AQİL ABBAS: QİYAMƏT GECƏSİ - VIII (DAVAMI)

AQİL ABBAS
61163 | 2018-02-22 10:15

Və daha onun yerinə utanmayan qardaş elə birinci kitabdan sonra təzə nə çıxırdısa özündən əvvəl Ona alırdı. Hər dəfə Bakıya gələndə də cibinə bir topa da pul qoyurdu:
- İstəyirsən get kitab al, istəyirsən xərclə şair dostlarına. Onsuz da hamısı vuranşikdi.
- Qaqa, bir belə pulu hardan alırsan, özün də işləyib-eləmirsən.
- Avara özünsən. Kişi məni sovxoza su briqadiri aformut eləyib.
- Briqadirə bir belə maaş verirlər?
- Tupoy manqol, maaş nədi? Kişinin düz min beş yüz hektar üzüm bağı var.
- Nə olsun?
- O olsun ki, bu hökumət bir hektar bağı suvarmağa görə suçuya beş manat verir. İndi min beş yüz hektarı beşə vur görüm.
- Yeddi min beş yüz manat.
- Ay sağ ol, dədən oldu rəhmətlik, bir Jiqulinin pulu. Babat bir yağış yağdı, bir Jiquli irəlisən.
- Ə, sən o kişini əvvəl-axır ilişdirəcəksən.
- Sən belə şeyləri bilməzsən, get şeirini yaz. Sizin institutda şeir yazmağı öyrədirlər, bizim institutda da belə şeyləri.
- Sən heç dərsə gedirsən ki?
-Qiyabiçi babayam, müəllimlər üçün mənim başım yox, cibim maraqlıdı.
Sən dəmində ol. O gün rektor girib sinfə çığırıb-bağırır ki, oxumursunuz, hamınızı qovacam. Mən də dedim ki, bura xalq təsərrüfatı yox, pul təsərrüfatı institutudur, müəllim. Hərəmiz bir ətək pul verib girmişik bura, bizi qovsanız o pulu kim qaytaracaq? Tüpürüb çıxdı. Dekanımız düz bir saat güldü. Mənə dedi ki, sən öl, lotusan, bu gündən olduq dost.
Onunla fəxr eləyən, Onu Bakıda hamıdan qəşəng geyindirib-kecindirən, dara düşəndə üç-dörd saatın içində neçə yüz kilometr yolu basıb gələn, hər görəndə boynuna sarılan qardaşı indi Onu, özü də haçandan görmədiyi Onu, heç bir nədən olmadan belə bir havada, nəinki yolların buz bağladığı, hətta maşınların da yollarda qaldığı bir havada onu evdən qovurdu. Ataları da bu ərköyün oğluna mane ola bilmirdi, analarının yalvarışlarına da əhəmiyyət vermirdi:
- Oğul, ayağının altında ölüm, bu gün sənə nə olub axı? Nə istəyirsən uşaqdan? A kişi, sən niyə dillənmirsən?
Balaca Qardaş anasını qucaqladı:
- Ana, mən sənin ayağının altında ölüm, mane olma, - sonra çevrildi atasına tərəf, qoymadı yenə Kişi ağzını aça, - Kişi, sən də qarışma!
Məni hövsələdən çıxartmayın! Ə, eşitmirsən nə deyirəm? Geyin, rədd ol get öz xarabana.
- Get deyirsən gedirəm, amma de görüm məni niyə qovursan? Bəlkə pis iş tutmuşam xəbərim yoxdu? Bəlkə nə isə bir günahım var?
- Heç bir günah eləməmisən, heç bir pis işin də yoxdu. Mən belə istəyirəm, vəssalam. Bu ev mənimdi, mən də deyirəm get mənim evimdən.
Ataları bilə-bilə ki, onsuz da onu eşitməyəcək, yenə fikirləşdi ki, bəlkə könlünü ala bildi:
- Oğul, belə havada yola çıxmaq olmaz axı, necə getsin?
- Belə havada necə gəlib, elə də getsin. Dalınca dəvətnamə göndərmişdim?
- Barı qoy səhər açılsın.
- Yox, yox, səhər nədi, indi getsin, səhəri gözləmək olmaz.
Ataları daha hövsələsini saxlaya bilmədi. Stolun üstündəki qəddanı götürüb çırpdı yerə:
- Getməyəcək! Bura mənim evimdi. Nə vaxt özüyün evin olar onda kimi istəyirsən qovarsan. İstəmirsən, özün get.
Balaca Qardaş kobudcasına atalarının sinəsindən itələdi:
- Bu ev sənin deyil. Bu ev sənin olsa, erməni çırt eləyən kimi qaçıb gedib Bakıda bunun qoltuğuna sığınmazdın. Bura mənim evimdi. Çəkil.
Mən getməyəcəyəm, O gedəcək. Özü də bax bu dəqiqə, yoxsa bu evi partladaram, - dedi və yapışdı Onun boğazından, - sənə demirəm çıx get?! Boğaram səni!
Ataları nə qədər əlləşdi uşağın boğazını onun əlindən ala bilmədi, maşanı götürdü və ömründə ilk dəfə sevimli oğlunun kürəyindən necə vurdusa maşa şaqqıldadı. O isə əlini qardaşının boğazından çəkmədən çevrildi geri, atası gördü ki, ağlayır:
- Məni vurdun, ata?! - dedi və əlini qardaşının boğazından çəkdi, - Get, qaqa, sənə qurban olum, çıx get. Ayağının altında ölüm, çıx get. Ay namərd, çıx get! Get öz evinə-eşiyinə, get balalarının yanına.
Bunlar heç nə başa düşmürlər.
Hələ də çaşqınlıq içində olan O isə qardaşının gözlərinin yaşını sildi:
- Yaxşı, day niyə ağlayırsan? Get deyirsən gedirəm. Amma niyəsini bilmək istəyirəm.
- Niyəsini deyə bilmirəm. Niyəsini özün biləcəksən, elə səhər biləcəksən. Onda görəcəksən ki, yolunda ölməyə hazır olan bu qardaşın niyə səni bu xarabadan qovdu. İstəyirsiniz məni döyün, öldürün, amma indi qoyun getsin. Gələcək də! Amma indi getsin.
Hamı susdu, çünki daha danışılası söz qalmamışdı. O, kürkünü geydi, əvvəlcə atasını qucaqlayıb öpdü, sonra anası ilə vidalaşdı.
Anası:
- Uşaqların üzündən öp, - dedi və istədi Onun dalınca su atsın,
Balaca Qardaş qoymadı:
- Lazım deyil, ana. Sən yeməyi qoy qızsın, bunu yola salıb qayıdıram.
Atası:
- Özündən muğayat ol, maşını yavaş sür. O zəhrimarı da içmə, fikirləşəndə ki, içirsən gecələr yata bilmirəm.
Balaca Qardaş:
- Di gəl, gecə keçir.
Qapıdan çıxarkən O, yenidən arxaya çevrilib bir atasına baxdı, bir anasına baxdı:
- Darıxmayın, havalar açılsın gələcəyəm.
- Allah qoysa! - bunu da anası dedi.
İki qardaş bir-birilərindən bərk-bərk yapışıb çovğunla savaşa-savaşa zülmətə bürünmüş və sanki heç vaxt bir daha səhəri açılmayacaq bu xaraba şəhərin kimsəsiz, hətta it də ulamayan bom-boş küçəsi ilə üzüaşağı gedirdilər.
Bir vaxtlar adına şeirlər yazdığı, gecələr yuxusuna girən və elə indi də ürəyinin harasındasa qərtmək bağlamış bir yaraya çevrilən və heç vaxt Onu sevməyən o Cincilim Qızın yaşadığı bu küçənin belə yetim görkəmi ürəyini ağrıtdı. Nə qədər istədi o uşaqlıq illərini, bu küçənin başdan-başa yamyaşıl ağaclarını, bu yamyaşıl ağacların birinin altında dayanıb o Cincilim Qızın nə vaxt gəlib keçəcəyini gözlədiyi günləri, məktublarının birinə də cavab verməyən, amma sonralar Onun povestlərində özünü axtaran və tapan və tapanda da kitabı ilə üzünü örtüb hönkür-hönkür ağlayan, dəfələrlə Ona məktub yazıb bağışlanmasını xahiş edən və hər dəfə də yazdığı məktubu cırıb atan o Cincilim Qızı yadına salsın, amma beynində qardaşının hərəkəti özünə elə yer eləmişdi ki, başqa duyğulara imkan vermirdi.
O, uşaqlıq da ölmüşdü, bu küçənin o yamyaşıl ağacları da, o Cincilim Qız da, o Cincilim Qızın sevgisi də.
Ayağı sürüşdü, yıxılmamaq üçün Balaca Qardaşdan bir az da bərk yapışdı. Balaca Qardaş isə nə o uşaqlığın hayında idi, nə o yamyaşıl ağacların, tələsirdi görsün Onu bu şəhərdən bir az da tez çıxara bilərmi.
- Bir dəfə gəlmişdim Bakıya. Sənin ad günündə. Bu üzüyü sənə hədiyyə gətirmişdim, - deyə Balaca Qardaş barmağındakı iri, təkqaşlı brilyant üzüyü göstərdi, Oksford Universitetini əla qiymətlərlə qurtaran məzunlara verilərdi bu üzük.
Bu üzüyü Balaca Qardaş "İnturist"də bir amerikalıdan çox baha qiymətə almışdı. Çox istəyirdi ki, Balaca Qardaş bu üzüyü ona bağışlasın, amma qıymırdı. Çünki Balaca Qardaş hər yerdə bu üzüklə fors edirdi:
- Bu üzükdən iki dənədi, biri Amerikanın prezidenti Karterdədi, biri də məndə...
Bir-iki dəfə Balaca Qardaş:
- İstəyirsən bağışlayım sənə, - desə də...
- Yox, sən Karterdən əskik oğlan deyilsə ha! - deyə zarafatla cavab vermişdi.
- Bilirəm ki, bu üzükdən çox xoşun gəlir.
- Bayaq anam da dedi Bakıya gəldiyini, inanmadım. Dedim, yəqin Stepanakertdəymişsən.
- Yox, anam düz deyir, gəlmişdim Bakıya. Özü də day Stepanakertə getmirəm, iyrənirəm it qızlarından. Xeyli dayandım pəncərənin önündə, bəlkə bir saat, iki saat, bircə itin gördü məni, xeylaq itinlə oynadım. Hətta sən təəccüblə deyirdin bu itə nə olub. Sağlığına da içdim. Amma nə sən məni gördün, nə də evdəkilər. Çox çalışdım məni görəsən, neçə dəfə boynuna da sarıldım, amma bilmədin. İtinə dedim ki, ona deynən ki mən burdayam. İtin də nə qədər dedi başa düşmədin.
Axırda hirslənib itin burnunun üstündən vurdun ki, baş-beynimizi aparma. İtin də zingildəyə-zingildəyə gəldi mənim üstümə. Üzüyü sənə verə bilmədim, dilxor qayıtdım geri. Anamgilə də dedim ki, evdə zəhləm gedən adamlar vardı deyin qapıdan qayıtmışam.
- Qaqa, sən nağıl danışırsan?
- Nağıl-zad danışmıram, Sabir dayımın canıyçün doğru sözümdü.
- Bəlkə yuxuda görmüsən?
- İstəyirsən evində nə var, özü də nə hardadı hamısını bir-bir sayım?
Və hamısını bir-bir saydı:
- Mənim tarımı da evin yuxarı başında divardan asmısan. Amma kök simi yoxdu, pərdəsi də boşalıb.
Doğru deyirdi.
- Vallah, heç nə başa düşmürəm.
- Mən də səni başa sala bilmirəm, - dedi və barmağındakı üzüyü çıxarıtdı,- al, onda verə bilmədim, indi götür.
- Yox, sənə məndən çox yaraşır. Sən Karterdən əskik kişi deyilsən ha.
- Götür, qaqa, xahiş edirəm. Heç sən də Karterdən əskik kişinin oğlu deyilsən. Həmişə ürəyimdən keçib ki, bunu sənə bağışlayım, amma bağışlaya bilməmişəm. Bəlkə də həyatımda sənə qıymadığım bir şey olubsa o da bu üzük olub.
Zorla üzüyü taxdı Onun barmağına, gördü qardaşı bərk dirənib,
O da könlünə dəymədi.
- Yaxşı, üzüyə görə sağ ol. İndi de görüm məni niyə qovdun? Niyə qoymadın neçə ildən sonra öz evimizdə bircə gecə qalım, bu boyda yol gəlmişdim.
- Bəs mən də o boyda yol gəlmişdim, niyə görmədin məni?
- Elə şey olmayıb, sən onu yuxuda görmüsən.
- Elə bil ki, sən də bura gəlməyini yuxuda görmüsən. İndi tələs, yol uzaqdı, gecikərik.
Çovğun isə onları tələsməyə qoymurdu.
Uşağın böyük qardaşını əvvəl-əvvəl evdən zorla qovmaq istəməsindən, sonra hönkürüb ağlamasından, daha sonra qardaşının getməsi üçün yalvarmasından hələ də heç nə anlaya bilməyən ataları başını əllərinin arasına alıb oturmuşdu.
Çoxdandı görmədiyi balasının boyunu doyunca sevə bilməyən, əməlli-başlı dərdləşməyə vaxtı çatmayan, hətta nəvələrini belə soruşmağı yaddan çıxaran anaları isə süfrədə yarımçıq qalmış cığırtma boşqabına baxıb dedi:
- Qoymadı barı uşaq çörəyini axıracan yesin.
- Sən dərmanını iç, get yat.
- Sən yatmırsan?
- Yox. Könülü gözləyirəm.
(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV