adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Fevral 2018 12:51
11305
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: PİYADAVURULMASI BİZİ ÇOX NARAHAT EDİR

Bu gün Bakı şəhərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün demək olar ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Sirr deyil ki, təhlükəsizliyin təmin edilməsində bu və ya digər dərəcədə piyadaların da üzərinə yüksək məsuliyyət düşür. Təəssüflə qeyd etməliyik ki, əksər piyadalar bu vəzifəni çox vaxt yaddan çıxarır, hətta nəqliyyatın intensiv hərəkət etdiyi küçə və prospektlərdə yolu təyin olunmamış yerdən keçirlər. Bu isə hər an, hər dəqiqə piyadaların vurulması ilə nəticələnə bilər. Piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədova müraciət etdik.

Vaqif Əsədov toxunduğumuz məsələnin çox ciddi bir problem olduğunu xatırlatdı və bir daha piyadaların təhlükəsizliyi ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin gördüyü və görəcəyi işlərlə bağlı ətraflı söhbət açdı. O, bildirdi ki, mütəmadi olaraq piyadaların təhlükəsizliyini qorumaq üçün yol polisi şəhərin əksər küçə və prospektlərində tez-tez reydlər keçirir. Xüsusən də bu reydlər Bakının Heydər Əliyev, Neftçilər, Azadlıq, Nobel, Babək, Qara Qarayev və digər küçə və prospektlərində daha tez-tez gerçəkləşdirilir. Ona görə ki, həmin prospektlərdə çoxlu sayda yerüstü və yeraltı keçidlər fəaliyyət göstərir. Bu işdə bizə həm də post patrul xidmətinin əməkdaşları yaxından köməklik göstərirlər.

Məsələn, bu yaxınlarda «20 Yanvar dairəsi»ndə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reyddə mən də bir polis zabiti kimi iştirak etdim. Gördüm ki, əksər piyadalar həyatlarını təhlükə qarşısında qoyaraq yeraltı keçiddən deyil və təyin olunmuş yerlərdən yox, hərəkətin intensiv olduğu yoldan keçirlər. Bir neçə saat keçirilən reyd zamanı nə az, nə çox onlarla piyada barəsində inzibati protokol tərtib edildi. Və bizi ən çox narahat edən odur ki, yol hərəkəti qaydasını pozub yolu keçmək istəyən piyadaların çoxu özlərinə haqq qazandırırdılar. Məsələn, onlar deyirdilər ki, pilləkənlə qalxmağa və enməyə ərinirik. Bir başqası isə harasa tələsdiyini dilə gətirirdi. Ən təəccüblüsü isə o idi ki, gənclər yeraltı keçiddən istifadə eləmək istəmir, min bir bəhanə ilə özlərinə haqq qazandırmağa çalışırdılar. Cavan bir oğlan saxlanılarkən deyirdi ki, təcili Respublika xəstəxanasına getməyiləm. Ona görə də vaxtım az olduğu üçün burdan keçirəm. Görürsünüzmü, bir gəncin bu hadisələrə necə soyuq münasibət bəsləməsini. O düşünmür ki, bir anın içərisində hər şey dəyişə bilər, sürücü avtomobili saxlamağı bacarmaz və maşın da onu vurar.


Polis polkovniki Vaqif Əsədov bizimlə söhbətində son vaxtlar Bakı şəhərində piyadavuram hallarının artdığını xatırlatdı. O dedi ki, bu ilin yanvar ayının 1-dən fevralın 15-nə qədər Bakı şəhərində 45 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bunların arasında 23-ü piyadavurma hallarıyla bağlıdır. Yəni başqa sözlə demiş olsaq, piyadavurma halları 65 faizə çatıb. Təbii ki, bu, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyini və onun əməkdaşlarını narahat edir. Ona görə də bu cür halların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər planı hazırlanıb.

Bir faktı qeyd edim ki, həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Bakı şəhərində ağır qəzaların qarşısı xeyli aşağı düşüb, ölüm və xəsarətalma halları əvvəlki vaxtlara nisbətən azalıb. Yəni əksər göstəricilər üzrə demək olar ki, müsbət irəliləyişlər var. Bayaq dediyim kimi, isə bizi ən çox narahat edən piyadavurma hallarının artmasıdı. Artıq bu məqsədlə dediyim kimi, yeni tədbirlər planı hazırlanıb. Bu tədbirlər planı da ondan ibarətdir ki, əməkdaşlarımız bir neçə gündən sonra məktəblərdə, müəssisələrdə və qarajlarda olacaq, orda maarifləndirici söhbətlər aparacaqlar. Bunu ona görə deyirəm ki, piyadaların bu gün maariflənməsinə çox böyük ehtiyac var. Və biz də hər il davamlı olaraq Bakı məktəblərində, təhsil ocaqlarında və müəssisələrdə bu cür maarifləndirici tədbirlər keçiririk. Həmin tədbirlərə ictimaiyyətin nümayəndələri, mətbuat işçiləri və eləcə də tanınmış insanlar dəvət olunurlar. Təbii ki, belə söhbətlər və qabaqlayıcı tədbirlər piyadaların vurulması ilə bağlı mövcud problemi aradan qaldırmaqda əvəzsiz rol oynayır. Eyni zamanda təbliğat xarakterli bir neçə video çarxlar da hazırlamışıq. Yəqin ki, onlar da müxtəlif televiziya kanallarında göstəriləcək və piyadalar arasında müəyyən izahat işlərinin aparılmasına yardımçı olacaqdı.

Əlbəttə, biz ilk növbədə ona çalışırıq ki, piyadalar maariflənsin və yol hərəkəti qaydalarına əməl etsinlər. Çünki «Yol hərəkəti haqqında» Qanunun 40-cı maddəsiylə piyadaların hüquq və vəzifələri tənzimlənir. Ancaq piyadalar bu hüququ pozanda başqa sözlə demiş olsaq, yol hərəkəti qaydalarına əməl etməyəndə 20 manat məbləğində cərimə edilirlər. Bəzi piyadalar elə fikirləşir ki, cərimələri ödəməsələr də olar. Ancaq bu belə deyil. Hər hansı piyada yolu keçərkən 20 manat məbləğində cərimələnibsə, o, ölkəni tərk edərkən keçid məntəqələrində saxlanıla bilər. Bu isə o deməkdir ki, hər bir piyada qanuna hörmətlə yanaşmalı və özləri üçün yeni bir problem yaratmamalıdılar.

Bizimlə söhbətində polis polkovniki Vaqif Əsədov bir məsələni xüsusilə vurğuladı ki, hər bir piyada öz taleyinə məsuliyyətlə yanaşmalıdı. Yəni bəzən onlar sürücülərə arxayın olaraq yolun hansı yerindən oldu qaça-qaça keçirlər. Bəli, yolu yüz dəfə belə keçərsən sənə bir şey olmaz. Amma yüz birinci dəfə sürücü avtomobili saxlaya bilməz və piyada da vurular. Mən bir məsələni də piyadaların diqqətinə çatdırmaq istəyirəm ki, əgər onlar qəza şəraitin yaradarsa və buna görə həmin piyadanın özü cinayət məsuliyyətinə cəlb oluna bilər. Ona görə də bir daha fürsətdən istifadə edib piyadalara demək istəyirəm ki, onlar «Yol hərəkəti haqqında» Qanuna əməl etsinlər və öz üzərinə düşən vəzifələri yerinə yetirsinlər. Əgər piyada yol hərəkti qaydalarına əməl edərsə, bax, bu gün şəhərimizdə piyadavurma halları da bu qədər artmaz. Deməli, birmənalı olaraq qaydalara əməl etmək həm piyadaları, həm də sürücüləri mövcud təhlükədən xilas edir.