adalet.az header logo
  • Bakı 7°C
17 Fevral 2018 11:23
10191
GÜNDƏM
A- A+

Ombudsmanla bağlı qanun dəyişdirilir

Milli Məclis "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edəcək.

Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilən "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də keçiriləcək iclasında baxılacaq.

Dəyişikliyə görə, qanun layihəsinin 16.7-ci maddəsi (Müvəkkilin sosial, maliyyə və digər təminatları) aşağıdakı redaksiyada veriləcək:

16.7. Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.

Hazırda isə 16.7. maddəsi belədir: Vaxtından asılı olmayaraq Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində pensiya alır.


Xatırladaq ki, indi Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovadır. Lakin onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir.

Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.