Heydər Əsədov: “Kənd təsərrüfatında idxaldan asılılığı azaltmağa çalışırıq”
"Azərbaycan Prezidentinin tapşırığına əsasən, Kənd Təsərrüfatı Nazirliyi hər bir arı yeşiyinə görə ildə 10 manat subsidiyanın verilməsini nəzərdə tutan sənədləri Nazirlər Kabinetinə təqdim edib".
Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.
Nazir bildirib ki, sənədlər artıq bütün iqtisadi qurumlarla razılaşdırılıb.
Sənədlər yaxın günlərdə Prezident Administrasiyasına təqdim olunacaq. Bu subsidiya arıçılığın inkişafında mühüm rol oynayacaq. Bunun üçün münbit baza var. Azərbaycan arıçılığın inkişafı üçün ən çox nektarların olduğu ölkədir. Ən yaxşı arı cinsləri Azərbaycandadır. Azərbaycanda istehsal olunan balın dünya bazarında xüsusi yeri var. Dünya bazarında Azərbaycan balına 15-20% tələbat var. Bütün bunları nəzərə alaraq dövlət başçısı tapşırıq verdi və biz də onun icrasını yekunlaşdırmaq üzrəyik".
Nazir həmçinin qeyd edib ki, kənd təsərrüfatında ixrac potensialının artırılması bir sıra məhsullar üzrə mümkündür.
Nazir bildirib ki, ötən il ölkədə taxılçılıq sahəsində müəyyən uğurlar əldə edilib: "Nəticədə biz 2017-ci ildə 1,2 milyon ton buğda idxal etdik. 2016-cı ilə bu rəqəm 1,6 milyon tona bərabər idi. Ümumilikdə ötən il buğdanın idxalına 227 milyon dollar xərclənib. İdxal olunan buğda ölkədə istehlakın 37 faizini təşkil edib”.
H.Əsədov onu da əlavə edib ki, Azərbaycan bu il taxılyığma texnikası alacaq: "Bizim taxılyığma kombaynlarının tədarükü ilə bağlı müqaviləmiz var. Onların tədarükü apreldən başlayacaq. Bu il biz 190 ədəd kombayn almağı planlaşdırırıq”.
O qeyd edib ki, ötən ilin iyulundan Azərbaycanda bununla bağlı 3 proqram, 2018-ci ilin əvvəlindən isə daha 3 proqram təsdiq edilib.