adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Fevral 2018 23:09
12165
GÜNDƏM
A- A+

Torpaqdan pay olmaz!

Əlibala RƏHİMOV,
"Qızıl qələm" mükafatı laureatı,
publisist

(Rəvayət)

Küsmüşdüm, yenicə barışmışam dostum qələmlə, bu rəvayəti o danışdı mənə. Və eləmədim tənbəllik, onu eləcə, özüylə də köçürdüm ağ vərəqə.
Ana torpaq... Üstündə ilk addımlarımızı atdığımız, uğrunda canımızı fəda etməyə hazır olduğumuz müqəddəs torpaq. Qış yuxusundan oyanışını da toy-bayramla, səməni, şəkərbura, paxlava ilə qarşılayırıq. İndi bir parçası düşmən tapdağındadı deyə rahat yaşaya bilmirik, yuxumuz ərşə çəkilir... "Torpaq - əgər uğrunda ölən varsa, vətəndi", - deyirik. O, müqəddəs olduğunu biz onun qayğısını çəkdikcə gstərir - barını-bəhrəsini bizdən əsirgəmir, yaşayışımızın təminatçısına çevrilir...
Hə, kifayətdi, məncə. Keçid alıram əsas mətləbə. Bizim eradan əvvəl, XIII-XIV əsrlərdə uzun bir payız axşamı çox da böyük olmayan məmləkətin Hökmdarı narahat yatmışdı. Gözləri yumuluydu, amma ürəyi "danışırdı". Niyə belə olsun bizim millətin aqibəti? Gündüz yeməyini yadına saldı: "Səhər bərkit, günorta ləngit, axşam tərgit" qaydasına əməl eləyir. Hə, yadına düşdü, gecə yatağa girməzdən əvvəl öskürürdü deyə, bir stəkan keçi südü içmişdi.
Ayağına elə bil isti su tökmüşdülər Hökmdarın. Yamanca darıxır, sükutun səsini eşidir o. Səhərin şirin yuxusunda nə görsə, yaxşıdır? Qonşu Padşahın qoşunu qılıncdan keçirirdi onun ölkəsinin bütün vətəndaşlarını-uşaqlı-böyüklü hamını... Günəşin sarımtıl şəfəqləri hələ dağlar arxasından boy verməmiş xəbər çatdırdılar ki, Padşahın elçiləri qapını kəsdiriblər. Nə istəyirlər? Baş vəzir dedi:
-Bir milyon dirhəm pul.
Yubanmadı, ürəyində qoy "rədd olsunlar" fikirləşib, xəzinədarı çağırdı və elçiləri razı yola saldı.
Heç on gün keçməmiş, yenə həmin elçilər: - Padşahın sizin gözəl-göyçək kənizinizə gözü düşüb. Göz yaşını sel kimi axıdan kəniz də getdi.
Növbəti ay elçilər bu dəfə lov xəbərlə gəldilər və məlum oldu ki, arxalı köpək olan Padşah şirniklənərək Hökmdarın mindiyi atı istəyir. Heç bir məsləhət-məşvərət eləməyən Hökmdar atı da "bağışladı" elçilərə. "Qoy yaxamızdan əl çəksin o məlun".
Xüsusi vurğulamaq lazımdır ki, bütün məmləkətdə böyük nüfuzu, hörməti, məhəbbəti var Hökmdarın. Sarayın qapısı həmişə açıq olur, gələn insanlar ondan razı qalır və doğmalarının yanına şad-xürrəm qayıdırlar. Edam kürsüsü yoxdu onun. Məmləkətində oğurluq, quldurluq, çapovulçuluq hallarına rast gəlməzsən. Hamı mal-qara, qoyun-quzu saxlayıb firavan yaşayır.
...Vay, vay, bu nədir? Yenə onlardı gələn. Qabaqdakı elçi dişini ağarda-ağarda dedi:
-Torpaqlarınızın yarısını bizə verməlisiniz! Əmri belədi Padşahın!
Nəfəsi təngidi, əlləri əsdi. İrəli gəlib, laxtayla tüpürdü elçinin ağzına. Nə torpaq? Rədd olun burdan!
Elə o gün qoşun başçılarını yığdı sarayın önünə, uca səslə qışqırdı:
-Eşidin, bilin! Qonşular pul istədi, verdim. Sonra kənizimi, atımı istədi, yenə yox demədim. Pul, kəniz, at mənim idi, qan tökülməsin deyə əl saxlamadım. İndi isə torpaq istəyirlər alçaqlar. Axı, torpaq mənim deyil, xalqındı, millətindi. Torpaqdan pay olmaz!
Əli silah tutan igidlər qarşı tərəfin qoşununu on günün içində darmadağın elədi, hətta Padşahın özünü girov götürdü.

***
Bu qədim rəvayəti bəyaz kağıza köçürərkən iç dünyamdan səs eşidirəm:
-Bütün türk dünyasının Milli Qəhrəmanı olan Mübariz Ağakərim oğlu İbrahimov təkbaşına erməni faşistlərinin üzərinə hücum elədi, silah-sursat anbarını partlatdı, onlarla əsgər və zabitini gəbərtdi. Bu gün biz hamımız hansısa səcərəsi olmayan seyidin cəddinə and içməyək. And yerimiz Mübarizin ruhu olmalıdır. And olsun MÜBARİZİN ruhuna!- deməliyik.