adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Mart 2018 00:04
13997
GÜNDƏM
A- A+

TALEYİNİN ŞAİRİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

Yeri gəlmişkən onu da qeyd edək ki, Eldar Baxışın poeziyasının lirik qəhrəmanı fəaldır, ayıqdır, üsyankardır. İnsanları, soydaşlarımızı narahat edən taleyüklü problemlər bütün yaradıcılığı boyu onu da narahat edir, düşündürür, qayğılandırır...
Eldar Baxışın uşaqlıq illərinin bədii lövhələri onun poeziyasında aparıcı yerlərdən birini tutur. Keçdiyi ömür yolunu ara-sıra bədii təsvirin mərkəzinə çəkən Eldar Baxış qısa tərcümeyi-halının gözəgörünməz məqamlarını oxucunun gözləri qarşısında canlandırmağa nail olur.
Bakı Dövlət Universitetində oxuduğu illərdə vətənpərvər ruhlu ziyalıların, professorların, müəllimlərin Eldar Baxışa dərs deməsi onun ürəyində anamız Azərbaycanı müstəqil, suveren görmək arzularını oyadır. O, öz müəllimi Əbülfəz Əliyevin gizli dərnəklərinin fəal iştirakçısına çevrilir. Bütün bunlar Eldarın yaradıcılığına da təsirsiz qalmır.
1969-cu ildə universiteti bitirən Eldar Baxış bir il Abşeron rayonunun Güzdək kəndində müəllim işləyir. Sonra ömrünün daha bir ilini hərbi xidmətdə keçirir. Əsgərlikdən qayıtdıqdan sonra 1972-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində redaktor kimi əmək fəaliyyətini davam etdirir.
Radionun uşaq verilişləri redaksiyasında işləyən Eldar Baxış maraqlı verilişlər hazırlayır. "Sandıqça", "Biləyən" kimi verilişlər onun əməyi sayəsində araya-ərsəyə gəlir, uşaqların ən çox sevdiyi verilişlərə çevrilir. Eldar bu verilişləri təkcə özü hazırlamır, istedadlı qələm dostlarını da bu işə cəlb edir.
Daha sonra Eldar Baxış radionun Ədəbiyyat redaksiyasında əmək fəaliyyətini davam etdirir. Onun görkəmli yazıçılarla, şairlərlə apardığı müsahibələr, hazırladığı verilişlər tamaşaçı sevgisini qazanır. Ədəbiyyat redaksiyasında işləməsi, o dövrün görkəmli şair və yazıçıları, ədəbiyyatşünasları ilə ünsiyyəti Eldarın poeziyaya, ədəbiyyata məhəbbətini daha da artırır. Elə bu vaxt o özü də orijinal, maraqlı şeirləri ilə mətbuatda çıxış eləməyə başlayır.
Radioda "Tərcümə saatı" verilişini hazırlaması Eldarın yaradıcılığına yeni istiqamət verir. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini dilimizə tərcümə etməsi isə gənc şairin ədəbi görüşlərinin formalaşmasına zəmin yaradır. Həm klassik ədəbiyyatımızdan, folklordan, həm də dünya poeziyasının görkəmli nümayəndələrinin əsərlərindən yaradıcı şəkildə bəhrələnmə Eldar Baxışı ədəbiyyatın, sənətin incilərini mükəmməl bilən peşəkar şair səviyyəsinə qaldırır. 1966-cıi ildə "Köynək" adlı ilk mətbu şeiri ilə "Azərbaycan gəncləri" qəzetində çıxış edən Eldar Baxış tezliklə sübut elədi ki, ədəbiyyata əliboş gəlməyib, deməli sözləri çoxdur.
Bundan sonra Eldar Baxış yaradıcılıqla ciddi şəkildə məşğul olur, şeirləri "Azərbaycan", "Ulduz", "Göyərçin" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Bakı" qəzetlərində müntəzəm surətdə çap olunmağa başlayır.
1972-1988-ci illərdə Azərbaycan Dövlət Radiosunun uşaq verilişləri redaksiyasında kiçik redaktor, redaktor işləyən Eldar Baxış 1988-1990-cı illərdə televiziyanın ədəbi dram verilişləri baş redaksiyasında televiziya tamaşaları redaksiyasının böyük redaktoru vəzifəsində çalışır. Qarabağ hadisələrinin qızğın bir vaxtında Eldar Baxış kimi vətənpərvər bir şair təkcə ədəbi verilişlər hazırlamaqla kifayətlənə bilməzdi. O, imkanı dairəsində televiziyada Qarabağ problemlərini vətəndaşlıq mövqeyindən şərh etməyə çalışırdı. Lakin o zamankı rəhbərlik hər sözündən "qan iyi gələn" Eldarın əl-qol atmağına imkan vermirdi. Elə buna görə də Eldar Baxış 1990-1992-ci illərdə "Səs" qəzetinin ilk baş redaktoru olmuş, son dərəcə ciddi məqalələr, şeirlər yazıb çap etdirmişdir.
Tarix elmləri doktoru, professor Əli Nağıyev yazırdı: "Bir şair kimi tanınan və sevilən Eldar Baxış bir insan kimi də maraqlı şəxsiyyət idi. Bunu nəzərə alıb, "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olan "Səs" qəzetinə ilk baş redaktor kimi onun namizədliyi üstündə dayandıq. İşlədiyi vaxt ərzində işgüzar yaradıcı kollektiv yaratmağa nail olan Eldar Baxış "Səs"in maraqlı və məzmunlu çıxmasına xüsusi fikir verir, sözün məqamında deyilməsi üstündə əsirdi. Məhz buna görə də Azərbaycanın bütün bölgələrində "Səs"i oxuyur və intizarla onun yolunu gözləyirdilər. Şübhəsiz, qəzetin belə oxunaqlı olmasında Eldar Baxışın rolu böyük olmuşdur".
Xalqın taleyindən narahat olan bütün ziyalılar kimi Eldar da vəziyyətdən çıxış yolu axtarır, ittiham dolu məqalələrlə çıxış etməkdən belə çəkinmirdi. Onun o zamankı Azərbaycan prezidenti A.Mütəllibova yazdığı məktub şairin cəsarətindən, vətən uğrunda hər şeyə hazır olmasından xəbər verən maraqlı ədəbi faktlardan biri idi. Eldarın o zaman yazdığı "Zori Balayana məktub" şeiri də əl-əl gəzirdi... Gənclərin ürəyində hərbi vətənpərvərlik, erməni qəsbkarlarına nifrət duyğularının oyanmasında bu şeirin əvəzsiz xidməti var idi...
1992-ci ildə Eldar Baxış yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə işə qayıdır. Bir il "Gənclik" yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri vəzifəsində çalışır. 1993-cü ildən ömrünün sonuna kimi isə Eldar Baxış Azərbaycan Dövlət Radiosunun Bilgi və Uşaq Dünyası Verilişləri Baş Redaksiyasının baş redaktoru kimi səmərəli fəaliyyət göstərmişdir...
Bütün yaradıcı insanlar kimi Eldar Baxışın da həyatını onun yaradıcılıq yolundan ayrı təsəvvür etmək mümkün deyildir. Ədəbiyyat sahəsində onun hər uğuru onun həyatının ən önəmli, yaddaqalan məqamları idi...
1977-ci ildə Eldar Baxışın "İydə çiçəyi" adlı şeirlər kitabının "Gənclik" nəşriyyatı tərəfindən çap olunması onun yaradıcılıq bioqrafiyasının parlaq səhifələrindən birinə çevrilir. Ona görə ki, o zaman kitab çap etdirmək çox çətin bir məsələ idi. Nəşriyyatların tematik planları Mətbuat Komitəsində, daha sonra Mərkəzi Komitədə müzakirə və təsdiq olunurdu.
İlk kitabı ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanan Eldar Baxış daha artıq inam və məsuliyyətlə yaradıcılıq axtarışlarını davam etdirməyə başladı. İki il sonra "Gənclik" nəşriyyatı Eldarın "Üçtəpə bayatıları" (1979) kitabını çap etdi və bu kitabda toplanan şeirlər göstərdi ki, Eldar Baxışın ədəbiyyata gəlişi təsadüfi deyilmiş.
1983-cü ildə Eldar Baxışın çap olunan "Allı qız, Ballı qız, Xallı qız" kitabına isə onun uşaqlar üçün yazdığı şeirlər toplanmışdı. Bu da təsadüfi deyildi. Uzun müddət radionun uşaq verilişləri redaksiyasında işləməsi Eldarın yaradıcılığına yeni bir istiqamət vermişdi.
Eldarın uşaq şeirləri də bənzərsiz, səmimi, aydın, cazibədar idi. Eldar Baxış paralel şəkildə həm uşaqlar üçün, həm də böyüklər üçün yazıb yaradırdı. Eldarın uşaqlar və böyüklər üçün çap olunan kitabları bir-birini əvəz edirdi. Əgər "Yazıçı" nəşriyyatı 1985-ci ildə onun böyüklər üçün nəzərdə tutulan "Ağ saçların işığı" kitabını çap eləmişdisə, "Gənclik" nəşriyyatının nəşr elədiyi "Qara ilə Qaracanın nağılı" (1986) kitabı uşaqlar üçün nəzərdə tutulmuşdu.
Eldar Baxış yaşıdları arasında sayılıb-seçilən bir qələm sahibi idi. Onun 1985-ci ildə Vladivastokda keçirilən Ümumittifaq poeziya festivalında Azərbaycanın gənc yazıçılarını təmsil etməsi də təsadüfi deyildi.
Sağlığında çap olunan son şeir kitabı "Deyə bilmədiyim sözlər" ("Yazıçı" nəşriyyatı, 1988) idi... Eldarın deyə bilmədiyi sözlər çox idi... Amansız ölüm ona imkan vermədi ki, həmin sözləri desin, yeni-yeni kitablarını nəşr etdirsin...
Ömrünün son məqamlarında yorğan-döşək xəstəsi olan Eldarın poetik düşüncələri onun şəxsiyyətini, məramını, əqidəsini qiymətləndirmək baxımından maraqlıdır. "Bir parça işıq" adlı şeirdəki poetik ovqat oxucunu düşüncələrə qərq edir:

Bir parça işıq düşdü
Çarpayımın üstünə,
O işıqda tərpəndi
Bu kədərim bəlkə də...
Bütün dostlarım gedir
Haqq yolunda döyüşə -
Gedir onlar inamla,
Hamısı bir cərgədə.
Bir parça işıq düşdü
Çarpayımın üstünə -
İşıqdımı, dişdimi? -
Sən ölümdə dişə bax.
Haqq yolunda döyüşdə
Ölmək istəyirdim mən,
Amma yorğan-döşəkdə
Öləcəyəm, işə bax!

Eldar Baxış istedadlı, heç kəsə bənzəməyən bir şair idi. Ancaq onun olduqca maraqlı nəsr əsərləri də var idi. Radionun uşaq verilişləri redaksiyasında işləyərkən yazdığı hekayələr, nağıllar, povestlər onun "Ağ atlı oğlanlar" ("Gənclik", 1990) kitabında toplanmışdır. 1981-ci ildə "Azərbaycan" jurnalında çap olunan "Qaravun dərənin dükançısı" povesti Eldar Baxışın nəsr sahəsində də çox səriştəli bir qələm sahibi olduğunu göstərir.
Xalq yaradıcılığına dərindən bələd olan Eldar Baxış maraqlı lətifələr toplamışdı. Onun lətifələrdən ibarət kitabı ("Ölüsü ilə ərəbcə, dirisi ilə rusca", "Yazıçı" nəşriyyatı, 1994) da oxucular tərəfindən maraqla qarşılanmışdı...
Eldar Baxışın 1982-ci ilə Kukla Teatrı tərəfindən tamaşaya qoyulan "Məlikməhəmməd" pyesi onun dramaturgiya sahəsində də səriştəli bir müəllif olduğunu göstərən maraqlı ədəbi faktdır. Bu pyesin Mərdəkan Xalq Teatrı aktyorlarının ifasında Praqada uğurla tamaşaya qoyulması, Tbilisidə keçirilən Ümumittifaq müsabiqəsində yüksək mükafata layiq görülməsi də Eldarın sənətkarlıq bioqrafiyasının parlaq səhifələrini təşkil edir.
Eldar təkcə folklorla deyil, tarixi hadisələrlə də yaxından maraqlanırdı. Onun hələ çap olunmayan və tamaşaya qoyulmayan "Uzun Həsən" adlı bir pyesi də vardır.
Eldar yeni şeirlər, nəsr, lətifələr kitablarının üstündə işləyir, onları nəşrə hazırlayırdı. Lakin bu istedadlı qələm sahibi 1996-cı ilin may ayının 22-də dünyasını dəyişdi... Dostları onun yazılarını ara-sıra nəşr eləsələr də, haqqında məqalələr yazıb çap etdirsələr də, Eldarın çap olunmamış xeyli əsəri qalıb...
Eldar şair gözəl şair, vətənpərvər insan idi. O, öz xalqını dərin məhəbbətlə sevir, onu azad görmək arzusuyla yaşayırdı. Eldarın yaradıcılığında məhz bu xətt ən aparıcı xətlərdən biri kimi əvvəldən sona kimi davam etmişdir. Vətən, el məhəbbəti, xalqın azadlığı, şəxsiyyət azadlığı ideyası Eldar Baxış yaradıcılığının əsas leytmotivini təşkil edir.
"Asılı deyiləm mən bir adamdan,
Bir adam da məndən asılı deyil"... misraları da göydəndüşmə deyildir, Eldarın bir şəxsiyyət kimi daxili dünyasından xəbər verən sətirlərdir.
Ruhu şad olsun qələm dostumuzun!