adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Fevral 2018 23:35
37325
LAYİHƏ
A- A+

YƏSƏVİLİK VƏ AZƏRBAYCANDA ŞAMAN-DƏRVİŞ MƏDƏNİYYƏTİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Xoca Əhməd Yəsəvinin göstərdiyi başqa bir möcüzəni qaynaqlar belə xəbər verir. Xorasan ərənləri Əhməd Yəsəvinin böyüklüyü qədərincə dəyərləndirməklə yanaşı, onun möcüzələr də göstərə bilməsinə bir qədər şübhə ilə baxmışlar. Onlar Əhməd Yəsəvinin bu yöndəki bacarığını sınamaqdan sarı onun yanına nümayəndələr göndərirlər. Bu, Əhməd Yəsəviyə əyan olur. O, bir neçə dərvişi ilə gələnləri qarşılamağa gedir. Onlar Səmərqənd yaxınlığında bir çayın kənarında görüşürlər. Danışıq zamanında Əhməd Yəsəvi seyr edib çaya baxır. Gələnlər görür ki, bayaqdan sakit-sakit axan çayın suyu birdən-birə coşub daşdı və bir tacir də mal-mülkü ilə bərabər suda boğulur. Əhməd Yəsəvi yenə də bir sehr oxuyub çayın suyunu dayandırır, boğulan tacirin malları ilə birlikdə sudan çıxarır.
Deyilənə görə, Əhməd Yəsəvinin şöhrəti dünyaya yayıldıqca onu istəməyənlərin də sayı çoxalır. Onlar belə bir iftira yayırlar ki, Əhməd Yəsəvinin məclislərində qadınlarla kişilər birgə otururlar. Şəraitlə daha çox bağlı olan Mavrənnəhr və Xorasan alimləri bunu yoxlatdırarkən deyilənlərin yalan, şayiə olduğu üzə çıxır. Əhməd Yəsəvi isə özü bu məsələyə bir az başqa şəkildə yanaşmaq qərarına gəlir. O, məclisə ağzı möhürlü bir qutu gətirir. Oturanlara müraciətlə aranızda "Sağ əlinin həddi-buluğa çatdığı çağdan bu günə qədər arvad üzünə toxundurmayan biri varmı? - deyə sual verir. Bəlli olur ki, məclisdə Əhməd Yəsəvinin müridlərindən biridir - Cəlal Atadır. Əhməd Yəsəvi ağzı möhürlü qutunu ona verib yoxlamaya gələnlərlə birlikdə Mavrənnəhrə və Xorasana yollayır. Orda qutu açıldıqda görürlər ki, pambıqla od bir yerdədir. Amma nə pambıq alışıb, nə də od sönüb. Əhməd Yəsəvini yoxlamaq istəyənlər bunu görüb tutduqları işdən peşman olub xəcalət çəkirlər. Çünki Əhməd Yəsəvi bununla onlara demək istəmişdir ki, "Əgər qadın və kişi əhli haqq məclisində birlikdə ibadət və zikr edirlərsə, haqq-təalanın gücü onların qəlbindəki hər növ pislikləri yox etməyə müqtədir olur".
Düzdür, bu möcüzələr həmişə islami istiqamətdə yozulmuş, Əhməd Yəsəvinin şamana məxsus keyfiyyətləri üstündən sükutla keçilmişdir. Amma elə indicə gətirdiyimiz illüstrativ örnəklər Əhməd Yəsəvinin doğrudan-doğruya həm də şaman olmasını təsdiq edən fakt fövqünə ucalır.
Araşdırıcılar bu fikirdədirlər ki, Əhməd Yasəvinin "Divani hikmət"indəki şeirlərin hamısı onun özününkü deyil. Əgər belədirsə, deməli, mürşidin müridlərindən də ustadın, pirin şeirlərinə uyğun, oxşar nümunələr yazan olub. Və bu müridlər dərviş adı ilə məmləkətlərə, o sıradan Azərbaycana yayıldıqca çox olsun ki, bəziləri özlərində qoruyub yaşatdıqları şaman keyfiyyətlərini də gətirmişlər.
Burada bir məsələyə də toxunmaq istəyirik. Dediklərimizdən belə bir yanlış təsəvvür yarana bilər ki, Azərbaycanda yayılan yalnız Yasəvilik təriqəti, gələnlər də Yasəviliyi təbliğ edən dərvişlər olmuşdur. Heç də yox. Əvvəl onu deyək ki, ideoloji əsası sufilik olan hər bir təriqətin ayrıca, müstəqil nizamnamə və məramnaməsi olmuşdur. Biz bunu Yasəvilikdə olduğu tək, qədərilir, mövləvilik, bəktaşilik, tuccanilik, sənusilik dərviş ittifaqları, eləcə də Azərbaycandakı Sührəverdiyyə, işraqiyyə, nəqşbəndiyyə, Səfəviyyə və s. ilə tanışlıqda da aydın görürük. Misal üçün, yenə elə qaynaqlardan öyrənirik ki, sufiliyin mülayim qoluna mənsub olan görkəmli Azərbaycan mütəfəkkiri, "Təsəvvürə dair müridlərin əxlaqı", "Çıraqların qəribəsi" kimi traktatların müəllifi olan Əbunnəcib Sührəvərdi (1097-1168) bildirir ki, "təsəvvür şəriətdən başlayıb təriqətdən keçərək həqiqətdə sona yetir. Birinci mərhələ elm, ikinci mərhələ əməl, üçüncü mərhələ isə ilahi vergi ilə səciyyələnir".
Sözügedən Ə.Sührəvərdinin qardaşı oğlu Şihabəddin Sührəvərdi (1145-1234) isə əsərlərində daha çox "sufilərin əxlaq normalarının, davranış qaydalarının, mənəvi keyfiyyətlərinin müfəssəl şərhini verir" və belə qənaətə gəlir ki, insan onda haqqa, yəni Tanrıya yaxın ola bilər ki, o, öz mənəviyyatının saf olduğuna inansın.
Süfiliyin əsaslarına dair bir sıra traktatlar yazmış və işraqiliyin banisi olmuş Əbülfütah Sührəvərdinin (1154-1191) təliminə görə isə "bütün mövcudat mütləq vahid işıqdan şüalanma yolu ilə meydana çıxmış işıqlardan və kölgələrdən ibarətdir". Dünyada "Öldürülmüş filosof" adı ilə tanınan bu azərbaycanlı mütəfəkkirin qənaətincə insanlar istədikləri xoşbəxtliyə yalnız işıqlar aləmində qovuşa bilər.
Bu sadalamalarla Azərbaycanda mövcud olmuş təriqətlərdən danışmaq fikrimiz yoxdur və bu heç bizim bələd olduğumuz sahə də deyil. Atüstü anologiyada məqsədimiz Yasəviliyin yayıldığı yerlərdə və həm də Azərbaycanda təriqət ənənələrinin, dərviş birləşmələrinin olmasını söyləməkdir. Yasəvi dərvişləri yerli təriqət dərvişlərinə güclü təsir göstərərək şamançılıq meyllərini bir qədər də qüvvətləndirmişlər.
Şaman ruhlu belə bir dərvişə biz Hüseyn Cavidin "Şeyx Sənan" əsərində tuş oluruq. Bu əsərdə təqdim olunan obraz öz görkəmi, hərəkətləri, hətta sırf dini təriqət dərvişlərindən fərqli olaraq sözlərini avazsız, zənguləsiz, deməli, ən nəhayət, H.Cavidin özünün "xayır, aldanmayın, o həm sahir" qeydi onun şaman olmasını söyləməyə yol açır. Çünki H.Cavidin yazdığı "sahir" sehr edən, möcüzə göstərən deməkdir ki, biz bu xüsusiyyətin şamanlara da məxsus olmasını arxada bildirmişdik.
Çox olsun elə bu səbəbdəndir ki, sözügedən dərviş özünün hansı dinə, təriqətə mənsub olduğunu da bildirmir. Məsələ burasındadır ki, o, şaman olaraq fikirlərinin keçməyəcəyini yəqin edincə əlbəəl dönüb dərviş olur, həm də Yasəviliyə mənsub bir dərviş. Fikrimizi misallarla izah edək. Yasəvi şeirlərinin yardımı ilə keçdiyi ömür şəcərəsini açıqlayır və deyir ki, haqqa qovuşmaq üçün insanlardan uzaq olmaq lazımdır. Və Yasəvi özü də bu yolun yolçusu olur. Cavidin dərvişi də eynən belə - Yasəvinin dedikləritək düşünür:

Nədir yalnızlıq? Anlarsan
Düşünsən.
Bu rəmzi get də sor,
Allahdan öyrən!
Əgər fövqəlbəşər olmaq dilərsən,
Kənar ol daima cinsi-bəşərdən.

Xoca Əhməd Yasəvi, ümumiyyətlə, bütün təriqətlərin kökündə duran şəriət, təriqət, həqiqətə münasibətdə belə bir fikri ideoloji axara çevirir ki, həqiqəti anlamadan, yəni ruhən haqqa, tək tanrıya qovuşmadan, yalnız vahid İslam dininin varlığını dərk etmədən şəriət və təriqət yolunda çəkilmiş zəhmətlər də gərəksiz olar. "Hikmət"lərinin birində: "Əfsanədir şəriət, fərzanədir həqiqət, dürdanədir təriqət" - deyən Əhməd Yasəvi insanın uğurunu vahid bir dində - İslam dinində görür.
İndi gəlin görək H.Cavidin özünü "divanə", "səyyahi-zər", atasını "heyrət", anasını "şübhə" adlandıran dərviş sözü gedən məsələdə hansı mövqedə durur. Və bu dərvişin dedikləri Yasəvinin fikirləri ilə yaxınlıq təşkil edirmi? Dərviş deyir:

Şəriətdən, təriqətdən kənaram,
Həqiqət istərəm, yalnız həqiqətg
Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olardı cinsi-bəşər.
Zənnimcə, əlavə izaha ehtiyac duyulmur.
Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" romanında biz həm birbaşa şamanla, həm şamana məxsus yönləri özlərində qoruyan, Yasəvilik meylli dərvişlərlə tanış oluruq. İslamın gəlişinə qədər türk ellərində şamançılığın dərin köklü olmasını öndə qeyd etmişik. İslamiyyətin gəlişindən sonra isə şamançılıq tədricən öz yerini təriqət ənənələrinə, dərvişçiliyə verməli olmuşdur.
Y.V.Çəmənzəminlinin romanında təriqət dərvişi Yasəviliyin şərtlərinə, xüsusən Yasəvinin tərki-dünyalıq fikirlərinə əməl edən bir kimsətək tanıdılır. Bunu dərvişin müraciət etdiyi şəxsə dediyi sözlərdən daha açıq görmək olur. "Bir olan, böyük olan, əzəli və əbədi xaliqi tanı, onun haqq yoluna gəl! Fani dünyaya uyma! Hər bir şeydən əl götür də, xaliqin yolu ilə get...gondan ədalətli, ondan yüksək bir qüvvə yoxdur".
Şaman-dərviş mədəniyyəti haqqındakı bu ötəri qeydlərimizdən Yasəvi və Yasəviliyin mühüm mövqeyini xatırlamaqda istəyimiz budur ki, Çin sınırlarından başlayıb Avropanın içərilərinə doğru yola çıxmış türklərin mənəvi mədəniyyətinin vahid kontekstdə öyrənilməsi dünyagörüşü tariximizi daha dərindən bilməkdə yararlı dəyər daşıyır.

Bəhlul ABDULLA
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ