adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Fevral 2018 00:24
75045
GÜNDƏM
A- A+

Fundamental tədqiqat əsəri

Allahverdi Eminov

Varislik prinsipi bütün elmlərdə özünü göstərmişdir, o cüimlədən pedaqogikada. Bu, eyni zamanda onunla bağlı idi ki, klassik pedaqoqlarımızdan üzü bəri nəsil dəyişməsi baş vermiş, sələflər və xələflər paraleli davam etmişdir. Son nəslin nümayəndələrinin bir üstün cəhətini bu məsələdə axtarmaq caizdir. Onlar axtarışda olur, klassikaya meyil göstərir, keçmişi unutmurlar. Tədqiqat predmetlərində də bu ənənə vardır. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovu bu sırada hesab edir, işgüzarlığına, inadkarlığına və istedadına inanıram. O, Naxçıvanda yaşayır, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərir. Uzaq əyalətdə olsa da paytaxtımızla, onun alimlərilə əməkdaşlıq edir, arxivlərlə işləyir, tematikalı əsərlər yazır.
Xüsusilə, Kamal Camalovun "Hüseyn Cavidin pedaqoji ideyaları" mövzusunda dissertasiya əsəri təqdirəlayiqdir; böyük dramaturqumuzun yaradıcılığının yeni sahəsinə baş vurmuşdur. Bunu xatırlatmaqda demək istəyirəm ki, klassiklərimizin pedaqoji fəaliyyəti, xalqın maariflənməsi sahəsində çalışan şəxsiyyətlərimizin irsinə qayğılı və elmi münasibət yetərlidir. Bunlardan biri də Cəlil Məmmədquluzadənin məşhur "Molla Nəsrəddin" dərgisini hasilə gətirməsi, bu çətin və mürəkkəb işi axıradək davam etdirməsidir. Buraya tədqiqatçılarımızın laqeyd qalmamasını da əlavə edərdim: epoxal dövrün Kamal Camalov tərəfindən araşdırılmasıdır...
Monoqrafiyanı təmkinlə və diqqətlə oxudum, bir səbəbi də "Mirzə Cəlilin obrazları" əsərimi qələmə alanda mövzuya yaxınlıq səyim oldu. Mirzə Cəlil bütün yaxın epoxaların mərkəzi subyektidir. Gənc tədqiqatçı da belə bir məsuliyyətli işə elmi-pedaqoji baxımdan yanaşmış və "Molla Nəsrəddinçilər və ailə-məktəb problemi" (Bakı, 2017, 340 səh) sanballı monoqrafiyasını ortaya qoymuşdur. Müəllifin mövzuya sevgisi, amalda (mollanəsrəddinçiləri nəzərdə tuturam) sosial və qnoseoloji çalarlara baxmayaraq mühüm istiqamətlərə: ana dilinin tədrisi sahəsində mübarizə aparmaları; eləcə də məktəbin inkişafında göstərdikləri əzmkarlıq; maarifçi pedaqoqların müəllim və peşə hazırlığında rolu; gənc nəslin milli mənlik şüurunda tərbiyəsi; Vətən və xalq məfhumları kontekstində ailə-məktəb probleminin tədqiqinə analitik yanaşması. Sadaladığım təyinatlar peşəkar pedaqoqlara bəlli olmaya bilməz ki, molla nəsrəddinçilərin liderləri nə qədər akselerativlik yaşamış, aqressivliklə qarşılaşmış, yuxarı dairələrin (çar rejimindən sonra da) alogizmilə - aşkar məntiqsizliklə mübarizə aparmış; absurd-cəfəngiyyat faktları təkzib etmişlər. Bu sıraya xüsusilə, ailə-məktəb münasibətlərdəki milliliyi: demonemenlikdən - sehrbazlıqdan uzaq formalaşmaq, ata-anaya qeyri soyuqluq - disfunksiyadan kənar hisslərə rəğmən istilik, eqosentrik-ifrat xudbinlikdən qaçmaq, əvəzində intellektualllıq - erudiklik və sair bəşəri dəyərlər aşılamaq.
Molla Nəsrəddinçilər öz fəaliyyətlərində bu parametrləri gözləməklə cəmiyyətin özəyi olan ailə və məktəb anlamının fəlsəfəsini irəli sürmüşlər. Tədqiqatçı Kamal Camalov empirik baxışla yox, mollanəsrəddinçilərə insana xas yüksək intellektuallıq - anpluada yanaşmış, fakt və hadisələri ədəbiyyatşünasların dililə desək - apoefeoz zövqlə şişirtməmişdir. Biz monoqrafiyada K.Camalovun pedaqoq mövqeyindən çıxış edən: insan ruhunun ilahiliklə birləşməsi məntiqini duyması, insanın bütün zamanlarda kainatın mərkəzində dayanması, gənc nəslin tərbiyəsində avatizmi - qədim babalarımızın yaxşı əlamətlərini götürməsi və məhz bu zəmində daxili özgələşmədən kənarlaşma kimi prosesləri analitik faktlara söykənən mühakiməsini alqışamalıyıq. O, belə bir ağır yükü çiyninə qaldırmış və oxuculara nümayiş etdirmişdir, vizioner ovqata - qeyri reallığa yol verməmişdir.
Oxuculara informatik nöqteyi-nəzərindən deyərdim ki, əsər giriş və beş fəsildən (şərti) ibarətdir; Molla Nəsrəddin epoxasını əhatə edir. Zaman və coğrafi kontekstdə yanaşanda çarizmin yönəlik siyasətinin fəlsəfəsindən irəli gələn milli ucqarlarda, xüsusilə Azərbaycanda geniş yayılan "Molla Nəsrəddin" dərgisi ətrafına yığılan şairlər, nasirlər, rəssamlar ailə-məktəb genezisini: sosial-iqtisadi, vətənpərvərlik hisslərini, təhsilalma zərurətini, ana dilinə yüksək önəm vermək hissiyyatını fərdi tədqiqatçılıq metodu ilə araşdırmışdır.
Mən Kamal Camalovu şəxsən son illərdə tanımışam, telefon əlaqələrimiz bizi yaxınlaşdırmışdır. O, alimlərin yaxın aurasında püxtələşmişdir. Professor, əməkdar elm xadimi Oruc Həsənlini xüsusi vurğulamaq istərdim və onun alim erudiyasını həmişə təqdir etmişəm, vaxtilə dediyim bir kəlamı xatırladım: "Alim alimin yanında yetişər". Bu mənada gənc alim, dosent Kamal Camalovun mənə göndərdiyi samballı kitabı hələlik son pedaqoq nəslin nümayəndəsi kimi nikbin fikir formalaşdırdı. K.Camalovda mənfi emosional təəssüratların güclü, davamlı kompleksi - qeyri adekvatlıq yoxdur, təəssüf ki, elə gənc, yaxud bu ekvatoru keçən pedaqoqlar var, özündən ifrat razıdır, dizposiyası fərdidir, orijinal tədqiqatdan uzaqdır, tərtib-filanla məşğuldur.
Mən yuxarıda sələflər və xələflər probleminə təsadüfən toxunmadım; beləsi məhz sələflərinə qarşı unutqanlıq göstərirlər. Kamal Camalovun öncə alim şəxsiyyətində belə bir yanaşmanı hələ ki, sezməmişəm. Əgər o, fəxr etməyə tam haqqımız çatan molla nəsrəddinçilərin xalqı, ölkəsi yolunda hümanizmini araşdırmışsa... xatırlamağı vacib hesab edərdim ki, pedaqogika tarixinin patriarxı, Zaqafqaziya və Orta Asiyada, o cümlədən Azərbaycanda ilk pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor Əhməd Yusif oğlunun anadan olmasının 110, 115 illiyi heç bir kəsin yadına düşmürsə.. Mərhum pedaqoqun bu gün də vaxtilə rəhbərlik etdiyi kafedrada çalışan alimlərin yadına düşmürsə... Bu sətirlərin müəllifi yubiley münasibətilə mətbuatda iki geniş məqalə ilə çıxış etmişsə (2017) və heç bir reaksiya olmamışsa... Görkəmli şair Məmməd Araz demişkən: "Bu dünyanın nəyindən küsüm?!"
Dosent Kamal Camalovun "Molla nəsrəddinçilər və ailə-məktəb problemləri" əsəri məzmun-forma və dil-üslub baxımından da məni qane etdi; çün, hər iki atribut müəllifin elmi-təhkiyəsini şərtləndirən amildir; bu cəhətə həmişə üstünlük vermişəm. Və nisbətən yaşlı və gənc pedaqoq-alimlərdə bu faktoru görməyəndə haradasa inciyirsən, ümidsizləşirsən. Mən isə məmnun qaldım ki, Kamal müəllim öz fərdi manerasını yaratmaq yolundadır və nail olmaqdadır. Ağır bir tədqiqatçı yükünə cəsarətlə yanaşması məndə belə bir qənaəti doğurdu. Elmdə fərdilik ən başlıca məxsusi cəhətdir. Bunu, mənim qələm və şəxsən dostum, professor Fərahim Sadıqovun kitaba yazdığı "Ön sözdə" daha bariz duydum: O əsəri "dərs vəsaiti" kimi (tamamilə düzgün yanaşmadır və rəsmi status almışdır. Mən eyni zamanda daha elmi əhatəlik baxımından "monoqrafiya" janrına da aid edirəm) yüksək qiymətləndirmiş və yazmışdır:
"K.Camalov bu vaxta qədər maarifçi mollanəsrəddinçilərlə bağlı heç kəsin toxunmadığı, bəlkə də toxuna bilmədiyi məsələləri yaxşı araşdırmış, çox dəyərli fundamental elmi-tədqiqat əsəri qələmə almışdır. Həmin məsələlərin şərhində mollanəsrəddinçilərin bir çox problemləri əhatə etməsi, xüsusilə, Azərbaycan xalq pedaqogikası materiallarına uşaqların təlimi və milli tərbiyəsi baxımından yanaşmalı faktlarının K.Camalov tərəfindən ilk olaraq aşkara çıxarılması məni çox maraqlandırdı" və bu nikbin fikri özünəməxsus tematikası və üslubu olan bir alimin xeyir-duası kimi səciyyələndirirəm.