adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Mart 2018 13:14
12951
MƏMLƏKƏT
A- A+

Nazirlikdən Tahir Əkbərin məzarı ilə bağlı ittihamlara cavab

Mədəniyyət və Turizm Nazirliyi bəstəkar Tahir Əkbərin məzar yerinin dəyişdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Naziriyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov AzVision.az-a bildirib ki, bəstəkarın məzarının dəyişdirilməsi ailəsinin qərarıdır və nazirlik ailənin qərarına qarışa bilməz.

"Nazirlik olaraq Bakı Şəhəri İcra Hakimiyyətinə yer üçün müraciət etdik və onlar müvafiq yer təklif etdilər. Məzarın yerinin dəyişdirilməsi ailənin qərarıdır. Biz dəfn və vida mərasimi ilə bağlı təşkilatı məsələləri həyata keçirdik. Hətta nazir Əbülfəs Qarayev vida mərasimində iştirak etdi və mərhumun ailəsinə başsağlığı verdi”.

Qeyd edək ki, bəstəkarın xanımı Aybəniz Əkbər nazirliyi ittiham edərək ayrılan məzar yerinin Tahir Əkbərə layiq olmadığını deyib.

"Mədəniyyət və Turizm Nazirliyinə, Bəstəkarlar İttifaqına Tahir bəyin dəfn edilməsi ilə bağlı müraciət etdim. Sağ olsunlar, dəfn üçün yer verdilər. Ancaq verdikləri yeri Tahir Əkbərə layiq bilmədim. Ora illərdir Azərbaycan musiqisinə xidmət edən şəxsin dəfn yeri deyildi. Bu səbəbdən ona sonuncu borcumu yerinə yetirib, anasının yanında dəfn etdirdim”, - A.Əkbər vurğulayıb.