adalet.az header logo
  • Bakı 17°C
19 Fevral 2018 17:32
103698
MÜSAHİBƏ
A- A+

Milyonçu Cənnət Əliyev gitaraçı Musa Musayevi müğənni etdi... - MÜSAHİBƏ

Nəinki Azərbaycanın, SSRİ-nin ilk milyonçusu Cənnət Əliyev 1954-cü ildə Naxçıvanda doğulub. 9 yaşında atasını itirdikdən sonra internat məktəbində oxuyub və böyüyüb. Özü haqqında deyirdi: "İnternatda ondan da artıq aclıq keçirtdim. Mənim burada ən böyük arzum doyunca yemək olub. Pəncərədən düşüb çörək oğurladığıma görə dəfələrlə döyülmüşəm. Universiteti Naxçıvanda bitirdikdən sonra cibindəki 8 manatla Rusiyaya gedən Cənnət Əliyev həmin pulu elə birinci gün xərcləyib. Telefon köşklərində artıq qalan 2 qəpikləri yığmağa başlayan Cənnət Sverlodskda "Təbriz” kooperativini qurur. Bütün SSRİ-nin rəsmi milyonçusu elan edilir. Amma qazandığı pullar ona rahatlıq gətirmir. Əvvəlcə xristianlığı qəbul edir, daha sonra Krişnaya sitayş etməyə başlayır. Özü bu barədə belə deyir: "Başımı qırxdırıb monax oldu, 13 ay gecə-gündüz bu fəlsəfəni öyrəndim, öyrəndiklərimi insanlara yaydım, 11 otaqdan ibarət ikimərtəbəli imarətimi onlara ibadətgah verdim, 3 avtomobilimi verdim”. Cənnət Əliyev daha sonra İslam dinini qəbul edir, üzərində ayələr yazılmış bayrağı Bakıdakı teleqüllədə dalğalandırır, 12 metrlik "Zülfüqar” qılıncını hazırladaraq Azərbaycan ordusuna bağışlayır. Kalamıkıya prezidenti Kırsan İlyumcanovun yaxın dostu kimi onun şərq və ərəb ölkələri üzrə nümayəndəsi təyin edilir. 1989-cu ildə Rusiyada "Təbriz” musiqi qrupu yaradır. Qrup elə onun bəstəkarı olduğu "Təbriz” mahnısı ilə Azərbaycanda məşhur olur. Xeyriyyəçiliyinə görə də tanınan Cənnət Əliyev bir müddət mənəvi rahatlığı vəhşi heyvanlar saxlamaqda, kəndir üzərində gəzməkdə axtarır. Sonra bütün var-dövlətini itirərək həbs edilir. Daha sonra isə ruhi xəstəxanada müalicə alır. Son günlərini ibadətlə keçirən, xalq təbabəti ilə insanları müalicə edən Cənnət Əliyev 2014-cü ildə Bakıda dünyasını dəyişir.



Oturduğumuz kafedə təsadüfən İlham bəylə rastlaşırıq. Əslində mən nə onun adını, nə də Cənnət Əliyevin ən yaxın dostu olduğunu bilirdim. Söhbət əsnasında Cənnət Əliyevin dostu olduğunu bilib onunla müsahibə etməyə qərar verdim. İlham bəyin yanında o vaxtkı "Şəms” qrupunun bədii rəhbəri Şakir Quliyev də var idi.



Adalet.az saytı həmin müsahibəni sizə təqdim edir.

- Bu günlərdə sosial şəbəkələrdə rəsmən sovet milyonçusu elan edilən Cənnət Əliyev haqqında bir video kadr yayımlandı. Siz də həmin paylaşımların rəy bölməsində dost yanğınızı ifadə edirdiniz. Onun taleyinin belə acınacaqlı sona çatmasında hansı səbəblər var, onun ən yaxın dostu kimi bu barədə nə deyə bilərsiniz?

- Сənnət Əliyev uşaqlığını internatda keçirib, orada aclıq və səfalət içində böyüyüb. Amma çox savadlı insan olub. Naxçıvandakı Pedoqoji institutu bitirib. Həmin dövrdə Cənnət həm də nişanlı idi. Nişanını qaytardıqdan sonra üz tutub Rusiyanın Sverdlovski şəhərinə. Orada da hüquq üzrə təhsil alıb. Rüşvətxorluqla daima mübarizə apardığına görə ona dəli deyirdilər. Sverlovskidə bir müddət müstəntiq vəzifəsində işləyib. Amma rüşvətxorluğa qarşı çıxdığına görə təqiblərlə üzləşib. Beləcə sıxışdırıldığını görən Cənnət qərara gəlir ki, iqdisadiyyatla məşğul olsun. Bu, Sovetin kooperativlər yaratdığı dövrünə təsadüf elədi. Sverlovskidə açdığı "Qvozdika” adlı mağazayla maddi vəziyyətini xeyli yaxşılaşdırdı.

- Bildiyimə görə gül satırdı, eləmi?

- Bəli... Sonra Naxçıvandan müxtəlif bitki otları gətirməyə başladı. Daha sonra böyük biznesə girişdi. Bakıya parniklərə və mini asfalt zavodlarına nə lazım idisə, Ukraynadan, Rusiyadan gətirməyə başladı. Artıq 89-cu ilin axırları Sverdlovskinin "Smena” qəzetində "Sovet milyonçuları ilə müsahibə” rubrikasında milyonçu kimi müsahibə verir, sonra AZTV-nin "Dalğa” verilişinə dəvət alır.



(Şəkildəki Cənnət Əliyevdir)



- Rəsmi şəəkildə milyonçu elan olunmuşdu?

- Bəli. Amma o milyonçu elan olunana kimi bizneslə yanaşı, həm də siyasətlə məşğul olurdu. Onun siyasəti Cənubi Azərbaycana yönəlmişdi. Yəni cənubla şimalın birləşməsi onun ideologiyasının əsas məntiqi idi. Siyasi baxışlarını musiqi ilə çatdırmağa başladı. O vaxtlar da İmişlidə ən məşhur olan müğənni, xalq artisti Niyaməddin Musayev idi. Onun davamçıları Vuqar Yusifov, Musa Musayev, Cəlilağa Quliyev, Şakir Quliyev idi ki, o da hal-hazırda qarşınızda oturub. Onun yaratdığı "Şəms qrupu”nda Cəlilağa saksafonda, Musa gitarada çalırdı, Şakir ansamblın bədii rəhbəri idi. Vüqar isə həm elektron zərb alətində ifa edirdi, həm də oxuyurdu. Sonra Cənnət Əliyev onları Sverdlovskiyə dəvət elədi, onlara məşq etmək üçün yer verdi. İndi "Qızıl fond”da qalan "Təbriz” mahnısının bəstəkarı Cənnət Əliyevdir. Bu mahnının ilk ifaçısı Vüqar Yusifov, sonra isə Musa Musayevdir.

- Amma biz Musa Musayevdən eşitmişik o mahnını.

- Xeyr. AZTV-nin "Dalğa” verilişində bu mahnını Vüqar Yusifov ilk dəfə ifa etmişdi, Musa Musayev isə gitarada müşayiət edirdi. Sadəcə, Vüqar elədiyi xəyanətə görə ansambldan qovulub, sonra qrup dağılıb. Daha sonra Bakıda konkurs keçirildi ki, Vüqarın səsinə oxşar səs tapılsın. Elə oldu ki, onun səsinin oxşarı tapılmadığı üçün Cənnət Əliyev bu mahnının ifasını gitaraçı Musa Musayevə tapşırdı. Ondan sonra gitaraçı Musa Musayev müğənni oldu.

- Cənnət Əliyevlə hansı ortaq cəhətiniz var idi ki, onunla işləməyə başladınız?

- 88-ci ildə bizə "Təbriz kooperativi”ndən məktub gəldi. Açığı vaxt olmadığına görə, əvvəlcə maraqlanmadıq. Sonra Cənnət Əliyevin adamlarından biri gəldi və dedi ki, getmək lazımdır.

- Siz bilirdiniz ki, Cənnət Əliyev milyonçudur. Razılaşanda maddiyyat sizə önəmli idimi?

- Düzdür, maddiyyat da önəmli idi, amma biz çox yaxşı yaşayırdıq, toylardan boş vaxtımız olmurdu. Dekabrın 16-sı nəhayət, Xalidlə Moskvaya uçduq. Moskvada Cənnət Əliyevlə ilk görüşümüz oldu. Sadə geyimli, adi bir adam idi. Kontrakt imzaladıq ki, gəlirin 50 faizi bizim, 50 faizi isə kooperativin olacaq. O bizə ən yaxşı musiqi avadanlıqlarını almağa kömək elədi. Sonra təklif etdi ki, elə kooperativin adını daşıyan bir mahnı ərsəyə gətirək.

- Şakir müəllim, o vaxtlar mitinqlərin başladığı dövr idi.

- Bəli. Əsl zamanında yaranan mahnı idi. Amma mahnı yaranana kimi bilmirdik ki, nə edək, necə edək. Cənnət gitaranı əlinə aldı və dedi ki, mən məktəbdə oxuyan vaxtlarımda belə bir musiqi ifa eləmişdim. Belə deyək də, mövzunu bizə o verdi. Mahnı beləcə yarandı. Sonra onun aranjıman işləri sona çatdı. Və biz ilk dəfə AZTV-nin "Dalğa” verilişində "Təbriz” mahnısını ifa elədik. Bu mahnı Azərbaycanda böyük rezonans doğurdu.

- Buna səbəb də həmin vaxtlar insanların azadlıq ruhunda olması idi.

- Əlbəttə ki. Əgər o mahnı on il qabaq, ya sonra ifa olunsaydı elə effekt verməyəcəkdi. Mahnının səslənməsindən 20 gün sonra Naxçıvanda İranla sərhədləri vurub dağıtdılar.

- İlham müəllim, sizdən soruşmaq istəyirəm, Cənnət Əliyev müsəlman kimi doğulub, sonra xristianlığı, daha sonra Krişnaizmi qəbul edib və axırda yenidən İslama qayıdıb. O nə axtarırdı?

- Onun üçün bütün dinlər müqəddəs idi. Həmişə deyərdi ki, xristianlara, krişnaçılara niyə pis baxırlar? Onlar da Allaha inanırlar. Allah təkdir, hərə ona bir cür inanır. Burada pis nə var ki? Kafedə oturub araq içənlərdən pisdir xristianlar, krişnaçılar? Krişnaizmi Azərbaycana gətirən, onları maddi cəhətdən təmin edən Cənnət Əliyev olmuşdu.



(Cənnət Əliyevin Azərbaycan ordusuna hədiyyə etdiyi "Zulfiqar" qılıncı)

- Bəs, Krişnaçılar onun qədrini bildimi?

- Xeyr. Təəssüf olsun ki, onları maşınla, 20 otaqlı ev ilə təmin edən Cənnət Əliyevin qədrini bilmədilər. Cənnət onların Bakıda kitablarının çapına dəstək olmuşdu. Bəzən heç o kitabların satışı da olmurdu, təmənnasız insanlara paylanırdı. Kitabın satışı rekord vurmuşdu. O vaxtlar bir deputatımız var idi, Səyyad Aran. Səyyad müəllim onun haqqında qəzetdə bu başlıqla bir yazı da yazmışdı. "İlk rekordçu”. Dünyada krişnaizmə aid kitabların ən çox satışına nail olmuşdu Cənnət.

-Yəqin krişnaistlərdən mənəvi qarşılığını görmədiyinə görə yenidən İslama qayıtmışdı. Elə deyil?

İlham bəy:

- Onun mənəvi haqqını nəinki krişnaşılar, heç müsəlmanlar da vermədilər. Ömrünün son günlərinə kimi yanında qalan yeganə insan mən olmuşam. Onun həmişə üz tutduğu insan mən olmuşam. Bir dəfə yanıma gəlib dedi ki, İlham, üç gündür çörək yemirəm. Nə qədər desəm də ki, gəl, gedək bizə, yemək hazırlasınlar ye, getmədi. Restoranların birində onun qarnını doyurduq, cibinə pul qoydum. Elə Şakir müəllim də burdaykən üzünə deyirəm, ansamblın heç bir üzvü Cənnətin dəfnində iştirak etmədi. Nə Şakir Quliyev, nə Musa Musayev, nə də o biriləri. Halbuki, "Təbriz” mahnısından sonra "Şəms qrupu”nun şöhərit birə beş artmışdı. Heç indinin özündə də bilmirlər ki, Cənnət harada dəfn olunub.



- İlham bəy, Cənnət Əliyev İslam qaydaları ilə dəfn olundu yoxsa?

- Islam qaydaları ilə. Yenə də deyirəm, dəfn günü onun əl tutduğu insanların heç birini görmədim.

- Şakir Quliyev və İlham bəy, bu sualı ikinizə də ünvanlayıram, əgər yaşasaydı, Cənnət Əliyevin Azərbaycan musiqisində yeri barədə nə deyərdiniz?

Şakir Quliyev:

- Açığı bilmirəm nə deyim. Bunu deyə bilərəm ki, Azərbaycana ən unikal musiqi avadanlıqlarını Cənnət Əliyev gətirdi. Sizə bir şey deyim, o vaxt axırıncı dəfə efirə çıxanda Cənnət mənə zəng vurub dedi ki, uşaqları da götür, gəl Sverdlovskiyə. Vüqar Yusifovun atası, Cəlilağanın, Musanın qardaşı gəldilər bizə. Dedilər ki, neçə ay Sverlovskidə qaldınız, nə qazandınız? Gedin, müqaviləni pozun, qayıdın. Tək gedəcəkdim amma Musa mənə dedi ki, birlikdə gedək. Musa da mənə qoşuldu, birlikdə Cənnətin yanına getdik. Mən hardan biləydim ki, Musa mənə torba tikir?! Cənnətlə görüşəndə dedi ki, Şakir, Azərbaycan da konsert verəcəyik, hər ay sənə 60 manat pul verəcəm. Dedim, mən özüm elə mədəniyyətdə işləyib aya 90 manat qazanıram da. Axı bizim kontraktda şərtlərimiz belə deyildi? Biz Azərbaycandan kənarda konsertlər verəcəyik. Nə isə. Bizimki alınmadı. Mən qayıtdım, Musa isə orada qaldı. Sonra gördüm ki, Musa əyninə bir xalat geyinib "Təbriz” mahnısını oxuyur.

Musa sonralar çox səhvlər elədi. Cənnətin maşınını oğurlatdırdı, onun pulunu yedi, sonra da nə oldusa, ayrıldılar. Musa sonra bu mahnını hər yerdə öz adına çıxdı. Halbuki, onu müğənni edən Cənnət Əliyev olmuşdu. Ona və qrupun uşaqlarına belə xəyanət etmək kişiyə yaraşmaz.

İlham bəy:

- Azərbaycanda ilk klipi Cənnət çəkdirdi. Həmin "Təbriz” mahnısına. 1989-cu ilin sonunda. Özü də klipdə çəkilmişdi. Cənnət peşəkar bəstəkar olmasa da onun bu mahnısı yaşayır, yaşayacaq da. Amma elə bəstəkarlar var ki, yüz mahnısından ikisi sevilir, bəyənilir.Üstəgəl, ilk dəfə latın hərflərini Azərbaycana gətirən cənnət olub dalğa verlişində ansanbılın geyimlərinin üzərində böyük hərflərlə Təbriz yazılmışdı. Buna o dövrdə heç kim risk edə bilməzdi.



- İlham bəy, son günlərində Cənnətin yanında olduğunuzu dediniz. Sizə son günlərində nələr demişdi?

- Onun qohumlarından bir-ikisi yanında idi. Elə onların yanında Cənnətə heç kimin ürəyində xal qalmasın deyə sual verdim ki, Cənnət, mən bu vaxta kimi səndən nəsə ummuşam? O dedi: Sən dostlarımın içində yeganə adamsan ki, məndən heç nə ummadın, qarşılıq gözləmədin...


Emin Akif

P.S Müsahibədəki fikirlərə görə adalet.az saytı məsuliyyət daşımır.