adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Mart 2018 00:15
9695
GÜNDƏM
A- A+

MÜASİRLƏŞMƏNİN VƏ İNKİŞAFIN ŞƏKİ NÜMUNƏSİ

(əvvəli ötən sayımızda)

Baramaçılıq

Məlum olduğu kimi Şəkidə əhalinin tarixən əsas məşğuliyyət sahələrindən biri baramaçılıq olub. "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" cənab Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış Sərəncam ölkəmizdə barama istehsalının dinamik inkişafında mühüm rol oynamışdır. Ötən ilin payız mövsümündə rayonda 140 mindən çox tut tingləri əkilmişdir.
Rayonda 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə istehsalın həcmi 18 tona çatdırılmışdır. Məhz ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranmış, Şəki ipək kombinatı öz fəaliyyətini bərpa etmişdir. 2018-ci ildə rayonumuzda 70 ton barama istehsal edilməsi nəzərdə tutulmuşdur. İndi qarşımızda duran ən başlıca vəzifə rayon ərazisində mövcud olan bütün toxmacar bağlarının dəqiq uçotunu aparmaqdır. Odur ki, icra nümayəndələri və bələdiyyələr yerlərdə bu işləri təşkil etməli və görülən işlər haqqında icra hakimiyyətinə məlumat verməlidir. Şəki Şəhər Kənd Təsərrüfatı idarəsinin bütün mütəxəssisləri bu istiqamətdə yerlərdə görülən işləri daim nəzarətdə saxlamalı və vaxtaşırı icra hakimiyyətinə məlumat verməlidir.

Tütünçülük

Son illərdə rayonumuzda tütünçülüyün inkişafında ciddi dönüş yaranmışdır. Nəticədə 2017-ci ildə 843 hektar sahədə 2631 ton məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 200 ton çoxdur. 2018-ci ildə rayonda 900 hektar sahədə tütün əkini proqnozlaşdırılır.

Fındıqçılıq

Rayonda qərzəkli meyvə istehsalının inkişafına da diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində Şəkidə 2017-ci ildə 469 hektar sahədə yeni fındıq bağları salınmışdır. Bu gün Şəkidə fındıq bağlarının ümumi sahəsi 2262 hektardır. Rayonda fındıq bağlarının salınması işləri davam edir...

Abadlıq - quruculuq

Yığıncaqda abadlıq-quruculuq işlərindən də geniş söhbət açılmış, Şəkinin bu istiqamətdə inkişafı diqqətə çatdırılmışdır. 2017-ci ildə şəhərin 7 küçəsində yağış sularının axıdılması üçün arxlar qurulmuş, 6 küçədə yararsız hala düşmüş daş örtükləri, səkilər, arxlar təmir edilmişdir. Mənzil fondunun əsaslı təmiri üzrə 4 ictimai yaşayış binasında dam örtüklərinin əsaslı təmiri, 1 binanın bloklarında cari təmir işləri yerinə yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq işsizliyin aradan qaldırılması məqsədilə Şəki Şəhər İcra Hakimiyyətinə 2017-ci ildə ayrılan vəsait hesabına 184 nəfər işlə təmin olunmuşdur.
Hazırda çox sürətlə Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının inşası işləri aparılır. Eyni zamanda qısa müddətdə cənab Prezidentin təməlini qoyduğu İnzibati Mərkəz tikilib başa çatdırılacaqdır.
Şəki şəhəri Zərifə Əliyeva küçəsində "ASAN həyat" kompleksinin tikintisi işi davam edir, "Yuxarı Baş" tarix-memarlıq qoruğu ərazisində "ABAD" Keramika Mərkəzi üçün ayrılmış binada yenidənqurma işləri tamamlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Bəxtiyar Vahabzadənin ev muzeyinin əsaslı təmiri işləri başa çatdırılmış, əvvəllər bu evdə yerləşən şəhər 3 saylı bağça üçün yeni binanın tikintisi yekunlaşmaq üzrədir. Şəki Qarışıq tipli uşaq evi üçün ümumi sahəsi 1200 m2 olan yeni binanın tikintisi işləri davam etdirilir.
Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlərin artıq 3-cü mərhələsi həyata keçirilir. Kanalizasiya kollektor xətləri tamamlanmaq üzrədir. 2 iyul 2016-cı il tarixdə Şəkidə güclü selin dağıtdığı Kiş kəndinin giriş hissəsindəki körpü tikilib başa çatdırılmışdır.
"Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2017-ci il tarixli 3264 nömrəli Sərəncamına əsasən Şəki rayonunun Kiş kəndində "Kiş Alban məbədi"nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün tikinti abadlıq işlərinə başlanmışdır. Bu işin qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılması üçün zəruri tədbirlər görülür.
2017-ci ildə Şəki - Kiş kəndi - Marxal istirahət zonasına gedən umumi uzunluğu 7,2 km olan avtomobil yolunun tikintisi və ümumi uzunluğu 17,1 km olan Şəki--Aşağı Göynük --Baş Göynük--Baş Şabalıd avtomobil yolunda tikinti işləri davam etdirilmişdir.
Son zamanlar əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Şəki şəhərinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən fərdi yaşayış evləri tikintisi üçün Şəki bələdiyyəsi tərəfindən torpaq sahələri satılmış, yeni yaşayış massivləri yaradılmışdır. Bu müsbət haldır. Lakin yeni yaradılan yaşayış massivlərində Şəki bələdiyyəsi tərəfindən asfalt örtüklü yolların salınması, əhalinin elektrik enerjisi, rabitə, su və digər kommunal tələblərinin ödənilməsi istiqamətində tədbirlər görülmədiyindən bu barədə vətəndaşlar tərəfindən şəhər icra hakimiyyətinə edilən müraciətlərin sayı artmışdır. Bu cür hallar digər bələdiyyə orqanlarında da mövcuddur. Həmçinin bu ərazilərdə məktəb, bağça, istirahət, idman sahələri və digər sosial obyektlərin olmaması da əhalinin normal yaşayışında çətinliklər yaradır. Odur ki, yeni yaşayış massivləri salınarkən bələdiyyələr tərəfindən bu məsələlərin həllinə diqqət artırılmalıdır.
Şəhər və kəndlərin ərazilərində aparılıan tikinti işlərinə də bələdiyyələrin nəzarəti yox dərəcəsindədir. Belə ki, bələdiyyələr özlərinə məxsus ərazilərdə yaşayış və yaxud qeyri-yaşayış obyekti tikilərkən bu işlərin qanunamüvafiq qaydada sənədləşməsinə nəzarət etməli, qanunsuz tikili müəyyən edildikdə isə sahə müvəkkilinə və Şəki şəhər icra hakimiyyətinə məlumat verməlidir.
2017-ci ilin 12 ayı ərzində 1311 mənzil təbii qazla təmin edilmişdir.
Müddət ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli iş görülmüşdür. Görülən işlərlə yanaşı rayonun elektrik təsərrüfatında bir sıra ciddi problemlər hələ də qalmaqdadır. Hələ də elektrik enerjisinin verilişində tez-tez fasilələr yaranır.
(ardı gələn sayımızda)