adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

QƏHRƏMANINI ÖLDÜRƏN AKTYOR...

BABƏK YUSİFOĞLU
75895 | 2013-04-02 10:26
Alimlərə, mütəxəssislərə, ümumiyyətlə dünyanın ağıllı adamlarına görə İnsan mükəmməl yaradılışdır. Və mən də bu fikirləri tam bölüşürəm. Həqiqətən də Allah-Təala bəndələrin simasında ən mükəmməl varlıqlardan birini xəlq edib. Bəlkə də belə İlahi mükəmməllik üzündəndir ki, insan oğlu əli yetməyən, ayağı dəyməyən yerləri, məkanları, obyektləri öyrənsə belə özünü hələ də tam çözə bilməyib...
Nəinki özünü, heç duyğularından bircəciyini də tam şəkildə izah etməyi bacarmayıb. İnsan niyə sevir? Bu onun hansı duyğularının təlabatından doğur? Niyə bəzən insanlar sevdiklərinə görə öldürürlər, ölürlər, hətta sevdiklərini məhv edə bilirlər? Övlada, valideynə, digər yaxınlara olan sevgiylə, sevgiliyə olan duyğular mahiyyəticə nədən bir-birndən fərqlənir? Bunların hamısı sonucda Sevmək deyilmi? Axı nədən, necə başlayır bu?..
Əslində bütün bunlar bəşər övladının uzun əsrlər boyu baş sındırdığı saysız-hesabsız suallardan yalnız bir neçəsidi. Niyəsə ən çox da həmin suallara cavablar verilib. Amma bir-birindən fərqli... Məşhur fransız yazıçısı Antuan De-Sent Ekzüperi belə hesab edirdi ki, Sevgi məhz qurban verməkdən başlayır. Ananın körpəsinə sevgisi onu dünyaya gətirərkən çəkdiyi əzablardan, yuxuların, əməyin, ömrünün... qurban verilməsindən başlayır. Sevgiliyə olan sevgi rahatlığın, ömründən sərf etdiyin zamanın, bəzi arzuların, ürək təpərinin... qurban verilməsindən başlayır. Sevgi sənin olan nələrisə digərinə qurban verməkdən başlayır... Bəlkə də belədi...
O da sevdiyi və sevdirdiyi obrazı itirməmək üçün qurban verdi... Bəli, sözün əsl mənasında qurban verdi. Mən məşhur aktyor Plaçidonu deyirəm... O, yadınızdadırmı?..
(Əvvəli qəzetin 19 mart sayında)

***
Zaman keçdikcə oynadığı obrazların çoxluğunun yükü altında asudə nəfəs belə çəkə bilməyən aktyor mühitini dəyişməyə çalışırdı. Hiss edirdi ki, bir sıra hallarda ona sırınan rollardan qurtulmaq, daha fərqli ampluada çıxış etməyə ehtiyacı var. Sanki indiyədək oynadığı obrazlarda istedadının bütün çalarlarını göstərə bilməmişdi. O, tamaşaçının ürəyini fəth etmək üçün daha böyük yaradıcılıq imkanlarının olduğuna inanırdı. İlk dövrlər bu asan başa gəlməsə də bir qədər sonra bunun da yolunu tapdı. Bəlkə də tale özü onu himayə edirdi. Nə bilmək olardı...

DAHA BÖYÜK YOLA DOĞRU

Artıq kifayət qədər tanınmağa başlamışdı. Elə buna görə də İtaliyanın ən məşhur rejissorları ilə işləmək onun üçün problem yaratmadı. Adları mötəbər kino rejissorlarının önündə çəkilən Marko Bellokkio, Karlo Litsani, Culiano Montaldo, Luçio De Karo, Paskuale Skuiteri kimi nəhənglərin əsərlərində çəkilməyə başladı. Əlbəttə, belə məşhur adamlarla uzun və səmərəli iş birliyi aktyorun yetkin, kamil, ciddi, daha peşəkar səviyyəyə yüksəlməsinə də yardımçı oldu.
Bellokkionun "Zəfər marşı"ndakı dramatik səhnələri, psixoloji əsər sayılan "Boşluğa tullanış"dakı obrazı, eləcə də Litsaninin "Klyanhof-Otel", "Fontamara", çəkilişlərində, Montaldonun "Anyeze ölümə gedir" hərbi dramında, De Karonun "İlkin istintaqsız proses" və Skuiterinin "Karleone" kriminal lentlərindəki qəhrəmanları yüksək səviyyədə ifa edərək hər birinə seyirçilərin yaddaşında həmişəlik yaşayacaq həyat verdi. Tamaşaçılar indi Plaçidonun hər kəsi düşündürməyi bacaran daxili aləmiylə, obraza məxsus hər bir çaları, psixoloji vəziyyəti yerli-yerində verə bilmək bacarığı ilə qarşılaşırdılar.
Özü də təsəvvür edəndə ki, sadalanan bu və ya digər filmlər sadəcə 5-6 ilin ərzində ərsəyə gətirilib, sözün əsl mənasında aktyorun istedadına, yaradıcılıq potensialına heyrətlənirsən. Bəli, Plaçido ara vermədən tamaşaçıların zövqünə oxşayan, həm də fərqli obrazlara - gah Pozettiyə, gah Pedroya, Violaya, Baldiniyə... çevrilirdi. Amma qarşıda onu daha böyük şöhrətə aparacaq bir yol gözləyirdi. Və bu yol elə də uzaqda deyildi. Cəmi bir neçə il sonra...

KÖHNƏ TANIŞDAN
YENİ TƏKLİF

1980-cı ildə rejissor Damiano Damiani kriminal mövzuda geniş həcmli bir filmin - "Sprut"un hazırlıqlarına başlamışdı. Aktyorların demək olar ki, əksəriyyəti seçilmişdi. O, hətta baş rol üçün - Komissar Kattanini oynayacaq aktyoru da da gözaltı eləmişdi. Damiani düşünürdü ki, İtaliyanın tanınmış aktyorlarından olan Franko Nero bu rolun öhdəsindən çox uğurla gələ bilər. Çünki həmin ifada obrazın alınmaması üçün heç bir səbəb yox idi. Lakin çəkilişlərə az qalmış rejissor fikrini dəyişməli oldu. Damiani Komissar rolunun ifaçısını dəyişməyə qərar verdi. Və bu dəfə Mikele Plaçidonun üzərində dayandı. Lakin Mikele həmin təklifi alanda təəccübləndi. Çünki...
Əslində Damiani ilə birlikdə əvvəllər iki filmdə çalışmışdılar. Və Mikele Plaçido hər iki filmdə amansız quldur, qatil rollarını ifa etmişdi. Bu dəfə isə onu kriminal aləmə qarşı barışmaz, ideal, prinsipial bir komissar obrazına çağırırdılar. Həmin hadisəni Plaçido belə xatırlayırdı:
"Dəvəti alanda bir qədər çaşdım... Mən Damiano Damianinin yanına Komissar Kattani roluna heç də yaxşı hazırlığım olmadan gəldim. Amma Damiani məni ruhlandırdı.
O məni inandırırdı ki, əmin ol, mən səni özündən də yaxşı tanıyıram. "Sən bunun öhdəsindən gələcəksən. Çünki sənin bunun üçün bütün göstəricilərin var"".
PLAÇİDO KOMİSSAR OLDU VƏ...

Beləliklə sonradan dünyaca məşhurluq qazanacaq həmin "Sprut" serialının çəkilişləri başladı. Və həyat göstərdi ki, Damianinin son anda Franko Neroyla Mikele arasında etdiyi seçimdə səhvə yol verməyib. Çünki Mikele Plaçido doğrudan da Komissar Kattaninin öhdəsindən ustalıqla, özü də çox ustalıqla gəlmişdi. Qeyd edim ki, bu filmə qədər onu, İtaliyada yetərincə tanısalar da xaricdə adı az-az çəkilirdi. Lakin Komissar Korrado Kattaniyə "həyat verəndən" sonra Plaçidonun şöhrəti inanılmaz bir sürətlə hər tərəfə yayılmağa başladı. Artıq dünyada onu tanımayan yox idi.
Xüsusilə keçmiş Sovet İttifaqında Komissar Kattani xalqın sevilmisinə çevrilmişdi. O zaman həmin serial televiziya vasitəsi ilə göstərilirdi. Sovet dövrünü yaşayan insanlar yaxşı xatırlayırlar, televiziya vasitəsi ilə göstərilən "Sprut" serialı elə bir populyarlıq qazanmışdı ki, filmin göstərildiyi saatlarda hətta həmişə qələbəlik olan küçələrdə, parklarda belə adam tapmaq olmazdı. Onda hər kəs evinə tələsir, televiziya ekranlarının başına keçirdi. Böyük mafiozlarla mübarizə aparan cəsur, prinsipial, sərt, həm də yaraşıqlı Komissar Kattaniinin başına gələnlərə kimsə biganə qalmırdı. Belə demək mümkünsə, filmdə Plaçido sözün əsl mənasında Komissar Kattaniyə, Komissar Kattani isə Plaçidoya çevrilir və hər ikisi birlikdə tamaşaçıların zövqünə oxşayan, arzularına uyğun bir qəhrəmana dönürdü. Və bu kamil ifanı sevməmək mümkün deyildi. Bəlkə də elə həmin qeyri-adi ifanın nəticəsidir ki, üstündən otuz ildən çox bir zaman keçməsinə baxmayaraq vaxtıyla "Sprut"u seyr edənlərin heç biri Mikele Plaçidonun Komissarını unutmayıb.
Çox maraqlıdır, əksər kino mütəxəssisləri uğurlu aktyor oyunlarını təhlil edərkən bir nüansı xüsusiylə vurğulayırlar. Onlara görə, aktyorun şəxsi xarakteri oynadığı obrazla yaxın olanda müvəffəqiyyət sığortalanır. Yəni, tamaşaçı qarşısna çıxarılan obraz tam olur. Əlbəttə, bu fikrin əksini iddia etmək doğru deyil. Çünki bunun da çoxlu sayda nümunələri mövcuddur. Amma etiraf etmək lazımdı ki, elə aktyorlar var, xaraktercə rolla uyğun gəlməsələr də obrazı elə mükəmməl oynayırlar, elə məharətlə yaradırlar ki, heyran qalmaya bilmirsən.
Məhz Plaçidonun Komissar Kattanisini bu varianta şamil etmək lazımdı. Çünki Komissardan fərqli olaraq Mikele həyatda çox sakit, təmkinli, yumşaq xarakterli bir insandı. Çoxları bu təzada inanmasa da həqiqət belə idi. Söz düşəndə elə özü də bunları təsdiqləyir: "Hətta italyancadan tərcümə edəndə mənim soyadım da "sakit" mənasını verir. Lakin mən personajıma qətiyyətli, cəsur, sərt xarakter verməyi bacarmalıydım. Bəli, adətən aktyorlar rollarına öz xüsusiyyətlərini verirlər. Amma Kattani heç mənə bənzəmirdi. Çünki mənim çoxlu əskiklərim vardı..."

ŞÖHRƏTİN ZİRVƏSİNDƏ VƏ ÖLÜM QƏRARI

Komissar Karrado Kattani sözün əsl mənasında Plaçidonu bütün dünyada məşhurlaşdırdı. Bundan başqa, film böyük gəlir də gətirdi. Və tamaşaçıların marağı azalmadığı üçün müəlliflər həmin serialı davam etdirməyə qərara verdilər. Bundan sonra müxtəlif ölkələrin ekranlarını fəth edən "Sprut"un ard-arda yeni seriyaları çəkildi. Doğrudan da kəskin səhnələrlə, dramatik hadisələrlə, lirik epizodlarla... zəngin olan filmin bitməsini, cəsur, prinsipial Kattaniylə vidalaşmağı kimsə istəmirdi. Plaçido isə sözün əsl mənasında milyonların zövqünə oxşayan bir qəhrəmana çevrilmişdi. İnsanlar, daha çox qadınlar aktyora ardı-arası kəsilməyən müraciətlər, eşq məktubları ünvanlayırdılar. "Sprut"un istehsalçıları üçün bu göydəndüşmə idi. Amma...
Amma aktyor hiss edirdi ki, hadisələrin bü şəkildə davam etməsi heç də onun ürəyincə deyil. Çünki zaman keçdikcə səhnələr, süjet özünü təkrarlamağa başlamışdı və belə vəziyyət obrazın imicini zədələyə bilərdi. Mikele də bunu istəmirdi. Belə bir zirvəni fəth etmək üçün o nə qədər zəhmət çəkmiş, nələrə qatlanmış, nə qədər çalışmışdı... Artıq çox yerdə ona öz adı ilə yox, Komissar Kattani deyə müraciət edirdilər. Lakin belə bir şöhrətə baxmayaraq 1989-cu ildə o qəfldən filmin sahiblərinə bildirdi ki, obraz - Komissar Kattani öldürülməlidi. Onun bu fikri hamıda şok yaratmışdı. Axı, bu qədər şeydən könüllü necə imtina etmək olardı ki?..
Sonralar Mikele hadisəni belə xatırlayırdı: "Bilirsiz, hər bir şeyin həddi olmalıdı. Komissar Kattani üzərində nə qədər hərəkət etmək olar axı? Ona görə də "Sprut"un dördüncü hissəsinin çəkilişi haqqında danışıqlar aparılanda mən bildirdim ki, bəsdi, Kattani daha öldürülməlidi. Bu sözlərimi eşidən prodüser əvvəlcə az qaldı ki, mənim özümü öldürsün. Lakin sonra gördü ki, mən fikrimdən dönməyəcəyəm..."
(Ardı qəzetin
9 aprel sayında)
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV