adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ŞAİR ÖMRÜ - ƏLİAĞA KÜRÇAYLI

VAQİF YUSİFLİ
36640 | 2018-03-03 00:43
O, qarlı-şaxtalı fevralda doğuldu (1928), soyuq fevral günlərinin birində də dünyasını dəyişdi (1980). Cəmi 52 il ömür sürdü. Uşaqlığı və ilk gənclik illəri ağır ehtiyac içində keçdi, heç orta məktəbi bitirməmiş ailə qayğısı çəkdi, sonra Bakıya gəldi. Böyük şairimiz Səməd Vurğunun qayğısı sayəsində fəhlə-gənclər məktəbini bitirdi, ADU-nun filologiya fakültəsində təhsil aldı. Daha çonra Yazıçılar İttifaqı onu Qorki adına Dünya ədəbiyyatı institutuna göndərdi, amma səhhəti buna imkan vermədiyi üçün yenə Bakıya - universitetə qayıtdı. Onun həyatında xoşbəxt günlərin təməli qoyuldu.
Əliağa Həsənağa oğlu Vəliyev elə ilk şeirlərindən özünə Kürçaylı təxəllüsü götürdü. Müharibədən sonra ədəbiyyata gələnlərin ilk sırasında Əliağa Kürçaylı tədricən, istedadının və bu istedadı zəhmətlə, mütaliə ilə, daim poetik axtarışlara can atmağının sayəsində gənc şairlər arasında seçilə bildi.
Əliağa Kürçaylı XX əsr Azərbaycan poeziyasının - əllinci-yetmişinci illər dövrünün ən irəlici simalarından biri idi. Bunu müasir Azərbaycan ədəbiyyatının tədqiqatçıları anlayışla dərk edirlər. Yəni sözün qısası: Əliağa Kürçaylısız bu illərin poeziyasını təsəvvür etmək qeyri-mümkündür. Amma gəlin etiraf edək ki, bəzən biz unutqanlıq bəlasına tutulub belə gözəl bir şairin də ədəbi irsini və şəxsiyyətini layiqincə qiymətləndirmirik. Xalq şairi Nəbi Xəzrinin (ruhu şad olsun) vaxtilə yazdığı bir məqaləsini xatırlayıram: "Biz həyatdan erkən getmiş Ə.Kürçaylının layiqli qiymətini vermişikmi? 60 illiyi oldu, necə qeyd edildi? 70 illiyi gəlir. O necə keçəcək? Qayğı bəlkə də dirilərdən çox dünyasını dəyişənlərə lazımdır. Əfsus! Görəsən, biz niyə bu qədər unutqanıq? Unutduq ki, başqalarını unudanların özləri də sabah unudula bilər".
Bu giley notlarını unudub Əliağa Kürçaylının sənət dünyasına baş vurmaq istəyirəm. Və ilk növbədə, gözlərim qarşısında son dərəcə bənzərsiz bir şair olan Əliağa Kürçaylının obrazı canlanır.

Sən mənə ömrüm boyu
Bir bulanıq Kür suyu,
Bir söyüd yarpağı ver.

Canımdan əziz olan,
Üstündə çiçək solan
Şor Muğan torpağı ver.

Mən onda hara düşsəm,
Hansı diyara düşsəm
Deyərəm vətəndəyəm.

Sən ey Milim, Muğanım,
Doğma Azərbaycanım
Deyərəm ki, səndəyəm!

Əliağa Kürçaylını bu şeirdən sevməyə başladım. Poeziyamızda hər şair Vətən-Azərbaycan sevgisini özünnəməxsus şəkildə incələyir. Ə.Kürçaylının Vətən sevgisi doğulduğu Salyanın Kürqaraqaşlı kəndindən, Muğan torpağından, Kür çayından başlayıb böyuk Azərbaycana qovuşurdu. Muğan torpağının yetirməsi olan çox şair tanıyıram, amma onların heç biri Muğanı, Kürü Əliağa Kürçaylı qədər poeziyanın daimi məkanına çevirə bilməyib. Baxın:
Dostum, sən yaxşı bax, bura Muğandır,
Büzmə dodağını ona, amandır!
Düşünmə burada hər vaxt yaz olur,
Qışda palçıq olur, yayda toz olur.
Dostum, olmasa da Muğan kurort tək
Onu mənim kimi sevəsən gərək!
Onun tikanı da, onun gülü də
Şoran torpağı da, tər sünbülü də,
Ana südü kimi bizə əzizdir.

Sovet dövründə vətənpərvərlik - vətəni sevmək ideyası iki mənada anlaşılırdı - SSRİ qüdrətli, qüvvətli bir dövlətdir və onu vəsf etmək lazımdır, bizim şairlərin bir çoxu bundan yan keçə bilmirdilər, ya məcburən, ya da könüllü, dəstədən geridə qalmırdılar. Amma indi, SSRİ dağılandan və süqut edəndən sonra o şeirlərin heç biri yaşamadı. Vətən sevgisi isə şor Muğan torpağından başlamış böyük Azərbaycan sevgisinə qədər elə o illərdə şairlərimizin ilham qaynağına çevrildi. Əliağa Kürçaylının poeziyasında da böyük Azərbaycan əzəmətli bir obraz kimi canlanır və deyim ki, bu obraz o qədər çoxşaxəlidir ki, heyrətini gizlədə bilmirsən. Naxçıvanda narbənd ağacından tutmuş Savalanın zirvəsində qara qədər, Muğanın qışından tutmuş İraqda-Füzuli məzarına qədər, "Qobustanda şöhrətə dönüb Xudafərində yetim qalan" daşlara qədər, Nizami, Nəsimi, Vaqif, Natəvan, Sabir, Səməd Vurğun, Mehdi Hüseyn ucalığına qədər, Azərbaycan təbiətinin gözəlliklərinə qədər hüdudsuz idi bu Vətən sevgisi.
Əliağa Kürçaylı insanşünas şair idi. Azərbaycan insanı onun şeir və poemalarının baş qəhrəmanıydı. Onun uşaqlığı müharibə illərinə düşdü və o illərin xatirələri şeirlərində dönə-dönə əks olunurdu.

Aclar dayanardı məğrur, tox kimi,
Dərdlilər dərdsiztək gülümsəyirdi.
Gəlinlər sinədə bir dağ yox kimi
Könülsüz-könülsüz əlvan geyirdi.

Atalar gizlində silib gözünü
Aşkarda zarafat edirdi bəzən.
Məni sarsıdırdı insan dözümü,
Ərşə çəkilmişdi xudbin, xudpəsənd.

Nə bir ayaq çəkən, nə rüşvət alan,
Hamı tikəsini bölürdü yarı.
Nə rəyasət eşqi, nə riya, yalan
Əsir etməyirdi o insanları.

Onun şeirlərində insan ləyaqəti tərənnüm edilir. Müharibə illərinin ağır günlərində də ləyaqətini itirməyən insanlar vardı və bir də sonralar bu ləyaqət anlayışından uzaq olanlar. "Sən neçin olursan yedək gəmisi?! Özün keç hünərlə neçə dənizdən" - dənizdə yedək gəmisi böyük paraxodlara bənd edilir, paraxod batsa, gəmi də məhv olacaq. Belə sürünənlər insanlar arasında azmıdır? Ə.Kürçaylının "Ömür" şeiri təkcə o illərdə deyil, bizim çağımızda da sürünən, məsləki, qayəsi məlum olmayan insanlara çağırışdır:

Bircə yol verilir ömür insana,
Tapılmış pul kimi baxma sən ona.
Ya çatdır kişitək bu ömrü sona,
Ya dalda yer ara, ayaqda yaşa!

Dalğalı dənizə bənzəyir həyat,
Köpürür bir saat, yatır bir saat.
Ya üz qəvvas kimi, dərində qol at,
Ya dayazda dolan, qıraqda yaşa!

Ömrünü bir cürə keçirir hərə,
Yüzü də yaşayır bəzi boş yerə.
Sən ya qartal kimi ucal göylərə,
Ya sürün ilantək, torpaqda yaşa!

Əliağa Kürçaylı bir məqaləsində yazırdı ki: "Poeziya o zaman öz yüksək borcunu ödəmiş olur ki, qarşısına qoyduğu məqsədi, təlqin etmək istədiyi fikri eyni zamanda bədii boyalarla, yüksək şeiriyyətlə, bir sözlə, sənətkarlıqla ifadə etmiş olsun. Əks təqdirdə, əsər soyuq mühakimədən, cansız nəqşlərdən uzağa getməz, oxucunun qəlbinə, şüuruna təsir edə bilməz". Bu gün Ə.Kürçaylının 60-70-ci illərdə yazdığı şeirlərə diqqət yetirəndə, sanki bu şeirlərin lap indicə, XXI əsrin ikinci onilliyində yazıldığını düşünür, onların təkcə ideya-məzmunca dolğunluğunu deyil, həm də yüksək sənətkarlıqla qələmə alındığının şahidi olursan. Doğrudur, bu şeirlərdə didaktika da var, amma bu didaktika insanları düzlüyə, haqqa-ədalətə, həyatı, gözəlliyi sevməyə çağırır. Baxın, "Qətiyyət" şeirində Kürçaylı sanki bu günü düşünübmüş:

Yayda gün başları dağlayan zaman
Sərin bir çətirə dönmüsənmi sən?
Bir Vətən övladı ağlayan zaman,
Söylə, tutmusanmı onun əlindən?

Udmusan sözünü yoxsa bir anda
Bıçaq işləyəndə qana, iliyə?
Əqidə yolunda, inam yolunda
Qərar vermisənmi Nəsimiliyə?

Əliağa Kürçaylı şeirdə tam deyə bilmədiklərini poemalarında əks etdirirdi və görkəmli tənqidçi Əkbər Ağayevin təbirincə desək: "Epik lövhələr yaratmaq, portret cıza bilmək, xarakterlər vermək cəhətindən Kürçaylının qələmi itidir. Onun poemalarında ictimai mənalı məsələlər ön plana çəkilir, həm də ötkəm publisist bir pafosla işlənir". Əlbəttə, bu yazıda Kürçaylının 25 poemasının hər biri haqqında söz açmaq qeyri-mümkündür, amma iki məqamı nəzərə çarpdırmaq istəyirəm. Birincisi; Kürçaylının poemaları vaxtında, nəşr olunduğu illərdə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdi. Böyük şairimiz Səməd Vurğun Kürçaylının hələ əllinci illərdə yazdığı "Mutan axşamları" poemasını bəyənmiş, ona müsbət rəy yazmışdı. Süleyman Rüstəm isə 1952-ci ildə Kürçaylının "Kənd işıqları" poeması haqqında belə demişdi: "Yaxşı poemadır. İnkişaf edirsən. Bax, belə yazmaq lazımdır". Sonralar N.Xəzri, Qabil, Ə.Ağayev ,M.Əlioğlu, X.Rza Kürçaylının poemaları haqqında təqdiredici fikirlər söylədilər. İkincisi; Kürçaylının poemalarının tematik mənzərəsi genişdir, XX əsrin bir çox həqiqətləri bu poemalarda öz əksini tapıb: Müharibə dövrü, tarixi həqiqətlər, məhəbbətin tərənnümü, zəhmət adamlarının həyatı, Vətən həsrəti və mənəvi-əxlaqi problemlər ("Nargindən əsən külək", "Daş hasar", "Dürnalar Cənuba uçur", "Mənim məhəbbətim", "Muğan axşamları", "Qəzəb", "İnsan həsrəti", "Ana", "Cakondanın təbəssümü", "Cavabsız məktublar", "Ana" və s.)
Əliağa Kürçaylının poetik aləminə baş vurarkən onun ömrünün son illərində qələmə aldığı "Daşlar" silsiləsini heç cür yaddan çıxarmaq olmaz. Bu silsilə yetkinlikdən kamilliyə çatan bir şairin poeziyamızın fəlsəfi ahənginə qoşulduğunu əks etdirirdi. Xalq yazıçısı İlyas Əfəndiyev, görkəmli tənqidçi Yaşar Qarayev, akademik Bəkir Nəbiyev bu silsiləni müasir poeziyamızda ədəbi hadisə kimi qiymətləndirmişdilər. Yaşar Qarayev yazırdı ki: "Şair daşın məna rənglərini incələyir, təbiətə və insana məhz bu rənglərin güzgüsündən baxır. Daşın da sınağında, hər şeydən əvvəl insanın, həm bir bəşər, həm də konkret bir fərd mənasında "mən"in əxlaq mahiyyəti üzə çıxır. Hər bir daş bir əməlin simvoluna çevrilir. Nəhayət, daşların daxili ahəngi, məna düzümü bu şeirlərdəki duyğular və düşüncələr axarına vahid məcra verən fəlsəfi süjet, bədii fabula rolunu oynayır".
Əliağa Kürçaylı bənzərsiz lirika ustası idi. Qəlbin ən kövrək duyğuların, insanın gözəlliyə, həyata sevgisini, məhəbbətin aliliyini əks etdirən şeirləri indi də dillər əzbəridir, desəm, yanılmaram.

Gecələr ay olmaq istəyirəm mən...
Sevən ürəklərin məhəbbətindən
Səma ucalıqda pay almaq üçün,
Ən yüksək qübbəyə ucalmaq üçün.
Ordan nur səpərəm mən incə-incə
Bu ana torpağa dan sökülüncə.
"Gecələr ay olmaq istəyən" şairi müasir poeziyamızda qeydsiz-şərtsiz ən gözəl sevgi şeirlərinin müəllifi kimi də tanıyıram.

Qaldırdım dəstəyi,
Yığdım nömrəni.
Gözüm baxmasa da, o gözlərinə,
İkicə söz dedim:
-Sevirəm səni!
Dəstəyi yenə də qoydum yerinə.
Telefon zəng çaldı,
Çağırdın məni.
Qəribə vurğuyla döyündü ürək.
İkicə söz dedin:
- Sevirəm səni.
Yüz il də çatmayım vüsalına mən,
Yüz il də əlinə dəyməsin əlim.
Bu iki kəlməni sənin dilindən
Eşidim,
Sonrasa...
Qoy gəlsin ölüm!

Sevgi hisslərini bundan da gözəl necə ifadə etmək olar?
İlk baxışda Əliağa Kürçaylıya indi çoxlarına şamil olunan "nəğməkar şair" ifadəsini aid edəmmədim. Onun şeirlərinə uzaqbaşı on-on iki mahnı bəstələnib. Amma illər keçdikcə o mahnılar həmişə efirdə, ekranda, konsert salonlarında səslənir. "Sevgilim, tut əlimdən, Gedək üzü küləyə" - "Seyr elə bu lövhəni, Doğrudan gözəldimi? Dayanmışıq səninlə Qoşa, üzü günəşə, Belə ola həmişə!" -"Aləm bilir bu həsrəti, Sinəmdəki məhəbbəti, Heç xəbərin yoxdu sənin" - "Harda olsam gələrəm, Təki sən səslə məni. Darda olsam gələrəm, Təki sən səslə məni". Nəğməkar şair - bu onun halal tərifidir və deyim ki, onun heç mahnıya bəstələnməyən elə şeirləri var ki, musiqisi, ritmi, melodik xüsusiyyətlərinə görə öz bəstəçilərini gözləyir. Ona görə də Əliağa Kürçaylını tərəddüdsüz NƏĞMƏKAR ŞAİR adlandırmaq olar.
Əliağa Kürçaylı Azərbaycan tərcümə sənətinin tarixində də unudulmaz izlər buraxan bir şairdir. Görün dünyanın hansı şairlərinin şeirlərini, poemalarını dilimizə ustalıqla tərcümə edib? Aligyeri Danteni ("İlahi komedi"nı), Nekrasovu, Puşkini, Lermontovu, Yesenini, Mayakovskini, Nazim Hikməti, Mişel Süleymanı, O.Süleymenovu, K.Simonovu, N.Tixonovu, K.Kaladzeni, M.Şeyxzadəni və s. Ancaq onun Sergey Yesenindən etdiyi tərcümələrin alternativi yoxdur. Kürçaylı yazırdı ki: "Yesenin poeziyada etiraf nöqtəsidir. Düşüncədə sərbəstlik, düzlük nöqtəsidir. Məni Yeseninin poeziyasına bağlayan-bax, bunlardır". Bu yerdə Kürçaylının Yesenindən bir tərcüməsini misal gətirirəm:

Mənim solğun qovağım, şaxtadan donmuş qovaq,
Durmusan bu tufanda başını sallayaraq.
Ya sərxoş gözətçitək çıxan zaman yollara
Ayağını dondurub yıxılıb batdın qara?
Bir şam ağacı, bir də söyüd gördüm o yanda,
Yay haqda nəğmə dedim onlara bu tufanda.
Mənə elə gəldi ki, özüm də bir qovağam,
Ancaq heç solmamışam, yamyaşıl bir budağam.
Atıb abrı, həyanı mən yaxına gələrək
Qucdum ağcaqayını özgənin arvadıtək.

Təbii ki, mən 90 yaşlı Əliağa Kürçaylını bu yaşda təsəvvür eləmirəm. 40-50 yaşlarında gördüyüm o qırmızı yanaqlı, üz-gözündən sağlamlıq, həyat eşqi qaynayan, gözlərindən təbəssüm əksik olmayan bir şairi xatırlayıram. Bu şair ömrünün - yaradıcılığının xoşbəxt çağlarını yaşayırdı, amma qəfil, amansız bir xəstəliyə tutuldu. Və dünyasını dəyişdi. Ölümündən sonra çox sevdiyi qızı - Ülkər - atasını dünyalarca sevən qızı intihar etdi. Hər kisinin ruhu şad olsun!
Onun "Bütövlük" şeirlər, poemalar kitabı isə ölümündən sonra Respublika Dövlət mükafatına layiq görüldü.
Bütöv bir ömür - əlli iki yaş. Məncə, Əliağa Kürçaylı üçün bu yaşda dünyasını dəyişmək nə qədər üzücü olsa da, ədəbiyyatımız üçün bir bəlkə iki insan ömrü qədər xeyir verdi...

TƏQVİM / ARXİV