adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Fevral 2018 23:23
11406
ƏDƏBİYYAT
A- A+

Kövrək duyğuların təravəti

(Səidə Səlimzadənin şeirləri haqqında düşüncələr)
Balayar
Sadiq
Söz müqəddəsdir, ona görə ki, böyük Yaradanın ilahi qüdrətinə şəhadət verir. Dünyanın əşrəfi sayılan insanın əşrəfi sözdür. Ulu Tanrı sözü belə şərəfləndirmişdir. Bu fikrin fəlsəfi mətləblərini açmağa ehtiyac yoxdur. Çünki müqəddəs "Qurani-Kərim" bütün mətləblərə ən kamil cavabdır.
İnsan mənəviyyatı zəngin və həssas olduğuna görə daxili iztirablarını, sevinc və kədərini, həyat və cəmiyyət haqqında düşüncələrini ehtiva etmək üçün daha qüdrətli və ecazkar bir vasitə bədii sənət və onun obrazlı dilidir. Bəllidir ki, yaradıcılıq məharətinə malik olanlar həyat haqqındakı fikir və hisslərini sənət dili ilə ifadə edir, digər insanlar isə orada öz fikir və düşüncələrini həqiqət və arzularını oxucu, dinləyici, tamaşaçı qismində tapmağa çalışır.
Söz, həm də güzgüdür. Fikirlərin, duyğuların, düşüncələrin güzgüsü. Bu ilahi güzgü xeyirxah və nəcib əməlləri, qəhrəmanlıqları, yurd, vətən sevgisini, valideyn-övlad məhəbbətini, bütün gözəllikləri öz mübarək üzündə əks edir. Müqəddəs Sözün nur dolu çeşməsindən içənlər o insanlardır ki, onların alın yazısından ulu Yaradanın ilahi təbəssümü boylanır.
Ulu Sözə könül bağlayan qələm adamlarından biri də Səidə Səlimzadədir. Onun şeirlərinin əsas mövzusu; vətənpərvərlik, təbiət gözəllikləri, övlad məhəbbəti, xeyirxahlıq, nəciblik duyğularının tərənnümüdür. O, sadə insanların arzu, istək və niyyətlərini səmimi poetik deyimlərlə təbliğ edir.
Hər bir insanın həyata, cəmiyyətə aid görüşləri, özü və başqaları haqqında düşüncələri məxsusi bir istiqamətdə intişar tapır. Lakin istedadlı insanı fərqləndirən başlıca amil, onun həyatda, ümumən insanlıq üçün dəyərli, əhəmiyyətli cəhətləri, bariz əlamətləri görə bilməsində, sənət dili ilə cilalayaraq, onun fəlsəfi mahiyyətini gözəlliyi və ülviliyi ilə kəşf etməsindədir.
Bədii Sözün mahiyyəti daha təravətli və çox mənalıdır. Bədii söz dərin ictimai mənası, əhatəli və güclü realizmi, yüksək estetik keyfiyyətləri ilə heyranlıq doğurur. Bu mənada bədii təfəkkürün, ədəbi yaradıcılığın yolu mürəkkəb mündəricəsi ilə seçilir. Yalnız əhəmiyyətli mövzunun qələmə alınması əsərin ədəbi uğuruna zəmanət verə bilməz. Əsl sənətin obrazlı ehtivasında təravətli təcəssümündədir. Bu keyfiyyətlər isə qələm adamından, şairdən bədii sözün incəliklərini duymağı, əsərin forması, obrazlar sistemi və dili üzərində ciddi və məharətlə çalışmağı tələb edir.
Poeziya aləmində elə şairlər var ki, onların istedadının gücü mürəkkəb poetik obrazlar, bənzətmələr silsiləsində deyil. Onların bədii istedadının mayası xalq təfəkkürünün zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidini, sevincini, kədərini bütövlükdə mənəvi aləmini aydın, rəvan və özünəməxsus səmimiyyətlə əks etməsindədir.
Çağdaş şeirimizdə yaradıcılığının ictimai mündəricəsi, səmimi və ahəngdar ovqatı ilə maraq doğuran şair kimi Səidə Səlimzadənin bədii nümunələri ürəyəyatımlıdır. Kövrəklik, həzinlik və obrazlı düşüncə elementləri onun yaradıcılığının səciyyəvi cəhəti kimi diqqət çəkir.

"İlk baharda" şeiri şairin poetik ruhunun kövrəkliyinə ayna tutur:

Göy üzündə şimşək çaxdı buludlar,
Həsrət burda oda düşdü alışdı.
Bu vüsalın sevinc dolu göz yaşı,
Damcılayıb gur çaylara qarışdı.

Torpaq üstə təbəssümlü göy otlar,
Yerlə göyün danışıqsız ülfəti.
Zirvələrin başındakı buludlar,
Çətirlənmiş qayaların söhbəti.

Arzularım məni hara apardı,
Qışı keçdi, baharıyla görüşdüm.
Uçan quşlar xəyalımı qopardı,
İlk baharın nəğməsiylə öpüşdüm.

Poetik müstəvidə estetik idealın ifadə formaları çoxçeşidlidir. Yaradıcı insanın, bilavasitə şairin estetik idealının daşıyıcısı müxtəlif formalarda təzahürə malikdir. Şair hər şeydən əvvəl onu əhatə edən həyatda özünün yaradıcılıq idealları ilə mütənasib olan adamları təsvir və tərənnüm edir.

Sevimli, vüqarlı müəllimlərim,
Sizə nəğmə dolu sözüm var mənim.
Günəştək sönməyən odlu-alovlu,
Əbədi parlayan gözüm var mənim.

Bu məktəb illərin səsi-sədası
Səhərlər yuxudan oyadır məni.
Sizin zəhmətiniz, sizin elminiz,
Ellərdən ellərə tanıdıb məni.

Aylar ötüşsə də, illər keçsə də,
Həmişə yolumda mayak olmusuz.
Ümidli, arzulu həyat yolunda,
Harada büdrəmişəm, dayaq olmusuz.

Səidə Səlimzadənin poetik nümunələrinin lirik qəhrəmanı müşahidə qabiliyyəti ilə fərqlənir. Onun fərdi bədii siması, təkcə yazdığı şeirlərin üslub xüsusiyyətlərində deyil, həm də hadisələrə yanaşmasında, onları seçməsində və dəyərləndirməsində, lirik "mən"in əhval-ruhiyyəsini səmimi və təbii boyalarla canlandırmasındadır.
Səidə Səlimzadənin şeirləri daha çox gerçəkliklə, reallıqla bağlıdır. Bu poetik nümunələrdə həyatın səsi, zamanın nəfəsi, həmçinin misraların poetik ahəngdarlığı duyulur. Şeirlərdə həqiqət duyğusu, haqq-ədalət yanğısı, heyranlıq hissi poetik düşüncənin başlığa məramına çevrilir. Ancaq bütün bunlar reallığın, gerçəkliyin özündən qaynaqlanır.
Səidə Səlimzadənin bədii nümunələri ilk növbədə mövzu əlvanlığı ilə seçilir. Təbiət gözəlliklərini poetik bir dildə oxucuya çatdırır.

Çöllərimiz təzə - tərdi,
Süfrəmizi salam, burda.
Gül-çiçəyi min ətirli,
Heyrətimdən lalam, burda.

Üstümüzdən duman qaçdı,
Dovşan, maral yaman qaçdı,
Qönçə gözlü, ləçək saçlı,
Laləyanaq balam burda.

Demə ürək bir naşıdı,
Uyuq düşən hər daşıdı,
Gəncliyimin yaddaşıdı -
Bu halımla qalam burda.

Məlumdur ki, poeziyamızda zaman-zaman, əsrlər boyu bədii-fəlsəfi düşüncə tərzi, fəlsəfi lirika böyük önəm daşımışdır. Həyatı, dünyanı, təbiəti reallığı ilə məhz fəlsəfi düşüncə ilə qavradıqda, bu anlamı sənət dilinə çevirdikdə poeziya daha geniş məna kəsb etmiş olur. Şairin "Son yarpaq" şeirində olduğu kimi:

Ağacın başında qalan son yarpaq,
Bütün varlığıyla titrədi, əsdi.
Yaşamaq nə qədər şirin olsa da,
Budaqdan qopmağa yaman tələsdi.

Süzərək havada gələndə yerə,
Ağaca oxudu son nidasını.
Sanki bu uçuşla uca çinara,
Söylədi əbədi əlvidasını.

Bilirdi, ayrılsa öz budağından,
Xəzələ qarışıb torpaq olacaq.
Onunçun torpağa tələsdi yarpaq,
Tənha yaşamağı sevmədi ancaq.

Səidə Səlimzadə ənənəvi şeirimizin bütün formalarında qələmini sınamışdır. Onun vətənpərvərlik mövzusunda yazdığı poetik nümunələrdə yüksək vətəndaşlıq mövqeyini səmimi bədii ümumiləşdirmə yolu ilə təqdim edə bilir. Bu baxımdan şairin uğurlu bədii nümunələri çoxdur.

Hər şey bütöv, hər şey olacaq tamam,
Ürəyim yarımdır deməyim ancaq,
Bir az ümidimə mən oxşayıram,
Görən sabahlarım necə olacaq.

Nigaran qalıram dağım, düzümdən,
Namərd gülləsindən sağalmaz yaram.
Aman Allah, daha bezdim özümdən,
Qarabağ, Qarabağ deyib ağlaram.

Xankəndim, Xocalım... sıxılan canım,
Bizim haqq işinə kömək ol, Tanrı.
Qalmasın düşməndə heç bir məkanım,
Qayıtsın yurdumun o torpaqları.

Səidə Səlimzadənin lirikasında elə bir xüsusiyyət vardır ki, onu başqalarından fərqləndirir. Bu məziyyəti şərtləndirən cəhət geniş və dərin mənada sadəlikdir və bu onun yaradıcılığının ən mühüm aspekti kimi səciyyəvidir. O, şeirlərinin qayəsini təşkil edən ictimai mündəricəli bədii-fəlsəfi mənanı aydın və sadə üslubda ifadə etdiyinə görə şeirlərindəki forma sadəliyi mənanın məzmununu, mahiyyətini və poetik effektini qüvvətləndirir. Bədii-fəlsəfi dəyəri və səmimi ovqatı ilə diqqət çəkən nümunələrdən biri də "Təpələr" şeiridir.

Hər zaman dağlar həyan oubdur,
Geniş dərələrə həmdəm təpələr.
Başının örpəyi duman olubdur,
Məğrur dayanıbdır hər dəm təpələr.

Geniş yüksəlikdir, baxmayın boya,
Çiçəkli çəmənlər - bəzəkli donu.
Çığırlar - hörüyü, düşüb arxaya,
Ləpirlər - darağdır, darayır onu.

Zirvə baş vursa da səmaya, göyə
Təpələr zirvənin ilki, təməli.
Dağlar da övladsız olmasın deyə
Həyatda təpələr yaradıb, bəli!

Qadın zərifliyinin, ana nəvazişinin, xanım-xatın duyğularının poetik mənzərəsidir Səidə Səlimzadənin poeziyası. İnsanları yurdsevərliyə, mehribanlığa, ülviliyə, işığa səsləyir istedadlı şair. Səmimi və kövrək duyğuların tərənnümçüsü olan şairin yaradıcılıq yolunun uğurlu olacağına inanıram.
Sözünüz həmişə təravətli olsun, şair!