Xocalı və Srebrenitsa soyqırımı şahidlərinin dünyaya birgə müraciəti: “Xocalı soyqırımını tanıyın!”
Fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalıda hər iki valideynini itirən gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova Srebrenitsa soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə görüşüb.
Görüş zamanı gənclər uşaq yaşlarında üzləşdikləri faciəni bir daha xatırlayıblar. Görüşün sonunda Xocalı və Srebrenitsa soyqırımının dəhşətlərini yaşayan və hər iki valideynini itirən gənclərin dünya ictimaiyyətinə birgə müraciəti qəbul edilib.
Soyqırımının üstündən illər keçsə də, biz özümüzü o dəhşətlərdən ayıra bilmirik. Həyatımız o andan asılı qalıb. O gün, soyqırımı zamanı bizim uşaqlığımız güllələndi. Biz o gündən bu yana yaşaya bilmədik. Biz o gündən bu yana böyüyə bilmədik.
Amma bu dünyada xoş gün görmək, ana qucağı, ata qayğısı ilə əhatə olunmaq bizim də haqqımız idi.
Biz bəşəriyyətə, insanlığa qarşı törədilən soyqırımı hadisələrini lənətləyirik. Biz bu müharibələri lənətləyirik.
Biz həm Srebrenitsa soyqırımını, həm Xocalı soyqırımını törədənləri lənətləyirik. Onlar bəşəriyyətə, inşanlığa qarşı tərətdikləri soyqırımı cinayətlərinin cəzasını mütləq çəkməlidirlər.
1992-ci ilin fevralında Xocalıda, 1995-ci ilin iyulunda isə Srebrenitsada qətlə yetirilən soyqırımı qurbanlarının bu dünyada yaşamaq haqqı var idi.
Bütün dünya ölkələrini bu soyqırımı aktlarını tanımağa çağırırıq.
Bu gün dünya bu soyqırımıları tanınmasa, sabah yeni soyqırımı dəhşətləri yaşanacaq.
Sabah yenə uşaqlar valideynlərsiz qalacaq.
Bütün dünyanı səsimizə səs verməyə, aparılan müharibələri dayandırmağa çağırırıq”.
Qeyd edək ki, indiyədək türk, ingilis, alman, ukrayna, rus dillərinə tərcümə edilən "Böyüməyən uşaqlar” kitabı boşnak dilində də 1000 nüsxə tirajla çap edilib. "Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunub.