ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Hər şey zaman içində

Vaqif Aslan

8112    |   2018-02-27 14:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Roman

Tanınmış yazıçıVaqif Aslanın "Görkəmli adamların həyatı” seriyasından buraxılmış "Hər şey zaman içində” romanı dünya şöhrətli Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. "Adalet.az” həmin romandan bəzi parçaları öz oxucularına təqdim edir.



əvvəli burada

Məhkəmənin qərarı

XII

Qara maşın Gəncəyə çatanda gündüz saat ikinin yarısı idi. Onları qara maşından düşürüb birbaşa məhkəmə olacaq binaya apardılar. Məhkəmə zalında oturub gözləmələrini əmr etdilər. Başlarının üstündə silahlı əsgərlər dayanmışdılar. Aradan bir xeyli vaxt keçdi. Birdən elan etdilər:

-Ayağa qalxın, məhkəmə gəlir!

Onsuz da məhkəmə zalında Hacı Lətif kişinin aıləsindən və nəzarətçi əsgərlərdən başqa heç kim yox idi. Onlar da ayaq üstə idilər. Qarşıdakı səhnənin yan qapısı açıldı. Məhkəmə üzvləri zala daxil oldular. Onlar Gəncə dairəsi üzrə rayon Fövqəladə Üçlüyündən ibarət idilər. Hakimin amiranə səsi zalda əks-səda verdi:

-Müttəhimlər onlar üçün ayrılmış xüsusi yerə keçirilsinlər!

Hacı Lətif kişi və ailə üzvləri nəzarətçi əsgərlərin müşayiəti ilə səhnəyə qalxıb müttəhimlər üçün ayrılan yerə keçdilər. Hakimlə və məhkəmə üzvləri ilə qabaq-qarşı dayandılar. Onları oturmağa da qoymadılar. Onlara danışmaq ikanı da vermədilər. Əslində heç sual-cavab da olmadı. Fövqəladə Üşlüyün sədri qarşısındakı 47 №-li qovluğu sürətlə vərəqlədi və müstəntiq Yelyanı məhkəmə zalına dəvət etdi. Yelyan ağzını açıb nəsə demək istəyirdi ki, hakim onun sözünü kəsdi:

-Qovluqdakı faktların doğruluğunu təsdiq edirsənmi?

Yelyan cavab verdi:

-Bəli, möhtərəm hakim!

Hakim ayağa qalxdı. Yanındakılar da, məhkəmə zalından onlara irişə-irişə baxan müstəntiqYelyan da ayağa qalxdılar. Müttəhimlər onsuz da ayaq üstə idilər.Hakim ciddi və sərt bir tövrlə əlindəki vərəqi oxumağa başladı:

-"Azərbaycan ərazisi üzrə Gəncə dairəsi rayon Fövqəladə üçlüyü müvəkkil Yelyanın məruzəsinə və Nuxa şəhərində tərtib edilən 12 mart 1931-ci il tarixli təqsirnamədə göstərilən faktlara əsaslanaraq qərara alır: " Hacı Lətif Rəsul oğlu səkkiz il müddətinə həbs düşərgəsinə məhkum edilsin. Məhkumluq müddəti ... hesablansın. Ailəsi üç il müddətinə Qazaxıstana sürgün edilsin. Sürgün müddəti ... hesablansın. Əmlakı müsadirə edilsin. ”

Məhkəmə elə bununla da bitdi. Hacı Lətif kişini və ailəsini yenə də qara maşına doğru apardılar. Qara maşın yola düşdü.

******************

*****

Çıxılmazlıq

XIII

Əbdüləli müəllim neçə gün idi ki, özünə gələ bilmirdi. Ata-anasının, qardaşlarının haraya sürgün edildiyini öyrənmək də onun üçün müşkül bir işə çevrilmişdi. Öyrənə bildiyi yeganə bir şey onların konvoyla Bakı limanına gətirilməsi, digərləri ilə birlikdə yük gəmisinə doldurulub Xəzərin o biri tayına –Krasnovodsk limanına göndərilməsi, sonra isə Aral dənizinin şimalında yerləşən Kokaral adasına sürgün edilməsi olmuşdu.

Bu dəqiq idimi? Bunun dəqiq olduğunu necə dəqiqləşdirməli? Nə yaxşı ki, onun Mehralı adlı bir dostu vardı. O tez-tez Aşqabada, arabir də Daşkəndə və Alma-Ataya gedib gələnlənlərdən idi. O yerləri yaxşı tanıyırdı. Özünün də Siyasi İdarədə yaxın bir qohumu işləyirdi. O, Pakizə adında yupyumuru bir qız idi. Sevişirdilər. O Mehralıya, Mehralı da Əbdüləli müəllimə bu işdə kömək edəcəyinə söz vermişdilər. Amma ki, günlər sürətlə bir-birini əvəz edirdi. May ayı qurtahaqurtarda idi. Get-gedə Əbdüləli müəllimin səbri, hövsələsi daralırdı.

Bir axşam darvazanın döyüldüyünü eşidən Əbdüləli müəllim həyətə çıxdı. Darvazanın bala qapısını açıb gələnin dostu Mehralı olduğunu gördü. Əlüstü salamlaşıb, darvazanı tez bağladılar, evə keçdilər. Mehralı qoltuğundan bir dəstə kağız çıxartdı. Bunlar Hacı Lətif kişinin istintaqı və məhkəməsi ilə bağlı sənədlərin makinada çıxarılmış surətləi idi. Onlar kağızları diqqətlə oxumağa başladılar. Birdən Əbdüləli müəllim təəccüblə Mehralıdan soruşdu:

-Qardaşım, beş yaşlı Hamid sürgündə ola-ola adının istintaq sənədlərinə salınmaması nə deməkdir?

Çevrilib Əbdüləli müəllimə baxan Mehralının üzündə acı bir təbəssüm əmələ gəldi:

-Sovet hökuməti hümanist hökumətdir. O, uşaqları sürgünə göndərmir.

Onlar yenə də baxışdılar, dodaqlarını büzərək başlarını mənalı-mənalı tərpətdilər. Hər ikisi bir ağızdan:-Belə de!-dedilər.

İttihamnamənin "qərara alındı” hissəsindəki "Tyurok, poddanstvo ASSR” sözləri də onların diqqətindən yayınmadı. Əbdüləli müəllim dedi:

-Bu hayes Yelyan onun türk olduğunu xüsusi vurğulayıb. Üstəlik "qrajdanin” sözündən deyil, "poddanstvo” sözündən istifadə edib. "Qrajdanin” vətəndaş” mənasında olduğu halda, "poddanstvo” həm "vətəndaş”, həm də "təbəə” mənasındadır.

Mehralı ona təsdiqedici bir nəzərlə baxaraq cavab verdi: "Bəli, hayes Yelyan türkə Azərbaycan vətəndaşı kimi deyil, Azərbaycan təbəəsi kimi baxır. Bütün SSRİ üzrə məşhur Üçlüyün üzvü Mir Cəfər Bağırovun səsinin gur yerinə salaraq hansı bərabərlikdən, hansı xalqlar dostluğundan danışdıgına fikir verməmisənmi?

Əbdüləli müəllim Mehralını sirayətedici nəzərlərlə başdan-ayağadək gözdən keçirdi:

-O, qorxaqdır. Özününküləri qırmaq, öldürmək yolu ilə özgələrin yanında mövqe qazanan qorxaqdır. Qorxaqlar qorxutmaq yolu ilə cəsarətli olurlar. O-SSRİ səviyyəsində qorxaqdır. O bu ittihamnaməni "soqlasen i utverjdayu”-"razıyam və təsdiq edirəm” sözləri kor-koranə şəkildə imzalayan Bədəlov kimi bir şeydir.

Mehralı əlavə etdi: "Dostum, o həm də SSRİ səviyyəsində yaltaqdır. Stalinə, Beryaya və Üçlüyün bizim gözlərimizdən yayındırılan hayes üzvlərinə yalanan yaltaqdır. Xayindir, satqındır, onda türk qanı yoxdur. O bizi satmaq, ayaqaltı eləmək, bizə cəza verməklə onlara xoş gəlmək istəyən iyrənc bir adamdır. Baxacaqsan, onun axırı olmayacaqdır.”

Onlar susdular və yenidən baxışdılar: "Divarlar bizi satmaz ki?”

Sonra da gülümsədilər:”Onlar bəzilərindən daha etibarlıdır.”

Əbdüləli müəllim bayaqdan od saldığı samovarın qaynadığını görüb dedi:

-Yaxş. Sədaqətli divarların şərəfinə bir stəkan çay içək! Amma əvvəlcə çayniki dəmləyək. Mehralı, bax, gör, Əbdüləlinin əlindən bir işgəlir, ya yox.

Elə ki, çay içə-içə bir loxma çörək kəsdilər, onda bu qərara gəldilər ki, müəllimlər yay tətilinə çıxan kimi Krasnovodska, oradan da Kokarala getsinlər. Sonrasına Allah kərimdir.

******************

*****

Yollar

XIV

- Mehralı, sən mənə qardaşlıq elədin.Yoxsa ki, bu yolları təkbaşıma keçib gələ bilməyəcəkdim.

-Hələ mənzilə çatmağımıza çox vardır, Əbdüləli müəllim, tələsmə.

-Ürəyimə damıb ki, hər şey yaxşı olacaqdır. Amma nədənsə tələsirəm.

-Axı, tələsməklə deyil, yetişməklədir. Əbdüləli, görmədinmi ki, Şəkidən Bakıya, Bakıdan, özün demişkən, Balkan vilayətindəki Qızılsuya, yəni, Krasnovodska gəlməyimiz bir neçə günə çəksə də, gah qurudan adlaya-adlaya, gah da sudan keçə-keçə Türkmənistandan Özbəkistana gəlməyimiz bir aya qədər vaxt apardı. Müəllimlərin yay tətilinin qurtarmasına nə qaldı ki?

-Düz deyirsən Mehralı qardaş! Artıq iyulun onu da oldu. Bir azdan o da qurtaracaq. Öhdəmizdə bircə avqust ayı qalır. Qazaxıstana vaxtında çatsaydıq! Nə yaxşı ki, sən türkmən və özbək ləhcələrini bilirsən, yoxsa, günümüz nə olardı?

-Fikir eləmə, Əbdüləli, mən qazax ləhcəsini də bilirəm. Eh, mənim ömrüm-günüm bu yerlərdə keçib. Bir də ki, bunlar eyni bir dilin ayrı-ayrı ləhcələridir. Bir azca buralarda oldun, hamısını öyrənəcəksən. Bizlərdə ögeylik yoxdur. Atamız-bir, anamız-bir. Sadəcə olaraq, bir-birimizdən aralı düşmüşük. Əslində aralı da düşməmişik, küsülü qonşular kimi yaşamışıq.

- Mehralı qardaş, and olsun, alim kimi danışırsan. Özü də öz dilini bilən alim kimi.

-Əbdüləli, oxumaq ayrı şeydir. Oxumaq,görmək və bilmək isə bir ayrı şeydir. Qazılanmaq olmasın, məndə bunların üçü də vardır. Nə olsun ki, diplomum yoxdur.

-Heyif ki, sovet hökuməti hər şeyi diploma bağlayır. Real savad nəzərə alınmır. Özünün verdiyi bir parça əskini əsas götürür. Əslində o, Nikolaydan qalma qanunları tətbiq edir. Rus özünütəbliğdən başqa ayrı bir işə baxmır. Tatarı ruslaşdıra-ruslaşdıra, türkməni aldada-aldada, özbəyi dolaşdıra-dolaşdıra, qırğızı və qazağı bir-biri ilə savaşdıra-savaşdıra, bizləri də yerlərimizdən didərgin sala-sala öz işini görür. Beynimizdən, ağlımızdan istifadə edə - edə bizi özümüzə yadlaşdırır.

-Əbdüləli, sən özün də məndən dala qalan deyilsən. Səndə cılğı alim suyu vardır.

- Mehralı, sən hələ Əbdülməcidi görməmisən. Maşallah, kəllədir. Eləmədiyi misal yoxdur. Mən özüm müəlliməm. Amma Əbdülməcid mənim çətinlik çəkdiyim misal və məsələləri də çox asanlıqla həll edir. İşə bax ki, bu qabiliyyətin yiyəsi olan bir uşağın üç-dörd gün bundan əvvəl sürgündə - Kokaralda on beş yaşı tamam olmuşdur. Burası belə. Kiçik qardaşım Hamidin vur- tut beş yaşı vardır. Sürgünə göndərilənlərin siyahısında adı da yoxdur, Kokaralda sürgündədir. Ədalət beləmi olur? Bunların aqibəti Viktor Hüqonun "Səfillər”indəki bir çörək üstündə katorqaya göndərilən Jan Val Janın aqibətinə bənzəmirmi? Cinayətlə cəzanın tarazlığının pozulduğu bir məmləkətdə ədalətdən dəm vurmağa dəyərmi?

-Əbdüləli, təhsilim olmasa da, adını çəkdiyin o əsəri mən də oxumuşam. Demək istəyirəm ki, istər Nikolay hökuməti olsun, istərsə də bu hökumət, bunlar bir medalın tərs və unqat üzləri kimidir. Bunların heç birində insana hörmət olmamışdır. Əvvəla, dili ağzına sığmayanlar vətəndaşın üzərinə düşən vəzifələrin nələr olduğundan danışır. Dövlətin üzərinə düşən vəzifələrin nələr olduğunu isə, ümumiyyətlə, dilinə gətirən yoxdur. Vətəndaş nə etməli olduğunu bildiyi halda, dövlət nə etməli olduğunu bilmir. Vətəndaş dövlətə xidmət edir, dövlət isə vətəndaşa xidmət etmir.

- Mehralı qardaş, xaos elə buna deyirlər. İt iti tanıyır, amma yiyəsi itini, it də yiyəsini tanımır. Fransızı pisləyib fransız utopik sosializmindən, almanı qaralayıb alman klassik fəlsəfəsindən, ingilisi bəyənməyib ingilis siyasi iqtisadından dəm vuran bir dövlətin ideologiyasında hansı şəffaflıq ola bilər? Bu-kirli düşüncələr dövlətidir. İndi bizə nə düşüb ki, cəlayi-vətən olmuşuq? Biz nə günahın sahibiyik ki, əsir-yesir edilirik, hara gəldi sürgün olunuruq? Elə bil ki, bizləri tilsimə salıblar. Hansısa sehirli bir əl üstümüzdə gəzir. O əlin sığalı ilə biz yuxuya gedirik. Biz yuxuda olanda sapı özümüzdən olan baltanın ən kəsərlisini seçirlər ki, başımızı rahatlıqla kəssinlər. Ölkədəki, bölgədəki və yerlərdəki ən biqeyrət kişi və qadınları seçib sonalayırlar. Ona görə ki, sapı özümüzdən olan baltalar onların əlində daha etibarlı görünür.

-Bəli, Əbdüləli, bəli. Biz həmin o biqeyrətlərin fitvası ilə ata-ana, bacı-qardaş axtara-axtara qalmışıq. Onu da deyim ki, Ozbəkistandan Qazaxıstana daha bir şey qalmayıb. Nukusdan keçmişik. Hal-hazırda Altunkuldayıq. Elə ki, gedib Münoka çatacağıq, ondan sonra qayıqla Aral dənizi boyunca ağzıyuxarı Kokarala qədər üzə biləcəyik.Arala taciklər "Bəhri-Aral”, farslar isə "Dəryaçe-ye Xarəzm” deyirlər.Düzdür, Kokaral Aralın Qazaxıstana düşən hissəsindədir, lakin keçidlərdə yoxlama-zad olmur. O ki, qaldı "Kokaral” sözünün mənasına, bunu "Yaşılaral”, yəni "Araldakı yaşıl yer” kimi izah edirlər. Qazaxlar ”Kökaral” və "Kuqaral”, "Aral”a "Orol” deyən özbəklər isə ona "Kokorol” deyirlər. Onu da deyim ki, Cənubi Qazağıstanın Maktaaral və Ordabasi rayonlarında, Özbəkistanın Daşkənd vilayəti Buki rayonunda adına Kokaral deyilən aullar vardır. Elə Kokaralın yuxarısından gündoğan tərəfindəki aulun da adı Kokaraldır. Görək, bizimkilər oradadırmı? Amma bizim indi olduğumuz yerlər Araldan aşağıdakı yerlərdir. Buralar Qaraqalpaqıstan adlanır. Hələ ki, biz də Qaraqalpaqların, yəni, "qarapapaqların” arasındayıq. Davdaq adlı bir qaraqalpaq şairi demişkən:

Torumu atdım dengizə,

Denqiz balığı bermedi.

Allah rehm elesin bize,

Denqiz balığı bermedi.

Düzdür, bizim özümüz də o boyda dənizdən toruna bircə balıq düşməyən o qaraqalpaq şairinin günündəyik, amma elə bilirəm ki, səhər Münoka yola düşsək, ordan da qayıqla özümüzü Kokarala çatdıracağıq.

-Allah ağzından eşitsin! Hamilə gecələr xeirxah gündüzlər doğsun! Yataq, dincimizi alaq ki, yollar bizi yormasın!

(Kokaral adası yaşıl rənglə göstərilmişdir)

***************

*****

Münokdan Kokarala

XV

Altunkuldan Münoka gedən avtomobil torpaq yolla hərəkət etdiyindən sərnişinlər istidən və tozdan əziyyət çəkirdilər. Demək olar ki, hamının boyn-boğazından tər axırdı.Əyinlərində özbəksayağı arxalıq, başlarında araqçın olan Mehralı ilə Əbdüləli müəllim heç kimin diqqətini cəlb etmirdilər. Türkmənlə türkmən, özbəklə özbək kimi danışan Əhməd isə heyranedici idi. O, adamlara alim və səyyah təsiri bağışlayırdı. Onu dərin adam, böyük bir şəxsiyyət kimi qəbul edirdilər. Ona hörmətlə yanaşırdılar. Təbiidir ki, Əbdüləli müəllimi ondan ayırmırdılar. Bu şirin yolçuluq, nəhayət, günortaya yaxın başa çatdı.

Maşından düşdülər. Sərnişinlər köhnə tanışlar kimi bir-biri ilə salamatlaşıb ayrıldılar. Əbdüləli müəllim əyilib Mehralının qulağına dedi:”Kitablardan oxumuşam ki, Aral gölünün sahəsi 68.000 km2-dir.Əhməd ona yarıciddi, yarızarafat ilə cavab verdi:

-Gəl, əvvəlcə toqqanın altını bərkidək, sonra "Dəryaçe-ye Xarəzm”ə baş vurarıq.

Elə də etdilər. Hərəsi bir piyalə çay içib, allahverəndən bir tikə çörək kəsdi. Durdular. Nə fikir etdilərsə, çayxana sahibindən məsləhət almaq istədilər. Çayxananın sahibi Əmin əkə Ötəroğlu adında ortayaşlı bir kişi idi. Ruhanilərsayağı xətt saxlayırdı. Adamları qarşılamağından xoşməcaz bir adam olduğu bilinirdi. O, məsləhət bildi ki, balıqçı Bərdah əkə daha yaxşıdır, qayığı möhkəm, özü isə etibarlıdır. Sonra da əlavə etdi:

-Oturun, bir piyalə çay için. Çağırtdıracağam. Siz çayınızı içib qurtarana kimi Bərdah əkə gəlib çıxacaqdır.

Elə də oldu. Bir azdan sanki iki paya üzərində yeriyən nəhəng bir adam onlara yaxınlaşdı. Salamlaşdı. Hər ikisinə xoş gəldin dedi, əl verib hər ikisi ilə görüşdü. O da ortayaşlı idi. Üzündəki saqqalabənzər tək-tük uzun və seyrək tüklər, təpəsinin ortasındakı araqçın onu daha da heybətli göstərirdi. Üzünü çayçıya bir qədər hündürdən dedi:

-Mənə də bir dör gətirin! Bir piyalə də çay verin!

Bərdah əkənin səsindəki yumşaqlıq və mülayimlik onun xoşqılq bir adam olduğundan xəbər verirdi. Görünüşündən çox ağır bir adam təsiri bağışlasa da, yüngüllüklə dörə əyləşib, bardaş qurdu. Qarşısındakı piyalədən bir qurtum çay içib sözə başladı:

-Munok dolu Ötəroğludur. Amma Əmin əkə Ötəroğlu birdir. Mənimlə gedəcəksiniz. Mənimlə gələcəksiniz. Siz qərib adamsınız. Qərib adam Cənnətdən qovulmuş Adəmə oxşayır. Amma indiki Adəmlərin çoxunu günahına görə deyil, günahsızlığına görə yurdlarından didərgin salırlar. Əbdüləli müəllim köksünü ötürdü:

-Neynəməli? Bu, tarixin Əhrimənlər dövrüdür.

Bərdah əkə dərdinə dərddaş tapan adamlar kimi dərhal cavab verdi:

-Əslində, Əhrimən "Əyri-mən” deməkdir. Əyrilərin mənəmlik dövründə günahsızları cəzalandırırlar. Nə qədər ki, Bərdah əkə sağdır, araqçını yandan qoyun! Getdik!

Bərdah əkə Görünüşünə xas olmayan bir cəldliklə ayağa durub, üst-başını silkələdi:-Əmin əkə, xeyir-dua ver, yola düşürük!-dedi.

Onlar da çayçı Əmin əkə Ötəroğlu ilə salamatlaşıb Bərdah əkəyə qoşuldular.

*****************

*****

Kokaralda

XVI

Bərdah əkənin qayığı gün əyiləndə Berq körfəzinə daxil olub Kokarala çatdı. Meh vurduqca ləpələnən Aralda gah qalxıb düşən, gah da sağa-sola əyilən qayıq beşik kimi yırğalanır, suların səsi ana laylası kimi görünürdü. Bəlkə də, elə bu laylanın təsiri ilə Əbdüləli müəllim də, illər boyu yollar yormuş Mehralı da yuxuya getmişdilər. Bərdah əkə yol boyu onlara dəfələrlə çevrilib baxmış, oyatmağa qıymamışdı. Bu nəhəng insan qayığı sahilə bənd edib, elə qayığın içindəcə onlara baxa-baxa oturmuş və dərin bir fikrə getmişdi.

Əbdüləli müəllimin yuxulu-yuxulu "Ay ata, gəlmişəm!” deməsi ilə Mehralının oyanması, Bərdah əkənin səksənib yerindən şiş kimi qalxması bir oldu. Qayıqdakılar qayığın qırağından yapışmasaydılar, suya yıxılacaqdılar. Əbdüləli müəllim ətrafına boylanıb, gözlərini ovuşdura-ovuşdura dedi: "Atam soruşdu:- Əbdüləli, harada idin? Cavab vermək istəyirdim ki, oyandım!”

Heç kimdən səs çıxmadı. Bərdah əkə özünəməxsus yumşaqlıqla dedi:

-Bizdən yuxuyozan olmaz. Düşün, ayağınız Kokaral torpağına dəysin.

Kokaral sahəsi 273 km2 olan böyük bir ada idi. Torpağı gilli-qumsal çöküntülərdən ibarət olub, yarımsəhra bitkiləri ilə örtülü idi. Həm şərqdən, həm də qərbdən boğazlar vasitəsi ilə sahildən ayrılırdı. Adanın şimal-şərqində hündürlüyü 163 metr olan bir dağ uzanırdı. Bərdah əkə onun Daut, yəni, Davud dağı olduğunu deyirdi. Dağ adaya xüsusi bir yaraşıq verirdi.

Onlar sahilə çıxanda artıq adamın kölgəsi özündən üç qat uzun idi. Bərdah əkə onlardan ayrılmamışdı.Onlarla birgə qalacağını, onları Münoka öz əli ilə qaytaracağını, necə lazımdırsa, eləcə yola salacağını vəd etmişdi. Bir də ki, Bərdah əkənin Kokaral aulunda dostları da var idi. Bəlkə də, bu səbəbdən qarşılarına çıxan birinci adama salam verdilər. Bərdah əkə ərkyananıqla soruşdu: "Sən müsəlman balasan. De görüm, Qarabay əkə evdə bolmazmı?” Adam:-Bolar,-dedi və uzaqlaşdı.

Qarabay əkə onları gülər üzlə qarşıladı. Gəlişlərinin məqsədini biləndə:-qəriblərimi deyirsiniz?- deyə soruşdu və cavab gözləmədən davam etdi:”Burada hamı onlara hörmət edir. Aralarında Əbdülməcid deyilən bir yeniyetmə vardır ki, canlara dəyər. Bizim uşaqlarımıza toplamağı, çıxmağı, vurmağı və bölməyi öyrədib. Onsuz da buradakı qəriblərə dövlət nəzarəti yoxdur. Onları elə yerə gətirməyiblər ki, qayıdıb gedə bilsinlər. Amma bizim adamlar Əbdülməcidin getməsinə dözməyəcəklər. Elə müəllimi haradan tapmaq olar? Özü də o yaşda! Di yaxşı, oturun, bir piyalə çay için. Gümüşü xatunun çayının dadına baxın. Görün, analar necə qız doğur.”

Bərdah əkə çox ciddi bir tövrlə:-Qarabay əkə, çayı sonra içərik!-dedi.

Qarabay əkə daha da sərt və sinirli bir şəkildə: ”Qarabayın çayını içmədən bu bərədən çıxmaq olmaz! Hünəriniz vardır, bir addım atın!-deyə ciddiləşdi.

Bərdah əkə Əbdüləli müəllimə və Mehralıya baxaraq yazıq-yazıq dilləndi:

-Ayaqüstü bir çay içək. Mən boyda adama belə eləyən, görün, sizə neyləyər?!

Həyətdəcə adama bir piyalə çay içibib çıxdılar.

Əbdüləli müəllim içindəki sıxıntını gizlədə bilmirdi. Bir tərəfdən də gördüyü yuxu onu sakit buraxmırdı. Axır ki, canını dişinə tutaraq Qarabay əkədən soruşdu: -Qarabay əkə, atam Hacı Lətif kişi haqqında bir söz demədiniz.

Bura qədər basıb bağlayan Qarabay əkənin gözlərinə çökən buluddan üzünə kölgə düşdü:

-Allah rəhmət eləsin!Odur, bax, Daut dağının başında durub gəlişinizi gözləyir.

Birdən-birə sanki hər şey dəyişdi. Əbdüləli müəllimin gözləri yandı. Yanaqlarından qaynar göz yaşları süzülməyə başladı. Hönkürtüsünü boğmaq istədi. Hıçqırdıqca qalxıb enən çiyinlərini saxlamaq üçün sanki əllərini yaylıq edib sinəsinə bağlayan Əbdüləli müəllim sövqi-təbii olaraq atasının məzarına doğru irəlilədi. Qarabay əkə ilə Bərdah əkə qabağa keçdilər ki, yolu göstərə bilsinlər. Qəbristanlığa çatanda orada uyuyan mərhum və mərhumələrin ruhu şad olsun deyə əl açıb dua etdilər.

Hacı Lətif kişinin qəbri Davud dağının üzü cənub-qərbə baxan yaslan bir yerində qazılmışdı. Qəbrin təzəliyi baş daşına bağlanan qara parçanın rəngindən bilinirdi. Yeri çox mənzərəli bir yer idi. Buradan səmaya və uzaqlara baxmaq olardı. Bəlkə də, Kokaraldan baxanda doğmalarını görə bilsin deyə onu Davud dağının döşündə dəfn etmişdilər. Bu axşam çox qəribə axşam idi. Məhz bu axşam doğmaları Hacı Lətif kişinin axirət evinin qarşısında idilər və onun əziz ruhuna dualar oxuyurdular.

Atasının qəbri qarşısında diz çöküb dərin düşüncələr içində hər şeyi unudan Əbdüləli müəllimi Mehralı çiyinlərindən tutub silkələdi:

-Qalx, gör, kimlərin arasındasan.

Əbdüləli müəllim başını qaldırıb anasını,Əbdülməcidi və Hamidi başının üstündə dayanan gördü. Qollarını açıb hamısını birdən bağrına basdı.

Qovuşur sevincə yenə göz yaşı...

Ürəklər dayanır sanki bir anlıq.

Başına sağlıqlar, susan baş daşı!

Əkiz doğulubdur işıq, qaranlıq.

Ürəklər dayanır sanki bir anlıq.

Hər görüş bir cürə olur, nə etmək?

Axı, kim deyir ki, açan solmayır?

Oğultək atanın üstünə getmək

Bəlkə də hamıya qismət olmayır.

Axı, kim deyir ki, açan solmayır?

Onlar əllərini buraxmadan beləcə yavaş-yavaş dikəldilər. Sanki kimsə kiminsə əlindən çıxıb qaçacağından ehtiyat edirdi. Əbdüləli müəllim bir də baxıb gördü ki, ətrafı dolu adamdır. Sən demə, balaca Kokarala ildırım kimi yayılan xəbəri eşidənlər də qəbristanlığa axışıblarmış. Əbdüləli müəllim bir anlığa özünü Nuxada olduğu kimi hiss etdi.Onlar adamların əhatəsində evə qayıtdılar. Kənd camaatı evə girmədən Əbdüləli müəllimə başsağlığı verib dağılışdı. Qarabay əkə dirəşib Bərdah əkə ilə Mehralını evinə qonaq apardı.

Lampa işığında başlanan söhbət qurtarmaq bilmirdi. Balaca Hamid anasına söykənərək yuxuya getmiş, Əbdülməcidin gözləri yuxusuzluqdan qan çanağına dönmüşdü. Axırda Güllü xanım gözlərinin yaşını yaylığının ucu ilə silə-silə dedi:

- Allah bu camaatı qorusun. Bizə onlar arxa durdular.Torpaq sahəsi ayırdılar. Ev tikdilər. Korluq çəkməyə qoymadılar. Amma ki, kişi üzülmüşdü. Nə qədər elədik, sağalda bilmədik. Axır vaxtlar tez-tez:-Əbdüləli harada qaldı?-deyə soruşurdu. Heç nədən xəbərimiz olmasa da, biz də:-Gəlir,-deyirdik. Oğlum, sən də yat, gözünün acı çimirini al. Əbdülməcid sən də.

-Ana, yerimizi yanaşı sal, mən Əbdüləli qadamla yatacağam,-deyə Əbdülməcid ayağa qalxdı.

Əbdüləli müəllim pəncərədən çölə baxdı. Səhərin alatoranında orda-burda banlayan xoruzların səsi eşidilirdi.

*******************

*****

Kokaral camaatı növbə ilə onları qonaq çağırırdı. Qarabay əkə başda olmaqla hamı onların Kokaralda qalmasını istəyirdi. Hətta, yalvaranlar da olurdu. Onlar Əbdülməcidin uşaqlarına oxumaq, yazmaq öyrətməsindən çox məmnun idilər.Əbdülməcidin getməsi onlara faciə kimi görünürdü. Əbdüləlinin müəllim olmasını bilən kimidaha da qızışdılar. And verib boğaz çəkən kim, dil tökən kim...

Gedəsi gün yaxınlaşırdı. Kokarallılara qalsaydı, tutub zamanı da saxlayardılar. Bu isə mümkün deyildi... Artıq bir həftə tamam olmuşdu.

Onları təntənə ilə yola saldılar. Hərə bir şey gətirmişdi. Yemək, içmək, şirniyyat ... Cəmisi on beş-iyirmi evdən ibarət olan Kokaral kəndi həm sevinir, həm də kədərlənirdi. Ona görəsevinirdi ki, bir ailə öz doğma yurduna qayıdırdı. Ona görə kədərlənirdi ki, çox qiymətli adamları itirirdi. Axır ki, Bərdah əkənin qayığı Berqın sularında yırğalana-yırğalana Kokaraldan uzaqlaşdı. Kokarallı bir qız o qayığın dalınca kədər və ümid dolu baxışlarla baxdı. Baxdıqca da göz yaşları yanaqlarından sel kımi axdı. Heç kim ona:-Ağlama!-demədi. Çünki ağlamağa dəyərdi.

BİRİNCİ HİSSƏNİN SONU

(Ardı var)




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK