adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Mart 2018 00:19
36981
LAYİHƏ
A- A+

ŞİMALİ AZƏRBAYCANDA SİYASİ HADİSƏLƏR - 1917-Cİ İL

XX əsrin əvvəllərində dünyada baş vermiş böyük tarixi hadisələr - Birinci Dünya müharibəsi (1914- 1918-ci illər), Rusiya imperiyasındakı 1917-ci ilin fevral inqilabı və oktyabr çevrilişi nəticəsində dünyanın ictimai-iqtisadi və siyasi sistemində aşkara çıxmış parçalanmalar çox böyük təlatümlərə gətirib çıxartmışdır. Bu təlatümlərin böyük bir hissəsi Rusiya tarixi ilə sıx bağlı hadisələrdir. Rusiya imperiyasında baş verən 1917-ci ilin inqilabi hadisələrin nəticəsi olaraq dünyada yeni bir tarixi mərhələnin başladığını görmək mümkündür. Rusiya imperiyasının istər mərkəzi şəhərlərində, istərsə də uçqarlarında baş vermiş çaxnaşmaların nə kimi fəsadlar - müsbət, yoxsa mənfi fəsadlar törədəcəyi bəlli olmasa da - hər halda çox böyük siyasi fəallıqlara səbəb olmuşdur. Birinci Dünya müharibəsinin gətirdiyi aclıq və səfalətlər, eləcə də çarizmin uzun illər böyu yürütdüyü milli ayrı-seçkilik siyasətindən cana doymuş müxtəlif millətlər azad olmaq arzusu ilə mübarizəyə başlamışdılar. Rusiya imperiyasının əsarəti altında olan müxtəlif xalqlar, o cümlədən Azərbaycan xalqı, bu dövrdə çox böyük və çətin tarixi hadisələrlə üzləşməli olmuşdu.
1917-ci il fevralın 27-də baş vermiş hakimiyyət çevrilişi nəticəsində Rusiya imperiyasında hakimiyyətsizliyin baş verməməsi və Birinci Dünya müharibəsini qələbəyədək davam etdirilməsi üçün Petroqradda Müvəqqəti hökumət qurulmuşdu. Bununla bərabər müharibə və fevral inqilabının yaratdığı problemlərin həddindən artıq çoxluğu Müvəqqəti hökumətə Qafqazın idarə olunmasına xüsusi vaxt ayırmağına imkan vermirdi. Ona görə də II Nikolay hakimiyyətdən salındıqdan sonra imperiyanın ucqarlarında yerli idarəetmə orqanların yaradılması zərurəti ortaya çıxmışdı. Zaqafqaziyada belə bir hakimiyyət forması Xüsusi Cənubi Qafqaz Komitəsi (qısaldılmış forması-XCQK. Sovet hakimiyyəti dövründə bu orqan Xüsusi Zaqafqaziya Komitəsi kimi yazılırdı) olmuşdur.
XCQK-nın Zaqafqaziya əhalisinə birinci müraciətində (müraciəti Xüsusi Zaqafqaziya Komitəsinin sədri B. Xarlamov, üzvləri M. Papacanov, M. Cəfərov, A. Çxengeli və K. Abaşidze imzalamışdır) deyilirdi: "Əsrlərcə Rusiyanın bütün əhalisini əzən köhnə, dəhşətli rejim yıxıldı. Vilayətlərdə mülki idarəetmə orqaları yaratmaq üçün Dövlət Duması və Müvəqqəti hökumət tərəfindən 1917-ci il martın 9-da Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı".
Yeni yaradılan XCQK zəif iqtisadi-siyasi və hərbi gücə malik olmasına baxmayaraq, həm də fevral inqilabından sonra yaranan və hakimiyyətin bir neçə funksiyasını yerinə yetirməyə cəhd göstərən müxtəlif inqilabi təşkilatlarla rəqabət aparmalı idı. Belə təşkilatların sırasına Tiflis və Bakıdakı fəhlə və əsgər deputatları Sovetini, İctimai Təşkilatların İcraiyyə Komitəsini, Siyasi partiyaları, Milli Şuraları və s. aid etmək olar.
Sosialist inqilabçılar Cənubi Qafqazda milli məsələdən danışarkən yalnız sosialist partiyaların simasında millətlərin demokratik nümayəndələri ilə taktiki saziş bağlamağın mümkünlüyünü iddia edir və "panislamçı düşmən" obrazının yaradılmasında xüsusi rol oynayırdılar.
Vaxtı ilə çar hökuməti öz müstəmləkəçilik siyasətini həyata keçirərək, xalqlar arasında milli ədavəti qızışdırır, milli ucqarların ruslaşdırılması siyasətini yeridirdi. Həmin siyasəti davam etdirən Müvəqqəti hökumət Azərbaycan xalqına, eyni zamanda, Cənubi Qafqazın başqa xalqlarına, demək olar ki, heç bir siyasi hüquq verməmişdir. Hakimiyyət Müvəqqəti hökumətin əlinə keçdikdən sonra da, çar mütləqiyyətinin milli zülm, müstəmləkəçilik və müharibə siyasəti davam etdirilirdi. Lakin bununla yanaşı, inqilab imperiyanın ucqarlarında əzilən millətlərə özlərinin siyasi hüquqlarından istifadə etmək, o cümlədən söz, yığıncaq, nümayiş, ictimai-siyasi proseslərdə iştirak etmək azadlığına geniş imkanlar yaratmışdır.
Bu dövrdə ölkənin müsəlman əhalisinin siyasi fəallığını əlaqələndirən mərkəz Dövlət Dumasının müsəlman fraksiyası idi. Bu fraksiyanın təşəbbüsü ilə 1917-ci il martın 20-də Petroqrad müsəlmanlarının mitinqi təşkil edilmiş və bu mitinqə Bakı, Yelizavetpol və İrəvan quberniyasından deputat seçilmiş M.Y. Cəfərov rəhbərlik etmişdir.
Azərbaycanın qabaqcıl ziyalıları həmişə xalqın taleyini düşünür və belə hesab edirdilər ki, 1917-ci il fevral inqilabından sonra Rusiyada qurulacaq federativ və demokratik hökumət Cənubi Qafqazda yaşayan xalqlara öz müqəddəratlarını azad surətdə həll etmək üçün təminat verəcək, milli ədavətin qızışdırılmasına imkan verməyəcək, milli ayrı-seçkiliyə son qoyacaqdır. Hətta, Müsəlman fraksiyasının sədri F. Xoyski Bakıda fəaliyyət göstərən müsəlman ictimai təşkilatlarının adından Rodzyankonun ünvanına göndərdiyi teleqramda bundan sonra Rusiyanın bütün vətəndaşlarına, o cümlədən müsəlmanlara da mülki, siyasi, milli və dini azadlıqların və bərabərliyin veriləcəyinə əminlik bildirmişdi.
1917-ci ilin fevral inqilabından sonra da Azərbaycanın hər yerində, xüsusilə, Bakıda siyasi vəziyyət gərgin olaraq qalırdı.
Bu gərginliyi, hər şeydən əvvəl, Birinci Dünya müharibəsinin Batum-Urmiya cəbhə xəttinin Cənubi Qafqazdan keçməsi, Rusiya imperiyasında hakimiyyət böhranı, bolşeviklərin sinfi mübarizəyə və müharibə əleyhinə çağırışları, eləcə də Bakıda mövcud olan partiyaların kütlələri öz tərəfinə çəkmək uğrunda bir-birləri ilə apardıqları gərgin mübarizələri (müsavat, menşevik, eser, daşnaksütyun və bolşeviklər partiyası nəzər tutulur) daha da artırırdı.
Digər tərəfdən, bolşeviklərin sıralarında ermənilərin çoxluğu və onların türklərə qarşı düşmənçiliyi, eləcə də, Türkiyə və Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq istəyi, bolşeviklərin isə imperiya ərazisini bərpa etmək siyasəti, nəinki Bakıda, habelə, regionda vəziyyəti gərginləşdirən əsas amillərdən hesab olunurdu. Vəziyyəti gərginləşdirən başqa bir amil isə, Bakıdakı iqtisadi çətinliklərin getdikcə artması idi.
Nəhayət, bu bölgədə vəziyyəti gərginləşdirən daha mühüm bir amil Xəzər bölgəsi, xüsusilə burada çox mühüm hərbi-strateji mövqedə yerləşən Azərbaycan, dünyanın aparıcı dövlətlərinin başlıca rəqabət hədəfinə çevrilməsi idi.
Həmin dövrdə istər Bakıda, istərsə də əyalətlərdə Azərbaycan xalqının mənafeyini düşünən və müxtəlif sosial təbəqəni əhatə edən təşkilatlar da yaranmışdır. Fevral inqilabının elə birinci günü Azərbaycan müsəlman hərəkatının yaradılmasının mərkəzlərindən birinə çevrilmişdir. İnqilabdan sonra Azərbaycanın siyasi xadimləri və qabaqcıl ziyalılarının qarşısında duran vacib məsələlərdən biri, yalnız Cənubi Qafqazda deyil, bütün Rusiya müsəlmanlarının dağınıq halda olan qüvvələrini vahid bir mərkəzdə birləşdirilməsi idi. Bununla bağlı "Açıq söz" qəzeti yazırdı ki, artıq bizə də birləşmək zamanı gəlib çatmışdır.


(ardı gələn sayımızda)

Babək Əbülfətoğlu
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ