adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Fevral 2018 15:35
23782
ƏDƏBİYYAT
A- A+

Lermontovun qisası

Böyük rus şairi və dramaturqu Mixail Lermontov nə qədər sevilən nüfuz sahibi olsa da bəzi xoşagəlməz xasiyyəti ilə öz çevrəsində ad çıxarmışdı. Dost-tanışın, hətta onunla ilk dəfə üz-üzə gələnlərin ən hiddətləndiyi cəhəti isə şairin yerli-yersiz qarşısındakı adamı lağa qoyması olub. Özü bunu zarafat adlandırsa da, əslində ələ salmaqdan, aşağılamaqdan başqa bir şey deyildi. Bəzən onun sözləri o qədər ağır olurmuş ki, sonu duellə bitirmiş. Yeri gəlmişkən, Lermontov belə duellərdə 4 dəfə güllələnib, hər dəfə də yüngül yaralarla canını qurtarıb. Yalnız sonuncudan başqa. 1841-ci ildə baş tutan dueldə sinəsindən güllələnən şair bu yaradan sağ çıxmayıb. Lermontov xasiyyətcə qarışıq adam olduğundan ölümünə də hərə bir cür reaksiya verib. Məsələn, imperator I Nikolay belə deyib: "İtin yeri it damı olar”.

Məlumdir ki, Qafqaza ürəkdən bağlanmış, yaradıcılığının çox hissəsini bu diyara həsr etmiş şair bu yerlərə tez-tez səfər edirdi. İlk səfəri isə hələ 10 yaşındaykən olub. Bədəncə zəif, xəstə olan uşağı nənəsi Qafqaza mineral sular və dağ havasında müalicə üçün gətiribmiş. Gələcək şair burda 9 yaşlı bir çərkəz qızına necə aşiq olursa, 2 il sonra belə onu şeirlərində tərənnüm edir. Sonralar da etiraf edir ki, Qafqaz məhz bu qızcığazın fonunda daha gözəl görünürdü.

Amma Lermontov heç də həmişə belə sevəcən, gözəl xatirələrlə dolu olmayıb. Xüsusən də qadınlara qarşı. Yeniyetmə vaxtı Yekaterina adlı bir qıza aşiq olur, amma sevgisi cavabsız qalır. İllər keçəndən sonra tanınmış şairkən qızla rastlaşır. Bu vaxt Yekaterina nişanlı imiş. Nüfuzundan istifadə edən Lermontov qızı özünə aşiq edir. Gənc qızların tanınmış şairə aşiq olub uğrunda gələcəyindən vaz keçməsi təəccübləndirici olmasın gərək... Şair arzusuna çatır: aşiq qız nişanlısından ayrılıb onunla görüşməyə başlayanda Lermontov ondan bu yolla qisas aldığını söyləyir və qızdan ayrılır. Üstəlik bu hadisəni sağda-solda danışaraq qızın adına da xələl gətirir.

Bundan başqa Lermontovun başqa bir pis xasiyyəti də varmış. Falçılara ətək-ətək pul tökərək düşmən olduğu, hətta xoşuna gəlmədiyi adamlara cadu etdirirmiş.


Şəfiqə ŞƏFA