adalet.az header logo
  • Bakı 18°C
02 Mart 2018 17:49
6207
MƏMLƏKƏT
A- A+

Xaçmaz rayonunun su təchizatı yaxşılaşdırılıb

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Martın 1-də Xaçmaz şəhərində layihənin icra vəziyyəti və görülmüş işlərin müzakirəsi ilə bağlı geniş iclas keçirilmişdir. Tədbirdə "Azərsu” ASC-nin, Xaçmaz  Rayon İcra Hakimiyyətinin rəsmiləri, podrat və məsləhətçi şirkətlərin mütəxəssisləri iştirak ediblər.

 

Adalet.az xəbər verir ki, "Azərsu” ASC-nin  sədr müavini Etibar Məmmədov Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin yaxın vaxtlarda tam başa çatdırılacağını bildirib. Sədr müavini layihənin vaxtında və keyfiyyətlə icra olunması üçün bütün qüvvələrin səfərbər olunduğunu, tikinti işlərinin başa çatdığı ərazilərdə asfaltlanma işlərinin aparıldığını diqqətə çatdırıb.

 

 

Podrat şirkətin nümayəndələri layihənin gedişi və görülmüş  işlərlə bağlı ətraflı məlumat veriblər. Tədbirdə qeyd olunub ki, həyata keçirilən içməli su və kanalizasiya layihəsi Xaçmaz şəhərinin sosial-iqtisadi inkişafına, əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına töhfələr verəcək.

 

 

Qeyd edək ki, Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47  min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2012-ci ildə başlanılmış layihənin birinci mərhələsində şəhərin əsas su mənbəyi sayılan  Uçqun bulağı bərpa olunub, 2 km magistral, 1,6 km anbarlararası su xətləri  çəkilib, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa edilib.

 

 

Layihənin növbəti mərhələsində Xaçmaz şəhərində 148 km içməli su və 137 km kanalizasiya şəbəkəsi inşa edilib, 10688 ünvana ev birləşməsi verilib. Artıq abonentlərin 90 faizi su sayğacları ilə təmin olunub və həmin istehlakçılar yeni şəbəkə vasitəsilə fasiləsiz rejimdə içməli su ilə təmin olunurlar.  Hazırda sayğacların quraşdırılması işləri ilə yanaşı, məhsuldarlığı sutkada 630 kubmetr olan su nasos stansiyasında son tamamlama işləri aparılır. Layihə çərçivəsində Xaçmaz Sukanal Sahəsi üçün yeni inzibati bina da tikilib. Hazırda binanın lazımi inventar və avadanlıqlarla təchizatı işləri aparılır. Layihə üzrə tikinti-quraşdırma işləri  bu ay tam yekunlaşacaq. 

 

 

Şəhərdə yaranan tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və sutkalıq  məhsuldarlığı 70 min kubmetr olacaq təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır. Bu qurğuya  Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları  yönəldiləcəkdir. Hazırda qurğunun tikintisi üzrə tender prosesi davam edir.

 

Layihə çərçivəsində gələcəkdə rayonun  Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərinə suyun verilməsi ilə 11 min nəfərin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.

 

Qeyd edək ki,Xaçmaz şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1950-70-ci illərdə mərhələlərlə yaradılıb.  Şəhərə içməli su Uçqun və  Çaxçaxlı bulaqlarından verilirdi. Şəhərdə 75 km içməli su şəbəkəsi mövcud olub və istismara yararsız vəziyyətə düşüb. "Azərsu” ASC şəhərin 41 min sakinindən 40 faizinə xidmət göstərirdi. İçməli su fasiləli rejimdə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Xaçmaz şəhərində mövcud olmuş 18 km kanalizasiya şəbəkəsi şəhərin kiçik hissəsini əhatə edirdi və istismara yararsız vəziyyətə düşüb.