ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Bu gün fırça mənim üçün bir silahdır"

15389    |   2018-02-28 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəssam İntiqam Ağayev Azərbaycan Rəssamlar İttifaqının üzvü, Qarabağ müharibəsinin iştirakçısıdır. Onun müharibə mövzusunda çəkdiyi əsərlər daha çox diqqəti cəlb edir. Söhbət zamanı İntiqam Ağayevin həm döyüş, həm də yaradıcılıq yolları ilə yaxından tanış olmaq imkanı qazandıq.
Qısa arayış: İntiqam Ağayev 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1983-cü ildə orta təhsilini bitirdikdən sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbinə üz tutub. Gənc yaşlarından milli-azadlıq hərəkatına qoşulub. Müstəqil dövlətimizin ordusu yarananda onun ilk əsgərlərindən biri kimi Qarabağın müdafiəsinə yollanıb. Şuşa, Ağdam, Tərtər, Goranboy, Füzuli və başqa bölgələrdə vuruşub. 1993-cü ildə zabitlik kursu keçərək kiçik leytenant rütbəsi alıb. Tərtər rayonunun ərazisi uğrunda gedən döyüşlərdə başından yaralanan İntiqam sağalandan sonra yenə də səngərə qayıdıb. Baş leytenant rütbəsi ilə ordu sıralarından tərxis olunub. 2-ci qrup Qarabağ müharibəsi əlilidir.

- İntiqam müəllim, siz ordumuzun ilk əsgərlərindən olmusunuz. Sizə bu addımı atmağa hansı hisslər təkan verdi, xidmətə nə vaxt başladınız?
- Mən vətənimə, torpağıma ürəkdən bağlı vətənpərvər bir insanam. Bu ülvi hiss və duyğu 1992-ci ilin fevral ayında məni yenicə yaranmağa başlayan ordumuzun sıralarına apardı. O vaxtlar bütün vətənpərvər oğullar silaha sarılıb vuruşmaq üçün yeni yaranmaqda olan hərbi hissələrə axışırdılar.
- Cəbhə bölgəsinə ilk dəfə nə vaxt getdiniz?
- 1992-ci il fevral ayının 26-da bizi Xocalıya göndərdilər. Həmin vaxt artıq dünyanı sarsıdan Xocalı faciəsi baş vermişdi. Erməni qəsbkarları şəhəri yerlə-yeksan etmiş, dinc sakinlərini isə güllələmişdilər. Bizi yaralıları və meyitləri çıxarmağa cəlb etdilər. Vertalyota minən kimi o havaya qalxdı. Gördüklərimdən dəhşətə gəldim. Şəhər sakinlərinin meyitləri qarlı meşələrə, dağlara səpələnmişdi. Ermənilər dinc adamlara da aman verməyərək onları güllələmişdilər. Hər tərəf meyitlərlə dolu idi. İlk cəhdimiz uğurlu alındı. İki qocanın və bələkdə olan bir körpənin meyitini çıxara bildik. Onları Ağdam rayonundakı məscidə gətirdik. Bu müqəddəs məkana çatanda gördük ki, uşaq tərpənir, sağdır. O, bələkdə olduğuna görə şaxta onu tam dondurub öldürə bilməmişdi. Bir körpə həyatını xilas etdiyimə görə çox sevinirdim, çox xoşbəxt idim. Sonra vertolyotların uçuşu üçün təhlükə yarandığından gözləməli olduq. Bir neçə gündən sonra bizi Ağdam və Ağdərənin müdafiəsinə göndərdilər. Döyüşlər zamanı bir əsgər, bir zabit kimi üzərimə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlməyə çalışırdım.
- Rəssamlığa həvəs sizdə nə vaxtdan yaranıb? Belə bir bacarığınızın olduğunu nə zaman hiss etdiniz?
- Bu bacarığı hələ kiçik yaşlarımdan hiss etmişdim. İlk "əsərlərimi" də divarlara və asfalta çəkirdim. Zaman keçdikcə bu sahəyə marağım daha da artırdı. Çəkdiyim şəkillər ildən-ilə bir-birindən yaxşı alınırdı. Daim ürəyimi döyəcləyən arzular sonda əlimdən tutub məni məqsədimə doğru - Əzim Əzimzadə adına rəssamlıq məktəbinə apardı. Sanki çeşmə çaya qovuşdu.
- Müharibə mövzusunda çəkdiyiniz əsərlər daha çox diqqət çəkir. Onların üzərində işləyərkən hansı hisslər keçirirsiniz? Ümumiyyətlə, müharibədən çəkmək başqa mövzulardan fərqlidirmi?
- Mənim üçün müharibə mövzusunda əsər yaratmaq ağrılı və əzablıdır. Bu iş mənə çox çətinliklə başa gəlir. Bu, bəlkə də döyüşlərdə iştirak etdiyimdən, gördüyüm qan-qada və göz yaşlarından irəli gəlir. Müharibə bütün kiçik detalları mənə tanışdır. Döyüşdüyüm müddət ərzində qanlı hadisələrlə çox rastlaşmışam. Axı, müharibə qan-qada, ölüm-itim və göz yaşı deməkdir. İnsan müharibədə doğmalarını, əzizlərini itirir, xoş gələcəyə olan inamı azalır, həyat gözündən düşür.
- Doğrudan da, əsərlərinizə baxanda bu ağrılar açıq-aydın hiss olunur. Əgər siz döyüşlərdə iştirak etməsəydiniz, müharibə mövzusunda əsərlər çəkərdinzmi? Xahiş edirəm suala səmimi cavab verəsiniz.
- Yəqin ki, çəkməzdim. Əgər çəkməli olsaydım da bu cür canlı və təbii alınmazdı.
- Belə çıxır ki, müharibə sizə mövzu verib, qarşınızda yeni yaradıcılıq cığırları açıb.
- Bəli, elədir. Müharibə dağıdıcı və məhvedici olsa da, o həm ədəbiyyata, həm də incəsənətə yeni mövzular verir. İncəsənət və ədəbiyyat adamları isə bundan bəhrələnərək insanlara müharibələr əleyhinə bənzərsiz və dəyərli əsərlər yaradırlar.
- Necə fikirləşirsiniz, soyuq rənglərlə isti tablolar yaratmaq mümkündürmü?
- Əlbəttə, mümkündür. O baxır sənətkara, sənətkarın sənətkarlığına. Bilirsinizmi, hər hansı bir əsər kətan üzərinə köçməzdən əvvəl o rəssamın ürəyində yaranmalıdır. Belə tabloların ömrü həmişə uzun olur. Mənim "İsti qar" adlı bir əsərim var. Bax, mən orada soyuq rənglərdən isti tablo yaratmağa çalışmışam. Həmin əsərim də müharibə mövzusundadır. Tabloya baxanda görürük ki, əsgərlər qarın üstündə ocaq qalayıb isinmək istəyirlər. Buna görə də mən əsərimə "İsti qar" adı vermişəm. İstəmişəm ki, əsgərlərimiz qarın üstündə də olsa yerləri və ürəkləri isti olsun. Bu, həm əsgərlərin, həm də rəssamın istəyidir. İstəklər üst-üstə düşdüyündən elə bilirəm ki, əsər çox real və təsirli alınıb.
- Yəqin ki, ordumuzun uğurla həyata keçirdiyi aprel döyüşlərinə həsr etdiyiniz əsərləriniz var?
- Aprel döyüşləri ordumuzun qüdrətini, zabit və əsgərlərimizinsə gücünü və hünərini dünyaya göstərdi. Cəbhədə qazanılmış uğurlar həm bir rəssam, həm də bir keçmiş döyüşçü kimi məni çox sevindirdi. Sevincimi bu mövzuda çəkdiyim "Hücum" adlı əsərə də səpələdim. Elə buna görə də əsər çox güclü alınıb. Deyəsən, ürəyimdən keçənləri fırçanın dili ilə deyə bilmişəm. Düşünürəm ki, "Hücum" tablosunda böyük qələbə ovqatı var.
- Qələbə demişkən, İntiqam müəllim, sizə belə bir sual da vermək istəyirəm. Silahlı Qüvələrimiz düşmən üzərində qələbə çaldıqdan, Qarabağ düşməndən azad edildikdən sonra siz bu mövzuda necə bir əsər çəkərdiniz? "Qələbə" tablosunu necə təsəvvür edirsiniz?
- Hamımız intizarla o günü və o anı gözləyirik. Xalqımızın gündən-günə güclənən ordusundan gözləntizi yalnız Qələbədir. İnşallah, çox keçməz qapılarımızı xoş xəbərlər döyər. Düşünürəm ki, Qələbə mövzusunda çəkilmiş əsərlər adi yox, möhtəşəm və çox qeyri-adi olmalıdır. Burada həm qələbə, həm mübarizlik, həm də sevinc vəhdət təşkil etməlidir. Bu, bütün zamanlara meydan oxuyan bir əsər olmalıdır. Elə bir əsər ki, ona baxanda həm öyünək, həm sevinək, həm də qürur hissləri keçirək. Qələbə mövzusunda çəkilmiş əsərlər hər birimizin arzu və istəklərimizin çələnginə çevrilməlidir.
- Hansı rənglərlə işləməyə üstünlük verirsiniz?
- Mənim üçün rənglərin hamısı əziz və doğmadır. Amma sarı, qırmızı və narıncı rənglərə sevgim daha böyükdür.
- Son vaxtlar zabit və əsgərlərlə görüşləriniz olubmu?
- Ötən ilin noyabr ayında rəssamlıq həftəsi çərçivəsində C.Naxçıvanski adına Hərbi Liseydə zabit və kursantlarla görüşüm oldu. Çox yaddaqalan bir gün yaşadım. Ordumuzun gələcək zabitləri qarşısında danışmaq, əsərlərini nümayiş etdirmək mənim üçün çox qürurverici idi. Hərbi təhsilə böyük maraq göstərən kursantları görəndə ürəyim dağa döndü, gözlərimi sevinc hissləri yaşartdı. Bu tədbir məndə xoş təəssüratlar oyatdı. Belə görüşlər yaradıcılığıma müsbət təsir göstərir.
- Böyük fikir adamı Plutarx deyirdi ki, şəkil çəkmək səssiz poeziyadır, poeziya isə danışan şəkildir.
- Çox müdrik və düzgün deyilmiş fikir olduğundan müəllifinə hörmətlə yanaşıram. Bu səssiz poeziya rəssamı sehirləyən, ona ilham verən güclü bir qüvvədir. Rəssam bu səssiz poeziyanın içində özünü çox rahat hiss edir və yeni-yeni əsərlər yaratmağa köklənir.
- Sizdən əvvəl bu mövzusunda əsərlər çəkən rəssamlarımız olubmu?
- Bəli, olub. Bu keçilməyən, iz salınmayan bir yol deyil. Görkəmli Azərbaycan rəssamı Vidadi Nərimanbəyov Böyük Vətən müharibəsi mövzusunda maraqlı və yaddaqalan əsərlər çəkib. Aradan illər keçməsinə baxmayaraq, bu əsərlər hələ də öz təsir gücünü itriməyib. Ümumiyyətlə, dəyərli rəsm əsərlərinin ömrü çox uzundur.
- Yəqin ki, sizin çəkdiyiniz əsərlərin də ömrü uzun olacaq.
- Sənətkarın özü-özünü tərifləməsinə yaxşı baxmıram. Kimin əsərinin uzunömürlü yaxud qısaömürlü olacağını zaman göstərəcək. Necə deyərlər, yaşayarıq, görərik.
- Müharibə mövzusunda çəkdiyiniz əsərlər özünüzü qane edirmi? Sizcə bu əsərlər real döyüş səhnələrini əks etdirirmi?
- Mən daha çox şahidi olduğum və ağrılarını yaşadığım anları tabloya köçürürəm. Buna görə də, əsərlərimin real həyat səhnələrini əks etdirdiyi gücündə olduğunu düşünürəm.
- Sözlərinizə və müşahidəmə əsaslanıb deyə bilərəm ki, sizin üçün müharibə hələ bitməyib. Dünən silahla döyüşürdünüz, bu günsə fırça ilə. Deməli, savaş davam edir. Sizin üçün bunların hansı çətindir, silah, yoxsa fırça?
- Doğrudan da, mənim üçün müharibə hələ bitməyib. Dünən düşmənlə əsgər, zabir kimi, bu günsə rəssam kimi döyüşürəm. Bir vaxtlar silahla dediklərimi, indi fırça ilə təkrar edirəm. Deməli, bu gün fırça mənim üçün bir silahdır. Ümumi götürəndə ikisi də çətindir, ikisi də mürəkkəbdir. Döyüşdə fiziki cəhətdən çox güclü və yüksək hazırlıqlı olmalısan, rəssamlıqda isə mənəvi dünyanın zənginliyindən qidalanmalısan, idrakının ənginliklərində dolaşmalısan. Düzdür, rəssamlıqda da fiziki gücə ehtiyac var.
Çünki gücün olmasa səni silkələyib qəlbini titrədən ideyaları tablolara köçürə bilməzsən. Çəkdiyim əsərlərlə gənclərdə torpaqlarımızı zəbt etmiş erməni qəsbkarlarına nifrət oyatmaq istəyirəm. Qoy böyüməkdə olan nəsillər dostumuzla, düşmənimizi yaxşı tanısınlar. Məqsədimə çatmaq üçün bütün bacarığımı ortalığa qoymağa çalışıram.
- Yəqin ki, hələ müharibədən yeni əsərlər yaradacaqsınız. Bu mövzu sizin üçün heç vaxt qapanayacaq.
- Əlbəttə, mənim üçün bu mövzunun qapıları üzümə həmişə geniş açıqdır. Düşünürəm ki, pərəstişkarlarımı yeni əsərlərimlə hələ çox sevindirəcəm.
- Yəqin ki, bir rəssam, bir müharibə iştirakçısı kimi zabit və əsgərlərimizə deməyə sözünüz var.
- Söz də rəsm əsərləri kimi qüvvətli və qüdrətlidir, yenilməz və məğlubedilməzdir. Azərbaycan əsgərinə sözüm və arzum bitib-tükənməzdir. Zabit və əsgərlərimizə əzmkarlıq və xidmətlərində uğurlar arzulayıram. Qoy onlar xalqımızı daim Qələbə müjdəsi ilə sevindirsinlər. Yaradıcı insanlar da onların qəhrəmanlığını həm rəsm əsərlərində, həm nəsr əsərlərində, həm də poeziya aləmində ədədiləşdirib gələcək nəsillərə çatdırsınlar.
Söhbəti yazdı:
Vahid MƏHƏRRƏMOV



İmza:

"Azərbaycan hər kəsin təhlükəsiz, rahat yaşadığı bir ölkədir" - Müsahibə

Xalq yazıçısının qızı: “Atam bizdən gizlin ağlayırdı” - MÜSAHİBƏ

Elçibəyin oğlu: “Atamı çox qınamışam” - MÜSAHİBƏ

ÖMRÜN 75-Cİ BAHARI

Orxan Pamuk: “Tarixdə mənim qədər dəyişiklik görən çox az yazıçı var”

“Gənc yazarların qələminə verilən dəyər bizləri daha da ruhlandırır”

“BANM-ın məzunu olmaq çox qürurverici hissdir” - MÜSHAİBƏ

KÖKÜNƏ ƏYİLƏN XAN ÇİNAR - Əbülfət MƏDƏTOĞLU

“Bakı Ali Neft Məktəbi uğurlarımın təməlini qoydu” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

İsgəndər Həmidov: “Şərəfsizləri, şöhrətsizləri, üzdəniraqları televiziyalara çıxartdılar” - MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: “Yüz qramdan sonra ağızlarına gələni yazırlar” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK