adalet.az header logo
  • Bakı 13°C
23 Fevral 2018 12:00
9777
MƏMLƏKƏT
A- A+

Xocalı soyqırımının şahidləri Avropada - “Böyüməyən uşaqlar” Sarayevoda təqdim olundu - FOTO

Fevralın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı Səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Sarayevo Beynəlxalq Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konfranskeçirilib. Konfransa həm də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideyni qətlə yetirilmiş uşaqların acı xatirələrindən bəhs edən Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az xəbər portalının rəhbəri Elşad Eyvazlının müəllifi, Milli Məclisin deputatı Cavanşir Feyziyevin məsləhətçisi olduğu və boşnak dilinə tərcümə edilmiş "Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib.


Adalet.az-ın məlumatına görə, konfransda Azərbaycan və Bosniya və Herseqovinadan millət vəkilləri, beynəlxalq hüquq üzrə nüfuzlu hüquqşünaslar, elm adamları, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.


Konfrans iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.


Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiriEldar Həsənov, Beynəlxalq Sarayevo Universitetinin rektoru professorTahsin Erkan Türe, kitabın müəllifiElşad Eyvazlı, millət vəkili, Azərbaycan – Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriÇingiz Qənizadə, Bosniya və Herseqovina, Serbiya və Monteneqronun Yazıçılar Assosiasiyasının, Bosniya və Herseqovinanın Jurnalistlər Assosiasiyasının və bu ölkənin elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən "Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, Travnik Beynəlxalq Universitetinin professoruSabahudin Hadjialiç, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoruEdin Halapiç, Xocalıda hər iki valideynini itirmişSəbinə MəhərrəmovavəMurad Hüseynovtədbirdə çıxış ediblər.


Çıxış edənlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıq və amansızlıqla öldürüldüyünü, bir qisminin ağır yaralandığını, girov götürülüb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladıblar. O da vurğulanıb ki, Xocalıda törədilən həmin cinayətlər Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsidir. Eyni zamanda bunun arxasında azərbaycanlılara qarşı nifrəti aşılayan njdeizm ideologiyasının dayandığını, Xocalıdakı hadisələrin soyqırımı cinayəti olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin törətdiyi cinayətlərə görə məsuliyyət daşıdığını birmənalı qeyd ediblər.


Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov çıxışında "Xocalıya Ədalət” kampaniyasının 10-cü ildönümü çərçivəsində təşkil edilmiş konfrans iştirakçılarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın ərazilərində etnik təmizləmə siyasətinin həyata keçirilməsi, mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi və çoxəsrlik tarixi, mədəniyyət və dini abidələrinin məhv edilməsi barədə məlumat verib. O, Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü ilin 26 fevral tarixində, məhz Xocalı soyqırımı törədilən gün "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlanan qətnamənin qəbulunu minnətdarlıqla xatırlayıb.


O, qətnamədə Xocalıdakı hadisələrə siyasi qiymətin verildiyini qeyd edərək, bu kimi sənədlərin, çağırış və bəyanatların beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olduğunu bildirib.

Çıxışı zamanı, səfir, Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən "Böyüməyən uşaqlar” kitabı haqqında da danışıb. Eldar Həsənov kitabın müəllifinin həmin uşaqların yaşadıqları açı taleləri peşəkarlıqla qələmə almasını, erməni vandalizminin, eləcə də ermənilərin körpə uşaqlara yaşatdıqları dəhşətlərin soyqırımı qurbanlarının öz dili ilə oxuculara çatdırmaq bacarığını xüsusilə qeyd edib.


Diplomat "Xocalıya Ədalət” kampaniyası çərçivəsində soyqırımının tanıdılması üçün dünya səviyyəsində böyük işlər görüldüyünü vurğulayıb.


Azərbaycan Milli Məclisinin deputatı Çingiz Qənizadə çıxışı zamanı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdiyi cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və cinayətkarların hələ də cəzalandırılmadığını bildirib. Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası münasibətlərə diqqət yetirən millət vəkili Ç.Qənizadə Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatası tərəfindən Xocalı soyqırımına ədalətli hüquqi, siyasi qiymət verilməsi barədə qətnamənin qəbul olunmasını Xocalıda törədilən kütləvi qırğının beynəlxalq arenada tanınmasına əhəmiyyətli bir töhfə və bufaciənin dünya birliyi tərəfindən tanınması istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.



Professor Tahsin Erkan Türe Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı dinc əhaliyə qarşı törətdiyi cinayətləri pisləyərək, bu etnik təmizləmə aktından 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, cinayətkarların indiyədək Ermənistanda diplomatik immunitet arxasında gizləndiyini bildirib. Xocalı soyqırımının bir sıra ölkələrin qanunverici orqanı, habelə ABŞ-ın çoxlu sayda ştatı tərəfindən tanındığını deyən professor T.E.Türe, Azərbaycan xalqına və hökumətinə dəstək göstərilməsinə çağırış edib.


Elşad Eyvazlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya Ədalət” kampaniyası çərçivəsində tədbir iştirakçılarının əlində olan "Böyüməyən uşaqlar” kitabının bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dilinə tərcümə olunduğunu və dünyanın bir çox ölkəsində təqdimatının keçirildiyini, indi isə soyqırımının nə olduğunu bizim kimi bilən, bizim kimi dadan bosniyalılara öz boşnak dilində təqdim olunduğunu bildirib. Sonra E.Eyvazlı "Böyüməyən uşaqlar” kitabının necə yarandığı barədə danışıb. Çıxışının sonunda E.Eyvazlı 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində bosniyalıların qətlə yetirilməsi ilə həyata keçirilən soyqırımı aktı zamanı hər iki valideyni öldürülən insanlarla bağlı da bir kitab yazmaq istəyində olduğunu bildirib.


S.Hadjialiç çıxışında Azərbaycan xalqının yaşadığı acı hadisələrə diqqəti çəkərək, Xocalıda yüzlərlə insanın qətlə yetirildiyi vaxtda sivil dünyanın harada olduğunu sual edib. "Böyüməyən uşaqlar” kitabını oxuyarkən, hər iki valideynini itirmiş uşaqların etirafları ilə tanış olduğunu deyən professor S.Hadjialiç, həmin uşaqların sanki böyümək şansı olmadığını, hər bir acı xatirənin can ağrısı verdiyini bildirib.
Sonra S.Hadjialiç kitabdan sitat gətirərək, bir çıxarışa qulaq asmağı təklif edib: "Ata yox, ana yox. Biz uşaq ola bilmədik... Uşaq o kəsə deyirlər ki, valideyn nəvazişi görsün. Nə isə... Doğrusunu söyləyəcəyəm, atalı, analı uşaqlara elə həsəd aparırdıq ki... Ədalətlə dərdləşirdik. Deyirik, kaş atamız, anamız sağ olaydı, biz dilənib onları saxlayaydıq”.


Öz fikirlərini bölüşən Edin Halapiç,Xocalıda hər iki valideynini itirmiş uşaqların etirafları ilə tanış olarkən, onların acı xatirələrinin ona çox təsir etdiyini, sitatlar gətirərək, şahidlərin ifadələrindəki mesajların kitabın qeyr-adi olduğunu göstərdiyini bildirib. Erməni hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhalinin qətlə yetirilməsi barədə şahid-sübutlar əks olunmuş bu kitabın faciənin soyqırımı kimi qəbul olunması üçün dəlil olduğunu hesab edən E.Halapiç, müəllifin bu istiqamətdəki səylərini yüksək qiymətləndirib və "Böyüməyən uşaqlar” kitabını böyük auditoriyaya və soyqırımını öyrənən tədqiqatçılara tövsiyə edib.


Azərbaycandan gəlmiş Səbinə Məhərrəmova və Murad Hüseynov 1992-ci il fevralın 25-dən 26-na keçən həmin dəhşətli gecə Xocalıda yaşadıqları acı xatirələri bölüşüblər.

Tədbirin sonunda Srebrenitsa və Xocalı soyqırımları zamanı hər iki valideyni qətlə yetirilmiş uşaqların dünya xalqlarına müraciəti oxunub.


Konfrans iştirakçıları həmin gün Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş "Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini yad ediblər.


Həmçinin, Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Beynəlxalq Sarayevo Universitetinin sərgi zalında bu faciəyə həsr olunmuş foto və rəsm sərgisi təşkil edilib, "J-Connect” təşkilatı tərəfindən çəkilmiş "Zülmətdən qaçarkən” və Elşad Eyvazlının "Böyüməyən uşaqlar" adlı sənədli filmləri nümayiş olunub.