Bu adada insanlar izsiz-soraqsız yoxa çıxır
Planetimizdə saysız-hesabsız müəmmalı yerlər var ki, onları tədqiq etmək və
elm üçün aydınlaşdırmaq sadəcə mümkün deyil. Bu cür təbiət sirləri qarşısında
nəinki elm, insanlar da acizdir.
Belə müəmmalı yerlərdən birinin Envaitenet
olduğunu tamamilə söyləmək mümkündür. Adi gözlə görünən bu ada Keniyadakı
nəhəng Rudolf gölünün, demək olar, düz mərkəzində yerləşir. Yerli turkan və
elmolo tayfaları adaya hətta, ən primitiv sallarla belə asanlıqla gedə
bilirlər. Ancaq bu "ovsunlanmış ada”da heç kim yaşamır. Bundan başqa adaya nə
alimlər, nə də paranormal hadisələrin tədqiqatçıları gedirlər. Çünki bu adadan,
yerli sakinlərin dediyi kimi (bu, praktikada öz təsdiqini tapır) heç kim
qayıtmır. Sözsüz ki, bu hal insanlar orada "vaxtından çox” qaldıqda baş verir.
Rudolf gölünün ətrafında yaşayan keniyalı
tayfalar arasında belə bir əfsanə dolaşır ki, Envaitenet adasından yerli əhali
heç vaxt köçürülməyib. Ancaq 1630-cu ildə qəfildən adanın bütün sakinləri eyni
vaxtda yoxa çıxıblar. Keniyalılar əmindirlər ki, adanın ortasında od saçan
nəhəng mağara var, mağara hansısa formada insanları cəlb edir və onları "udur”.
Aborigenlər arasında adada yaşamaq
istəyən qoçaqlar olurdu. Hətta, bəziləri buna müvəffəq olurdu. Ancaq onlar da
az sonra yoxa çıxırdı. Qonşu Loienqalani kəndinin sakinləri onları yoluxmağa
gələndə adada canlı həyata dair hər hansı işarə tapmırlar. Onların yalnız
əşyaları, hətta yeyilməmiş yeməkləri qalmışdı...
O vaxtdan indiyədək ada sakinsiz qalır.
Avropalılar hələ XVIII əsrdə Envaitenetlə maraqlanırlar. Yerli əhalinin bütün
xəbərdarlığına baxmayaraq, Hollandiya və Almaniyadan adaya ekspedisiya yola
düşür. Heç biri qayıtmır, hamısı yoxa çıxır.
Adanın sirrini açmağa sonuncu dəfə 1935-ci ildə
Vivian Fuşun başçılığı ilə bir qrup ingilis alimi cəhd edir. Onun iki həmkarı –
tədqiqatçılar Bill Dayson və Martin Şeflis adaya yola düşür və onlar da
qayıtmır. Narahat olan Fuş onların ardınca xilasedicilər göndərir, ancaq heç
kimi tapmaq mümkün olmur.
Təhlükəli adada indiyədək ancaq ilanlar və
timsahlar yaşayır. İtkin düşən sakinlərdən isə heç bir nişanə yoxdur. Yeri
gəlmişkən onu da qeyd edək ki, xəritədə rəsmən Cənub adası adlandırılsa da,
yerli sakinlər onu Envaitenet adlandırırlar. Bu isə yerlilərin dilində
"Geridönməz” mənası verir.