adalet.az header logo
  • Bakı 19°C
22 Fevral 2018 22:53
22251
ƏDƏBİYYAT
A- A+

XURCUN

Hər zaman sizə rəhmət oxuyuram, Mirzə Cəlil, Üzeyir bəy. Məkanınız cənnət olsun.

Qəssab dükanının qabağında yazı:
Halal kəsilmiş dana əti.
Halal çəki ilə.
İdarənin cavabı: Ziyarətin qəbul olsun.
***
Evlərin hasarında və dalanlarda yazı:
Bura zibil atanın lap o...
İdarənin cavabı: Heyf ki, sizi sevindirə bilmədik. Ginnesin rekordlar kitabında boş yer yoxdur.
***
Camaatın dediyinə görə çox hörmətli və çox yekə bir məmur mötəbər bir məclisdə ərz eləyib ki, mən papağımdan istefa verirəm.
İdarənin cavabı: Heç olmasa rəhmətlik Məşədi İbaddan ibrət dərsi alaydın. O kişi papağı necə də urvatlı tuturdu. Onsuz da biz bu qərarı çoxdan gözləyirdik. Axır ki, özünüzü tanıtdınız. Təbrik edirik.
***
Baş ofisdən oliqarxlara şad xəbər:
- Şər deməsən xeyir gəlməz. Birdən əcəl sizi qəflətən yaxaladı. Əzrayılın zəhmindən ayılıb özgə banklarda ört-basdır elədiyiniz pulların, külçə qızılların yerini-yurdunu deyə bilmədiniz. Bütün bu reallıqları və sizin Vətən, millət qarşısında göstərdiyiniz qüsursuz xidmətləri nəzərə alan rəsmilər bildirir ki, uzun sürən müzakirədən sonra kəfənə cib tikmək məsələsi yüksək səs çoxluğu ilə qəbul olundu.
Bu humanist addımdan sonra ölməyə dəyər.
Allah sizə rəhmət eləsin, kəfəni cibli ölülər.
***
Bir vaxtları zurnanı Moskva çalardı. Biz də qolumuzu götürüb bala-bala süzərdik:
- Otkrıto - Zakrıtog
İndi də dövran dəyişib. Zurnanı avropalılar çalır. Biz yenə oynayırıq:
- Klaus - Open...
Kim yaxşı çalır, kim pis çalır - deyə bilmərik. Başlarına dəysin. İkisi də bir bezin qırağıdır. Amma bir onu bilirik ki, bu zurna məsələsi bizə baha başa gələcək. Odur ki, deyirik, ay ağalar, ay cənablar, o zurnanı qoyun bir qırağa və bizi dinləyin. Axı heç kəsin dədəsi göyün yeddi qatından düşməyib. Bəlkə gözünüzə "xırda" görükürük, ya gücsüzük, ya başa düşmürük? Yox, cənablar, tarixin dərin qatlarını vərəqləmək istəmirik. Bircə bunu deyirik - ta bəsdi, insafınız olsun. Axı bizim də öz havamız var...
***
ATƏT-in Minsk Qrupunun üzvü olan həmsədr ölkələrin üç müşketyoru BMT-yə yekə bir şikayət ərizəsi yazıblar.
Deyirlər ki, neçə illərdir Bakı-Yerevan-Xankəndini su yoluna döndərmişik. Qarnımızın davasını eləmirik. Yarıac, yarıtox da dolana bilərik. Heç olmasa yırtılıb-deşilmiş ayaqqabımızın pulunu versinlər.
Yayı birtəhər yola verərik. Axı bunun yağışı, qarı-çovğunu var.
İdarənin cavabı: Səs salıb yatanları oyatmayın. Allah sizə verib. Bir yeyəndə birini də itə atın.