndlənmiş heyvanların sonrakı taleyi ilə maraqlandığımız zaman aydın oldu ki, itlərin qulaqlarına nömrələnmiş birkalar vurulur, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnir. Bundan başqa, bütün heyvanların profil və tibbi məlumatları Mərkəzin xüsusi elektron məlumat bazasına daxil edilir. "CVNR" (tut-peynəndlə-axtala-burax) proqramı üzrə Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərir. Bu üsul küçə heyvanlarının sayının tənzimlənməsi və rifahının təmin edilməsinin ən effektiv və humanist yoludur. Bu üsulla xəstə və quduz heyvanların artımının qarşısı alınır, sağlamlıqları təmin olunur. Bununla həmin heyvanların nəzarətsiz çoxalması və quduzluğa yoluxmasının qarşısı alınır. Mərkəzin himayə bölməsində müxtəlif xüsusiyyətlərinə görə himayəyə verilməsi daha mümkün hesab edilən it və pişiklər yerləşdirilib. Bu heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə gətirilir. Burada sterilizasiya edilən və himayəyə verilən heyvanların bir çoxuna adlar da verilir. Himayəyə verilən heyvanların profilləri Mərkəzin internet səhifəsi və sosial şəbəkələrdəki hesablarında yerləşdirilib. Mərkəzin fəaliyyətinin digər bir zəruri sahəsi heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və ölkəmizdə insanların sahibsiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir.

Heyvanlara humanist
və məsuliyyətli yanaşma

Mərkəz öz fəaliyyətində cins heyvanlarından çox qarışıq cinsli olan küçə heyvanlarının himayəyə verilməsinin təbliğ edilməsinə üstünlük verir. Mərkəzdə himayəyə vermə sadəcə şəxsiyyət vəsiqəsinin təqdim edilməsi və himayə öhdəliyinin imzalanması ilə həyata keçirilir. Mərkəzin əsas şərtlərindən biri belədir ki, əgər himayə götürən şəxs nə vaxtsa heyvandan imtina etmək istəyərsə yalnız onu Mərkəzə təhvil verməlidir.
Mərkəzin konfrans zalı və digər hissələri heyvanlarla bağlı müxtəlif tədbirlər, təqdimat və mühazirələrin keçirilməsi üçün istifadə olunur. Heyvanlara humanist və məsuliyyətli yanaşmaların bəslənməsi məqsədilə uşaqlar və gənclər üçün sinifdənkənar proqram və tədbirlər həyata keçirilir, Mərkəzin elektron resursları və nəşrləri vasitəsilə əhali arasında müvafiq məlumatlandırma işləri də aparılır.

Bir dişi it və onun balaları 7 ilə dünyaya 60 mindən çox bala
gətirə bilər

Sahibsiz heyvanların vəziyyətinə biganə olmayan könüllülərin köməyi Mərkəzin səmərəli fəaliyyəti üçün əsas şərtlərdən hesab edilir. Burada yerləşdirilən it və pişiklərə qayğı göstərməklə yardım etmək istəyən heyvansevərlər Mərkəzin xüsusi anket formasını doldurmaqla və daxili qaydalarına riayət etmək öhdəliyini imzalamaqla Mərkəzin fəaliyyətinə könüllü kimi qoşula bilərlər. Hazırda Mərkəzdə 300-dən çox it, 200-ə qədər pişik mövcuddur, lakin bu rəqəmlər hər gün dəyişir, çünki daxil olan heyvanlar əsasən müvəqqəti olaraq saxlanılır, müalicə, əməliyyat və ya reabilitasiyadan sonra yerinə qaytarılır və ya sahibləndirlir. Mərkəzdə bu günədək təqribən 2500 heyvan sterilizasiya, 60-dan çox heyvan isə sahibləndirilib. Eyni zamanda, 30-dan artıq heyvanlarla bağlı maarifləndirici tədbirlər təşkil olunub. Mərkəzin fəaliyyəti baytarlıq sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına, həmçinin təcrübə mübadiləsinə də imkan verir. Bu günədək bir neçə gənc baytar Mərkəzdə təcrübə keçib. Həmçinin Mərkəzin elektron resursları və nəşrləri vasitəsilə əhali arasında müvafiq məlumatlandırma işləri aparılır. Ümumiyyətlə, sahibsiz ev heyvanlarının populyasiyasının sürətlə artması bir çox problemlərə səbəb olur, o cümlədən insanların və heyvanların sağlamlığına təhlükə yaranır. Bu baxımdan IDEA Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyinin Bakı və ətraf ərazilərdə yerləşən sahibsiz itlərin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi və birkalanması üzrə aksiyalar da təşkil edir .
Bir dişi it və onun balalarının 7 ilə dünyaya 67000-ə qədər bala gətirə bilməsi problemin nə qədər ciddi olduğunu göstərir. Sterilizasiya küçə heyvanlarının çoxalmasının qarşısını almaqla onların lazımsız ölməsi və ya öldürülməsinin qarşısını alır. Bu baxımdan IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir, ümumiyyətlə hər bir vətəndaş bu işdə həmrəylik göstərib yaxından iştirak etməlidir. Heyvanların taleyinə laqeyd qalmayan hami bir nəfər kimi onların rifahının yaxşılaşdırılması, əziyyətsiz yaşamaq hüquqlarının qorunması naminə bu ideyaya dəstək olmalıdır. Axı, bu günahsız canlıların da yaşamağa və qayğıya ehtiyacları var.

Ceyhun Alışlı,
AZƏRTAC-ın müxbiri
Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.