adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

AVROPADA QALMAQAL

7080 | 2018-02-20 00:18
Sənədli hekayə

Bu günlərdə xaricdə yaşayan və çoxdan tanıdığım bir nəfər mənə zəng etdi. Dedi yazıçı, millət vəkili Aqil Abbası tanıyırsanmı? Fikirləşmədən dedim bəli, tələbəlik illərimiz bir yerdə keçib.
Əvvəlcə duruxdu, bir neçə saniyə səsi gəlmədi. Sonra sözlər ağzından qəfil atılan daş kimi çıxdı:
- Onun haqqında Avropada qalmaqal yaranıb...
-Nə qalmaqal, - deyə bu dəfə mən təəccübləndim.
Telefonda onun küt, boğuq səsi yenidən eşidildi:
-Futbola görə...
-Nə futbol?.. Başa düşmədim...
Yenə qırıq, küt, boğuq səs qulağımı burğu kimi deşdi:
-Keçən il "Qarabağ"ın uduzmağını deyirəm...
Təəccüb və maraq hissi ilə yenədən köhnə tanışımı suala tutdum:
-Aqil Abbas, futbol, Qarabağ... Əzizim yenə bir şey anlamadım. Ətraflı danış görüm nə olub?..
- Keçən il Ağdamın "Qarabağ" komandası uduzduğuna görə Aqil Abbas saytlara müsahibə verib ki, "Qarabağ"ı hakim uduzdurub. Hakimi də söyüb biabır edib.
-Nə olsun, - deyə Aqil Abbasın ötən ilki müsahibəsini xatırlayıb gülümsədim.
-Necə nə olsun, İndi bütün Avropa Aqil Abbasın həmin müsahibəsindən danışır. Deyirlər Azərbaycanın millət vəkili məşhur futbol hakimini söyüb...
-Nə olsun axı, Azərbaycanın millət vəkili haqsızlığa qarşı söyüş də söyə bilməz?.. Mən də deyirəm bəs nə olub. Söyüb lap yaxşı eləyib. Söyülməlini söyərlər...
Telefonda qırıq, küt, boğuq səs yenidən eşidildi:
-Məhkəməyə vermək istəyirlər Aqil Abbası, başa düşürsən... Futbol hakiminin bacıları deyirlər Aqil Abbas bizi təhqir edib, gəlsin məhkəmədə cavab versin. Belə söhbət məgər lazımıydı. Bunun əvəzinə şikayət edib oyunu ləğv elətdirmək olmazdımı... İndi biz burda nəyə görə problemlə qarşılaşmalıyıq, narahat olmalıyıq...
Bu dəfə köhnə tanışımın sözləri mənim qəlbimə toxundu. Ciddi bir tərzdə soruşdum:
-Çoxdan yaşayırsan orda?..
- Hə, elə o vaxtdan anamla, bacılarımla burdayıq...
-Bir söz deyərdim, ancaq qorxuram sənin də bacıların məni məhkəməyə verə...
Köhnə tanışımdan cavab gözləyib ona daha ağır sözlər deməyə hazırlaşsam da əlaqə kəsildi.
Yazıçı dostum Aqil Abbasın futbol hakimi ilə bağlı müsahibəsini xatırlayıb gülümsədim. Xaricdə bu xalqın pulu ilə kef çəkən, villalar, milyonlarla dəyəri olan evlər alan, bərkə düşəndə millətdən, Vətəndən, Qarabağdan üz döndərən dırnaqarası həmvətənlərimin, bu milləti yerindən, yurdundan didərgin salanların, doğma torpaqlarımıza sahib çıxan ermənilərin, Ağdamın "İmarət" stadionunda top oynadan şan dığaların ünvanına Aqilsayağı bir ismaric göndərdim. Və inandım ki, qeyrətli oğullarımız mənim, eləcə də Aqil Abbasın ismaricini nə vaxtsa yerinə yetirəcəklər.

TƏQVİM / ARXİV