adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Fevral 2018 14:42
30346
ƏDƏBİYYAT
A- A+

Fərqanə Yusifqızı: Səndən uzaqlarda


















Səndən uzaqlarda keçmir bu həyat

Ürək həsrət‚sevgi həsrət‚mən həsrət.

Səndən uzaqlarda qəlbim quraqlıq

Bulud həsrət‚yağış həsrət‚çən həsrət.


Səndən uzaqlarda hər mövsüm qışdı

Sənsizlık hər gecə mənlə boğuşdu.

Ruhum torpaq üstə qanadsız quşdu

Hava həsrət‚yuva həsrət‚dən həsrət.


Səndən uzaqlarda yoxdu xətirlər

Qələmin ucuna gəlmir sətirlər

Mən vüsal yazıram qəm gətirirlər

Şeir həsrət‚misra həsrət‚bənd həsrət.


Yağmur var buralarda


Yəqin eşitmisən xəbərlərdən

bir az yağmur var buralarda.

bir az buludlar mənə yağdı,

bir az da mən buludlara.

Sonra...

mahnımız səsləndi,

mindiyim taksinin radiosunda.

Bir az qulağım yoldaşlıq etdi mahnıya,

bir az da gözlərim...

Söyləmək istəmirəm, amma

mən səni çox özlədim...


Məktub


Məndən nigaran qalma,

Hər şey qaydasındadı

Yuxum qaçıb sadəcə

Heç bilmirəm hardadı.

Evin divarlarından

yuxusuzluq tökülür,

bayırda dan yeri də

sən olmadan sökülür.

Yuxu cəhənnəmə e,

Dörd tərəfim işgəncə,

Yenə iştahım qaçıb,

Yaşayıram beləcə.

Hara baxsan dərmandı

yenə xəstə olmuşam.

sevginə bürünürdüm

üstüaçıq qalmışam.

Quruyub dodaqlarım,

indi uçuq-uçuqdu.

Sulugözlü olmuşam,

Ehh, biabırçılıqdı...

Bunlar dərdin yarısı,

havalar da pis keçir.

günlər bozarıb yaman

bir birindən seçilmir.

Adını unutmağa

bəhanələr tükənib

dünyanın şor suları

kipriyimə yüklənib.

Hə,bayaq nə deyirdim?

heç vecinə də alma.

hər şey qaydasındadı,

məndən nigaran qalma


VƏTƏN


Hamı and içər adına,

Adın mənim andım,Vətən.

Səndən əzəl,səndən əvzəl,

Nə vardısa dandım,Vətən.


Vətəndə qəriblik çətin,

Necə olum axı mətin?!

Yüz milyonluq bir millətin

Həsrətini andım,Vətən.


Kim əl üzər gözəl gündən,

Qopur əldən yüz əl gündə.

Mən ki,sənə əzəl gündən

Həm ruh,həm də candım,Vətən.


İlham verdin hər sözümə,

Nur kimi doldun gözümə.

Təkcə,təkcə mən özümə

Səni həmdəm sandım,Vətən.


HƏLƏ YOL ÜSTƏYƏM...


Hələ yol üstəyəm səfərim uzaq,

Məni öz yolumdan saxlamaq olmaz.

Çölümdə atəş var,içimdə sazaq,

Məni bu səfərdə haqlamaq olmaz.


Yoluma qayalar,daşlar düzülər,

Qəddimi əymədən keçib gedərəm.

Qoymaram kimsənin qəlbi üzülə,

Bütün pislikləri biçib gedərəm.


Əkərəm dünyaya yaxşılıq dəni

Zalımın zülmünə sədd olar şerim.

Qovaram qəlblərdən dumani,çəni,

Sevən könüllərə bənd olar şerim.


Beləcə dünyaya nur çiləyərəm

Zülmət ürəklərdən baş alıb qaçar.

Baxıb insanlara əl eyləyərəm,

Çöhrələr ətrafa təbəssüm saçar…


…Hələ yol üstəyəm,səfərim uzaq,

Məni öz yolumdan saxlamaq olmaz.

Çölümdə atəş var,içimdə sazaq,

Məni bu səfərdə haqlamaq olmaz.