adalet.az header logo
  • Bakı 19°C
28 Fevral 2018 13:26
10488
GÜNDƏM
A- A+

Faiq QİSMƏTOĞLU: «TALEYİMDƏN VƏ ÜRƏYİMDƏN KEÇƏNLƏR»

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıyla uzun illərdi dostluq eləyirik. Yəni bu dostluq tələbəlik illərindən başlayır. Tez-tez görüşməsək də, amma tez-tez telefon əlaqəsi yaradırıq. Və imkan olanda da əyləşib bir stəkan çay içir, dərdləşirik. Bugünlər ona yenidən zəng elədim. Dedi ki, beş dəqiqəyə Milli Elmlər Akademiyasına çatıram. Orda gözlə gəlirəm. Heç beş dəqiqə keçmədi, gəlib çıxdı. Mehribanlıqla görüşdük və bir-birimizdən hal-əhval tutduq. Sonra da Məhərrəm müəllim dedi ki, gəl, gedək Akademiyanın çayxanasında bir çay içək…

İki qardaş stol arxasında əyləşdik və çay içməyə başladıq. Sonra Məhərrəm müəllim çantasından yeni çapdan çıxmış kitabı çıxardı. Və dedi ki, təzə kitabımı sənə verməmişəm. Kitabı açdı və bir aftoqraf da yazdı: «Gənclik illərimin unudulmaz dostu, söz-sənət sərrafı əziz qardaşım Faiq Qismətoğluna ehtiramla». Kitaba imza ataraq mənə uzadıb dedi ki, vaxtın olsa oxuyarsan. Mən də metroyla evə gedirdim. Metronun «Elmlər Akademiyası»ndan «Xalqlar dostluğu» stansiyasına qədər «Taleyimdən və ürəyimdən keçənlər» kitabının əlli səhifəsini oxudum. Kitab məni o qədər özünə çəkdi ki, həmin axşam 135 səhifəlik kitabı oxuyub başa çatdırdım. Sanki bu kitabı oxuyandan sonra nurlu və işıqlı aləmə düşdüm və uzun müddət bu işığın içində ağ yolla addımladım…

Kitab var ki, qalındır, amma içində oxumağa bir sətir, bir kəlmə tapmırsan. Burda böyük və ölməz şairimiz Zəlimxan Yaqubun bu sözləri yadıma düşür: «Çalışma ki, kitabın qalın olsun, çalış ki, kitabın qalan olsun».

Məhərrəm Qasımlının «Orxan Paşa» imzasıyla dərc edilmiş bu kitab «Elm və Təhsil» nəşriyyatı tərəfindən çap edilib. Kitabın redaktoru Yeganə Məmmədovadı. Və kitab 135 səhifədən ibarətdi. Müəllif «Bir neçə söz» sərlövhəli ön məqaləsində yazır: «…Burada həyati müşahidələrdən gələn xəlqi ümumiləşdirmələr, fərdi poetik duyğular, ədəbi- estetik dəyərləndirmələr, sətiraltı eyhamlar və daha nələr, nələr… yer alır. Açığı, qələmə aldığım mətnlərin janr səciyyəsini müəyyənləşdirməkdə, hansı janrın əlamətlərini daşıdığını söyləməkdə çətinlik çəkirəm. Dünya ədəbiyyatında çeşidli örnəkləri ola biləcək bu yazı manerasının ən çox bəyəndiyim təqdimatını Jül Renarın məşhur gündəliyində görmüşəm. Bu yerdə onu da rəhmətlə anıram…»

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı «Orxan Paşa» imzasıyla yazdığı bədii-publisistik əsərlər içərisində onun uzun illərdən bəri qələmə aldığı fəlsəfi-estetik düşüncələri və gündəlik qeydləri oxucular tərəfindən maraqla qarşılanıb. Belə ki, istedadlı qələm sahibi və görkəmli folklorşünasın təqdim olunan bu kitabı onun oxucularla yeddinci görüşüdür.

Kitabı vərəqlədikcə bir-birindən gözəl və bir-birindən yaddaqalan və orijinal deyimlər oxucuları özünə çəkir. Və bu deyimlər hardasa fəlsəfi məna daşıyır, dərin qatlara gedib çıxır. Maraqlı yazıların birində oxuyuruq: «… Aylar sonra iş elə gətirdi ki, kəndin o başındakı yoncalıqda hörüklənmiş Göy atı gördüm. Yaxınlaşdım, üstümə atılıb üz-gözümü qoxuladı, elə bildi onu aparmağa gəlmişəm. Qaşqasından öpüb üzümü alnına qoyanda hər şeyi anladı. Bu dəfə yaşarmış gözlərini aşağı dikib küskün bir susqunluq içərisinə girdi. Bir daha o tərəfə getmədi…»

Beləcə, kitabı vərəqlədikcə bir-birindən maraqlı və orijinal deyimlərlə üzləşirik. O deyimlərdən birinə diqqət yetirək: «Ağaclar bahardan aldıqları ilhamın çılğın sevgisiylə çiçəkləyirlər. Qarşıdan gələn yayın bürkülü istisindən, payızın xəzan pərişanlığından elə xəbərsiz idilər ki… Lap nə vaxtsa ömrün bitib tükənəcəyinə inanmayan uşaqlar kimi...» Yaxud başqa bir misal: «İstedadsız adamlar istedadsız çızmaqaraçıların yazdıqları qalın-qalın kağız yığını haqqında elə ilhamla danışırlar ki, matım-qutum quruyur».

Dedik axı, kitabdakı hər bir maraqlı deyimdən bir ətir, bir çiçək, bir rəng duyulur. İnanmırsınız, bir daha bu deyimə fikir verin: «Yovşan ətri… Min illərdi damarımızda daşıdığımız bitib-tükənməyən, ucsuz-bucaqsız çöl qoxusu. Hansı ətrin belə dilisov qoxusuyla at belində şığıyıb getmək, yaxın, uzaq doğmaların nisgilini ovutmaq olar?!». Daha bir misal: «Səni sevdiyimi küləyə söylədim – neçə günlərdi külək yoxa çıxıb. Gözləyirəm yaz gəlsin, tumurcuqlayan ağaclara söyləyin».

Əlbəttə, indiki kitab bolluğunda oxucuya yeni söz demək, nəsə müsbət bir enerji ötürmək elə də asan deyil. Çünki indiki oxucunun əlinin altında həm müasir texnologiya var, həm də çoxlu sayda kitablar. Ona görə də Orxan Paşa bunların hamısını yüz ölçüb bir biçir, hər sözü, hər cümləsiylə oxucunun iç dünyasına yol tapır. Bu deyimə də bir az diqqət yetirsək, onda görərik ki, Orxan Paşa insanları necə gözəl tanıyır: «Hər yerin adamı o yerin daşına, torpağına, ağacına, suyuna oxşayır».

Bu fikrə heç kimin sözü ola bilməz. Mən də dəfələrlə çox dostlarımla görüşəndə görmüşəm ki, onlar o ocağın, o yurdun, o torpağın nəyinəsə bənzəyirlər. Bəzisi dağa bənzəyir, bəzisi qayaya, bəzisi sevdiyimiz və son mənzilimiz olan torpağa.

Düşünürük ki, bu kitabı hansı oxucu əlinə götürüb oxusa, heç vaxt vaxt itikisinə təəssüflənməyəcək. Əksinə, sevinəcək ki, nə yaxşı Orxan Paşanın qələmə aldığı «Taleyimdən və ürəyimdən keçənlər» kitabının işığına bələnib.