adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Fevral 2018 15:04
44234
ƏDƏBİYYAT
A- A+

Emin Akif yazır: Başqasının əliylə şairləri vuran tənqidçi...

Bu yaxında gənc "şair” Elşad Baratın şair Qismət Rüstəmov haqqında palaz boyda tənqidi yazısını oxudum. Yazıdakı hirs, qəzəb öz əyri barmağını gözümə soxsa da dözdüm. Elşad Qisməti bəzi məqamlarda haqlı olaraq "plagiyatçı” şair hesab edir. Amma yazıda cəmi bircə arqument var, o da Aqşin Yeniseyin şeirindən bir misaldı. Vəssalam. Qalan çəkilən adlar arqumentsiz boşboğazlıqdır.

Yazını oxuya-oxuya iki il bundan qabaq oxuduğum "Yaradıcılıq fakültəsi” yadıma düşdü. Həmin dövrdə poeziya bölməsinə ustad dərsini Qismət Rüstəmov deyirdi. Bu dərslərdə mütəmadi olaraq Elşad Barat da fəal iştirak edirdi. Elə mən özüm də. Əgər Elşadın Qismətə yağdırdığı komplimentləri eşitməsəydim, onu qınamazdım. Bəs, necə oldu ki, Elşad Qisməti yıxıb-sürümək qərarına gəldi? Axı, elə bir il bundan öncə təkrarçı, mənasız şeirlərinin oxunmadığını görən Elşad feysbukda öz hesabının adını dəyişib Ramiz Rövşən qoymuşdu. Bir müddət sonra da yenidən öz adına qaytarmışdı. Ramiz Rövşənin şöhrətindən oğurlamaq yaxşı iş idimi? Ramiz Rövşən adıyla öz şeirlərini oxucuya sırımaq, təriflənmək yaxşı iş idimi? Adamın üstündə Allah var, Elşad öz layiqli cavabını aldı. Öz adına qayıdandan sonra şeirləri yenə oxucu diqqətindən məhrum oldu.

Bəs, yaxşı, necə oldu ki, Elşad kimi mənasız söz yığını özündə cəsarət tapıb Qismətə sataşdı? Yazının adını da "Qismət özünə şər atır” qoydu.


Möhkəm oturun, izah edim


Elə "Yaradıcılıq fakültəsi” dövründə Əsəd Cahangir fakültəyə tənqid dərsini keçirdi. Həmin vaxtlarda Əsəd Cahangirlə dərsdənkənar çay süfrəsində, ya da onun öz evində görüşlərimiz olub. O görüşlərdə Əsəd Cahangirə müasir dövr şairləri ilə bağlı suallar verəndə, dönə-dönə Qismətin plagiyatçı, süni, ruhsuz şair olduğunu vurğulayırdı. Elə bu məqamda bir əhvalat yadıma düşdü:

Bir gün İrana Çin idman ustası təşrif buyurur. O farslara özünü müdafiə etməyin yollarını öyrədir. Tərcüməçinin sayəsində aradakı dil problemi həll olunur. Bir az keçəndən sonra farslardan biri sual verir:

- Ustad, əgər davamız düşsə, həmin adam da üstümüzə bıçaq çıxartsa, nə edək?

Ustad gülümsəyərək cavab verir:

- Qaçın.

Hamı təəccüblənir. Sualı verən fars yenə:

- Bəs, axı bayaqdan bizə müdafiə olunmağın yollarını öyrədirdiniz, indi niyə deyirsiniz ki, qaçın? – deyə soruşur.

Ustad cavab verir:

- Çünki o adamın naşı, ya da peşəkar olduğunu bilmirsiniz. Əgər naşıdırsa bıçağı haranızdan vuracağını da bilmirsiniz. Deməli, qaçmaq lazımdır, ancaq qaçmaq.


Əsəd Cahangir kimi necə vuracağını yaxşı bilir...


Bu gün sənin şeirlərin haqqında tərif yazan Əsəd sabah səninlə münasibəti pisləşsə, tərifi tənqidə, hətta təhqirə belə çevirə bilər.Vurmaq istədiyi adamları başqasının əli ilə vurmağı yaxşı bacarır. Amma naşıdır... Nöşün? Oşün ki, yazıda öz nəfəsini qoruyub saxlayır, başqasının adı ilə tirajladığı yazıda özünü ələ verir. Onun da naşılığı bundadır.

Bir şeyi xüsusilə qeyd etmək istəyirəm. Heç vaxt haqqımda kiminsə rəy yazmağını güdməmişəm. Amma Əsəd fakültə vaxtlarından məni tələbələrə tərifləyirdi. Şəxsi yazışmalarımızda əksər mövzularda sözümüz çəp gəlsə də həmçinin. Ki, sən istedadlı şairsən. Bir dəfə dözmədim, soruşdum.

- Əsəd müəllim, məni tərifləyirsən, yaxşı, iki ildir münasibətimiz var, amma gənclərdən yazı yazanda mənim şeirlərim haqqında niyə yazmadın?

Cavabı bu oldu:

- Sən də özünü yaxşı apar, sənin də haqqında yazım.


Beynimdəki şübhələr bu cavabla təsdiqini tapmışdı


Deməli, onun kiminsə haqqında yazmağı üçün ona dəyib-dolaşmamalısan. Əksinə çıxmamalısan. O, şeirə imzayla yanaşır, imzasız yox. İmza nə qədər laldırsa, bir o qədər tərifin gücü çox olur. Misal üçün, onun Elçin Hüseynbəyli ilə 2009-cu ildəki münaqişəsi. Elçininn haqqında yazdığı yazılarda onu Dostoyevski, Kafka ilə eyniləşdirməyindən sonra onun haqqında "Elçin cümlə qura bilmir” deməyi. Bəllidir ki, aralarında yaşanan küsülülüyün bəhrəsi idi bu fikirlər. Bəs, necə olur ki, mətnə qarşı münasibət belə dəyişə bilir? O niyə tənqidlə təhqiri səhv salır? Elə həmin illərdə onun Yazıçılar bilrliyində iş yoldaşlarına kobud davranması, onları təhqir etməyi gündəm olmuşdu. O dövrdən bəri Əsədin arası dəydiyi insanlar haqqında təhqir dolu yazılar yazmağa davam edir. Tənqidi təhqirdən ayıra bilməyən adam necə tənqidçi sayılır?


Gic Qismət, qızbibi Qismət, yararsız Qismət, yalançı Qismət...


Gələk Elşadın "yazısı”na. Bu yazıda belə bir yer var:

"Bir yazıçı dostum danışır ki, Qismət uşaq olanda orta məktəbdə heç kəs onunla oyun oynamırdı. Çünki hansı komandaya qatılırdısa, həmin komanda uduzurdu. Məsələn, "bayraq apardı” oynayanda hamı udmağa cəhd göstərirdisə, Qismət key qalırdı. Ona görə də heç bir oyuna onu salmırdılar. Hamı Qismətə səy kimi baxır, elə bilirdilər, xəstədir. Arada qızların komandasında oyunçu çatmayanda Qisməti ora salırdılar. Qismət də qızlara qoşulub "xanım-xanım” oynayırdı. Uşaqlıqda o qədər "xanım-xanım” oynamışdı ki, Qisməti əsgərliyə də aparmadılar.


Bir dəfə müəllim bütün uşaqlara tapşırır ki, hamınız vətənə aid şeir əzbərləyin, həm də müxtəlif şeirlər olsun. Uşaqlar narahat olur, üç-beş vətən şeiri tapırlar, onları da qızların bəziləri götürür. Əlinə döndüyüm Qismət evə gedəndən sonra hansısa səydəş bir şairin ağır çəkili kitabından vətənə aid on-on beş şeiri kağıza köçürüb dərsə gətirir. Ümidsiz, narahat uşaqların hamısı Qismətin gətirdiyi şeirlərlə tapşırıqdan canlarını qurtarır. Hamı elə bilir ki, bu şeirləri Qismət yazıb. Həmin gündən etibarən, Qismət sinifin hörmətli şairinə çevrilir. Artıq bütün oyunlara onu da qatırlar, səyliyini yola verirlər.


Getdikcə bütün məktəbdə şair Qismətin hörməti çoxalır. Hətta, xoşuna gələn, ancaq ona üz göstərməyən qız da yaxınlaşıb şeir istəyir. Həmin günün axşamı məktəbin məşhur şairi Qismət ilk şeirini yazır. Kağıza yazdığı şeirin hər tərəfini ürəklərlə bəzəyir, ox-zad işarəsi qoyur ki, qızın xoşuna gəlsin. Və beləcə, körpə Qismət bütün məktəbi bəlkə də, istəmədən şair olduğuna inandırır. Hər kəs ona ağız dolusu "şair” deyir. Zaman keçdikcə Qisməti də inandırırlar ki, sən şairsən. Bu qarşılıqlı yalan uzun illər davam edir. Qismət yazdığı şeirlərdən kitab da çap elətdirir. Çox təssüf ki, həmin kitabı yandırır”.

Yaxud da bu:

"Bizim kənddə Qismət adında bir kişi var idi. Nə vaxtsa, özünü möhkəm dəliliyə vurmuşdu ki, əsgərliyə getməsin. Öz rolunu o qədər təbii oynamışdı, müharibədən sonra da dəlilik eləyirdi. Hamı ona gic Qismət deyirdi. Bir dəfə gic Qismət çıxıb dağda od qalayıb ki, sərçələr qızışsın. Həm də, yayın oğlan çağıymış. Od düşüb kəndin bütün zəmiləri yanıb.

Çox təssüf ki, Qismət Rüstəmovun şeirləri gic Qismətin yayın günü sərçələr isinsin deyə, taxıl sahəsinin ortasında qaladığı ocaq kimidir. Ancaq gic Qismətin kənd camaatına vurduğu ziyan, şair Qismətin ədəbiyyata vurduğu ziyandan çox ola bilməz”.

Sizcə bu tənqiddirmi? Əsədlə bağlı yaddaşımda qalan bir neçə iyrənc məqamlar var. Amma bu onun şəxsinə təhqir olacaq deyə yazmıram. Bir gənc kimi özümdən böyük adamlardan belə şeyləri nümunə götürmürəm.


Başqasının əliylə...


Lap hər şeyi qırağa qoyuram. Elşad Barat utanmır? Tənqidçi Əsədin Qismətə yazdığı tənqidi öz adı ilə saytda dərc etdirir. Yox, bəlkə də Əsəd utanmır ki, öz tənqidi məqaləsini Elşadın imzası ilə verir. Bilmirəm. Utanmasan oynamağa nə var ki. Görünür, bu iki adam da utanmır. Əsəd utanmır ki, tələbəsinin əliylə Qismət Rüstəmovu vurur. Elşad Barat utanmır ki, kiminsə yazısını, öz adına bəh-bəhlə çıxıb Əsədin alətinə çevrilir. Mən bilirəm, dəqiq bilirəm ki, Qisməti tənqid etmək Elşadın ürəyincə deyil, ümumiyyətlə, bu yazı onun nə başının, nə də istedadının məhsuludur.

Xülasə, Əsəd Cahangir savadlı insandır. Bunu danmaq yekəbaşlıq olar. Amma insan digər canlılardan yalnız ağlı, iradəsi ilə deyil eyni zamanda hissi, qəlbi ilə fərqlənir. Paskalın bir sözü var: "Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır. Onunla tez – tez məsləhətləşmək lazımdır”. İndi Elşad da, Əsəd də arada vicdanları ilə məsləhətləşsələr əla olar.