adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Mart 2018 00:31
12286
ƏDƏBİYYAT
A- A+

KİÇİK BİR PLANET

Dənizi əyninə geyib adalar,
Dalğa
Fəhlələrin əyinlərində.
Dalğa
Buruqların əyinlərində.
Gör nə bəxtəvərdir estakadalar!
Sevinc gəzdirirlər, toy gəzdirirlər,
Küçə gəzdirirlər çiyinlərində,
Şəhər gəzdirirlər çiyinlərində.
Fəhlələr qəribə balıqçılartək
Dənizin hirsinə tor atıbdılar.
Dalğalar diz çöküb, əyilsin - deyə,
Yerimiz bir az da böyüsün - deyə,
Qasırğa üstündə, tufan üstündə
Kiçik bir planet yaradıbdılar.

BU GÜN

Sözdən söz çıxaran düşmənlərimin
Bir sözü könlümü taladı bu gün.
Yaxşı ki didərgin düşənlərimin
Çoxunun məzarı qaladı bu gün.

Keçdi babaların qanı qanıma
Özgələr yol saldı öz bostanıma.
Bir porsuq dadandı söz bostanıma,
Çəpərdə bir çaqqal uladı hərdən.

Nə ovlaya bildi, nə keçdi ovdan,
Sözlər balıq kimi çıxdı tilovdan.
Keçdi min atəşdən, oddan-alovdan,
Qəlbimi odlara qaladı hərdən.
Əvvəl eynəyini gözünə taxdı,
Min yol "ölçdü-biçdi",
"düşündü", "baxdı".
Gördü kirpik ilə saldığım bağdı,
Zəhər tuluğuyla suladı hərdən.

Əkdiyim gülləri naqqaşla çəkdi,
Yerində bir topa kəndalaş əkdi.
Ölsəm də başımdan getməyəcəkdi -
Məni bir qudurmuş daladı hərdən.

Sözdən söz çıxaran düşmənlərimin
Bir sözü könlümü taladı bu gün.
Yaxşı ki, didərgin düşənlərimin
Çoxunun məzarı qaladı bu gün.


Sevgidir

Canı can istəyir, qanı qan çəkir,
Bu pünhan duyğunun adı sevgidir.
Balıncı başımın altından çəkir,
Bu odur,
Bu odur,
Odur - sevgidir.
Haqsız qınaqsa da, nahaq qansa da,
Qəfil sınaqsa da,imtahansa da,
Ondan neçə kərə ağzım yansa da,
Ağzımın ləzzəti, dadı sevgidir.
Ey durub qəsdimə, yol kəsən gözəl,
Mənim taleyimsən bəlkə sən, gözəl.
Olsan ürəyimə yol gəzən, gözəl,
Mənim ürəyimin kodu sevgidir.