adalet.az header logo
  • Bakı 12°C
05 Mart 2018 18:17
13645
MƏMLƏKƏT
A- A+

Yasamalın bəxti açılır - FOTOLAR

Əslində həmişə önəm verdiyim yazılarımın ünvanı problemlər onların işıqlandırılması, müvafiq qurumları məlumatlandırmaq olur. Bu yazımı isə məskunlaşdığım Yasaml rayonunda aparılan təmir-tikinti işlərinə görə qələmə aldım. Bunu mənə qonşularım tövsiyə etdi. Dedilər ki, arada görülən işlərdən də yaz ki, iş görməyənlər oxuyub gözlərinə su versinlər.

Misal sudan da olsa bu gün görülən iş yolla bağlıdı.

Bildiyimiz kimi ölkə rəhbərinin sərəncamı ilə artıq paytaxtımızın Yasamal rayonuna cari ilin 2 fevral tarixindən Əziz Əzizov rəhbərlik edir.

Qeyd edim ki, Yasamal paytaxtın önəmli rayonlarından biridir. Burada 11 işğal olunmuş rayondan 20 min 550 nəfər məcburi köçkün qeydiyyatdadır. Bu təxminən 5497 ailə deməkdir.

Rayona icra başçısı təyin edildiyindən az müddət keçməsinə baxmayaraq Ə.Əzizov artıq bir neçə dəfə rayon sakinləri ilə görüşlər keçirib, onların problemləri ilə maraqlanıb, təklif və şikayətlərini dinləyib. Bu görüşlər zamanı sakinləri narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılır, həmçinin sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Görüşlərin birində sakinlər Yeni Yasamalda yerləşən Əsəd Əhmədov küçəsinin bərbad vəziyyətdə olduğunu rəhbərliyə çatdırıb və bu küçəyə diqqət ayırmasını xahiş ediblər.

Əsəd Əhmədov küçəsi el xəritəsi ilə desək Yasamaldakı "Günəş" petrolun yanında üzü Yeni Yasamala tərəf uzanan yoldur. Bu yol Yeni Yasamalın lap yuxarı hissəsində 77 saylı marşurutun son dayanacağında kənar dairəvi yola birləşərək bitir.

Az bir müddətdə müraciətin bəhrəsi görülür. Belə ki, hazırda bu yolun yenidən qurulması üçün necə deyərlər, gecə-gündüz iş gedir. Yol həm genişləndirilir, həm də ki, yenidən salınır. Qeyd edim ki, hazırda Yeni Yasamalın bu hissəsində əhali sıxlığı yüksəkdir. Bununla yanaşı kənar dairəvi yoldan şəhərin Yasamal hissəsinə də bu yola çıxmaq mümkün olduğundan yol əhəmiyyətlilik daşıyır. Sədərək və Binə yarmarkalarına da camaatımız gedərkən əsasən bu yoldan istifadə edirlər.

Uzun müddət idi ki, sakinlər bu yoldan çox əziyyət çəkirdi. Artıq bu yoldan söhbət düşərkən sakinlər "şükür" etməklə yanaşı, həm də yeni rəhbərliyin belə tez reaksiyasını təqdir edirlər.

Rayonda görülən işlərlə maraqlandıqda isə məlum oldu ki, Yasamal rayonunun hər mənzil istismar sahəsinin ərazisində aparılan "abad həyət" layihəsi çərçivəsində 16 istirahət parkı günün tələblərinə uyğun bərpa edilir. Bütün bunlarla yanaşı elektrik enerjisi, qaz, istilik, su təchizatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olan təhsil və səhiyyə müəssisələrinin əsaslı təmiri və müasir avadanlıqla təchizatı sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrində həyata keçirilməsinə start verilib. Mərhələli və planlı şəkildə aparılacaq abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydançalarda, həmçinin, digər infrastruktur sahələrdə yenidənqurma və əsaslı təmir işləri həyata keçirilir.

Ə.Əzizov Yasamal rayonundan əvvəl 12 il Cəlilabad rayonuna da rəhbərlik edib. Artıq bu müddətin zamanı hər şeyə aydınlıq gətirir. 12 il bir rayonda rəhbərlik etmək ondan xəbər verir ki, öz idarəçilik prinsipləri ilə Ə.Əzizov ona göstərilən etimadı doğruldub. Bunun bariz nümunəsidir ki, ölkə rəhbəri 8 dəfə Cəlilabad rayonuna səfər edib. Səfər çərçivəsində prezident müxtəlif müəssisələrin, təhsil ocaqlarının, avtomobil yollarının, sosial obyektlərin, xəstəxanaların açılış mərasimlərində iştirak edib. Rayonda aparılan, həyata keçirilən tədbirləri, icra olunan sosial layihələri yüksək qiymətləndirib: "On üç il ərzində Cəlilabad böyük yol keçib, şəhər gözəlləşib, abadlaşıb və yeni imkanlar yaranıb".

Düşünürük ki, Ə.Əzizovun rəhbərliyi altında paytaxtımızın Yasamal rayonunda aparılacaq abadlıq işləri tezliklə öz bəhrəsini verəcək. Rayonun ümumi görünüşü tələbatlara cavab verəcək dərəcədə dəyişəcək.

Hər halda bu gün görülən işlər təqdirəlayiqdir və biz də bu rayonun sakinləri olaraq bu abadlıq işlərinin həyata keçirilməsində rayon rəhbərliyinə həm təşəkkürümüzü bildiririk, həm də dəstəyimizi.


Sakinlər adından

Nicat Rüstəmov