adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Fevral 2018 15:58
21910
ƏDƏBİYYAT
A- A+

İmperatordan Puşkinə son məktub: “Sənin arvadını...”

Rusiya ədəbiyyatının günəşi sayılan Aleksandr Puşkinin necə öldüyünü bilməyən az olar. Ədəbiyyatla yaxın-uzaq hər kəs bilir ki, böyük şair dueldə öldürülüb. Səbəb isə fransız zabitlə şairin arvadı haqqında gəzən şayiələr olub. Amma bu duel necə baş verib, bu dueldən sonra nələr yaşanıb – xırdalıqlar ya çoxlarına maraq kəsb etməyib, ya da maraq dairəsindən bilərəkdən uzaq tutulub. Rusiya ədəbiyyatına həbəş hərarəti gətirmiş bu dahinin ömrünün son illəri üçün tarixə kiçik bir nəzər salaq. Bu barədə oxucuları bir dəfə məlumatlandırmışdıq ki, Puşkin duel həvəskarı olub. Bəzən hətta "fındıq qabığını doldurmayacaq” səbəblərdən duel çağırışı edərmiş. Ən yaxın dostlarından, qohumlarından biri belə onunla naxoş zarafat etsə, bir an tərəddüd etmədən onu duelə çağırarmış. Dəfələrlə onu belə təhlükəli duellərdən dostları uzaqlaşdırıb. Amma axacaq qanı dayandırmaq mümkün olmur. Puşkinin qaynar qanı isə sonuncu duelində axdı, həm də sözün həqiqi mənasında – həkimlər yaralı şairin qanını dayandıra bilməyiblər.

1836-cı ilin noyabrında Puşkin anonim məktub alır. Məktubda şair bu ifadə ilə təhqir olunurdu: "Birinci dərəcəli buynuzlu ordeninə namizəd”. Qəzəblənən şair məktubun kimdən gəldiyini bilməsə də nəyə görə olduğunu yaxşı bilirdi. Niderland səfiri, baron Lui Hekkernin övladlığı Jorj Dantes və şairin arvadı Natalya Qonçarova haqqında dedi-qodular bütün Peterburqu dolaşırdı. Boğaza yığılan şair Dantesi duelə çağırsa da, zabit çox hiyləgər addım atır. Natalyanın bacısına evlənmə təklifi edib, razılığını alır. Bir ay sonra cütlüyün nikah mərasimi baş tutsa da şayiələr səngimir. Hətta daha da güclənir, deyilənə görə Dantes Natalyaya daha da yaxın olmaq üçün bu nikaha qol qoyubmuş. Daha Puşkini dilə tutmaq mümkün olmur. O, baron Hekkernə duel çağırışı göndərir, amma baron vəzifəsindən dolayı bu duelə qatıla bilmir və yerinə Dantesi göndərir. Məlum olduğu kimi Puşkin həmin dueldə qarın boşluğundan ağır yaralanır, buna baxmayaraq Dantesi də əlindən yaralaya bilir. Şairi təcili həkimə çatdırsalar da, Peterburqun ən yaxşı həkimləri qanı dayandıra bilmirlər. İki gün ərzində güclü qan itkisindən şair hallüsiyasiyalar, davamlı qızdırma və titrətmədən əziyyət çəkir. Hətta imperatorun şəxsi həkimi Arendt də onun həyatını xilas edə bilmir. 1837-ci ilin 29 yanvarında saat 14:45-də şair dünyayla əbədi vidalaşır. Onun evində bütün saatlar həmin vaxt üzərində dayandırılır. Həmin saatlar indi Puşkinin ev muzeyində 14:45-i göstərdiyi vəziyyətdə saxlanılır. Puşkinin 100 illiyində Sovet cərrahları ölümü incələyərək belə fikir irəli sürmüşdülər ki, şairi XX əsrin nəinki bacarıqlı, hətta sıravi həkimi də xilas edə bilərdi, amma zamanının ən yaxşı həkimləri bunu bacarmadılar.

Məsələnin ən çətin tərəfindən biri də bu idi ki, o dönəmdə duel artıq ləğv edilmişdi. Şair dünyasını dəyişsə də, onun sekundantı olmuş Danzas həbs olunacaqdı. Buna görə də Arendt imperatordan onun bağışlanması üçün xahiş edir. Puşkinə böyük hörməti olan I Nikolay məhz şairin xətrinə Danzası bağışlayır və şairə belə bir məktub yollayır: "Bu dünyada bir daha üz-üzə gəlmək bizə nəsib olmayacaq, amma mən qanunu pozduğunu bağışlayıram və sənə əsl xristian kimi ölməyi tövsiyə edirəm. Ailən haqqında narahat olma. Sənin arvadını və uşaqlarını mən himayəmə götürürəm”.

İmperator Puşkinin dəfninin sadə keçməsi üçün tapşırıq verir, çünki xalqın ayağa qalxacağından və qarmaqarışıqlıq yaranacağından qorxurdu. Jandarmanın nəzarəti altında yalnız yaxınları və qohumlarından ibarət dəfn mərasimi təşkil olunur. İmperator isə sözünü tutur. Natalya və uşaqlarına dövlət xəzinəsindən 10 min rubl pul ayrılır, Puşkinin borclarını bağlatdırır və hər ay ailəsinə maaş təsis olunur. Bundan başqa, Puşkinin bütün əsərlərindən gələn qazancın ailəsinə vaxtaşırı çatdırılması üçün göstəriş verdirir. İmperatorun digər göstərişi ilə baron və oğulluğu Dantes Peterburqu həmişəlik tərk edirlər.

Yeri gəlmişkən, Natalyanın təkcə Danteslə deyil, imperatorla da münasibəti olması ilə bağlı söz-söhbətlər vardı. Amma göründüyü kimi pıçhapıç Nikolayın evini yox, Puşkinin evini yıxıb. Əslində Dantesin Natalyaya, hətta onun bacısı Yekaterinaya da marağı ola bilməzdi. Çünki sonralar açılan həqiqətə görə Dantes homoseksual olub. Onun atalığı kimi tanınan baron isə birlikdə yaşadığı "əri” imiş. Məsələ burasındadır ki, baron Dantesi uşaqkən deyil, 24 yaşında övladlığa götürüb. Özü də heç vaxt evli olmayıb. Dantesin ailəsindən icazə alaraq gənc oğlanı oğulluq adı ilə yanına alıb. Güman ki, oğlanın ailəsinin bu ata-balalığın arxasında izdivac gizləndiyindən xəbəri olub, çünki baron hər ay buna görə Dantesin ailəsinə pul ödəyirmiş. Puşkinin baldızı ilə evlilik isə onun "ata”sının tövsiyəsi olub, yəni Dantesi şairin qəzəbindən qorumaq üçün belə edib. Natalyanın bacısı nəinki o zaman üçün, hətta indiki zaman üçün də yaşı keçmiş qız sayılırdı, 28 yaşında idi və bacısından fərqli olaraq gözəl deyildi. Məhz bu qızla nikah "ata-bala” məhəbbətinə ziyan gətirə bilməzdi. Hər halda baron Dantesi tamamilə əldən vermək istəməzdi. Buna baxmayaraq, bu evlilikdən 4 uşaq dünyaya gəlib və nikah Yekaterinanın ölümünə qədər davam edib. Taleyin ironiyasına bax ki, Dantesin qızı Şarlotta sonralar Puşkinin pərəstişkarı olub. Onun otağında şairin böyük portreti asılıbmış. Qız şairin bütün poemalarını əzbərdən bilirmiş. Buna görə də atası öz qızına nifrət edib və qızını dəli adı ilə ruhi xəstəxanaya yerləşdirib. Şarlotta 18 yaşından 48 yaşına qədər burda yaşayıb və ölənə qədər də atasını qatil adlandırıb.


Şəfiqə ŞƏFA