adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Mart 2018 00:54
12406
ƏDƏBİYYAT
A- A+

QİSAS GÜLLƏSİ!

Axşam düşürdü, kəndin Baydar bulağı ərazisindəki geniş meydana həmişəki kimi xeyli adam toplaşmışdı. Onlar dəstə-dəstə yığışıb söhbət edirdilər. Ağsaqqallar meydanın yuxarı tərəfində qabaq-qabağa qoyulmuş skamyalarda oturmuşdular. Kənddə hamının böyük hörmət bəslədiyi Cumay dayı da öz yerində əyləşmişdi. O, bu gün nədənsə narahat görünürdü. Oturduğu yerdə tez-tez qurcalanır, yaş yetirmiş ağsaqqal uzağı yaxşı görə bilmədiyi üçün meydana təzə gələn olanda onun kim olduğu ilə maraqlanır, gözləri kimi isə axtarır, kimi isə gözləyirdi. Elə bil yanındakı qocaların söhbətini heç eşitmirdi. Cumay dayının qəfil gur səsi ətrafdakıların danışığını yarımçıq kəsdi.
- Ay bala, ay oğul bax gör o, gələn Mahmuddur?
Yaxınlıqdakı cavanlar Cumay dayının əli ilə göstərdiyi səmtə baxıb onu görən kimi iki nəfər birdən cavab verdi:
-Bəli, Cumay dayı, gələn Mahmuddur.
Cumay dayı əl atıb yanına söykədiyi çəliyini götürdü, özünə dayaq edib ayağa qalxdı. Bayaqdan söhbət edən qocalar da yerlərindən qalxdılar. Cumay dayı çəliyini yerə vurub taqıldada-taqıldada Mahmudun qabağına getdi. O, bir neçə addım gedib dayandı, dönüb sual dolu nəzərlərlə ona baxan qocalara əli ilə işarə etdi. Qocalar dinməzcə onun arxasınca gəldilər. Cumay dayı Mahmuda çatanda çəliyini qoltuğuna qoyub iki əllə Mahmudla görüşdü.
-Necəsən oğlum, işlərin nə təhərdir?
Cumay dayı hər adamın pişvazına getməzdi. Elə ona görə də onun bu gəlişi Mahmudu bir anlıq çaşdırdı. Fikirləri bir-brinə qarışdığından, belə ehtiramla qarşılanmasının səbəbini özlüyündə tapa bilmədiyinə görə çaş-baş qaldı. Dili bir az topuq vura-vura:
-Ya- yax- yaxşıyam, ço- çox saağğ olluun, - dedi və düşündü ki, görəsən nə olub?
Cumay dayı bir az da ordan-burdan soruşub hal-əhval eliyəndən sonra azacıq gülümsündü, üstü qırışmış titrəyən əlini dümağ saqqalına çəkə-çəkə dedi:
-Hə, oğlum, Mahmud, gedəsi yerimiz var, səni gözləyirdik yaxşı ki, gəldin.
Mahmud heç nə başa düşə bilmirdi. Kənddə ən hörmətli ağsaqqal sayılan Cumay dayının ona belə qayğı, diqqət yetirməsinin səbəbini anlaya bilmirdi. O, çaşqın nəzərlərlə əvvəl Cumay dayıya, sonra onun arxasında duran kəndin ağsaqqallarına sualedici nəzərlərlə baxıb öz- özünə dedi: "Yox burda nə isə bir iş var?"
Cumay dayı boğazını arıtlayıb yenidən sözə başladı:
-Bilirsən, oğlum, bu qoca dünyada gərək geniş ürəkli olasan, dostunu düşmənindən seçəsən. Bir də ki, o, sənə qəsd eləməyib ki, bir xətadır maşının nasazlığından olub.
Cumay dayı sözünə ara verib əlavə etdi:
-Sən gərək onu bağışlayasan, yoxsa bu ədavət davam etsə, nəticəsi yaxşı olmaz!
Mahmud indi söhbətin kimdən getdiyini anladı. O hadisənin üstündən 7 il ötəndən sonra bu söhbətin təzələnməsinin səbəbi isə ona aydın deyildi.
Bayaqdan Mahmudun bir kəlmə danışmadığını görən Cumay dayı elə güman etdi ki, Mahmud hər şeyi yaxşı başa düşür, susmaq isə ürəyinin yumşalmasının, barışmaq niyyəti olmasının əlamətidir. Buna görə də həyəcanından titrəyən əli ilə saqqalına yenə sığal çəkib əsas mətləbə keçdi.
-Oğlum, Yəhyanı türmədən buraxıblar, ora...
Cumay dayının səsi qırıldı, demək istədiyi "gözaydınlığına" sözünü boğazında saxladı və bu sözü demədiyinə görə sevindi, bir neçə saniyə fasilədən sonra cümləsini bitirdi:
-Əgər sən icazə verirsənsə biz onlara gedərdik!
Mahmudu elə bil şimşək vurdu. Bayaqdan bir-birinə sürtüb ovuşdurduğu əlləri kötük kimi düyünləndi, nəfəsi təngidi, sifətinin rəngi ağardı, geniş açılmış gözlərinin ağı qızardı. O, xırıltılı səslə:
-Yooxx...yooxx, - deyib qəfil geri döndü, əvvəl yavaş sonra sürətli addımlarla getməyə başladı.
Cumay dayı amiranə səslə dedi:
-Ay bala, ay oğul dayan!
Mahmud onu eşitsə də dayanmadı, sürətli addımlarla ağsaqqallardan uzaqlaşdı.
O, gedə-gedə beynində bir söz təkrar olurdu "gəlib, gəlib". Evə çatanda arvadı onun dolmuş bulud kimi qaralan sifətini görəndə özünü itirdi. Gözünün yaşı qurusa da Mahmudun onun ağladığını hiss edəcəyindən ehtiyat edib aşağı əyildi və üzünü ondan gizlətməyə çalışaraq əvvəl uzunboğaz çəkmələri, sonra isə qoyun dərisindən tikilmiş kürkünü çıxarmaqda ona kömək etdi. Arvadı başa düşmüşdü ki, Mahmud sürücü Yəhyanın gəlişindən xəbərdar olub, onun kefini bir qədər açmaq, keçmişdəkiləri unutdurmaq üçün yadına düşən yaxşı əhvalatlardan, kənddə baş verən son hadisələrdən, televizordan eşitdiyi maraqlı xəbərlərdən ona nə danışdısa bunların heç biri Mahmuda təsir etmədi. O, nə bir suala cavab verir, nə də bir kəlmə danışmırdı. Elə bil beyni kütləşmişdi, xarab olan köhnə qramofon kimi özü-özündə ancaq bir sözü təkrar edirdi, "gəlib, gəlib".
Təzədəm, pürrəng çaydan içdikcə elə bil beyni açılırdı. Arvadı da danışıb-danışıb ərinin ona fikir vermədiyini görüb dayanmışdı. Mahmud nə qədər özünü sakitləşdirmək istəsə də 12 yaşlı oğlunun maşın altında qalıb-əzilmiş sifəti yadına düşəndə əsəbləri yenə gərilirdi. Bu vaxt nə isə yadına düşdü. Tez yerindən qalxıb yataq otağına keçdi. Otağın baş tərəfində divardan asılmış atasının şəkli olan şüşəli ramkanın ayağını qaldırdı və oradan düşən balaca bükülü kağızı havada tutdu. Şəkili əvvəlki yerinə düzəldib bükülü kağızı üsulluca acdı. Ucu şiş üç dənə beşatılan tüfəng gülləsini diqqətlə nəzərdən keçirib başını qaldıranda gözləri şəkildən ona dikilmiş atasının gözlərinə sataşdı. Elə bil atası ona baxışı ilə deyirdi, sən mənim dostum Cumay kişinin dediklərinə qulaq as!
Mahmud qətiyyətli səslə dedi:
-Yox, onu öldürəcəyəm! Bu güllələri 7 ildir ona saxlamışam.
Elə bu vaxt yeganə oğlu balaca Eldarın səsi onu diksindirdi. Mahmud oğurluq üstündə tutulan adam kimi özünü itirdi. Barmaqları arasında tutduğu güllələri gizlətməyə gözü ilə yer axtardı. Eldar dədəsinin yanına qaçanda Mahmud əlindəki güllələri yanındakı şkafın üstündəki büllur vazın içinə qoydu və tez oğlunu qucağına alıb üzündən, alnından öpdü. Onu yerə qoyan kimi Eldar balaca əlini qaldırıb şkafın üstündəki vaza tuşladı və cır səslə dedi:
-Dədə, o nədi, onu mənə ver da.
Mahmud bəlkə də birinci dəfə idi oğluna:
-Yox, olmaz! Deyib oğlunun əlindən tutub otaqdan çıxanda Eldar əlini dədəsinin əlindən dartıb dədə o nədi, onu mənə ver da dedi. Mahmud yenə oğlunun əlindən tutub yox, olmaz, oğlum, o bombadır partlayar, deyib otaqdan çıxdı və oğlunu qucağına alıb üzündən, alnından yenə öpüb sinəsinə sıxdı və onu yerə qoyub uzunboğaz çəkmələrini geyindi, kürkünü çiyninə aşırıb qapıdan çıxanda arvadına dedi:
-Siz yeməyinizi yeyin, məni gözləməyin, mən yatağa gedirəm.
Mahmud yol boyu özü-özünə deyirdi ki, necə oldu bu gün gələndə tüfəngi götürmədim. Qoy bir gün də artıq yaşasın. Tüfəngi sabah gətirib həmin yerin yaxınlığında gizlədərəm, güllələri də evdən götürüb onu evindən çağırıb apararam düz ora - oğlumu maşınla vurduğu yerə, həmin yerdə meyitini yerə sərərəm. Mütləq! Mütləq! Yoxsa ürəyim partlayar. Birdən yadına düşdü ki, ötən il canavarlar yatağa hücum edəndə tüfənginin gülləsi atılmamışdı. Bəs indi də belə olsa necə? Yox üç güllədən biri də olsa atılar. Atılmasa o gülləni əlimlə onun sinəsinə soxacam! Mütləq, mütləq onu öldürəcəm!
***
Eldar axşam yeməyini yeyib qaçdı küçəyə. Məhəllə uşaqları ortada yanan ocaq kənarında oturmuşdular. Yaşca hamıdan böyük olan şələpapaq oğlan əlindəki oyuncaq tapançaya təzə piston lenti saldı. Onun tapançası lap əsil tapançaya oxşadığına görə hamının xoşuna gəlirdi. Onlar şələpapaq oğlana xeyli yalvarandan sonra tapançanı alıb növbə ilə bir-iki piston çattadırdılar. Eldar bayaqdan şələpapaq oğlana yalvarsa da şələpapaq oğlan onun yalvarışlarına əhəmiyyət vermir, sən hələ balacasan deyirdi. Eldar ağlamaqdan özünü zorla saxlayıb acıqlı səslə dedi:
-İndiki tapançanı mənə vermirsən, mən gedib bomba gətirib partdadaram görərsiniz, - deyib qaça-qaça getdi evlərinə. Anası mətbəxdə yemək hazırlayırdı. O, əvvəl istədi anasına desin, sonra fikirləşdi ki, birdən anası onun istədiyini verməz. Özü yataq otağına gedib şkafın yanına stul qoydu və bir az da pəncəsi üstə qalxıb əlini büllur vazın içinə saldı. Ordan əlinə gələn güllələri götürdü, tez cibinə qoyub otaqdan çıxdı. Anası onu çağırsa da Eldar dayanmadı, bir azdan gəlirəm deyib yenə küçəyə qaçdı. Uşaqlar əvvəlki yerlərində - ocağın kənarında oturmuşdular. Eldar onların yanına çatıb özünü dartdı, elə dartdı ki, dabanları yerdən qalxdı. Pəncəsi üstə durub üzünü şələpapaq oğlana tutub dedi:
- Sən tapançanı mənə vermədin ki, piston çattadım, indi mən bomba partdadacam görərsiniz, - deyib əlini cibinə saldı və cibindən çıxardığı güllələri ocağın içinə atdı. Şələpapaq oğlan Eldarın ocağa atdığı güllələri görüb qışqırdı:
-Uşaqlar qaçın o partlayanda adamı öldürər!
Uşaqlar ocaq başından durub hərəsi bir tərəfə qaçdılar. Eldar yarı ocağa əyilmiş vəziyyətdə durub intizarla qulaq batıracaq, gurultu qoparacaq partlayış gözləyirdi. Sanki bu partlayışdan sonra heç kim onu uşaq saymayacaq, məhəllə uşaqları ona "sən hələ balacasan deməyəcəkdi." Ona elə gəlirdi ki, bu gurultulu partlayış onun uşaqlığına son qoyacaqdı. Ətrafda ağacların arxasında gizlənən uşaqların çığırtılı səsləri gəlir, onlar Eldara nə isə deyirdilər, lakin bunların heç biri Eldara təsir etmirdi. O, həsrətlə gurultulu partlayış gözləyirdi. Birdən gurultu qopdu, ocağın odu-külü göyə qalxdı, Eldarın sevinc dolu qışqırtısı da bu gurultu səsinə qarışdı:
-Partladı! Partladı!
Gurultunun əks-sədası qurğuşun kimi Eldarın qulaqlarına doldu, sonra sinəsinə, ürəyinə və kürəyinə istilik yayıldı, göydən tökülən od və küllə birlikdə ocağın üstünə yıxıldı.
***
Mahmud qəbiristanlığa üz tutan kənd camaatının arxasınca getmək istəyirdi, amma kütləşmiş beyni onu idarə etmir, keyimiş ayaqları addım atmırdı. Aparılan cənazənin arxasınca fəryad qoparan arvadının səsi qulaqlarına dolduqca bu fəryadda özünü təqsirkar bilib, arvadının gözünə görünməmək üçün getmək istədi. Mahmud özünü toplayıb yavaş-yavaş yerindən tərpəndi. Bükülmüş belindən, yığılmış çiyinlərindən ağır bir yük kimi sallanan qolları ayaqlarına ağırlıq edirdi. O, bir neçə addım atdı. Evin qabağındakı tut ağacına vurub çilik-çilik etdiyi tüfəngin sınmış qundağı güclə sürüdüyü ayağına ilişdi. O, büdrədi, bədəni qabağa əyildi, taqətsiz qolları qabağa uzandı, Mahmud yerə yaxınlaşdığını hiss etsə də heç nə edə bilmədi. Birdən qüvvətli iki əl Mahmudu havada saxladı, onu yıxılmağa qoymadı. Mahmud başını döndərib onu yıxılmağa qoymayan adamın üzünə baxdı. Yəhyanın qızarmış, yaşlı gözləri ona dikilmişdi. Onlar ani olaraq baxışdılar. Sonra Yəhya Mahmudun qoluna girdi, Onlar ağır addımlarla qəbiristanlığa gedən adamların arxasınca getdilər.