adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Fevral 2018 10:49
77302
MÜSAHİBƏ
A- A+

Atamı öldürən adamı da sevərəm... – MÜSAHİBƏ

Fəridə Uğur müasirədəbiyyatımızın maraqlı imzalarından biridir. Onun bir şeir, bir roman kitabı var. Tez-tez görünməkdən uzaqdır, ara-sıra yazıları gözə dəyir. Ədəbiyyata gəldiyi ilk günlərdə ürkək addımlar atırdı. Sonra imzası parladı. Fəridə Məmmədova ədəbi mühitdə maraqla qarşılandı. Ardınca Fəridənin yoxa çıxdığını gördük. Heçyerdə gözə dəymirdi. Qəfil özüilə Uğur imzasını da gətirdi. Açığı, Fəridənin müsahibəyə razılıq verməyəcəyini düşünmüşdük. Ancaq o, bizi yanıltdı.

Onunla bir müddət yoxa çıxmağından,nələr etdiyindən, uşaqlığından, poeziyadan və başqa mövzulardan söhbət açdıq.

Adalet.az şairə Fəridə Uğurla müsahibəni təqdim edir.

- Fəridə, əvvəlcə imzandan başlayaq, əvvəllər soyadınla çıxış edirdin. Uğur təxəllüsünü götürmənə səbəb nə oldu?

- Bu sualı çox adam mənə deyirdi, Salam Sarvan, başqa dostlar da deyirdilər ki, bu soyad uğurlu deyil, ən yaxşısı təxəllüs götürməkdi. Mənə gülməli gəlirdi təxəllüs götürmək. Amma son vaxtlarda sosial şəbəkələrdə xeyli Fəridə Məmmədova profili gördüm, hərdən elə olurdu statuslarda, şərhlərdə skrin edib mənə atırdılar ki, bu sənsən? Bu məni narahat edirdi. Bir də uğur sözü mənim üçün dəyərli olan bir uşağın adıdı. Təxəllüs götürməliydimsə, bu Uğur olmalı idi.

-Kimdi bəs o uşaq?

-Kim olduğunu demək istəmirəm. Bu mənim üçün özəldi.

-Bəs bir müddət yoxa çıxmağın nə idi? Fəridə Məmmədova imzası hara getmişdi? Bunu diqqət çəkmək üçün eləmişdin?

-Yox, bunu əsaslı eləmədim. Sadəcə elə alındı. Bir müddət sosial şəbəkələrdən uzaq qalmalıyam deyə düşündüm. Doğru-dürüst vaxtım olmurdu, olan-qalan vaxtımı da sosial şəbəkələr alırdı. Gündəlik işlərlə, məişət, yazı-pozu, araşdırmalı olduğum, baxmalı olduğum filmlər vardı, mövzular, tərcümə eləmək istədiyim hekayələr vardı.

-Sırf yaradıcılıqla bağlı?

-Özümə bir az pauza vermək istədim. 

-Uşaqlığın, dostların, kəndin, yaddaşında necə qalıb, oraları necə xatırlayırsan?

-Düzünü deyim ki, bu haqda tez-tez düşünürəm. Uşaqlıq illərim, dostlarım, kəndimiz axır vaxtlar tez-tez yadıma düşür. Darıxmaq deyil bu. Doğmalıq hissini itirmiş kimiyəm.

-Harda keçib uşaqlığın?

-Qazağın Kosalar kəndində. Yəqin ki, çox insanın yaşamaq istəyəcəyi bir uşaqlıq həyatı yaşamışam. Kənddə artizan bulaqlarından su gətirmək, meşəyə göbələk yığmağa getmək, odun şələləri düzəltmək, qazın, işığın olmadığı yerdə bir şamla bir ay idarə eləmək - bu cür mühitdə maraqlı bir uşaqlığım keçib. Bənövşə qoxuları hələ də burnumdadı. Zəmilərdən yığdığımız lalələr, sünbüllərin ayaqlarımızı dalaması... Arxdan qaçıb keçəndə ayağa bir qızışma gəlir o dalanan yerlərdən. (gülür) Ayaqlarımızı elə görəndə anamızın bizi süpürgə ilə döyməsi. Atamın küncə qoymaqları. Düşünürəm, sanki başqa bir uşaqlıq yaşayan, o adamlarla dostluq edən Fəridə indi tamam dəyişib.

-Qazaxlısan. "Qazaxşina” deyilən bir anlayış var. Sən buna necə baxırsan? "Qazaxşina” deyilsən ki?

- Elə bir-iki saat bundan əvvəl Barat Vüsalla telefonda danışıb gəlmişəm. Mən zəng vurmuşdum. Barat müəllim mənim müəllimim olub. Məncə, çox dəyərli adamdı, bunu müsahibə üçün demirəm, elə belə deyirəm. "Qazaxşina” dedin elə onunla danışdığım yadıma düşdü. "Qazaxşina” söhbəti nədi mənə çatmır, məncə "qazaxşina” deyiləndə yerlibazlığı nəzərdə tutursansa məncə o hər yerdə var. İndi neyləyək ki, Qazaxda yazıçılar, şairlər çoxdu. (gülür) Yəqin ona görə bu ədəbiyyatda qabarıq görünür. 

- Onda sən də "qazaxşinasan?”

-Yerlibaz deyiləm, ədəbiyyatın yeri, məkanı, vətəni yoxdu. Mən insanları sevirəm. Mənim üçün məkan anlayışı yoxdu. O insan Qazaxdan da ola bilər, nə bilim dünyanın o biri ucundan da ola bilər. Adını bilmədiyim bir ölkədən də ola bilər. Atamı öldürmüş bir adam da ola bilər. Mən onun yazdığı şeiri oxuyub bəyənə bilərəm. Yəni o cür sərhədlər yoxdu mənim üçün... Söhbət ədəbiyyatdan gedirsə. 

- Qazaxlılar aşıq şeirinə, saza vurğundur. Səndə necədir vəziyyət?

-Aşıq musiqisini sevməyən yeganə qazaxlı bəlkə də mənəm. Heç vaxt saza marağım olmayıb. Mənim böyük əmim çox mahir saz çalandı. O vaxtın aşıqlarından olub. Çox yaxşı şeirlər də yazıb. Bizdə aşıq məclisləri həmişə olub. Uşaqlığımızdan saz səsi ilə böyümüşük. Amma niyəsə dünyada iki səs var ki, onlar mənə çatmır. Onlardan zəhləmmi gedir, yoxsa sevirəmmi, bilmirəm. Bir su səsidi, bir də saz səsi. İzah olunmaz səsdir mənim üçün. Yadıma gəlir, türklərin bağlama, ney səsini ilk dəfə eşidəndə necə heyrətlənmişdim. Amma bizim saz səsi məni heç vaxt heyrətləndirməyib. 


- Aşıq şeirinə bu gün birmənalı münasibət yoxdur. Deyirlər köhnəliyin əlamətidir. Ondan uzaqlaşmaq lazımıdır. Amma sənin şeirlərin moderndir. Sən necə fikirləşirsən, aşıq şeiri bizə lazımdırmı?

- Məncə, lazım deyil. XXI əsrin ortasında Aşıq Əlsəgərin hansısa qoşmasından zövq ala bilmək mənə çatmır. Bundan adamların necə zövq aldıqlarını anlaya bilmirəm. Aşıq Ələsgərdən necə zövq ala bilərsən? Köhnəlmiş şeylərdir.

- Fəridə, mən şeir yazanda mütləq klassik musiqi dinləyirəm. Sən də şeir yazanda musiqi dinləyirsənmi?

- Əksinə musiqi mənə mane olur. Şeir yazmaq havasına düşəndə bütün səslər mənə əngəldir.

- Şeir yazanda bütün səsləri susdurmaq istəyirsən?

- Bütün şeirlərimin altında yazıldığı gün və tarix ili vardı. Şeirlər kitabını yığanda buna fikir verdim. Onu məqsədli şəkildə eləməmişdim. Sadəcə şeirləri yazdıqca altında tarixini də qeyd eləmişdim. Gördüm ki, şeirlər gecə saat 4-lə 6 arasında yazılıb. Birmənalı olaraq hamısı. Məktəb vaxtından, hazırlıqlara getdiyimiz dönəmdən qalan bir şeydi. Bu vərdişə çevrildi, hələ də elə davam edir. 

- Fəridə, Tibb Universitetini bitirmisən, ancaq həkimliyin arxasınca getmədin. Ondan sonra şeir yazmağa başladın?

- Mən Tibb Universitetinə sevə-sevə, özü də çox yüksək balla 600 balla qəbul olunmuşdum. Bir kənd məktəbindən gəlib Tibb Universitetinə qəbul olunmaq, indi bəlkə də adi haldır. Amma bizim dövrümüzdə, 2006-2007-ci illərdə möcüzəyə yaxın bir şey idi. Hamı buna qeyri-adi baxırdı. Hətta özüm üçün də Tibb Univeristetinə daxil olmaq yuxu kimi gəlirdi. Ancaq bunu bacardım. Sevinirdim. Həkim olmaq istəyirdim. Birinci kursun ortalarında başa düşdüm ki, mən həkim olmayacam. Bunu evdə də dedim. Evdə mənə məsləhət gördülər ki, istəsən başqa universitetə hazırlaşa da bilərsən. Mən razılaşmadım. Orta məktəb vaxtından çox əziyyət çəkmişdim. Dedim, əziyyətimi yerə vurmaq istəmirəm.

- Şeir dəyişdi fikirlərini?

- Yox, şeir dəyişmədi. Sadəcə o mühiti gördüm. Tibbin, həkimliyin nə demək olduğunu başa düşdüm. Başa düşdüm ki, mən bu sahənin adamı deyiləm. Bu məsuliyyətə hazır deyiləm.

- İxtisasın nə idi?

- Uşaq həkimi. Bütün həyatımı həkim kimi yaşamaq istəmirdim. Məsuliyyətsiz adamam.

- Bəlkə həssaslıqdan irəli gəlir?

- Əgər yaxşı həkim olmaq istəyirsənsə, məncə, çox həssas insan olmalısan. Ən yaxşı həkim ən həssas insanlardan biridir. Sadəcə sırf məsuliyyət məsələsidi. O yükün, ağırlığın altına girmək istəmədim.

- Və bundan sonra ailədə mübahisələr başladı...

- Mən bir il universitetə getmədim. Bunu evdəkilər biləndə sözün əsl mənasında qiyamət qopdu. Sonradan qayıtdım universitetə bərpa olundum. Oxudum, universieti bitirdim.

- Bir şeir kitabın çap olunub. Romanın da var. Ancaq roman haqda tənqidçilərdən, yazarlardan reaksiya gəlmədi.

- Roman haqda heç yazıçı dostlarımızdan da bir reaksiya gəlmədi. Hamı susdu, hələ də susurlar. Çox incimişəm.


- Kimlərdən incimisiz?

- Bütün yazar dostlarımızdan. Bir-iki nəfəri çıxmaq şərtiylə. Onlar da oxucu kimi fikirini bildirdilər.

- Şeir kitabına təqdimat keçirmədin deyəsən...

- Şeirlər kitabı Yaradıcılıq Fondunun dəstəyilə çap olunmuşdu. Kitabın çapında heç bir maddi-mənəvi əziyyətim olmadı. Onlar mənə 300 pulsuz kitab hədiyyə elədilər. Kitabları satışa vermədim. Bir neçə kitab dükanına və kitab kafelərinə payladıq. Elan verdik. Oxucular özləri gəlib götürdülər. Pulsuz paylandı kitab. Yaradıcılıq Fondunun özündə təqdimat olmuşdu. O imzalardan biri də mən idim. Amma həmin təqdimat mərasimində özüm iştirak edə bilməmişdim. Bəzi səbəblər vardı. Amma özüm ayrıca təqdimat eləməyi istəyirdim. O da sonra alınmadı. 

- Çap olunmağa, şöhrətə, özünü piar eləməyə elə də meylli deyilsən?

- Mən, ümumiyyətlə, həvəssiz adamam. Bir şeyə bir damcı həvəsim yaranır, tez də ölür. Əgər həmin vaxt ağlıma nəsə gəldisə eləyirəm. "Yox, əşşi qalsın” dedimsə ömürlük qalır. Bir də nə qədər hiss olunmasa da bir az utancaqlıq var məndə. (gülür) Məsələn, yazılarımı paylaşa bilmirəm. Elə bilirəm ki, adamların gözünü dəng edirəm. Düzdü çox adam deyir əksinə onu eləmək lazımdı. Amma bir az elə şeydən çəkinirəm. Adamları yormaqdan qorxuram. 

- Bu insanlarla münasibətində də elədi?

- Yox, insanlarla münasibətimdə elə deyil. Dostlarım, mənə yaxın olan insanlar var. 

-Ədəbi mühitdən uzaqsan. Ədəbiyyat adamları varmı ətrafında? Yoxsa daha çox sadə adamlarla bir yerdəsən? 

- Ədəbi mühitdən də var, real həyatın içindən də. Feysbukdan tanıyıb, dostlaşdığım, doğma olan adamlarda var. Yəni mən adamlardan qaçmıram. Ola bilər ki, kənardan baxanda elə görünür. Mənə lazım olan adamlar həmişə yanımdadırlar. 

- Ədəbi mühitdən kimlərlə dostluq edirsən?

- Qadın imzalardan şairə Mənsumə Əhədova. Onunla çox yaxşı münasibətimiz var. Esmira Məhiqızı ilə də. Aramızdakı yaş fərqinə baxmayaraq o yaş fərqini mən heç vaxt hiss eləməmişəm. Rəbiqə Nazimqızı ilə yaxşı münasibətimiz var. Ümumiyyətlə, adamlarla problemi olan adam deyiləm. Kimdənsə ya xoşlana bilərəm, ya da xoşum gəlməyə bilər. Özümə problem yaratmağı sevmirəm. 

- Azərbaycan ədəbiyyatında qadın imzalar niyə azdı bəs?

- Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, imza azdı. Qadın, ya kişi fərq eləmir. Ola bilər ki, kişilər daha çox populyardı. Daha çox üzdə görünürlər. Amma söhbət sırf yaxşı nəsrdən və poeziyadan gedirsə məncə, orda cins ayrımı yoxdu. 

-nə vaxtdı əllərimi
cibimdə isidirəm...

Şeirlərində yalnızlıq, ayrılıq görünür...

- Yox, əksinə. O şeirlərin hamısı 2012-2015-ci illər ərzində yazılıb. 2015-dən bu yana şeir yazmamışam.


- Belə çıxır 3 ildi şeir yazmırsan...

- Daha şeir yazmıram. Kitabımda 28 şeir var. Bütün şeirlərim onlardır. Başqa şeirim yoxdur.

- Yazdığın şeirlərin heç birindən imtina etmirsən?

- Heç vaxt da imtina etməyəcəm.

- Səncə, şair üçün əsas olan isteddadırmı, yoxsa intellektmi?

- Məncə, şair üçün əsas olan düşünə bilməkdir. İstedad deyilən məfhum tam olaraq mənə çatmır. Bir insan düşünə bilirsə, intellektual da olacaq, dünyagörüşlü də, şeir də yaza biləcək, hətta yazdığını silib ata da biləcək, şeir yazmaya biləcək də, şeir yazmamalı olduğunu da biləcək, daha yaxşısını yaza biləcək. Ümumiyyətlə, düşünə bilirsə hər şey həll olunur. Əsas düşünə bilməkdir.

- Hansı şairlərin şeirlərini oxuyanda heç olubmu bu şeiri kaş mən yazaydım demisən?

- O qədər olub ki... 1000 imza sayaram. (gülür) Bizim ədəbiyyatdan danışmıram. Dünya ədəbiyyatını nəzərdə tuturam. Edib Canseverin şeirlərində, türk şairlərin çoxunda elə şeirlərlə rastlaşıram ki, sözün yaxşı mənasında paxıllıq edirəm. Həsəd aparıram ki, insan necə, bu cür misranı düşünə bilər. Ezra Poundun şeirlərində olur, Uliyam Batersin şeirlərində də... Çox şair var...

- Bəs bizim poeziyadan həsəd apardığın imza yoxdu?

- Bilmirəm, amma Qismətin şeirlərinin birində bir misra vardı: "Bakı yalnızlığın paytaxt şəhəri”. O misranı Qismətə paxıllıq eləmişəm. Mənə elə gəlir ki, haçansa bu misra ağlıma gəlib. (gülür) Niyəsə o misradan çox xoşum gəlir.

- Fəridə, "Xalqın Şairi” layihəsinə niyə qatılmadın?

- Bir neçə şairin videorolikini izləmişəm. Baxmışam, məlumatım var. Düzünü desəm, müsabiqələrə qatılmaq lazımdımı, yoxsa yox, bu haqda konkret fikirim yoxdu. İndiyə qədər heç bir müsabiqəyə qatılmamışam. Ahmet Hamdi Tanpınar müsabiqəsi var, ora məktub yazmışam, ancaq qatılmaq barəsində qərara gəlməmişəm. "Xalqın Şairi” müsabiqəsi mənə maraqlı gəlməyib. Xalqın Şairi ifadə olaraq mənə gülməli gəlir. Sovet təfəkkürünü xatırladır, bu təfəkkürdən zəhləm gedir. Bilmirəm, bəlkə də elə deyil.

- Kəramət Böyükçöl, Ayxan Ayvaz, Şəhriyar Del Gerani Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Mirzə Ələkbər Sabiri tənqid edirlər. Sən bu tənqidlərlərlə razısan? Klassikləri tənqid etmək olar?

- Təkcə klassikləri yox, hamını tənqid etmək olar. Heç kəsi, heç nəyi bütləşdirmək lazım deyil. Sadəcə tənqidin yolu var. Tənqid aqresiyya, kin, qusma xarakteri daşımamalıdır. Sevgiylə də tənqid etmək olar. Bunu elə edə bilərsən ki, insanlarda aqresiyya doğuramsın. Müsahibədən əvvəl dostlarımdan biriylə bu mövzuda danışırdıq. Tutaq ki, bir səhv eləmisən, qonşunun bağına daş atmısan, qonşu da gəlib valideyinlərinə şikayət edir, valideyn də qonuşunun yanında sənə şapalaq vurur, səni söyür, cəzalandırır, bir gün də yemək vermir. Belə olanda atana, anana, qonşuya acıqlanırsan. Özünü alçalmış hiss edirsən. Amma bir də var ki atan səni yanına çağırıb başa sala, deyə, qonşunun bağına daş atmazlar. Sən utanarsan onda, neylədiyini başa düşürsən. Və sən özün gedib qonuşdan üzr istəyərsən. Və bir də o səhvi etməzsən.


-Fəridə, bir qədər qəribə sual kimi səslənə bilər. Amma mənə maraqlıdır. Fəridə üçün sevgi nədir? Biz bəzən sevgini çərviçəyə salıb o cürtəqdim edirik. Sevgi belə olmalıdır, elə olmalıdır... Nə düşünürsən bu haqda?

- Sevgi çox bütləşdirilib, ilahiləşdirib. Mən bir yazı da yazmışdım bu haqda. Bizə sevməyi, sevgini heç vaxt öyrətməyiblər. Biz sevgini şeirlərdə, kitablarda, filmlərdə, qonşuda, orda-burda görmüşük. Bu anlayışı öz həyatımızdan çox, başqalarının həyatlarında görmüşük və bizə elə gəlib ki, sevgi budur. Və bizim tanıdığımız, bildiyimiz sevgi bu olub. Amma məncə, elə deyil, nə qədər insan varsa o qədər də sevgi növü var. Heç kimin sevgisi bir-birinə bənzəmir. Hərə bir cür sevir. Evdə bir süfrə arxasındaoturduğun, kəlmə kəsə bilmədiyin adama səni sevirəm demək absurddur. Sevgi məncə məişət hadisəsidir. Əvvəlcə məişətdə hər şey üst-üstə düşməlidir. O zaman duyğularından əmin olursan. Bu sevgidir, ya yox.

- Arzuların var? Nə istəyirsən həyatdan? İstər yaradıcılıq olsun, istər şəxsi həyat...

- Təbii ki, hamının istədiyi şeylər var. Amma mənim ən çox istədyim şey öz həyətimdə mandarin yetişdirmək və küçəyə çıxıb uşaqlara səbət-səbət mandarin paylamaq. Ən çox arzuldığım şey budur. Bir də ən çox istədim şey heç kəsin məni tanımadığı bir yerdə yaşamaqdır. Bu hissi bir dəfə yaşamışam. Amma fikirləşdiyim qədər də gözəl duyğu deyil. Sıradan bir hissdir. Bunu yaşayarkən gözlədiyim qədər zövq almamışam.

Söhbətləşdi: Oğuz Ayvaz