adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

SƏNGƏR POEZİYASI

VAQİF YUSİFLİ
31334 | 2018-02-28 00:25
Onu həmişə şeirimizin səngərində görmüşəm. Ramiz Duyğunun böyük vətənpərvərlik coşqusu ilə Azərbaycan ordusunu, onun qəhrəmanlıq və hünər dastanını yazmağa hazır olan oğullarını döyüşə səsləyən çağırışlarını eşitmişəm. Son iyirmi beş ildə Ramiz Duyğunun bütün şeirləri, poemaları yalnız vətənpərvərlik ruhuna köklənib. Hətta mənə elə gəlir ki, bu adam - bu səksən yaşlı polkovnik Ramiz Məlikov rahat və isti otağında deyil, səngərdə, döyüş bölgələrində yaşayır. Ramiz Duyğun elə bu amalla yaşayır ki, bir gün vətən oğulları ilə bir sırada gözəl Şuşamızın düşməndən geri alınmasında iştirak eləsin. "Qələbəyə gedən yol qarlı, şaxtalı, palçıqlı, tozlu, bürkülüdür. Bu yol dağların başından, dərələrin dibindən keçir. Bu yol Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan, Laçından, Kəlbəcərdən keçib qədim Azərbaycan məskənləri Şuşada və Xankəndində qurtarmalıdır. Bu şəhərlərin üstünə üçrəngli qələbə bayrağını sən sancmalısan" - Ramiz Duyğun bu arzuyla yaşayır və təkcə onun arzusu deyil bu, qələbə sorağına müntəzir olan milyonların arzusudur Çünki:

Yad əllərdə çabalayır
qandanlanmış zəncirlənmiş Kəlbəcərim.
Ürəyimdən ağrı qopur, ürəyimdə ağrı yanır,
Qubadlımın, Laçınımın tapdaq altda bağrı yanır.
Yer yarılıb, yeri itib Kirs dağında
dağ damımın,
Meydanları, küçələri kül altında Ağdamımın.
Kədər, qüssə ürəyimdə şiş gətirib, təpələnib,
Füzulinin, Cəbrayılın övladları çölə, düzə səpələnib.
Zülmət geyib don əvəzi
bu torpağın gəlinləri, türbələri.

Ramiz Duyğun 27 il SSRİ Silahlı Qüvvələrində, 16 il müstəqil Azərbaycan ordusunda xidmət etmiş, tibb xidməti polkovnikliyinə qədər yüksəlmişdir. Adətən, çiyinlərində ulduz daşıyan hərbçilərin sinələrində poeziya odu, alovu şölələnmir deyirlər, amma Ramiz Duyğun zorla, Tibb İnstitutunu bitirən kimi SSRİ Silahlı Qüvvələrinin sərəncamına verilib Belarusiyanın Qomel vilayətində xidmət etdiyi, çox çətinliklə Vətənə qayıdıb Neftçalanın Bankə qəsəbəsində hərbi hissədə çalışdığı illərdə də heç vaxt poeziyadan ayrılmayıb.
İnsana şairlik təkcə təbii istedaddan gəlmir, burada o insanın yaşadığı mühitin, ailəsinin, oxuduğu məktəbin də rolu var. Böyük Vətən müharibəsinin iştirakçıları olmuş atası Məşədi Məmməd və böyük qardaşı Əhməd şeir-sənət həvəskarı olublar.
Qardaşı tez-tez qonşu uşaqlarını toplayar, şeir müsabiqələri keçirər, balaca Ramiz də bu müsabiqələrin qalibi olardı. Yaşadıqları Güdəcühür kəndinin mədəniyyət evində keçirilən bütün tədbirlərin, tamaşaya qoyulan bütün əsərlərin təşkilatçısı o idi - qardaşı Əhməd.
O, universitetin filologiya fakültəsinə daxil olmuşdu. Amma amansız tale atasını da, qardaşını da əlindən aldı, 45 yaşında atası, 24 yaşında qardaşı ağır xəstəlikdən dünyalarını dəyişdilər.
Onda Ramiz dördüncü sinifdə oxuyurdu: "Mən birdən-birə sanki qocaldım, yaşlaşdım, ağıllandım və qərara aldım ki, Əhməddər sonra yaşaya bilməyəcəyəm. Qərara aldım ki, Kür çayında, Axmazı üzə-üzə keçim və orada boğulub ölüm. Lakin batmadım. Dincimi almadan yenidən özümü çaya atdım... Lakin yenə batmadım". Görünür, dəli Kür də bilirmiş ki, gələcəyin şairini belə erkən itirmək olmaz. Kürdə batmayan Ramiz qərara alır ki, qardaşı Əhmədin yarımçıq qalmış arzularını davam etdirəcək: "Həyatımın məqsədi yalnız bu idl: şair olmaq". Amma sən saydığını say, gör fələk nə sayır. Anası Tükəzban "Sən Əhməd gedən yolla getməyəcəksən. Getsən, sən də o yoldan qayıtmayacaqsan!" deyib, onu bu yoldan çəkindirir. Anasınıdan keçə bilmir Ramiz və 1956-cı ildə Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. Şeirdən isə ayrıla bilmir, 3-cü kürs tələbəsi ikən "yaşa, Azərbaycanım!" adlı ilk şeiri "Gəncliyin səsi" almanaxında çap olunur.
Ədəbiyyata gələn hər bir gəncin qarşısında əgər bir işıq yanırsa, hansı bir ustad şairsə o işığa dönüb cavan şairi ruhlandırırsa (belə İşıq-İnsanlar bizim ədəbiyyat tariximizdə azmı olmayıb?), bir istedadın yazmaq-yaratmaq həvəsi sönmür.
Xəlil Rza və Ramiz Duyğun... İllər keçəcək, Xəlil Rza sözün əsl mənasında Ramiz Duyğunun poeziya müəlliminə, ustadına çevriləcək. Və ustad öz yetirməsinin altmış yaşı tamam olanda, sanki bütün ədəbi ictimaiyyətin fikrini təsdiq edəcək ki: "Ramiz Duyğun şairliyi fitridir. O, özünün bədii istedadını bir əsrə yaxın ömür sürmüş anası Tükəzban xanımın halal südündən əmmişdir.
Ancaq aydındır ki, Ana və Allah vergisinə özün həyatda nə isə əlavə edə bilməsən, istedad parlamaz, qol-qanad aça bilməz. Bu halda sənətkarın şəxsi fəzilətləri, vətəndaş reallığı, müşahidə və mütaliə əzmi, zəhmətsevərliyi, iradə gücü, Vətənə, dünyaya məhəbbəti, fədakarlığı olduqca mühüm rol oynayır və nəticə etibarilə sənətkarın taleyini həll edir. Xoşbəxtlikdən saydığımız keyfiyyətlərin hamısı Ramiz Duyğunda var".
Ramiz Duyğunun bütün şeirlərində, poemalarında Xəlil Rza poeziyasında səslənən sözü cəsarətlə, çəkinmədən söyləmək, haqqın, ədalətin, vicdanın hökmü ilə pislikləri, rəzilliyi, xainliyi lənətləmək ehtirası, döyüş, qəhrəmanlıq çağırışları və əlbəttə, bütün bunların fövqündə azərbaycançılıq ruhu yaşayır. Elə sovet dönəmində yazdığı şeirlərdə də baş qəhrəman, baş mövzu, əsas xətt Azərbaycanın şanlı tarixi keçmişi, azadlıq uğrunda mübarizələri, başına gələn qovğalar, faciələr idi. Azərbaycançılıq, milli-mənəvi dəyərlərimizin təbliği bu şeirlərin havası, suyu, torpağıydı. Keçən əsrin səksəninci illərinin sonlarından başlayaraq yurdumuzda baş verən bütün ictimai-siyasi hadisələrin inikasını siz Ramiz Duyğunun şeir və poemalarında görə bilərsiniz. Sovet dönəmində televiziyada "Hünər" vətənpərvərlik proqramının əsas müəlliflərindən biri olan, İkinci Dünya müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığını bu verilişlər vasitəsilə milyonlara çatdıran Ramiz Duyğun müstəqillik illərində uzun müddət Müdafiə Nazirliyində mətbuat xidmətinin rəisi kimi eyni missiyanı şərəflə yerinə yetirdi. İllər keçəcək, Xalq şairi Söhrab Tahir "Sevgi, qeyrət və qəzəb poeziyası" məqaləsində yazacaq:
"Bir zamanlar sovet imperiyasının, rus şovinizminin qaş-qabaqlı kin-küdurətini təzə-təzə püxtələşən şeirləri ilə atəşə tutan Ramiz Duyğun bu gün Prezidentimizə yazdığı, mən deyərdim, poeziyamızda ilk dəfə ən güclü və ən səmimi şeiri səviyyəsində Qarabağın azadlığını, xilasını tərənnüm edir. Bu, eyni zamanda, tərənnüm deyil, həm də alovlu çağırışlardır. Bu poetik çağırışlar, fəryad və haraylar oxucunu Qarabağı sanki girov saxlayan, əsir edib onun adı ilə əylənmək istəyən düşmənə qarşı istiqamətləndirir. Ramiz Duyğunun poeziyası səngər, qeyrət, döyüş poeziyasıdır".

Nifrət vulkanları qopsun qanından,
Sən göz yaşlarını gülləyə çevir.
Qara gözlərinin qara giləsi -
Qarabağ
yad yurda heç vaxt qarışmaz.
Götür, bu sətirlər döyüş gülləsi,
Ağlama, ağlamaq bizə yaraşmaz.

Bu şeiri Ramiz Duyğun 1989-cu ildə qələmə alıb.
O zaman Azərbaycanın başı üstünü qara buludlar almışdı. Belə bir zamanda Ramiz Duyğun "Torpaq əldən getdi... qalx!", "Özünə arxalan, özünə güvən", "Qarabağımdan əl çək" deyirdi. İstər Atəşkəsdən öncə, müharibənin qızğın çağlarında, hər günü həm qələbə, həm də itkilərlə bitən illərdə, istərsə də sonralar onun şeirləri səngər libasını dəyişmədi. Ramiz Duyğunu görəndə yadıma düşən ilk iki kəlmə məhz "Döyüş və Müharibə" olur. Atəşkəs elan olunub, amma müharibə hələ bitməyib və içində qisas, intiqam hissi ilə alovlanan vətənpərvərlərdən biri də Ramiz Duyğundur. Doxsanıncı illərdə Xalq şairləri - Qabil, Məmməd Araz, Xəlil Rza Ulutürk və Zəlimxan Yaqub öz şeirlərində yüksək vətənpərvərlik nümunəsi ilə xalqı, milləti mübarizəyə döyüşə səsləyirdilər: "Qalx ayağa, məmləkətim", "Ayağa dur, Azərbaycan", "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" çağırışları şeirimizin canına, qanına hopmuşdu və Ramiz Duyğun da bu sırada "Məni döyüşə burax", "Qisas... qisas" deyirdi. İndi o şairlərin heç biri həyatda yoxdur və onların missiyasını Ramiz Duyğun yerinə yetirir.

Bu Vətənin hər elində səngər-
səngər dursaq əgər,
Bu yurdun hər qarışında
bir istehkam qursaq əgər.
Çəkicləri bir nəfərtək
bir zindana vursaq əgər -
Biz o günü görəcəyik,
Biz Şuşaya tank üstündə qalib kimi
girəcəyik.

Ramiz Duyğunun "Tarixin lənəti", "Kəllələrin fəryadı" poemaları isə onun müharibə və Qarabağ mövzusuna daha geniş planda - epik müstəvidə yanaşdığını nümayiş etdirir. Bu əsərlər Azərbaycan, ingilis və rus dillərində oxuculara təqdim edilib.
Hər iki poema Azərbaycanın başına gələn müsibətləri əks etdirir, bunlar təkcə poeziya faktı deyil, həm də ibrət dərsidir ki, cavan nəsil oxusun, faydalansın. Doğrudur, bunlar məlum qəziyyələdir, amma onları tarixi faktlar işığında, BİRLİK İDEYASI xətti ilə əks etdirmək vacibdir. "Kəllələrin fəryadı" poeması 1918-ci ili aprel-may aylarında erməni generalı Amazaspın rəhbərlik etdiyi iki cəza dəstəsinin Qubada törətdiyi vəhşiliklərdən söz açır. Həmin vandalizm nəticəsində 36782 nəfər dinc sakinlərimiz qətlə yetirilmişdi.

Qudyalçayın sahilində
açıq səma altında
açıq kəllə muzeyi,
açıq sümük muzeyi.
Kədər, qüssə,
qəzəb, nifrət
onun bircə bəzəyi.

Çox danışmaq olar Ramiz Duyğunun səngər poeziyasından. Onun ulu öndər Heydər Əliyev obrazından-xalqın qeyrət, milli vüqar və yeni Azərbaycanı yaratmaq missiyasından danışan şeirləri də ayrıca bir söhbətin mövzusudur. (Sən adi bir bəşər deyil, bir adın var: FÖVQƏLBƏŞƏR. Kim deyir ki, marşalım yox, Sən birinci marşalımsan!) Və Ramiz Duyğunun sevgi lirikasını əks etdirən, çox zərif məhəbbət şeirləri də var.
Onun səksən yaşını təbrik edirəm, Qələbəyə inamını alqışlayıram! Uzaq deyil o QƏLƏBƏ!


TƏQVİM / ARXİV