adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Fevral 2018 23:30
10807
ƏDƏBİYYAT
A- A+

İlk məhəbbətin üç göy qurşağı

Vaqif Nəsib

(əvvəli ötən sayımızda)
Lalənin dupduru gözlərinə tuş gəlib, həyatının ilk məhəbbət cığırına düşdükdən sonra həmin gözlər onun günişıqlı sevinclərini bir müddətliyə lalə ləçəkləri kimi uçura bilmişdi. Bu da Aşağı, Yuxarı Əskipara yolu arası Şırşır üstə qabaqlarına çıxan yalquzaq gözləri idi. Uşaqların səfini arxasınca çəkən Həsən Mehdi oğlu həyatında ilk dəfə yalquzaqla iki addımlıqda üz-üzə, göz-gözə gələsi oldu (canavar yolun burulduğu qayalı səmtdə bərəsini məharətlə keçmişdi). Ovçu Ələkbərin dəfələrlə söylədiyini xatırlasa da, yalquzaq üşütməsindən canını qurtara bilməmişdi. Ələkbər kişi məsləhətini bu şəkildə vermişdi:
- Çalış canavarın gözlərinə baxma. Onlar adamın ayaqlarını yerə yapışdırıb, qorxu rişəsini bütün canına palıdları kökü kimi sala bilir. İşdi gəldin, tezcə özünü ələ almağa çalış. Əvvəl-əvvəl dilininin yolunu açmaq istə. Bacardın həmin kəlmələri söylə: a kafir, əl çək, a kafir qəni... Gördün qəni də bilmirsən, əlini sırılının qolunda gizlədib, ağzına soxmağa çalış. Canavarın qabağındakına dişi batmayanda quyruğunu bulayıb, çıxıb gedir.
Həsən Mehdi oğlu canında güc tapıb, arxasındakıları canavar xofundan qurtara bilmişdi. Amma həmin qurd gözlərinin üşütməsi xeyli müddət canında qalası olmuşdu. Bütün şenlik Mehdi oğlu Həsənin dualıq olduğundan xəbər tutmuşdu. Həsən həmin gün canavarla deyil, qansızlığından kənddə illərlə söz-söhbət səngiməyən qanlı Səhlədərlə göz-gözə gəldiyini düşünmüşdü. Madar oğlunu itirdikdən sonra havalanmış Səhlədər xəstəliyi ağlını başından uçuranda da bağına çıxan yeniyetmələri qanına qəltan edirdi. Canavarın (yəni Səhlədərin) gözləriylə qarşılayıb dualıq alandan sonra gecələr yuxusuna həmin yalquzaq (və ya Səhlədər) girməyə başlamışdı. Uşağın sayıqlayıb söylədiyi sözlər evlərinin qapı-pəncərəsindən çıxıb kəndlə bir olmuşdu.
- O Səhlədər qağa heç olmazsa mənim canavarım olma. Anam tərəfdən süd qohumuyuq...
Başının üstündən yaş dəsmalını və həmin kəlmələrini anası əskik eləmirdi.
- O küçük Səhlədər nə vaxtdı qayadan uçub. Səhlədər uçan qaya altındakı cələdə tay-tuşunla o qədər oynamısan ki...
Mehdi oğlu Həsənin dualıq olduğu gündən uşaqları məktəbə kəndin poçtalyonu Çaşı Musa aparası olurdu. Sədr ona həmin tapşırığı çoxdan istədiyi bir köhlənlə bərabər vermişdi. Səhərlər iki Əskipara arası Çaşı Musa atlı, kənd uşaqları piyada olmağa başlamışdı.
Axır ki, Müsəllimin saqqalı hesabı keçən sözləri sonrası Həsəni Laxvan qarının qanına apardılar. O da yeniyetmənin bədəninin bir neçə yerinə dağ basıb Həsən ağanın otundan yapışdırdı. Və canavarın (Səhlədərin) gözlərinin üşütməsini canından çıxara bildi.
Elə Mehdi oğlu Həsənin də ömrünün (ilk məhəbbətinin də demək olardı) ən bəxtiyar günü, göy qurşağının bütün rəngləriylə varlığına nəqş olundu.
Demə, o məktəbdən ayrı düşdüyü günlər yoluna Lalə gözləri də dikilirmiş. Axır ki, Həsənin məktəbə gələcəyi günü o da eşitdi və bu yanaqları allanmış qız üçün lalə rəngli muştuluğa bərabər oldu. Həsənin uşaq səfinin başına keçməsi, Çaşı Musanı atdan salmadı, bir az da qəribsətdi. Üzü, gözü öyrəndiyi uşaqlardan ayrılmaq istəmədiyi bir-iki kəlməsindən də boy göstərdi.
- Heç özümü demirəm, bu kəhrəba da (atına rənginin adını yapışdırmışdı) sizdən ötrü qəribsəyib kişnəyəcək...
Həsənin uşaqların yenidən səfini çəkdiyi gün yaz ağzının leysanına düşəsi oldular. Həsən elə gəlirdi ki, növbəti yaz torpağın qış izini (dan üzünü) yuyub öz gül-çiçək toxumlarını səpir. Bunlar da onun qəlbinin dərinliyindəki ilk məhəbbəti şərəfinə Qala düzündə qızıl lalələrə dönəcək.
Onlar Aşağı Əskiparanın ilk evinə yaxınlaşanda yağış son "toxumunu" səpib qurtardı. Demə Hüseynalı bulağı səmtində Mehdi oğlu Həsənin yolunu Lalə də gözləyirmiş. Təbiətin ilboyu solmaq bilməyən Lalə adlı qız balası (ilk məhəbbət kimi Həsənin bəxtinə düşmüş qızıl lalə).
Talesi Həsənə həmin gün ömrünün ən unudulmaz mənzərəsini bəxş elədi. Yağışdan sonra göy qurşağı kəndin üstündə çələngə bənzəyirdi. Və həmin göy qurşağının rəngi özünə qəfərkinlərinkindən parlaq və cazibədar idi. Həmin nəhəng çələngin altında bir qızıl Lalə dayanmışdı. Mehdi oğlu Həsənin ilk məhəbbətinin solmaz çiçəyi...
...Göy qurşağı önündəki Laləli gün ilk məhəbbətinin unudulmaz mənzərəsi kimi Mehdi oğlu Həsənin varlığına nəqş olundu. Hər gün ona doğru ilk məhəbbət yürüşünə başlayıb, sinifdən-sinifə keçməyə başladı.
Demə gizli məhəbbətiylə Hovvuzlarda arpa, buğda boyda böyüyən, məhəbbətinin qızıl lentinə çatmağa tələsən yeniyetmənin taleyində "canavar" gözlərinə bir də rast gəlmək varmış. Onlar onuncu sinfin dərslərini başlayanda şagird saylarının biri də artdı. Müharibənin başsız qoyduğu bir ailədə dədə-baba kökünün qonşuluğuna, Aşağı Əskiparaya sığınmalı oldu. Ballı Namazın qardaşı müəllim Almaz cəbhədən özüylə gətirdiyi qəlpəni canında əridə bilməyib, uzun üzüntüləri sonrası ömrünü dünya dəyirmanında üyütməli olmuşdu. Namaz kişi də başsız ailəni Ceyrançöldə ehtiyac canavarının ağzından qurtarmağı qərarlaşdırmışdı. Kolxozdan araba alıb, onların kəndə gətirib qoltuğunun altına almışdı. Özünü şəhər uşağı sayan Almazın böyük oğlu Çingiz inəyinin Ceyrançöldən sonra onun ucqar kəndi dar paltar kimi gəlib çıxmağa başlamışdı. Həmin sıxıntı hesabı tövlədə gözündən yaş axıtdığını əmisi görüb sözləriylə qurulamağa çalışmışdı.
- Ceyrançöllülər özləri bizim buraları kurort hesab eləyir. Yayda dəyələrini Arançıda, Şəmsəbadda qatarlaşdırırlar. Üç-dörd əlləm-qəlləm dostundan canını qurtarıb burda özünə qardaşlıq da tapacaqsan. Hələ lalə yanaq, qaymaq dodaq, ayrım qızlarının saqqızını oğurlayacağını deməyə heç tələsmirəm...
Qardaş oğlunun qayğısını əməliylə də qalmaq istəmişdi. Gecəynən ayağını qudası Məhəmməd müəllimin evinə qoyub xahişini eləmişdi.
- Çingiz bir az dambat uşağa oxşayır. Onu məktəbin ən şəkilli qızlarının biriylə oturt, yelindən alınsın.
Səhərisi də Məhəmməd müəllim şəhər uşağını özü sinifə gətirib Laləylə bərabər əyləşdirib, Mehdi oğlu Həsənin ürəyinə Lalənkinə bənzər qara xal salmışdı.
Tənəffüsdə idman müəllimləri Qəzi (Qəzənfər müəllim uşaqların da onu belə çağırmasından darılmırdı) oğlanları bir-biriylə yaxınlaşdırmaq istəmişdi. Nəhayət, tanışlıq növbəsi Həsənə də çatmışdı.
- Bu da yuxarı kəndimizdən Mehdi oğlu Həsəndi. Yaxşı voleybolçuluğu var. Yeri gəlmişkən, sən orda nəylə məşğul olurduq.
- Mən də Ceyrançölün voleybol komandasının üzvü idim.
Həsənlə Çingiz məktəb həyətində bax beləcə göz-gözə gəlməli olmuşdu. Sözlərinə də dambatlığı ərinib qarışmış oğlanın gözləri Həsəni diksindirən kimi olmuşdu. Həmin gözlər bir zamanlar onu dualıq eləmiş canavarınkını xatırlatmışdı. Oxşarlığına görə də Həsən üçün bir anlığa zamanı və məkanı dəyişdirə bilmişdi. O özünü, şaxtası qulaq dişləyən bir qış günündə yalquzaq qarşısında hiss eləmişdi. Bu dəfə həmin qurd gözləri, o birisinkinindən də betər üşütməsini salmışdı. Həmin üşütmə özünün girov yazısını yazmış və Həsənə oxutmuşdu: Bu canavar sənin ceyranını əlindən ala bilər.
Çingizin məsum qurd gözləri Laləni sehrinə sala bilmişdi (Həmin sehri Namazın qızı Mehri də xeyli gücləndirmişdi. Çingizin bu gün-sabah öz qızıl medalıyla, qızıl paqonlu hüquqşünas olacağın qızıl sırğa kimi qızın qulaqlarından asa bilib, onu qızıl lalə kimi qızartmış və razılığını almışdı).
Həsən Lalənin Çingizə nişanlandığını Qala düzündə eşitdi. Həm də ətrafındakı lalələrin bir illik köçlərinə hazırlaşdıqları zamanı. Qəbul imtahanlarına ordakı nəhəng qovağın kölgəsində hazırlaşır, lalələrin ləçəklərinin iziylə özünün tələbə ömrünə köçməyə hazırlaşırdı. Həmin xəbər onu lalə talasından demək olar ki, sürgün elədi. Çünki təbiət həmin an bir tək onun üçün özünün bir nəğməsini oxuyur, oğlan ləçəklərini itirib qara xalı qatmış laləyə döndərmək istəyirdi. Təbiətin oxuduğu nəğmənin sözlərini bir tək o eşidə bilirdi. Bu hansı şairinsə yadında qalmış misralarından ibarət idi.

O, köçür, siz niyə utanırsınız,
Ay qızıl lalələr, qızıl lalələr.

Kəndə yolunu axşamüstü Hərəm yalı tərəf qaratikanlıq səmtindən saldı. Və həmin an onun üçün dünyanın bütün çiçəkləri payızı yetişməmiş qatarlaşıb köçüb getmişdi. Dünya da, insanları da qaratikan kollarına çevrilmişdi. Axşamüstü qaratikan rəngli qanının şırıltısı ilə qeyri-ixtiyarı andını da içdi: Şəhərdə məskənləşəcək, laləyə bənzər, ondan da gözəl bir qızla ailə quracaq...
Qaratikanlar arasında baş tutan həmin andı onlar kimi iynəli, tikanlı hesab etmək olardı.
Sonra imtahanlara xeyli qalmış yolunu şəhərə salmağa hazırlaşdı. Ən təmiz havası, ən duru suyu, ən bəhrəli torpağı olan həmin yerlər, oğlanı təngnəfəs edir, təşnəsini artırır, ayaqlarını yerə mıxlayırdı. Qərarına hoylanan ata-anasını sakitləşdirməyə çalışdı.
- Dayım orda müəllim tutsa yaxşı olar (dayısı Əli Bakıda fəhləlikdən sürümil mühəndis kimi ayağa qalxmağı, öz işığını yandırmağı bacarmışdı).
Atasından dayısının ünvanını, verdiyi xərcliyi (anasının xəlvəti ötürdüyü də üstünə gəlmişdi) cibinə, nəsihətini qulağına yükləyib yağışlı bir gündə özünün qaratikan andıyla şəhərə yollandı. (Həm də yolunu Aşağı Əskiparadan salmadan. Meşə yoluyla taxta zavoduna satıb qatar ayağına taxta daşıyan maşınların birinə mindi).
Mehdi oğlu Həsən Laləyə oxşayan şəhərli bir qızla ailə həyatı qurdu. Oğul-uşaq sahibi oldu. Amma sonrakı illər yavaş-yavaş üzünü Qala düzünə doğru çevirməyə başladı. Bu da çox zaman yağışlı günlərdə həmin talanın yeni nəğməsini qulaqlarına gətirirdi:

Hər yara sağalıb unudulan da
Sağalmaz yarası ilk məhəbbətin.

Şəhərdə qəribsəyəndə özünü Badamdar yaylasına verməyə başladı. Ordan da payı-piyada bir daşın üstə yeriyib rayonlara gedən yola tamaşa elədi. Və günlərin bir günü şəhərdə ölmüş bir yerlilərinin kəndə qayıdan tabutunu o da yolçu etdi. Və həmin tabutu ölümün tısbağa çanağına bənzətdi. Və şəhərdəki ömrünün tısbağa çanağı içində keçdiyi fikrinə düşdü. Və həmin fikrindən sonra ildə bir dəfə çanağından çıxmağı qərarlaşdırdı.
Bax ondan sonra öz qaratikan andını pozdu. İldə bir dəfə çanağından çıxıb yolu Yuxarı Əskiparaya saldı. Gözünü Aşağı Əskiparaya dikib yağışların yağmasını gözlədi. Ona elə gəlirdi ki, belə səfərlərinin birində əvvəl Aşağı Əskiparanın boynuna çələng kimi asılmış göy qurşağı, onun da fonunda Lalə adlı ilk məhəbbətini görəcək.
Amma hər səfərindən suyu süzülə-süzülə qayıtmalı olurdu. Şəhərə qayıdıb öz çanağının içinə yerləşirdi və kəndə qayıdan tabutu yadına salırdı. Özünün də o cür şenliyə dönməsini arzulayırdı. Başa düşürdü ki, artıq bir tək o təhər öz çanağından çıxa biləcək (onu tabutdan (çanağının maketindən) çıxarıb Qala düzündəki qovağın altında dəfn edəcəklər (vəsiyyəti belə olacaqdı). Bax ancaq ondan sonra yaz ağzı qızıl lalələrin doğum günü yağışlar sonrası göy qurşaqlarını doyunca görə biləcəkdi. Bir az sonra da Lalə köçünü...

Bənövşə bəndi

Yeniyetmələrin çoxu bəlkə də ilk məhəbbətləri öncəsi onu həmişə ilk xatırlada biləcək sevimli məkanları ilə vaxtaşırı və həmin əsrarəngiz, yerlərdə taleləri qarşılarına ilk məhəbbətlərini çıxarır.
Sarı Osmanoğlu Arançıya yolunu salmamış incikliyinin lövbəri kimi burnunu sallamışdı və Qazançı ətəyindəki həmin talanı görməmişdən, həmin dağın quzey səmtində kölgələnmiş, buludlanmışdı.
Sarının bütün dostları ailələri ilə bərabər Dilican səmtində yay köçünü salmışdı. Qardaşlığı Faiq də sözləriylə onun Dilican yolunu işıqlandırmağa çalışmışdı.
- Atanı razı sal, bu il yenə oranı seçsin. Həm də bizimlə qonşu olmaq üçün Şirbulağı üstəki evlərdən kirayələyin.
Atası oğlunun heç burnunu sallamağını belə görə bilməmişdi.
- Arançını bircə dəfə görməyin lazımdı. Sonralar özün oralardan əl çəkə bilməyəcəksən...

(ardı gələn sayımızda)