adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Fevral 2018 00:28
9387
GÜNDƏM
A- A+

Sağalmayan Xocalı yaramıza, yalnız qələbə sevinci məlhəm olacaq

Ermənilər zaman-zaman azərbaycanlılara qarşı qanlı soyqırımlar törətmişlər və sonra onları özlərinin uydurduqları yalan və iftiralarla ört-basdır etməyə çalışmışlar. Amma nə qədər cəhd göstərsələr də, buna nail olmamışlar. Gec-tez həqiqətin güclü işığı iti qılınc kimi qaranlıqları yararaq onun üstünə düşmüşdü. Buna görə də düşmənlər cidanı çuvalda çox gizlədə bilməmişdilər, illər sonra törətdikləri hadisələrin üstü açılmışdı. Bəzən həqiqəti gizlətməyə, ört-basdır etməyə dözməyən erməni yazarlar bu vəhşiliyi özləri açıb ortalığa qoymuşlar. Hətta bununla fəxr edib öyünməyi də özlərinə ar bilməmişlər. İllərdən bəri ağrılarını yaşadığımız Xocalı faciəsi erməni qəsbkarlarının törətdikləri ən dəhşətli faciələrdən biridir. Bu xalqımızın sağalmayan, qaysaq bağlamayan yarasıdır. Bu faciə bu gün bizim hər birimizi qisasa, intiqama çağırır.
İçində yaşadığımız vaxt dayanmadan su kimi axıb getdikcə illər üst-üstə qalaqlanır. Artıq bu gün Xocalı faciəsindən bizi 26 illlik bir zaman məsafəsi ayırır. 26 il əvvəl qapılarımızı Qarabağdan gələn kədərli bir xəbər döydü. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gün gecə Ermənistan silahlı qüvvələri və Azərbaycanın Dağlıq Qarabağdakı ermənilərdən ibarət silahlı dəstələri, həmçinin keçmiş Sovet ordusunun Xankədidə yerləşən 366-cı alayının şəxsi heyətinin və texnikasının dəstəyi ilə Xocalı şəhəri üzərinə hücuma keçiblər. Bir gecənin içində şəhər yerlə yeksan edilmişdi. Faciənin miqyası çox böyük idi. Evlər yandırılmış, günahsız, silahsız və köməksiz insanlar amansızcasına qətlə yetirilmişdi.
Şəhərin müadafiəsi çox zəif təşkil ediımişdi. Həmin günə qədər Xocalını yalnız yerli adamlardan yığılmız könüllülərdən ibarət dəstə qoruyurdu. Ermənilərin hücumu çox qəfil və güclü oldu. İyirmi beş min əhalisi olan Xocalı şəhəri çox mühüm strateji əhəmiyyətə malik coğrafi məkanda yerləşirdi. Buna görə də düşmən nəyin bahasına olursa-olsun Xocalını işğal etməyə çalışırdı. Və bir gecənin içində çirkin niyyətlərini həyat keçirdilər.
Faktlara diqqət yetirəndə dəhşətə gəlməmək mümkün deyil. Xocalıda 1 şəhər, 2 qəsəbə, 50 kənd, 1 məktəbəqədər, 12 ümumtəhsil və 1 texniki peşə məktəbi, 54 mədəniyyət və 1 səhiyyə ocağı var idi. Əslində şəhərin işğal təhlükəsi üçün şərait çoxdan yaranmışdı. Çünki Xocalı 1991-ci ilin oktyabrından mühasirədə qalmışdı. Ermənilər hücumdan bir müddət əvvəl şəhərə gedən avtomobil yollarını bağlamışdılar. Ölkənin paytaxtı və ətraf bölgələrlə əlaqə tamam kəsilmişdi. Ümid yalnız vertolyotlara idi. Xocalılar yalnız öz sakinlərinin qəhrəmanlığı və cəsurluğu sayəsində müdafiə olunurdu. Amma düşmən hücumları qəfil və güclü olduğundan şəhəri sonacan qorumaq mümkün olmadı.
Xocalıya hücum planı Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərliyi ilə hazırlanmış və Xankəndi şəhərinin baş memarı V.Stepanyan tərəfindən tərtib olunmuşdu. Şəhərin işğalı 1992-ci il fevral ayının 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanmışdı. Əvvəlcə şəhər iki saat top və tanklardan, həmçinin "Alazan" tipli zenit toplarından atəşə tutulmuşdu. Hücum beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspor və lobbiçilərinin birgə hazırladıqları "böyük Ermənistan" planının fazası, hərakatın ilk bəndi "Haydad" və "Asala" terror təşkilatçılarıyla birgə icra olunmuşdu. Düşmənlər şəhər üzərinə gecə saat 23.00 radələrində hücuma keçiblər. Ətraf aləmdən təcrid olunmuş və zəif silahlanmış özünümüdafiə taborunun döyüşçüləri güclü hücum qarşısında çox dayana bilməyiblər. Qısa müddət ərzində şəhər ermənilərin əlinə keçmiş və Xocalı sakinləri gülləboran edilmişdir.
Qədim və gözəl şəhərimiz Xocalıya hücum üç tərəfdən olunduğundan əhali Əsgəran və Ağdam istiqamətində qaçmağa üz qoymuşdu. Amma onlar hara qaçsalar da xilas ola bilməmişdilər. Dağlarda və meşələrdə erməni silahlı dəstələri tərəfindən qarşıları kəsilərək güllələnmişdi. Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik Vladimir Savelyev özünün "məxfi arayış"ında erməni terror təşkilatlarıyla 366-cı alayın qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək, fakt və sənədlərdə bütün baş verənləri belə etiraf etmişdir: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Görün biz rusların zabit şərəfi necə ləkələndi."
Bundan sonra bu yüksək çinli zabit həmin mətnə 366-cı motoatıcı alayın komandiri Zaviqorov Yuri Yuriyeviç də daxil olmaqla 55 rus hərbçisinin adı olan siyahını da əlavə edib. Digər məlumatlarda göstərilir ki, 366-cı alayın hərbi qulluqçuları azərbaycanlıların yaşayış məntəqəsinə bir top atəşinə görə 1300 rubl, BTR-in bir gecəlik icarəsinə 5000 rubl, altı PDM-dən ibarət qrupun hər reydi üçün 1,5 milyon rubl, kiçik rütbəli zabitlərin təlimatlarının göstərişlərinə 3-4 min rubl alırdılar. 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik Fransadan göndərilən 142 avatomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronijilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı, 146 ədəd tapança ermənilərin istifadəsinə verildi. Amerika istehsalı olan 149 ədəd rabitə vasitələri ermənilərə paylandı.
Ermənlərin Xocalıya hücumu nəticəsində 613 nəfər vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülmüşdü. Ermənilər əsirlərə olmazın işgəncəsini vermişlər. Onlarla Xocalı sakini qarlı meşələrdə əzablar içində həlak olmuşdu. Əsir aparılanlardan 150 nəfərin taleyi bu günə qədər hələ də naməlum olaraq qalır.
Xocalıda axıdılan göz yaşları hələ də qurumaq bilmir. Bu göz yaşları hamımızın içini göynədir, qəlbimizi yandırır. Xocalı faciəsi yaddaşımıza qanla yazılıb. Bu gün hamımız ermənilərdən intiqam almaq hissi ilə yaşayırıq. Biz bu qanlı tarixi heç vaxt unutmayacağıq. Xocalı faciəsi qaysaq bağlayan və unudulmayan yaramızdır. Bu yaraya yalnız Qələbə sevinci məlhəm olacaqdır.
Ceyhun Hüseynov,
Füzuli hərbi prokurorluğunun
prokuror, kriminalisti
ədliyyə kapitanı