adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Mart 2018 13:22
10992
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: «ƏCƏB ELƏYİB QAYDALARI POZMUŞAM, CƏRİMƏNİ VERƏCƏM DA»

Bu gün çoxlu sayda insanlar avtomobil idarə etməyə çox böyük maraq göstərirlər. Yəni təbii ki, onların arasında müxtəlif nəqliyyat vasitələrini yol hərəkəti qaydalarına uyğun idarə edən sürücülər çoxdur. Başqa sözlə demiş olsaq, bu cür intizamlı və peşəkar sürücülər sükan arxasında əyləşərkən sürət həddinə, eləcə də digər qaydalara diqqət yetirir və mənzilbaşına həm özünü, həm də sərnişinləri sağ-salamat çatdırırlar.

Amma buna baxmayaraq, bir faktı qeyd eləməliyik ki, bir çox təcrübəsiz və məsuliyyətsiz sürücülərin üzündən yol-nəqliyyat hadisələri də baş verir. Təkcə bu ilin fevral ayında respublikanın avtomobil yollarında 88 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar zamanı 55 nəfər ölüb, 100 nəfər isə xəsarət alıb. Yanvar ayında isə respublikanın avtomobil yollarında 108 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 45 nəfər ölüb, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Bütün bunlar ona dəlalət edir ki, hələ də qaydaları kobud surətdə pozan və qəzalar törədən sürücülər az deyildir.
Məhz buna görə də Yol Patrul Xidməti Alayının bütün tağımlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Bir qayda olaraq, bayram günlərində yol polisi gücləndirilmiş iş rejimində çalışır, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün maksimum səviyyədə fəaliyyət göstərir.

Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da xidmət apardıqları Bakı-Qazax yolunun Ələtə qədər olan istiqamətində bir qayda olaraq kobud qayda pozuntularına qarşı ciddi mübarizə aparırlar. Şənbə-bazar günləri keçirilən reydlər zamanı qəza şəraiti yaradan, ötmə əməliyyatını pozan, yolun əks istiqamətinlə hərəkət edən, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən, yolun sağı boş olduğu halda solu ilə hərəkət edən, təhlükəsizlik kəmərini vurmayan sürücülər barəsində lazımi protokollar tərtib edilir. Bu reydlər zamanı bir daha aydın olur ki, qaydaları kobud surətdə pozan sürücülər həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradırlar.

Keçirilən reydlər zamanı dəfələrlə bir hadisənin şahidi olmuşuq ki, yol hərəkəti qaydasını pozan sürücü özünə haqq qazandırmaq istəyir. Məsələn, xarici markalı avtomobili idarə edən sürücü qəza şəraiti yaradarkən saxlanılanda əmrə tabe olmaq əvəzinə daha da əsəbləşdi və dedi ki: «Əcəb edib qaydanı pozmuşam, cəriməmi yazın çıxım gedim». Təbii ki, bu cür düşüncə sahibləri olan bəzi sürücülər hətta yol polisi ilə kobud rəftar etməkdən belə çəkinmirlər. Onlar ətrafdakılara hörmətsizlik edərək qaydaları pozmaqda davam edirlər. Aydındır ki, belə sürücülər heç vaxt məsuliyyətdən kənarda qalmırlar. Yəni onlar barəsində gec-tez inzibati protokol tərtib edilir və cərimə olunurlar.

Altıncı tağımın əməkdaşları hərəkət iştirakçılarının maarifləndirilməsi üçün tez-tez Qaradağ rayonunun müxtəlif qəsəbələrindəki məktəblərdə və müəssisələrdə olurlar. Belə görüşlər zamanı bir daha məktəblilər yol polisi tərəfindən maarifləndirilir, onların yolu keçərkən daha diqqətli olmaları tövsiyə edilir. Belə ki, Sahil qəsəbəsindəki 273, Sanqaçal qəsəbəsindəki 222, Qobustan qəsəbsindəki 223 nömrəli məktəblərdə keçirilən görüşlər zamanı 6-cı tağımın baş inspektoru, polis kapitanı Bakir Həsənov məktəblilərlə görüşdə səmimi söhbətlər aparıb. Bu görüşlər zamanı polis kapitanı Bakir Həsənov şagirdlərə bir daha yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edərək bildirib ki, hər bir məktəbli yolu keçərkən sağa, sola diqqətlə baxıb sonra o yolu keçməlidir. Görüş zamanı polis kapitanı Bakir Həsənov məktəblilərin və müəllimlərin verdiyi sualları da cavablandırıb. Görüş iştirakçıları isə bildirib ki, bu cür maarifləndirici söhbətlərin olması onların həyatını mövcud təhlükədən qurtarır və yolu keçərkən daha diqqətli olmalarını əğz edir.

Yol Patrul Xidməti Alayının 6-cı tağımının naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün tağımımızın rəhbərliyi tərəfindən böyük tədbirlər həyata keçirilir. Son vaxtlar isə Qaradağ rayonunun bir neçə məktəbində əməkdaşlarımız şagirdlərlə görüşdə iştirak ediblər. Bütün bunlar həyata keçirilən qabaqlayıcı tədbirlərin bir hissəsidir. Yəni hərəkət iştirakçısı nə qədər geniş yol hərəkəti haqqında bilgiyə malik olarsa, bir o qədər də öz təhlükəsizliyini qorumuş olar. Ona görə də biz hər gün, hər saat ona çalışırq ki, baş verə biləcək həm avtomobil qəzalarının, həm də piyadavurma hallarının qarşısını qabaqlayıcı tədbirlər nəticəsində almaq imkanına malik olaq. Və çox vaxt da buna nail oluruq. Belə ki, bizim xidmət apardığımız Bakı-Qazax avtomobil yolunda baş verən ölüm və xəsarətalma halları əvvəlki vaxtlarla müqayisədə aşağı enib. Təbii ki, bu da mütəmadi olaraq həyata keçirdiyimiz tədbirlər nəticəsində mümkün olub.

Keçirilən reydlərdə tağımın əməkdaşlarından polis kapitanları Bakir Həsənov, Qalib Rzayev, polis baş leytenantı İlyas Vəliyev, polis leytenantı Araz Həşimov, polis serjantları Abbas Abdullayev, Əşrəf Orucov, Anar İbrahimov, Əhliman Məmmədov, Elmir Məmmədov, Vaqif İsmayılov və başqaları öz vəzifə borclarına həmşə diqqətlə yanaşıblar.

Burdan belə bir nəticə çıxır ki, Yol Patrul Xidməti Alayının 6-cı tağımı davamlı olaraq baş verə biləcək qəzaların qarşısını almaq üçün sutkanın 24 saatını əzmkarlıqla çalışır. Təbii ki, bu da onu deməyə imkan verir ki, yarana biləcək qəzaların qarşısının alınmasında bu və ya digər dərəcədə mühüm əhəmiyyət kəsb edir. Və hər bir sürücü yol hərəkəti qaydasına əməl etməklə birmənalı olaraq özünün və sərnişinlərin təhlükəsizliyini təmin etmiş olur.

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru; Namiq ƏZİZOV – 6-cı tağımın polis kapitanı, naryad rəhbəri; Elçin ORUCOV – 6-cı tağımın polis kaptanı, baş inspektor; Qalib RZAYEV – 6-cı tağımın polis kapitanı, baş inspektor, İlham QURBANOV – 6-cü tağımın polis leytenantı, baş inspektor, Əşrəf ORUCOV – 6-cı tağımın polis baş serjantı, inspektor, Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.