AQİL ABBAS: QİYAMƏT GECƏSİ - VI (DAVAMI)

AQİL ABBAS
388167 | 2018-02-20 00:24

- Yuxuda gördüm ki, svetoforda maşını saxlamısan. Bir dilənçi uşaq qəfil qapını açdı, bıçağı soxdu ürəyinin başına, sonra da ürəyini çıxarıb qaçdı. Sonra da gördüm ki, bazarda satır. Durdum kişiyə danışdım. O da dedi yəqin ki, uşağın ürəyinə nəsə olub. Elə o vaxtdan hər gün deyir görən uşağın ürəyi nə təhərdi.
Bu hadisəni hansısa bir bədii əsərdə oxusaydı fikirləşərdi ki, bu, yazıçının həyat həqiqətlərindən uzaq mistik uydurmasından başqa bir şey deyil. İndi bunu hansısa bir əsərdə oxumurdu, qulaqları ilə öz anasından eşidirdi. Başını buladı və qocaların ürəyinə xal salmamaq üçün dedi:
- Yuxudu də görmüsən, ürəyim buz baltası kimidi.
Atası yeməyini yeyib qurtardı. Bir siqaret yandırdı, iki-üç qullab vurdu:
-Qəzetsizliyə dözmək olur, heç olmasa kitab var, başımı qatıram, amma televizorsuz çox çətindir. Dünya çempionatı olanda yandım-töküldüm.
Futbol nə təhər oldu? Bizimkilər bir şey eləyə bildilər.
- Bizimkilər dünya çempionatına çıxa bilməmişdilər ha!
- Ə, özümüzünküləri demirəm. Bilmirəm ki, onlar nə qabiliyyətin yiyəsidilər?!
- Bəs kimi deyirsən?
- Bizimkiləri də, türkləri.
Yenə Ona qəribə gəldi, atasının heç nədən xəbəri yoxdu ki! Və neçə illərdi bircə dəfə də üzünün güldüyünü görmədiyi atasını sevindirmək üçün dedi - necə olur ki, atasıgil iyirmi beş il əvvəl ölmüş Sabir dayısına bu gün günorta az qala bir qazan çığırtma yedizdirə bilirlər, O, türkləri ikicə pillə yuxarı qaldıra bilmir:
- Türklər dünya çempionu oldular.
-Sən Həzrət Abbas, düz deyirsən?
- Vallah, düz deyirəm.
Atası uşaq kimi hoppandı göyə.
Anası:
- Ağsaqqal kişiyə bax ey!
- Eşitmirsən, deyir bizimkilər dünya çempionu olublar.
- Türklər nə vaxtdan bizimkilər olub? Bizimkilər olsaydılar çoxdan Yerevana bir bomba atardılar, camaat da əsir-yesir olmazdı.
Atası əsəbiləşdi:
- Gülçöhrə, sən belə şeyləri bilməzsən! Türklər olmasaydı indi uruslar torpağımızı torba ilə daşıyıb qurtarmışdılar. Özü də darıxma, dünyanın axırı deyil ha, atacaqlar. Hə, oğul, de görüm bəs Braziliya?
- Bizimkilər Braziliyanın ağzını cırdılar. Hakan Braziliyanın qapısını deşik-deşik elədi.
Bilirdi ki, atasının Hakandan bərk xoşu gəlir.
- Mən deyirdim də, Peledi kişinin oğlu. Bəh-bəh! Ermənilərin ürəyi partlayıb ki! Sən bizə bir işıq motoru tapa bilməzsən?
- Taparam.
- İşıq olsa, hökumət gələnəcən birtəhər keçinmək olar. Heyf, o futbollara baxa bilmədim.
Atası bayaqkı sevincin kefini yenidən çıxarmaq üçün bir də soruşdu:
- Vay dədəm, vay! Deyirsən türklər Braziliyanın ağzını kişi kimi cırdılar, hə?
- Cırdılar da sözdü?!
- Bəh, bəh.
- Doğrudan motor tapa biləssən?
- Bakıda dükanlar doludu.
- Onda gələn dəfə gələndə motoru da gətir, o futbolun kassetlərini də.
- Gətirərəm.
- Deyirsən az qalıb hökumətin gəlməyinə?
- Az qalıb.
- Yaxşı, bala, deyək ki, bu hökumət hələ gəlmək istəmir, bəs bu camaat niyə ev-eşiyinə qayıtmır. Nə oturublar o Bakıda ejir çəkə-çəkə. Ejir çəkməkdi-çəkməkdi, elə gəlib burda çəksinlər də. Bəlkə elə bilirlər ermənilər dağıtdıqları evləri təzədən tikəcəklər, onların da dalınca dəvətnamə göndərəcəklər? Yaz də bunları qəzetində, niyə yazmırsan? Yaz ki, ay camaat, niyə rədd olub çıxıb getmirsiniz evinizə-eşiyinizə.
- Yazıram.
- Hər gün yaz! Yaz ki, niyə gedib şəhərinizə, qəbiristanlığınıza yiyə çıxmırsınız? Görürsən mən çıxdım gəldim, heç sənə də demədim ki, gedirəm. Elə bilirsən bu ev beləydi, görürsən, düzəltmişəm. Onlar da gəlib pis-yaxşı düzəltsinlər. Qoy havalar bir balaca açılsın, dayıngilin də evini düzəldəcəyik. Bu uçuq-sökük daxmamız sizin o şəhərdəki evlərinizdən minqat istidi. Görürsən, sən üşüyürsən, biz yox. Bax qayıdan kimi mütləq bunları qəzetində yazarsan.
Əslində O, bunları hər gün yazırdı, bəzən birbaşa, bəzən dolayısıyla, hərdən də əsəblərini cilovlaya bilməyib söyüşlə. Amma adamlar Bakının zirzəmilərində, ilanmələməz çöllərdə yesir kökündə, bir amerikalının, ya bir almanın gətirdiyi beş kilo düyünü, iki kilo quru südü, bir tay unu gözləyə-gözləyə yaşasalar da evlərinə çıxıb getmək haqqında fikirləşmirdilər, elə bil onlara qurd yağı sürtmüşdülər və Onun söyüşlərinin də bir qara qəpiklik əhəmiyyəti yox idi. Dünyanın ən təhqir olunmuş və alçaldılmış və bu təhqirlərə və bu alçaldılmalara öyrəşmiş bu insanlar üçün Onun doğma söyüşləri "qadanızı alım" kimi bir şey idi. Bunu özü də çox yaxşı bilirdi, amma yenə də yazırdı.
Yazmasaydı onda gərək İlyas Ərnəfəs kimi havalanıb nəşriyyatın qabağında səhərdən axşamadək hər qabağından keçəndən soruşaydı:
- Ay qardaş, Şuşaya avtobus hardan gedir?
O da bunu istəmirdi deyin yazırdı. Yazırdı və inanırdı ki, bir gün adamlar Onun söyüşlərini yeməkdən doyacaqlar və çıxıb gedəcəklər evlərinə. Və on bir ildi Şuşaya avtobus gözləyən İlyas Ərnəfəsi də xoşbəxt edəcəklər və götürüb aparacaqlar heç vaxt üzünü görmədiyi
Şuşaya.
- Yazıram, ata, özü də hər gün yazıram.
- Yaz. Mütləq yaz!
Kimsə çöl tərəfdən qapının ağzında möhkəm-möhkəm ayaqlarını yerə döyəclədi. Görünür üst-başının qarını təmizləyirdi.
Anası:
- Yəqin Könüldü.
Qapı sakitcə açıldı və Könül girdi içəri, əynindəki paltonu çıxarıb çox səliqə ilə asdı:
- Axşamınız xeyir! Otaq nə yaxşı istidi? Çay var? Kişi, sən nə təhərsən? Gələndə gördüm, bala-bala körpünü tikirsən. Əjdahasan.
Və indi gördü Onu. Gözləri qıyıldı, qıymış gözləri ilə çevrilib bir atasına baxdı, bir anasına baxdı, bir ağız-burnunu ovuşdurdu, irəli bir addım atıb dayandı, otağa qəribə bir sükut çökdü, hətta ocağın çırtıltısı eşidildi. Yenə bir atasına baxdı, bir anasına baxdı, sonra yavaş-yavaş yaxınlaşdı Ona. O isə, heyrətlə ona tamaşa eləyən qardaşını qucaqlamaq üçün qollarını açmışdı. Amma qardaşı onu qucaqlamağa qoymadı, əli ilə sinəsindən basıb saxladı. Sonra yavaş-yavaş əlini sinəsindən onun üzünə qaldırdı, barmaqlarını sir-sifətində gəzdirdi, saçında gəzdirdi, köynəyinin düyməsini açıb boğazının altındakı xala baxdı, barmağını qoydu xalın üstə, yenə barmaqlarını onun sir-sifətində, saçlarında gəzdirdi, barmaqlarının ucu ilə Onun qaşlarına, kirpiklərinə toxundu və heç nə demədən yavaş-yavaş çöməlib oturdu, başını aldı əllərinin arasına. O da çöməlib qardaşı ilə üzbəüz oturdu və başını qoydu qardaşının çiyninə.
Atası da yerindən qalxıb onlara yanaşdı və elə onlar kimi də çöməlib oturdu yanlarında, əllərini saldı uşaqlarının boynuna, əvvəl hər ikisinin saçından öpdü və onları basdı bağrına.
... Lap uşaq olanda gecələr ataları ilə yatmaq üstə bir-biriləri ilə dalaşardılar. Ataları da heç birinin könlünə dəymək istəmirdi, ya çeçələ barmaq, ya baş barmaq, nə fərqi var ki, ikisini də bax indiki kimi bağrına basıb yatızdırırdı, amma səhər ayılanda görərdilər ki, hər kəs öz yerində yatıb. Qəribə idi ki, Onun da oğlanları ataları ilə yatmaq üstə dalaşardılar, O da ataları kimi uşaqlarının xətrinə dəymirdi, ikisini də basırdı bağrına...
Anası çiyninə saldığı yaylığın ucu ilə gözlərinin yaşını sildi:
- Yekə kişilərsiz, nə ağlaşma qurmusuz.
Bu sözdən sonra Kişi qalxdı, istədi onları da qaldırsın, amma Balaca Qardaş qalxmadı, gözlərini yumub oturmuşdu və hələ də böyük qardaşının bura necə gəlib çıxdığını qanmaq istəyirdi, qana bilmirdi.
Elə çöməlmiş halda alnını ovuşdurdu. Yenə bir şey çıxmadı. Nəhayət, qalxdı ayağa, yenidən barmaqlarını Onun sir-sifətində, saçlarında gəzdirdi və ilk sözü də bu oldu:
- Saçın nə pis ağarıb, qaqa, lap Kişiyə oxşayırsan.
Amma atasının saçı əlli yaşında belə ağarmamışdı və O, heç də əlli yaşlarındakı atasına deyil, yetmiş yaşlarındakı atasına oxşayırdı.
Özü də nəinki sir-sifətdən, həm də Çingiz xanın gözləri kimi qıyıq gözlərindən, saçının axınından atasına oxşayırdı, danışığı, duruşu, əl-qol hərəkətləri və qəfil özündən çıxması da eynilə atasının idi.
Hətta xətləri, imzaları da bir-birindən seçilmirdi.
Elə olurdu ki, atası Bakıdan zəng vururdu:
- Mən ləngiyirəm, get sovxoza, bir-iki sənəd var, onlara qol çək, gecikir, camaatın maaşı qalıb.
Balaca Qardaş bir də görürdün bir kağız gətirdi:
- Qaqa, sən yaxşı qaqasan də, bura bir qol çək Kişinin əvəzinə, gedim anbardan üç-dörd təkər götürüm. Sən öl, birinin pulunu da verəcəm sənə.
Qol çəkməzdi. Balaca Qardaş da əsəbiləşərdi:
- Ə, səndən kişi çıxmaz ey, ömür boyu ac qalacaqsan. Ə, müftə puldu də, bir dənə qol çək, vəssalam, olmasın beş yüz təkərdən dördü, guya Kişi biləcək ki. Anbardar özü oğurlayıb satır də, nə olar dördünü də mən satsam. Sən öl, sənin acığına Kişinin qolunu özüm öyrənəcəm.
Amma Balaca Qardaş nə qədər əlləşsə də atalarının qolunu çəkməyi heç vaxt öyrənə bilmədi.
Hər səhər əl-üzünü yuyanda bir anlıq Ona elə gəlirdi ki, güzgüdə gördüyü özü deyil, atasıdı, qarşısında dayanıb ona baxır. Bu bir anlıq vaxt da elə bir andaca keçirdi və görürdü ki, bu təsəllidən başqa bir şey deyil, gülümsəyərdi və güzgüdən ona baxan atasına bir göz də vururdu.
Anası hərdən deyirdi:
- Elə bil səni mən yox, nənən doğub.
Qardaşının Onun üz-gözündə, saçlarında, dodaqlarında gəzən bu buz kimi barmaqlarından heç bir nəvaziş duymadı, elə bil bu barmaqlar nəyisə axtarırdı, amma tapa bilmirdi.
- Qaqa, nə vaxt gəlmisən?
- Bir az olar.
- Hardan gəlirsən?
- Bakıdan.
Balaca Qardaş yenə fikrə getdi. Bu dəfə öz saçlarını qarışdırdı, sonra, yenə barmaqlarını Onun üz-gözündə, saçlarında və dodaqlarında gəzdirdi. Daha sonra üzünü qoydu böyük qardaşının üzünə, xeyli belə dayandı, sonra atasını qucaqlayıb üzünü qoydu atasının üzünə, getdi təəccüblə onun anlaşılmaz hərəkətlərini izləyən anasına tərəf, onu da qucaqlayıb üzünü söykədi üzünə...
Atası:
- Ay oğul, bir de görüm nə olub axı?
... cavab vermədi, çünki nə olduğunu hələ ki, heç özü də bilmirdi.
Qayıtdı yenidən Onun üstünə, əl atıb biləyindən yapışdı və var gücüylə dişlədi, sonra təəccüblə Ona baxdı, gördü ki, O, heç nə hiss eləmir.
(ardı gələn sayımızda)


TƏQVİM / ARXİV