adalet.az header logo
  • Bakı 13°C
03 Mart 2018 00:26
14748
ƏDƏBİYYAT
A- A+

GÖZƏLLİYƏ GEDƏN YOLLAR: SAF MƏHƏBBƏT ŞAİRİ

Milli ədəbiyyatımızda elə şairlər var ki, idrakın zirvəsindən, hissin yanğınlarından keçərək ən böyük mükafatını şeirlərinin özündən alır. Görkəmli şair-publisist, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli məhz belə sənətkarlardandır.
Özünəməxsus poetik üslubu olan Əşrəf Veysəllinin şeirlərində xalq ruhu, milli kolorit daha qabarıq nəzərə çarpır. O, mövcud ədəbi mühitdə oxşar motivlər üstündə yeni mənalar yaratmağı bacarmış, şeirlərində qələmə aldığı mövzuların, poetik məna verdiyi detalın "öz rəngini, boyasını" ifadə etməyə çalışmışdır. Ən önəmlisi odur ki, Əşrəf Veysəlli şeirlərinə qanadlı, uca fikirlərlə yanaşı, səmimiyyət, həyatilik və nikbinlik ruhu hakimdir.
Müşahidə olunan əsas cəhət bundan ibarətdir ki, Əşrəf Veysəlli yaradıcılığında romantik pafosdan, bədii tərənnümdən lirizmə keçid olduqca rəngarəngdir. Romantik meylli tərənnümçülük şairin yaradıcılığının bütün dövrlərində müşahidə olunur. Bəlkə də bu amil şairin yaşadığı dönəmin özünün ideoloji aspektindən doğur. O, ictimai mühitdə ümumi tərənnümdən doğan romantik şeirləri ilə iştirak etmiş, ədəbi mühitdə ahəngdar, yaddaqalan, təbii və təsirli lirik nümunələrlə dərin izlər salmışdır.
Bir-birindən gözəl bədii nümunələr yaratmış Əşrəf Veysəllinin bu yaxınlarda 80 yaşı tamam olacaqdır. İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa qadir olan şairin yaradıcılığının milli ədəbiyyatımızda xüsusi yeri vardır. Məlumdur ki, mövzu müxtəlifliyi, insan və cəmiyyət probleminin çoxcəhətli zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyyətidir. Əşrəf Veysəlli poeziyası bu cəhətdən oxucuda dərin maraq oyadan poeziyadır. İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına hopduran şair daim axtarışdadır, onun poetik fikri yorulmaq bilmir, oxucuya bir-birindən gözəl əsərlər təqdim edir:

Sənət kainatdır, sənət cahandır,
İstərəm mən onu anlayam, duyam.
Sənət dedikləri - bir asimandır,
Mən onun görünməz bir ulduzuyam.

O, hər zaman həyatı dərindən müşahidə edən və onu elə özünəməxsus poetik dillə qələmə alan şairlərimizdəndir. Məhz bu faktor ona imkan vermişdir ki, öz estetik idealını pak insanların, xüsusilə sadə insanların timsalında təcəssüm etdirsin. Şeirlərində əsasən gözəlliyi tərənnüm edən şair, yaradıcılığının böyük bir qismini xalq duyğu və düşüncələrinə həsr etmişdir. Görkəmli tənqidçi Belinski məqalələrinin birində yazırdı ki: "Hər bir poetik əsər şairin bütün varlığına hakim kəsilən qüdrətli fikrin məhsuludur. Əgər biz belə hesab etsəydik ki, bu fikir şairin ancaq əqli fəaliyyətinin nəticəsidir, bununla biz təkcə incəsənəti deyil, həmçinin incəsənətin mövcud ola bilməsi imkanını da məhv etmiş olardıq. Təbiətinə görə şair olmayan adamın uydurduğu fikir dərin, həqiqi, hətta müqəddəs də olsa, fərqi yoxdur, onun əsəri yenə də cüzi yalan, saxta, eybəcər və cansız çıxacaq, heç kəsi inandırmayacaq, ifadə etdiyi fikrin bütün düzgünlüyünə baxmayaraq, hər kəsi məyus edəcəkdir!"
Buna görə də Əşrəf müəllim son illərdə yazdığı şeirlərilə müasir ədəbiyyatımızın inkişafına öz töhfəsini verən, məhsuldar fəaliyyəti ilə ədəbi tənqidin, geniş oxucu kütləsinin diqqətini cəlb edən istedadlı sənətkardır. Onun əsərləri mövzu, ideya-məzmun etibarilə rəngarəngliyi ilə seçilir. "Analar", "Mən niyə yazıram bu yazıları", "Dünən-bu gün", "Ürək şairi", "Sən məni öyrətdin ayrılıqlara", "Ölməyə vaxtım olmaz" və digər şeirləri oxucuların dərin rəğbətini qazanmışdır.
Sevindirici haldır ki, Əşrəf Veysəlli poeziya ilə yanaşı publisistika sahəsində də qələmini sınamış və özünün nümunəvi əsərlərini geniş oxucu kütləsinə təqdim etmişdir. Bəs nədir Veysəlli yaradıcılığını əlamətdar edən? Qeyd etdiyimiz kimi, lirik şairin yaradıcılığında həyatın mürəkkəb və keşməkeşli yollarını qət edən bir insanın xatirələri geniş yer tutur. Şairin ədəbi qəhrəmanları harada olmalarından asılı olmayaraq hər zaman öz yurd yerlərinə, ocaqlarına üz tutur:

Aparın, aparın məni dağlara,
Aparın Xan qızı baxan yerlərə.
Qızıl sırğa kimi qızıl günəşi,
Otlar qulağına taxan yerlərə...

...Görüşüm, ilk arzum, ilk istəyimlə,
Hər dağı, dərəni gəzim doyunca...

Onun dili sadə, axıcı və səmimidir. Şeirlərin ruhuna hopan həzinlik əsas üslubi keyfiyyətlər kimi səciyyələnir, təmizliyi, poetik fikrin dərinliyi ilə oxucunu heyran qoyur.
Əlamətdardır ki, Əşrəf Veysəlli poeziyası dilimizin zənginliyini, mənəvi özünüdərki, klassik ənənələri özündə ehtiva edir. O, doğma xalqının, vətəninin və bəşəriyyətin planetar miqyasda problemlərini bədii və poetik dilə gətirməyi, bu problemlərin həlli yolunda ideal yaratmağı bacarır.

Köçür ürəyinə məcnun çölləri,
Dillənsin qəlbinin kaman telləri.
Bil ki, oxşamasa Vətən yelləri,
Gözdə də nur olmaz, təravət olmaz.

Qeyd etmək lazımdır ki, Əşrəf müəllimin şeirlərində ictimai motiv lirizmi üstələyir. Belə ki, şairin ilk baxışda lirik təsir bağışlayan şeirləri də ictimai rəng və çalarlarla boyanmışdır. Onun şeirlərini başqalarından fərqləndirən ən mühüm cəhətlərdən biri içində yaşadığımız zamanın ruhu, ağrı, əzab və sızıltılarının bizə tanış olan dərd və faciələrə köklənməsi, milli ruhun tarixi məqamlarını, yaxın və uzaq keçmişin səciyyəvi cəhətlərini əks etdirməsidir. Əşrəf Veysəlli xalqımızın həyatında aktual və ağrılı problemləri son dərəcə axıcı bir dil və müxtəlif ədəbi priyomlarla oxucunun diqqətinə çatdırır, onu vətən və milli dərdlər haqqında özünüdərkə çağırır:

Dağlar uçub üstümüzə tökülüb,
Sinəmizə neçə dağlar çəkilib.
Köksümüzdə yumaq kimi bükülüb,
Tərpətdikcə çözələnən dərd imiş.

Beləliklə, zəngin və özünəməxsus yaradıcılığı olan Əşrəf Veysəllinin sənət dünyası lirik-poetik duyğuların vəhdətindən doğan zəngin bir poeziyadır. Şairin şeirləri dolğun poetik duyğu axarları ilə zəngindir, saflığa, təmizliyə və ən əsası həqiqi mənada milliliyə köklənmişdir. Onun poeziyası əsl vətəndaşlıq və müsbət insani keyfiyyətlərin bariz təzahürüdür. Sosioloji mənada, hər kəsin sevərək oxuduğu bir zəngin irsdir.
Əşrəf müəllim ömrünün müdrik çağlarını yaşayır. Həyatının 50 ildən çoxunu poeziyaya həsr edən Əşrəf müəllimin 80 yaşı tamam olur. Sevindirici haldır ki, qocaman şair ömrünün və yaradıcılığının bu müdrik çağında da yazıb-yaradır.
Sizə uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzu edirəm, Əşrəf müəllim. Qoy əldə etdiyiniz bütün uğurlar daim Sizinlə olsun. Rəfiqə Şəmsin təbirincə desək,

Ağıllı, qeyrətli, igid qardaşım,
Sən xalqa, Vətənə gərəksən, gərək!
Yaşa, innən belə yüz il də yaşa,
Görüm bu yaşın da olsun mübarək!
Rövşən Məmmədov
Filologiya üzrə fəlsəfə doktoru