adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Fevral 2018 15:51
22316
GÜNDƏM
A- A+

V TO VREMYA, KAK NAŞİ KOSMİÇESKİE KORABLİ

Millət deyilik ey, kefik başdan-ayağa. Başqa millətlər Ayda McDonalds tikdirir, Marsa peyk göndərir ki, öyrənib görsünlər Marsda su varmı, varsa Yer üzündə su tükənəndə Marsdan su kəməri çəksinlər…

Bizdə də Günəşi fəth edəndən sonra bekarçılıq olduğundan alimlərimiz bölünüb iki yerə - Aşıq Ələsgərin doğum tarixi üstə bir-birini qırırlar. Biri Moskvadan sənəd gətirir, biri İrəvanın arxivlərindəki sənədləri istinad göstərir, bir aydan çoxdur ki, mətbuatı və sosial şəbəkələri zəbt edib.

Ağlımız kəsəndən oxumuşuq ki, Aşıq Ələsgər 1801-ci ildə doğulub. İndi də deyirlər, yox, Ustadı 50 il qocaldıblar.

Bir ara akademik Ziya Bünyadov belə bir fakt ortalığa çıxartdı ki, Nəsimini diri-diri deyil, öləndən sonra soyublar. Aləm dəydi bir-birinə. Nöşün? Nöşün ki, millət üçün Nəsiminin müqəddəsliyi diri-diri soyulmağındaydı. Guya edam edildikdən sonra soyulsa müqəddəsliyi itəcəkdi.

İndi bizim üçün də Ustadın müqəddəsliyi 1801-ci ildə doğulmağındadı. 50 il sonra doğulmuş olsa şeirlərinin ləzzəti guya qaçacaq.

«Elm və həyat» jurnalında işləyirdim. Şəhriyar da sağ idi. Bizim jurnalda alimlər Şəhriyarın hansı ildə doğulması ilə bağlı bir müzakirə açdılar, bir-birlərini ittiham eləməyə başladılar. Biri deyir Şəhriyar filan ildə doğulub, o biri deyir, yox, sən bilmirsən bəhmən ildə doğulub. Bir gün hər iki tərəf yığıldı baş redaktor Həsən Mehdiyevin kabinetinə, mübahisə… dartma, yaxam cırıldı…

Araya mən girdim. Dedim, Həsən müəllim, bunların mübahisəsini kəsməyin çox qısa bir yolu var. Soruşdu, nədi? Dedim, Şəhriyar ölməyib ha, sağdı. Əlinizin altında da telefon, mən Şəhriyarın Təbrizdəki telefonunun nömrəsini öyrənim, zəng eləyin soruşun, məsələ də bitsin, bu alimlərimiz də getsin daha böyük kəşflərə imza atsınlar. Həsən müəllim güldü və ondan sonra həmin alimlərin Şəhriyarla bağlı nəinki mübahisəsini, heç məqalələrini də çap eləmədik.

İndi Aşıq Ələsgər sağ deyil ki, zəng edib özündən soruşaq.

Dostlar, Aşıq Ələsgərin məzarı düşmən tapdağı altındadı, bəlkə ağlımızı Aşıq Ələsgərin neçənci ildə doğulmasına deyil, Ustadın məzarını düşmən tapdağından azad eləməyə yönəldək?