adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Fevral 2018 12:36
61067
MÜSAHİBƏ
A- A+

Aqil Abbas: “Hamı məni soğana görə söyməyə başladı”


"Dədə, hardasan? Gəl, nəşriyyatın qabağına, mən də düşürəm”. Növbəti zəngində elə mən də "Azərbaycan” nəşriyyatına yetişməkdəydim. 1998-ci ildə məhz bu ünvanda - onunla ilk görüşümüz isə mən hərbi xidmətdəykən olmuşdu - görüşmüşdük. Oradan-buradan danışıb dərdləşmişdik, sonra da jurnalistika sahəsində çalışmağım üçün "Ədalət” qəzetinə dəvət almışdım...

Elə bu düşüncələrdəykən həmsöhbətim - Milli Məclisin deputatı, "Ədalət” qəzetinin sahibi Aqil Abbas qapıda göründü. Salamlaşan kimi "Mehman gəlsə, söhbətimizə mane olmaz ki?” "Qətiyyən” deyəndə zəng edir dostuna. Dəyərli qələm adamlarından olan, amma xeyli müddətdir mediada görünməyən Mehman Cavadoğlu ilə görüşüb, onun sayəsində Badamdara - mənzilbaşına yetişirik. Kəklikotulu çay gələnədək "vaxtı itirməyək” deyib, söhbətimizə başlayırıq:


(əvvəli ötən sayımızda)


- Aqil bəy, deyirsiniz Qarabağsızlığa görə yəni ancaq qarabağlılar ürəkdən gülə bilmir. Məncə, hamımızı sarsıdan bir itkidir, hamımıza təsir edir...

- Yox. Deyirsən hamımıza təsir edir. Cibindəki 50 manatı itirsən dilxor olarsan, düzdür? 50 manat itirmisən e, 50-cə manat. Bəs insan 40-50 ildə, bütün ömrü boyu qazandığını, ev-eşiyini itirib! Sən hətta ona şəbədə qoşursan ki, "qaçmısız-filan!” Mənim atam 65 ildə qazandığını bir saatın içində itirib! Və bütün nəslimi itirib, eləmi? Bunun ağrısını yaşamaq nədir?! Ev-eşik, var-dövlət boş şeydi ey, ən ağır dərd torpaq, əzizlərinin yatdığı qəbiristanlıq dərdidir.

Fürsətdir, deyib ağrılı söhbətin yönünü başqa səmtə dəyişirik:

- Deyirsiniz Mehmanı çox istəyirsiz. Elə çox istədiyinizə görə Mehman bəyin toyuna 300 manatlıq kitab salmışdınız?

-Həə. Özü də 2 kitab. Şopenhauerin "Mir kak volya i predstavlenie”ni350 manata almışdım, bir də"İslamı, Arabı i Arabski Xalifatı”.

Atalarımız sifətdə bir-birinə oxşayırdılar. O vaxtın adamları çox qəribədir. Özü də Mehmanın toyundan gözəl toy nadir olur ey. Alim Qasımov gözəl bir toy elədi e, bax, elə bir toy elədi. Bir mağar var idi, bir də həyətdə masalar qurulub, hər kəs öz "kruq”u ilə oturub...

-Neçənci il idi?

Mehman bəy cavab verir:

-1982.

Aqil Abbas:

-Deməli, bir də gördüm Mehman atasının, Cavad dayının əlindən tutub gətirib ki, "ata, kitab salan oğlan budur”. Kişi məni öpdü. Orda qəribə bir şeir də oldu. Mən orda bir şeir də dedim və kitabları saldım. Pul yazan da baxdı ki, bu, ...nədi, toya da kitab salarlar? Amma mənim toyuma kitablar salmışdılar. Mənim toyum Mehmandan bir il qabaq olub.Arif Acalov, Arif Əmrahoğlu, Elçibəy hamısı kitab salmışdı. 18, ya 19 dənə kitab salmışdılar. Amma Ağdamda deyirdilər ki, ə, bunun toyuna kitab salıblar. Bilmirdilər ki, toya 25 manat yazdırırdılarsa, bu kitabın biri 100-200 manatdır, o da tapılmır. "Az i Ya” tapılırdı? Biri 150 manat idi. Mehman, yadına düşür, satıcı Tehrana dedi 150 manat verirəm, sat mənə, vermədi. Çünki hamımız oxuyurduq.

-O kitablar qaldı Ağdamda, ya gətirdiniz?

-Deyəcəm. O mənim ideyam deyildi, mənim toyuma salmışdılar, mən də getdim Mehmanın toyuna kitab yazdırdım. Bir də o toyda gözəl bir şeir dedim. Video-mideo yox idi də, çəkələr. Sonra ordan gəlmişəm MVD-nin yanında bazara, meyvə alıram. Heç kəs pul almır ki, "bay, Mehmanın toyunda sağlıq deyən oğlandı e bu”. (Uğunub gedir) Aqilin canı üçün 6-7 ay məndən – həmişə "MVD”-nin yanındakı bazarda alver edirdim – məndən pul almadılar. Heç o toyda olmayıb ha, eşitmişdi. Sonra bir şeyi də deyim. Mehmanın bir günahı var, onu mən yuyacağam. Mehmangilin evində Azərbaycanın bütün şair və yazıçıları olub. Mehman yazdırıb qapılarına vurmalıdır ki, "burada Səməd Vurğun, Məmməd Araz,Ramiz Rövşən, Musa Yaqub olub”. Eləmir. Və hamısının avtoqrafı ilə Mehmangilin evində kitabları var. Mehmangilin çox gözəl bir kitabxanası var.

Mehman bəyin replikası:

- Mehmangilin yox e, Mehmanın. Atamdan qalıb.

Aqil Abbas düzəliş edir:

-Hə, Mehmanın. Qəzetdə də yazdım ki, Mehman, sənə qurban olub, bəlkə yazıb o qapıya vurdurasan, bu evdə kimlər çay içiblər.

-Bəlkə bir gedib o evdən reportaj edək, nə deyirsiniz?

-Getmək lazımdır!

- Badamdarda yurd salmağınız necə oldu?

- Biz 3-cü mikrorayonda 1 otaqlı mənzildə 100 manata kirayədə yaşayırdıq. Onda Bakıda mənzil almaq asan deyildi axı. Bir dəfə ev yiyəsi ilə söz-söhbət oldu. Məmməd Araz bizi evinə apardı ki, "bala, mənim 4 otaqlı evim var, nəvələrim qapılarda qalsın?” 90-cı ildə evim oldu. 1994-cü ildə Heydər Əliyev tapşırdı, Məmməd Araza Badamdarda torpaq ayırdılar və orda Məmməd Araza gözəl bir ev tikdilər. O evi tikdirməyə mənim hünərim və pulum çatmazdı.

- Ata yurdundakı eviniz qalır?

- Mən Ağcabədinin Bayat kəndindənəm, Kolanı məhləsindən. Özü də babam Kərbəlayidir. Orda bizim dədə-baba evimiz olub. İndi bir əmim oğlu yaşayır. Əmim oğlu babamın tikdiyi evi söküb yerində gözəl bir ev tikib. Amma mənim doğulduğum otağı sökməyib, saxlayıb, ANS, İTV çəkmişdi o evi. Saxlayıb ki, günlərin bir günü yazacaqlar "Aqil Abbas bu evdə doğulub”. Əmim oğlunun mənə sevgisini fikirləş də. Mənim doğulduğum, 10 yaşına qədər yaşadığım otaq durur. 10 yaşından sonra biz Ağdama köçmüşük. Bir gün gələr, səni də o evə apararam.

- Aqil bəy, bu qədər səmimisiniz, duyğusal məsələlərə toxunursunuz, yazılarınız da öz yerində. Bəs sizə qarşı müəyyən çevrələrdə son illər yaranmış qıcığın səbəbi nədir? Yadınızda olar, bir dəfə müsahibə istədim, dediniz məni söydürmək istəyirsən? Sizi niyə söyürlər axı?

- Dədə, o qədər səmimi söz demişəm ki, hər sözü kontekstdən çıxarıb söyə bilərlər. İnsanlarla səmimi olursan, o insanlar... Azərbaycanda səmimiyyəti qəbul eləmirlər e. Özü də kimdir? Deputat, qəzet redaktoru, qəbul etmirlər.

"Azərbaycanda səmimiyyəti qəbul eləmirlər...”

Mehman bəyin növbəti replikası:

- Mənim bir bacanağım var, Türkiyə türkü. İndi burdadır. Bir dəfə redaksiyaya gəlmişdi. Aqil bəylə görüşəndə dedim ki, bu, millət vəkilidir. Təəccübləndi ki, belə millət vəkili olar? Bizdə millət vəkili 10 mühafizəçi ilə gəzir. (gülürük)

Aqil Abbas:

- İndi sizə bir əhvalatı danışım. Müharibənin qızğın vaxtı Ağdama gedirik. Həmin gün də Ağdamı bombalayırdılar. Biz də gedirik - Mehman, Əmir Pəhləvan, mən. Ağdamdansa "işıq seli” gəlir. Bəlkə on min maşın gəlir. Mehman qayıtdı ki, deyəsən, Ağdam qaçır axı. Bu, mənə pis təsir elədi, kobud cavab verdim. Hindarxa çatanda baxdıq ki, camaat kimi əlində tüfəng, kimi nə, bir lafetə yığılıb Ağdam tərəfə gedirlər, köməyə. Birinci "Qrad” düşən gündür. Bir az da gəldik, baxdıq ki, dayımdı, xalam oğludur, xalamgildir. Dayım gedib, rayondan çıxarıb. Maşından düşdük, qucaqlaşdıq, ağlaşma-filan... Artıq erməni girib Ağdama. Dedim, mən gedəcəyəm Ağdama. Xalam oğlu çıxarıb mənə bir qumbara verdi ki, əsir düşməmək üçün özümü öldürüm. Gəldik, Ağdamın dəmir yolunu keçdik. Mehman da yalvarır, o da ki, bu, nə deməkdir? Deyirəm, siz düşün, mən gedirəm Ağdama! Nə təhər ola bilər, mənim atam, qardaşım uşaqları orda. Mehman dedi, bu, igidlik deyil e. Bir az gözləyək, sonra gedərik. Mehmana yalvarıram ki, siz düşün, mən gedib ölsəm də, olar, amma bunlar niyə ölsün axı? Nə isə bir az gözlədik, sonra getdik. Qonşu dedi ki, atan və qardaşın məhəllədə nə qədər uşaq var, yığıb maşınlara aparıb. Yenə bir gün Ağdamdayıq, göydən də "Qrad” tökülür. Biz içəridə yatmışıq. Mehman çıxıb görür ki, atam əlində tüfəng pilləkəndə oturub. Soruşur ki, Məhəmməd dayı, burda niyə oturmusan? Deyir, "atırlar”. Qayıdıb ki, atırlar, atırlar da, keç evə. Kişi də deyib ki, "evdə qonaq var axı”. Guya evə bomba düşsə, qarşısını alacaq. Sonra da mənə deyir ki, bunları bura niyə gətirmisən, ölsələr, onların valideyninə nə deyəcəyəm? Dedim, əşi, sən salamat qalacaqsan ki? Ölsək, hamımız öləcəyik də. Yəni belə günlər yaşayırdıq. Mehmanla mən ən ağır vaxtlarda Ağdamda olmuşuq. Həftədə bir dəfə Ağdama gedirdik. Bir gün də gedirik, mən də silah aparıram. Biləcəridə bizim maşını polis saxladı. Hər yeri yoxlayırlar. Soruşdum, qardaş, nə axtarırsınız? Dedilər, silah. Mənim də üstümdə o vaxtlar silah olurdu, çıxartdım ki, deyəydiniz, göstərəydim də. Bir nəfər demədi ki, bu silah səndə nə gəzir. Dedilər, gedə bilərsiniz (gülür).

Mehman bəy:

- Ən maraqlısı o biridi e. Hələ biz SSRİ-nin tərkibindəyik. Qarabağda da qırğın gedir, bizimkilər əliyalın. Mənim maşınımla gedirik, baqaj silahla doludur, Aqil alıb. Yolda patrullar maşını saxladılar. Baqajda silahı görən kimi qayıtdılar ki, "tez olun, tez aparın, biz görməmişik” (gülüşmə).

Aqil Abbas:

- Biz o günləri yaşamışıq. İndi baxıram, deyirəm, ay dad, mənə söyənlərin xəbəri yoxdur ki, mən müharibədə nələr eləmişəm, nə qədər silah, patron daşımışam. Məni ən çox yandıran nədir? Aprel hadisələri olmadı? Aprelin 1-i ad günümdür. Xanımı götürüb getmişəm ki, ad günümü Şamaxıda keçirək, 2-3 gün də qalaq. Nə bilirik səhər nə olacaq? Getdik. Aprelin 2-si eşitdik ki, bu hadisələr olub. Dedim, daha qurtardı da ad günü. Özü də ad günü etmək nədir ki? İkimiz oturmuşuq, mən ad günü xoşlamıram. Eşitdim ki, şamaxılı heykəltəraş oğlan şəhid olub. Durub getdim onun dəfninə. Dəfndən sonra xanımıma dedim ki, gedirik Bakıya, mən təcili cəbhəyə getməliyəm. Qayıtdıq, xanımı qoydum evə. Dayım oğlu ilə birbaşa Ağdama getdik. Ən axırıncı posta getmək istəyirəm. Hər yerdə yazıblar "mina”. Yağış da yağıb. Deyirəm ki, maşın təkəri gedən yerlə sür, qırağa düşsən, minaya düşəcəksən. Dayım oğlu ağlayır ki, "mənim 3 dənə qızım var e, bunlara kim baxacaq?”Dedim, sür, minaya düşsək, ya bizi vursalar, möhtərəm prezidentimiz mənə Milli Qəhrəman adını verəcək ki, deputat gedib cəbhədə ölüb. Qayıtdı ki, bəs mən? Dedim sənin də qəbrinin üstə yazacaqlar ki, Azərbaycanın Milli Qəhrəmanının dayısı oğludur. Bundan artıq nə istəyirsən? (gülür). Heç kimin ağlına gəlməz ki, bu posta kimsə gələr. Çünki ya minalı sahədən keçməlisən, ya da düşmən vurar. Gəlib çatdıq. Orda da hərbçilər var. Yüyürdülər üstümüzə ki, siz burda nə gəzirsiniz? Dedim, qardaşlar, məni tanımırsız? Demə, ikisi də Şahbuzdanmış, biri baş leytenant, biri kapitan... Birisi qayıtdı ki, "boy, niyə tanımıram, Məmməd Arazın kürəkənisən də”. Məni nə təhər gülmək tutdusa... Qardaş, mən Milli Məclisin Müdafiə komitəsinin üzvüyəm, sən deyirsən Məmməd Arazın kürəkənisən...


"Hərbçilərin biri qayıtdı ki, boy, niyə tanımıram, Məmməd Arazın kürəkənisən də”

- O şəkil orda çəkilmişdi?

- Hə. Ömrümdə bir dəfə cəbhə xəttində şəklim olub, ona görə də söyüş qazanmışam. İndi girmişik posta, balaca bir pəncərə var, ordan baxırsan, Ağdamı görürsən. Hirsləndim, durbini aldım əlimə, çıxdım postun üstünə. Yerdən bunlar qışqırır ki, "Aqil müəllim, vurarlar səni...” Dedim, cəhənnəmə vursunlar, qoy ürəklə Ağdama baxım da. Çıxdım, baxdım. Düşəndə mənim bu axmaq dayım oğlu - elə belə də yazarsan - şəklimi çəkər və qoyar feysbuka. Bir də gördüm bir dənə özünü hüquq müdafiəçisi sayan "nemes” həmin şəkli paylaşıb, yazıb: "Bu, soğan əkməyə getmişdi?” Fikirləş, məni öldürə bilərdilər, minalanmış sahədən keçmişəm. Özü də xəbərim olmayıb, yoxsa qoymazdım ki, o, mənim şəklimi paylaşa. Uşaqdı da, götürüb paylaşıb. Bu "nemes” də götürüb yazıb ki, "soğan əkməyə gedib”. Ad çəkmirəm, həmin vəkilin uşağı Londonda oxuyur. Götürüb yazıb ki, oğlum Tərtərə gedib, sovqat aparıb. Sən artıq müharibə dayanandan sonra gedibsən, amma mən döyüşün içindəydim. Məni orda snayperlə də, adi qoşalülə ilə də vura bilərdilər. Allah bütün balalara ömür versin! Hətta düşmənimin də balasına ölüm arzulamıram. Amma mənə nə qədər söyüş yazdılar, "soğan əkməyə getmişdi”.

Döyüş mövqeyinin 500 metrliyində mənim ana nənəmin evidir. Qrad düşdü, ev dağıldı. Ondan 3 km o tərəfdə Bayat kəndidir, ata babamın evi. Orda da bizim həyətimizə düşüb, partlamayıb. O günlərdə göydən bomba tökülürdü. Səhərə qədər kənd camaatı ilə bir yerdə olmuşuq, domino oynayırıq, lağlağı edirik, göydən də bomba tökülür. Nəyə görə bunu elədim? Kənd camaatı görsün ki, bu adam deputat, ev-eşiyi, pul-parası, gəlib burda oturubsa, demək, burda ölüm yoxdur da.

- Bəs həyat yoldaşınızın, İradə Tuncayın reaksiyası necə olub?

- Heç vaxt heç nə deməyib. Bərəkət haqqı, ilk gündən heç vaxt deməyib ki, sən bu döyüşün içinə niyə girirsən?

- Aqil bəy, ən çox qıcıq yaradan həmin o soğan söhbəti oldu. Niyə bu qədər uzandı məsələ, səbəb nə oldu?

- O vaxt sən soğan əkmək mövzusunda yazmışdın axı. Demişdilər ki, kəndlilər işsizdir. Mən də demişdim kəndlilərin torpaq payı var, əksinlər, biçsinlər. Soğan, ya nə istəyirlər, əksinlər, təki əksinlər. Həmin vaxt mənim bir əmim nəvəsi Bərdədə soğan əkmişdi, 1 milyon 200 min manat xeyir götürmüşdü. 1 milyon 200 min manat! Onda məni niyə söyürsən, qardaş?! Mən niyə söyüş qazandım, onu açım, sizə deyim. İsmayıllıda məlum hadisələr oldu, Tofiq Yaqublu, İlqar Məmmədov tutuldu. Dalınca Qubada hadisələr baş verdi. Ondan sonra cəbrayıllılar Biləsuvarda etiraz elədilər. Həmin vaxt Ağcabədidə də hadisələr oldu. Ağcabədidə də qaçqın çoxdur. Onda hadisə yerinə birinci çatan Aqil Abbas oldu. Fikirləşin, Xocavəndin, Laçının, Ağdamın, Ağcabədinin icra başçısı ordadır, camaatla görüşürlər. 4 nəfər də binanın başına çıxıb ki, "özümü atacam”. Mən həmin vaxt özümü yetirdim hadisə yerinə, ordakı qaçqın qəsəbəsinə. Mən camaatın dilində danışmağı bacarıram. Mən bu adamları sakitləşdirdim, endirdim aşağı. Ağcabədinin icra başçısı var - Şahin Məmmədov, həqiqətən siyasətçidir, bu da o qədər məlhəm danışır. Qapısı həmişə qaçqınların üzünə açıq olduğundan qaçqınların arasında tək bir icra başçısı kimi yox, həm də elə bir insan kimi böyük hörməti var. Camaat onu eşidir. Nə isə camaatı yığdıq zala. Söz verilir Aqil Abbasa. Aqil Abbas məmurlar kimi danışmır, problem nədən doğur, kütlənin dilində danışır. Hətta biri çıxdı ki, "bu Aqil Abbasa inanırsınız?” Məndən də on dəfə bahalı geyinib. Sonra öyrəndim ki, Bakıda, orda-burda dörd yerdə qaçqın adına ev alıb həmin adam. Mən deyirəm ki, qardaş, mənim də bacımın əri Ağdamda şəhid olub, özü ağcabədiliydi, heç uşağını da görmədi. Polisdə kapitan idi, Heydər Əliyev ona "Azərbaycan Bayrağı” ordeni verib. Deyirəm, mən də sizdənəm də, bir qulaq asın, görək nə olub. Gözəl bir çıxış elədim, bir az zarafat, bir az yumor, bir az da əsəbi. Camaatı sakitləşdirdik, çıxdıq. Çıxandan sonra camaat yenə yığıldı başıma.


Bir az dərdləşdik, sonra da camaatla öpüşüb-görüşüb ayrıldım. Getdik bir tikə çörək yedik və Bakıya qayıdanda yolda AzadlıqRadiosu mənə zəng vurdu. Nədi məsələ? Axı Ağcabədidə istədikləri alınmadı, nə ev yandı, nə kimisə döydülər, söydülər, nə polisə hücum etdilər. Alınmayıb axı Amerikanın dediyi, ya Sorosun, pərt olublar. Mən orda müsahibə verdim. Dedim, bəli, Ağcabədidə işsizlik var. Amma bir adamın torpağı varsa, orda işsiz ola bilməz, əkər, biçər, satar. Rəsmən də o işsiz sayılmır. Mən də soğanı ona görə dedim ki, o qohum demişdi 1 milyon 200 min manat qazanmışam. Bunu dedim, gəldim, baxdım ki, soğanı çıxarıblar başlığa. Heç müsahibəni oxumayıblar, elə başlığa baxıblar, vəssalam. Beləcə, hamı məni soğana görə söyməyə başladı. Əkmə soğanı! Bu qəzəb ona görəydi ki, Ağcabədidə uduzdular, zəncir davam edə bilmədi. Zəncirin davam etməsinə icra başçıları ilə bərabər mən də mane olduğum üçün ölkəni uçuruma aparmaq istəyənlər tərəfindən belə bir hücuma məruz qaldım. Canın sağ olsun. Yəqin ki, bu müsahibədən sonra da nəsə bir fikrimi kontekstdən çıxarıb başlayacaqlar. Allah hər kəsə ürəyinə görə versin...

Elşad PAŞASOY,
Foto: "Yeni Müsavat”