adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Fevral 2018 00:38
12295
ƏDƏBİYYAT
A- A+

Müstəqillik yollarında

(əvvəli ötən sayımızda)

III BÖLÜM

Bu seçim nə gözəl, nə yerindəymiş,
Bu Tanrı qisməti, olmaz düzəliş.
İlk öncə söylədi inamla, qəti:
Xalqımla tapıram mən cəsarəti.
Xalq- Heydər birliyi çıxmış sınaqdan
Xeyir-duası da verilmiş haqdan.
Haqqa, ədalətə söykənən kəsin
Söndürmək olarmı qurmaq həvəsin?
Öndər də beləcə yaratdı, qurdu,
Vətən sevgisinin önündə durdu.
Mən də aramışam çox sağı, solu,
Əsla tanımıram başqa bir yolu.
Həyat yollarını az-çox keçmişəm,
Qətiyyətlə Heydər yolun seçmişəm!

***
Sökülür dan yeri, alatoranlıq,
Hələ çəkilməyib tamam qaranlıq.
Qəlbimin səsinə oyanıram mən,
Masamın önündə dayanıram mən.
İlhamım sözünü deməyə gəlir,
Mənə həyan durub köməyə gəlir.
Səsləyir vəsf edim bu xoş büsatı,
Sürətlə dəyişən gözəl həyatı.
Söz açım oğuldan-cavan liderdən,
Kəsməsin yolumu nə duman, nə çən
O, şahə qaldırdı köhlən atını,
Aşdı ağır yolun neçə qatını.
Cavanlıq, enerji, həm də cəsarət,
Bir də Heydər yolu, azman siyasət.
Birləşib güc oldu, basılmaz heç vaxt.
Sükan arxasında dayandı sərvaxt.
Uğurlar üstünə gəldi uğurlar,
Zəfər salnaməsin yazdı oğullar.
Vətən boy atırdı, ucalırdı hey,
İlham çeşməsindən güc alırdı hey.
Bakı bürünürdü hər gün bir dona,
Zamanın sürəti çatmırdı ona.
Parklar, xiyabanlar, nəhəng saraylar,
Dünyanı qoynuna səslər, haraylar,
İnsanlar gülərüz, sözlü-söhbətli,
Torpaq təəssüblü, igid, qeyrətli.
Geniş prospektlər, uca binalar,
Qoynunda boy atır xoşbəxt balalar.
Qurub-yaratmağı etmiş ənənə,
Hər gün bir açılış, hər gün təntənə.
Gözəllik çələngi toxunur burda,
Bakı bir şöhrətdi cahana, yurda.

***
Ölkə tək Bakıdan ibarət deyil,
Edildi hər səmtə güclü bir meyil.
Bölgələr, şəhərlər unudulmadı,
Kiçik kəndə belə göz yumulmadı,
Yaxına, uzağa çəkildi yollar,
Ucqar Xınalığa açıldı qollar.
Qəbələ, Balakən, Şəkim, Yevlağım,
Yaranıb hər yerdə gözəl növrağım.
Gəncə şöhrətini qaytarıb yenə,
Tovuzum, Qusarım çıxıb ağ günə.
Sumqayıt yenidən canlanır, baxın,
İndi bu şəhərə axın var, axın
Şirvan ellərində özgə büsat var,
Muğanda, Milimdə rahat həyat var.
Daşkəsən, Gədəbəy, Qazax, Lənkəran,
Qurub özlərinə xoş, yeni dövran.
Hər yerdə tikinti, hər yerdə iş var,
Ən ucqar kənddə də bir tərpəniş var.
Neft-qazım bu yurdun əsas sərvəti
Ondan da üstündür insan qiyməti.
Mavi qaz görməyən o Xeybər kişi,
İndi təm-dürüsdür evində işi.
Ocaq qalamaqdan bezikən nənə,
Ürəkdən şükr edir gördüyü günə.
Hər şey köklənibdi halal zəhmətə,
Ona könül açan çatır hörmətə.
Gözdən iraq qalmır heç bir bölgəmiz,
Yoxsulluq daşını atıb ölkəmiz.
Budur müstəqillik, budur inkişaf,
Xalqa nəsib olan xoşbəxtlik, rifah.

***
Bu gün-güzəranın təməli dərin,
Məhsulu ağılın və iradənin.
O bir əsilzadə, bir nur parçası,
Yurda naxış vurur parlaq zəkası.
Sözündə bütövdür, fikrində ötkəm,
Oğul atasından deyilmiş heç kəm.
Ölkə yüksəlişdə hər an, hər saat,
Burda möcüzətək dəyişir həyat.
Dünyaya səs salır sürəti ilə,
İnkişaf yolunun qüdrəti ilə.
Qaçqın, köçkünlər də unudulmayıb,
Artıq çadırlarda adam qalmayıb.
Liderin dilindən səslənir nida:
Bir qarış yurdu da vermərik yada.
Xalqım əl götürməz öz torpağından,
Şüşadan, Laçından-Qarabağımdan.
Düşmən də son anda anlasın bunu,
Yalanın, hiylənin çox çəkməz sonu.
Bu gün Mübariz var-nər oğlumuz var,
Minlərlə onun tək ər oğlumuz var.
Əllər tətikdədir, qulaqlar səsdə,
Əmr gözləyirlər inam, həvəslə.
Ordumuz güclənir, inkişafdadır,
Qələbə, qələbə yalnız haqdadır!

IV BÖLÜM

Azacıq söz açdım məmləkətimdən,
Tükənməz varından, bərəkətindən.
Keçmişə, bu günə yetirdik nəzər,
Yenə xatırlandı ellər, bölgələr.
Oxucum, əl saxla, bir dinlə məni,
Başqa bir bölgəyə aparım səni.
O bölgə qədimdir, tarixi dərin,
Böyük həyat yatır altında yerin.
O bölgə liderdir Azərbaycanda,
Şöhrəti səslənir bütün cahanda.
O bölgə elinə örnək, həyandır,
O Nuh məkanıdır - o Naxçıvandır!

***
Naxçıvanım, ana yurddan ayrı düşən qızıl torpaq,
Beş min illik tarixinə göz gəzdirək varaq-varaq.
Dünyanın son yaranışı köksündədir - Gəmiqaya,
Nuh gəmisi burda qaldı, sən doğuldun bu dünyaya.
Sən bəxş etdin bu aləmə insanlığı, səadəti,
Sən bəxş etdin halallığı, yurd sevməyi, dəyanəti.
Keçdin tarix dolayların mərdliyinlə, hünərinlə,
Dosta, yada qucaq açdın həmişə bol çörəyinlə.
Başın da çox duman gördü, xəyanətlər çıxdı üzə,
Diz çökmədin, yıxılmadın, ölüm olmaz daha bizə.
Qarı düşmən zaman-zaman gəlmiş torpaq havasına,
Şir ürəkli oğulların qovmuş onu yuvasına.
Hər sınaqda qalib oldun, şərəf yazdın öz adına,
Son döyüşdə ulu rəhbər yetdi sənin imdadına.

***
Yeni rəhbər gəldi elə,
Sədası tez düşdü dilə.
O qorudu Naxçıvanı,
O yaşatdı bu məkanı.
Yol açdırdı qardaş elə,
Candan əziz sirdaş elə.
Cənuba da etdik axın,
Bizə doğma, bizə yaxın,
Görüşdükcə sınandıq biz,
Gələcəyə inandıq biz.
Dözdük çətin günümüzdə,
Ulu öndər önümüzdə.
Yazdıq şanlı zəfərləri,
Açdıq qaynar səhərləri

***
Böyük məktəb keçmişdi o,
Nur çeşmədən içmişdi o.
Könlü yurda, elə bağlı,
Bir dəryadır zehni, ağlı.
Dəyanətli, saf ürəkli,
Xoş niyyətli, xoş diləkli.
Canın qoydu doğma yurda,
Əbədi iz saldı burda.
Kənd-şəhərlər güldü üzə,
Təzə nəfəs dəydi bizə.
Min rəng aldı çöl-çəmənim,
Bəhrələndi hər əməlim.
Torpaq hissi aşıb-daşdı,
Arzu, əməl qucaqlaşdı.
Paytaxt şəhər başdan-başa,
Olub indi bir tamaşa
Tanımazsan Naxçıvanı,
Heyran qoyur hər baxanı.
Qədimliklə, müasirlik
Burda tapdı vədhət, birlik.
Yol açıldı hər bir yana,
Düşmən qaldı yan-yana.
Sədərəkdən Ordubada,
Bol nemətlər dada-dada.
Gör yurdumun büsatını,
Sadə insan həyatını.
Bu gün həyat quranındır,
Zəhmət yolun tutanındır.
Dövlət dəstək verir ona,
Mərd qızına, mərd oğluna.

***
Neçə ili uğur ilə
Yola saldı ağıl ilə.
Verib xalqa hesabatın,
Bu novrağın, bu həyatın.
Son təqvimin hər bir ili
Lider etdi yurdu, eli.
Bu gün nə var bizimkidir,
Qalibiyyət düzünküdür.
Nə gözəldir Heydər yolu,
Kəhkəşandır sağı, solu.
Rişə atır dərinlərə,
Yol gedirik ağ günlərə.
Bu yol sevir comərdləri,
Sevmir naqis, namərdləri.
Heydər yolu Naxçıvanda,
Addımlayır içdə, qanda.
Bir sıraya çəkir bizi,
Sıxlaşdırır cərgəmizi.
Blokada çıxmış yaddan,
İlham alaq bu həyatdan.

***
Kökləyən var bu ilhamı,
Ürəklərdə arzu, kamı...
Gerçək edən, nəfəs verən,
Yaratmağa həvəs verən
Bir rəhbər var, şəxsiyyət var,
Saf qəlbində saf niyyət var.
Saf niyyəti xoş günümüz.
Xoş ətirli gündüzümüz.
Hər günümüz açır çiçək,
Gerçəkləşir xoş gələcək.
Burda hər yan abad, təmiz,
Dağa dönür saf qəlbimiz.
Torpağımız gəlir cana,
Kəndlər dönür gülüstana.
Əkək, biçək, olaq rahat,
Bizi tapsın varlı həyat.

***
Qələm də acizdir gözəlliyinə,
Necə vəsf edim ki, düşsün yerinə.
Səni olduğuntək göstərim, yazım,
Yenə meydan çapsın sözüm, avazım,
İşin, yüksəlişin səslədi məni,
Yazım ürəyimdən qopan nəğməni.
Yazım ki, bu yerdə hər arzu, istək,
Vaxtdan qabaqdadır, tez olur gerçək.
İndi sürət əsri yaşayırıq biz.
Yaratmaq eşqilə coşur qəlbimiz.
Burdakı rəhbərin işi, zəhməti,
Tanrıdan verilib onun qiyməti.
Nizamı yerində, səbri yerində,
Zərgər dəqiqliyi var əməlində.
Özü nümunədir böyük-kiçiyə
Qayğısı ümmandır hər bir işçiyə.
Saysız uğurların, nəhəng işlərin,
Dünyaya səs salan hər gedişlərin
Memarı adlanır o nəcib insan,
O həm tələbkardır, həm də mehriban.
Ev tikən, yol salan, çoban da belə,
Onun sadəliyin gətirir dilə.
Bu ali sevginin birdir ünvanı:
Qurmaq Naxçıvanı-Azərbaycanı!
Bu torpaq bölünməz yurdudur onun,
Anbaan yüksəlir, dəyişir donun.
Döyünür qəlbində Azərbaycanın
Diqqətin cəlb edir bütün dünyanın.
EPİLOQ

Sizinlə burada sağollaşıram,
Qürur zirvəsini qalxıb aşıram.
Naxçıvan! Bəxtinə həkk olmuş adım,
Səndə kama yetmiş arzu, muradım,
İndi bu bölgəyə var sonsuz həvəs,
Yaxın düşə bilməz düşmən adlı kəs.
Əzəlim burdadır, sonum da burda,
Elə bağlanmışam bu azad yurda.
Arzular gül açır yenə köksümdə,
Nurlu sabahlara ƏSGƏRƏM mən də!

SON